Decisions

14.04.21 “Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr  2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

14 aprel 2021-ci il                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin vəkili K.Nəsibovun çıxışını, ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Ə.Əliyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

E.Xəlilov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (bundan sonra – Dövlət Neft Şirkəti) və “Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “Azimport” MMC) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 445 500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsini cavabdehlər sırasına əlavə etməklə, vurulmuş ziyana görə 445 500 manat və əldən çıxmış faydaya görə 288 000 manat, cəmi 733 500 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən aparılan təmir və yenidənqurma işləri nəticəsində onun xüsusi mülkiyyətində olan ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsi istifadəyə yararsız hala salınmışdır. Belə ki, sahənin döşəməsinin bir metr yuxarı qaldırılması, zirzəminin 50 kv.m sahəsində yüksək gərginlikli generatorun yerləşdirilməsi nəticəsində o, həmin obyekti altı il müddətində istifadə edə bilmir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2016-cı il tarixli qətnaməsi ilə E.Xəlilovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 29 sentyabr 2016-cı il tarixli qərarı ilə E.Xəlilovun kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə E.Xəlilovun apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, Dövlət Neft Şirkətindən və “Azimport” MMC-dən müştərək qaydada vurulmuş zərərə görə 445 500 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə Dövlət Neft Şirkətinin və “Azimport” MMC-nin kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli qətnaməsi ilə E.Xəlilovun apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vurulmuş zərərin məbləği hissəsində ləğv edilmiş, həmin hissə üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. “Azimport” MMC-nin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmamasına dair kassasiya şikayəti isə təmin edilməmişdir.

“Azimport” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının həmin hissədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, 125-ci maddəsinin VII hissəsinə, 129-cu maddəsinin III hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2020-ci il tarixli qərardadı ilə E.Xəlilovun cavabdehlər Dövlət Neft Şirkətinə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “Azimport” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Dövlət Akademik Musiqili Teatrına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş apellyasiya baxışından çıxarılaraq materiallar baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi  zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin IV hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, azad sahibkarlıq fəaliyyətinə və mülki dövriyyədə müqavilə azadlığına təminat verilir.

Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.

Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir.

Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir, qanunvericiliklə müəyyən edilmiş əsaslarla məhdudlaşır.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin podrat müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və mülki hüquq pozuntularına görə məsuliyyətin əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir.

Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri).

Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.

Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Dövlət Neft Şirkətinin Prezidentinə ünvanladığı 30 mart 2007-ci il tarixli məktubunda digər binalarla yanaşı Bakı şəhəri T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının fasadının yenidən qurulması və işıqlandırılması xahiş olunmuşdur.

Məktubun icrası ilə əlaqədar sifarişçi Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə “Azimport” MMC arasında 7 avqust 2008-ci il tarixli “Əsaslı təmir üçün podrat müqaviləsi” bağlanmışdır. Tərəflər Bakı şəhəri T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri üzrə müqavilədə nəzərdə tutulan təminatları, onun  istismara verilməsi və müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərinə götürmüşdür.

Müqaviləyə əsasən, sifarişçi podratçını müqavilə üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərin layihə-smeta sənədləri ilə təmin etməyi, lazım olan hallarda əsaslı təmir olunacaq sahəni tikinti-quraşdırma işlərinə maneçilik törədən bütün əşyalardan təmizlənmiş halda təhvil verməyi, işin nəticəsini qəbul etməyi, görülmüş işin müqabilində müəyyən edilmiş haqq ödəməyi və s. üzərinə götürür.

Podratçı öz növbəsində tikinti norma və qaydalarına riayət etməklə layihə-smeta sənədlərinə tam uyğun olaraq müqavilə üzrə tikinti işlərini öz gücünə, müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirməli, təmiri başa çatdırılmış obyekti istismara təhvil verməlidir və s.

Birinci instansiya məhkəməsi qətnaməsində E.Xəlilovun Dövlət Neft Şirkətinə, “Azimport” MMC-yə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı vurulmuş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsinin əsası kimi Dövlət Neft Şirkətinin və “Azimport” MMC-nin mülki hüquq məsuliyyətinin olmamasını göstərmişdir.

Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsində gəldiyi qənaətə görə, yenidənqurma işlərinin “Azimport” MMC tərəfindən aparılması nəticəsində E.Xəlilova məxsus qeyri-yaşayış sahəsinin bir hissəsi zəbt olunsa da, bunun məhz “Azimport” MMC-nin qanuna zidd hərəkətləri nəticəsində baş verməsinin müəyyən edilməməsi sonuncunun vurulmuş ziyana görə mülki hüquqi məsuliyyətini istisna edir. Məhkəmə hesab etmişdir ki, yalnız iddiaçıya vurulmuş ziyanın naturada bərpasının qeyri-mümkünlüyü müəyyən edildikdən və ya vurulmuş zərərin real məbləği ilə bağlı sübutlar əldə edildikdən sonra zəbt olunmuş qeyri-yaşayış sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi və bununla bağlı dəymiş ziyanın əvəzinin ödənilməsi barədə yeni tələb irəli sürülə bilər.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2016-cı il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsinin qeyri-mümkünlüyü müəyyən edilmədiyindən, eyni zamanda həmin sahənin əvvəlki vəziyyətə gətirilməsi üçün müəyyən məbləğdə pulun tələb olunmasına dair hər hansı bir mötəbər sübut təqdim olunmadığından, ziyanın ödənilməsi ilə bağlı tələb əsaslı hesab edilə bilməz.

Belə ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, E.Xəlilov ona məxsus qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işlərinin “Azimport” MMC tərəfindən aparıldığını, sonuncunun müqavilədə göstərilən işlərdən kənara çıxdığını və bu səbəbdən vurulmuş ziyana görə cavabdehliyin “Azimport” MMC-nin daşımalı olduğunu bildirsə də, həmin zərərin məhz MMC-nin hüquqa zidd hərəkətləri nəticəsində vurulmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyası ilk dəfə işə baxaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən 29 sentyabr 2016-cı il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi mülki prosessual hüquq normalarının tələblərinə uyğun olaraq müvafiq ekspertiza təyin etməklə iddiaçıya vurulmuş real ziyanı müəyyən etmək üçün prosessual imkanlarından tam istifadə etməmişdir.

Həmin məhkəmə həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ziyanın məbləği ilə bağlı sübutların olmaması, zəbt olunmuş qeyri-yaşayış sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi və bununla bağlı dəymiş ziyanın əvəzinin ödənilməsi barədə iddiaçının yenidən iddia tələbi irəli sürməsini məqsədəuyğun hesab etməklə, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi 29 avqust 2017-ci il tarixli qətnaməsində Ali Məhkəmənin Mülki Kollegiyasının 29 sentyabr 2016-cı il tarixli qərarında müəyyən olunmuş göstərişlərdən kənara çıxaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya vurulmuş ziyana görə müştərək mülki hüquqi məsuliyyəti Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi və “Azimport” MMC daşıyırlar.

Dövlət Neft Şirkəti və “Azimport” MMC-nin kassasiya şikayətləri üzrə mülki işə təkrar baxmış Ali Məhkəmənin Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməməsinə, cavabdehlərin zərərin vurulmasına görə məsuliyyət daşımaması barədə irəli sürülmüş dəlillərinin nəzərə alınmamasına, özünün 29 sentyabr 2016-cı il tarixli qərarında müəyyən edilmiş göstərişlərindən kənara çıxılmasına münasibət bildirmədən apellyasiya instansiyası məhkəməsinin 29 avqust 2017-ci il tarixli qətnaməsini, yalnız müvafiq ekspertiza təyin etmədən, öz mülahizəsi əsasında qeyri-yaşayış sahəsinin istifadə üçün tam yararsız vəziyyətə düşməsi barədə gəlinən nəticə ilə razılaşmaması səbəbindən ləğv etmiş, işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir.

Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, E.Xəlilovun iddiası qismən təmin edilərək “Azimport” MMC-dən vurulmuş ziyana görə 125.700 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi “Azimport” MMC-nin mülki məsuliyyət daşımasını yalnız onunla əsaslandırmışdır ki, sifariş hər hansı şəxs tərəfindən verilməsindən asılı olmayaraq podratçı tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan əmlaka zərər vurulmaqla icra edilmiş, nəticədə həmin əmlak tamamilə yararsız vəziyyətə düşmüşdür. 

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir.

Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

Hazırkı konstitusiya işində zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

·     törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

·     törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

·     ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.

Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.

Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 193 və 220.4-cü maddələrinin tələblərinə də uyğun olmayan qətnamə qəbul etmişdir. Həmin maddələrə əsasən, hakim işdə iştirak edən şəxslərin izahatlarını dinləyib onların mülahizəsini nəzərə alaraq, sübutların tədqiq edilməsinin ardıcıllığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarı).

Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası 18 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin “Azimport” MMC-yə münasibətdə mülki hüquqi məsuliyyətin yaranıb-yaranmaması barədə nəticəsinə hüquqi qiymət vermədən, həmin məhkəmənin 17 may 2019-cu il tarixli qətnaməsini bu hissədə qüvvədə saxlamışdır.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxmanın hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, E.Xəlilovun Dövlət Neft Şirkətinə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “Azimport” MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının “Azimport” MMC-nin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmasına dair hissəsi Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Eldar Xəlilovun Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının “Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmasına dair hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

    

 

Sədr                                                                                             Fərhad Abdullayev