AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R
A R I
“Azimport”
Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 18 noyabr 2019-cu
il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
14 aprel 2021-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim),
Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət
tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında “Azimport”
Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası
Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin
məruzəsini, ərizəçinin
vəkili K.Nəsibovun
çıxışını,
ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ
kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Ə.Əliyevanın rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
E.Xəlilov
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (bundan sonra – Dövlət Neft
Şirkəti) və “Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra –
“Azimport” MMC) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi
ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək
qaydada 445 500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə
çıxarılmasını xahiş etmişdir.
Sonradan
iddiaçı iddia tələbinin həcmini artıraraq Dövlət Neft Şirkətinin Sosial İnkişaf
İdarəsini cavabdehlər sırasına əlavə etməklə, vurulmuş ziyana görə 445 500
manat və əldən çıxmış faydaya görə 288 000 manat, cəmi 733 500 manat pulun
tutularaq ona ödənilməsini xahiş etmişdir.
İddia
tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən aparılan təmir və
yenidənqurma işləri nəticəsində onun xüsusi mülkiyyətində olan ümumi sahəsi
148,5 kv.m qeyri-yaşayış sahəsi istifadəyə yararsız hala salınmışdır. Belə ki,
sahənin döşəməsinin bir metr yuxarı qaldırılması, zirzəminin 50 kv.m sahəsində
yüksək gərginlikli generatorun yerləşdirilməsi nəticəsində o, həmin obyekti
altı il müddətində istifadə edə bilmir.
Bakı
şəhəri Səbail Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddia
tələbi təmin edilməmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2016-cı il tarixli qətnaməsi
ilə E.Xəlilovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 29 sentyabr 2016-cı il tarixli qərarı ilə E.Xəlilovun
kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2017-ci il tarixli qətnaməsi
ilə E.Xəlilovun apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, Dövlət Neft Şirkətindən və “Azimport”
MMC-dən müştərək qaydada vurulmuş zərərə görə 445 500 manat pulun tutularaq iddiaçıya
verilməsi qət edilmişdir.
Ali
Məhkəmənin Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə Dövlət
Neft Şirkətinin və “Azimport” MMC-nin kassasiya şikayətləri qismən təmin
edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş
yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
İşə
yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu
il tarixli qətnaməsi ilə E.Xəlilovun apellyasiya şikayəti qismən təmin olunaraq
birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia qismən təmin
edilmişdir.
Ali
Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi vurulmuş zərərin məbləği hissəsində ləğv
edilmiş, həmin hissə üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə
göndərilmişdir. “Azimport” MMC-nin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin
olmamasına dair kassasiya şikayəti isə təmin edilməmişdir.
“Azimport”
MMC Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli
qərarının həmin hissədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra
– Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, 125-ci maddəsinin VII hissəsinə,
129-cu maddəsinin III hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci
maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Eyni zamanda,
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2020-ci il tarixli
qərardadı ilə E.Xəlilovun cavabdehlər Dövlət Neft Şirkətinə, Dövlət Neft Şirkətinin
Sosial İnkişaf İdarəsinə və “Azimport”
MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən
üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Dövlət Akademik Musiqili
Teatrına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı
“vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş
apellyasiya baxışından çıxarılaraq materiallar baxılması üçün Konstitusiya
Məhkəməsinə göndərilmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 13-cü maddəsinin I
hissəsinə, 29-cu maddəsinin IV hissəsinə və 59-cu maddəsinə uyğun olaraq
Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, azad sahibkarlıq fəaliyyətinə
və mülki dövriyyədə müqavilə azadlığına təminat verilir.
Konstitusiyanın göstərilən
müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq
münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında
bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin
subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların
tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma
şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının
gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.
Konstitusiya mülkiyyət hüququnu
təsbit etməklə yanaşı, bu hüququn effektiv vasitələrlə təmin olunmasına da
zəmanət vermişdir. Demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi
hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir.
Konstitusiyada təsbit edilmiş hüquq
və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və
vəzifələrini də əhatə edir, qanunvericiliklə müəyyən edilmiş əsaslarla
məhdudlaşır.
Konstitusiya
Məhkəməsinin Plenumu şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün
mülki qanunvericiliyin podrat müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin
icrası və mülki hüquq pozuntularına görə məsuliyyətin əsaslarını müəyyən
edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir.
Podrat
müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi,
sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi
qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun
(Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri).
Bu
müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin
müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir.
Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın
verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini
ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin
əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını
hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.
Tərəflər
hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə
razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri
çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini
hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət
daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi
Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə
2018-ci il 11 iyun tarixli Qərarı).
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Dövlət Neft Şirkətinin
Prezidentinə ünvanladığı 30 mart 2007-ci il tarixli məktubunda digər binalarla
yanaşı Bakı şəhəri T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən 9 mərtəbəli
yaşayış binasının fasadının yenidən qurulması və işıqlandırılması xahiş
olunmuşdur.
Məktubun icrası ilə əlaqədar sifarişçi Dövlət Neft Şirkətinin
Sosial İnkişaf İdarəsi ilə “Azimport”
MMC arasında 7 avqust 2008-ci il tarixli “Əsaslı təmir üçün podrat müqaviləsi”
bağlanmışdır. Tərəflər Bakı şəhəri T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən
binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri
üzrə müqavilədə nəzərdə tutulan təminatları, onun istismara verilməsi və müqavilədə göstərilmiş
vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərinə
götürmüşdür.
Müqaviləyə əsasən, sifarişçi podratçını müqavilə
üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərin layihə-smeta sənədləri ilə təmin
etməyi, lazım olan hallarda əsaslı təmir olunacaq sahəni tikinti-quraşdırma işlərinə
maneçilik törədən bütün əşyalardan təmizlənmiş halda təhvil verməyi, işin nəticəsini
qəbul etməyi, görülmüş işin müqabilində müəyyən edilmiş haqq ödəməyi və
s. üzərinə götürür.
Podratçı öz növbəsində tikinti norma və qaydalarına
riayət etməklə layihə-smeta sənədlərinə tam uyğun olaraq müqavilə üzrə tikinti
işlərini öz gücünə, müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirməli, təmiri
başa çatdırılmış obyekti istismara təhvil verməlidir və s.
Birinci
instansiya məhkəməsi qətnaməsində E.Xəlilovun Dövlət Neft Şirkətinə, “Azimport”
MMC-yə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı vurulmuş zərərin
və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin
edilməməsinin əsası kimi Dövlət Neft Şirkətinin və “Azimport” MMC-nin mülki
hüquq məsuliyyətinin olmamasını göstərmişdir.
Belə
ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsində gəldiyi qənaətə görə,
yenidənqurma işlərinin “Azimport” MMC tərəfindən aparılması nəticəsində E.Xəlilova
məxsus qeyri-yaşayış sahəsinin bir hissəsi zəbt olunsa da, bunun məhz
“Azimport” MMC-nin qanuna zidd hərəkətləri nəticəsində baş verməsinin müəyyən
edilməməsi sonuncunun vurulmuş ziyana görə mülki hüquqi məsuliyyətini istisna
edir. Məhkəmə hesab etmişdir ki, yalnız iddiaçıya vurulmuş ziyanın naturada bərpasının
qeyri-mümkünlüyü müəyyən edildikdən və ya vurulmuş zərərin real məbləği ilə
bağlı sübutlar əldə edildikdən sonra zəbt olunmuş qeyri-yaşayış sahəsinin
boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi və bununla bağlı dəymiş ziyanın əvəzinin
ödənilməsi barədə yeni tələb irəli sürülə bilər.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2016-cı il tarixli qətnaməsində
göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki
vəziyyətinin bərpa edilməsinin qeyri-mümkünlüyü müəyyən edilmədiyindən, eyni
zamanda həmin sahənin əvvəlki vəziyyətə gətirilməsi üçün müəyyən məbləğdə pulun
tələb olunmasına dair hər hansı bir mötəbər sübut təqdim olunmadığından,
ziyanın ödənilməsi ilə bağlı tələb əsaslı hesab edilə bilməz.
Belə
ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, E.Xəlilov ona məxsus
qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işlərinin “Azimport” MMC tərəfindən
aparıldığını, sonuncunun müqavilədə göstərilən işlərdən kənara çıxdığını və bu
səbəbdən vurulmuş ziyana görə cavabdehliyin “Azimport” MMC-nin daşımalı
olduğunu bildirsə də, həmin zərərin məhz MMC-nin hüquqa zidd hərəkətləri nəticəsində
vurulmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
Ali
Məhkəmənin Mülki Kollegiyası ilk dəfə işə baxaraq apellyasiya instansiyası məhkəməsinin
qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən 29 sentyabr
2016-cı il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi
mülki prosessual hüquq normalarının tələblərinə uyğun olaraq müvafiq ekspertiza
təyin etməklə iddiaçıya vurulmuş real ziyanı müəyyən etmək üçün prosessual
imkanlarından tam istifadə etməmişdir.
Həmin
məhkəmə həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ziyanın məbləği
ilə bağlı sübutların olmaması, zəbt olunmuş qeyri-yaşayış sahəsinin boşaldılaraq
əvvəlki vəziyyətə gətirilməsi və bununla bağlı dəymiş ziyanın əvəzinin ödənilməsi
barədə iddiaçının yenidən iddia tələbi irəli sürməsini məqsədəuyğun hesab etməklə,
maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
Lakin
işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi 29 avqust 2017-ci il
tarixli qətnaməsində Ali Məhkəmənin Mülki Kollegiyasının 29 sentyabr 2016-cı il
tarixli qərarında müəyyən olunmuş göstərişlərdən kənara çıxaraq belə nəticəyə gəlmişdir
ki, iddiaçıya vurulmuş ziyana görə müştərək mülki hüquqi məsuliyyəti Dövlət
Neft Şirkətinin Sosial İnkişaf İdarəsi və “Azimport” MMC daşıyırlar.
Dövlət
Neft Şirkəti və “Azimport” MMC-nin kassasiya şikayətləri üzrə mülki işə təkrar
baxmış Ali Məhkəmənin Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə
apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin
tələblərinə riayət edilməməsinə, cavabdehlərin zərərin vurulmasına görə məsuliyyət
daşımaması barədə irəli sürülmüş dəlillərinin nəzərə alınmamasına, özünün 29
sentyabr 2016-cı il tarixli qərarında müəyyən edilmiş göstərişlərindən kənara
çıxılmasına münasibət bildirmədən apellyasiya instansiyası məhkəməsinin 29
avqust 2017-ci il tarixli qətnaməsini, yalnız müvafiq ekspertiza təyin etmədən,
öz mülahizəsi əsasında qeyri-yaşayış sahəsinin istifadə üçün tam yararsız vəziyyətə
düşməsi barədə gəlinən nəticə ilə razılaşmaması səbəbindən ləğv etmiş, işi
yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir.
Göstərilənlərlə
əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericiliklə
kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin
məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol
verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının
qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun
tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə
buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq
və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin
şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
İşə
yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu
il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş,
E.Xəlilovun iddiası qismən təmin edilərək “Azimport” MMC-dən vurulmuş ziyana
görə 125.700 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət
edilmişdir.
Apellyasiya
instansiyası məhkəməsi “Azimport” MMC-nin mülki məsuliyyət daşımasını yalnız onunla
əsaslandırmışdır ki, sifariş hər hansı şəxs
tərəfindən verilməsindən asılı olmayaraq podratçı tərəfindən iddiaçının
xüsusi mülkiyyətində olan əmlaka zərər vurulmaqla icra edilmiş, nəticədə həmin əmlak
tamamilə yararsız vəziyyətə düşmüşdür.
Bununla
bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 21-ci
maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir.
Hüquqa
zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud
icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə
nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir
(hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə
maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə
dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq
pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər
(ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər
yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı
mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn
pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə
müşayiət olunur.
Hazırkı
konstitusiya işində zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki
hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən,
mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə
(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,
hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
Mülki
Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində
fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin
əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə
ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin
öhdəsinə qoyula bilər.
Beləliklə,
mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür.
Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki
qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına
səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
·
törədilmiş
əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
·
törədilmiş
əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər
vurulması;
·
ziyan
və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
Göründüyü
kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması
üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz
davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi
deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
Səbəbli
əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb)
digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli
əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində
təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu
iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin
öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
Mülki
Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini,
həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə
vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva
edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət
zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və
onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd
davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu
zamanı yaranır.
Beləliklə,
məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin
əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq
müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə
gəldiyi təqdirdə təmin edə bilərlər.
Qeyd
olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin
193 və 220.4-cü maddələrinin tələblərinə də uyğun olmayan qətnamə qəbul
etmişdir. Həmin maddələrə əsasən, hakim işdə iştirak edən şəxslərin
izahatlarını dinləyib onların mülahizəsini nəzərə alaraq, sübutların tədqiq
edilməsinin ardıcıllığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində
işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı
sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin
istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər,
habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi
aktlar göstərilməlidir.
Məhkəmə,
özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran
sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və
rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır
(Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may
tarixli Qərarı).
Göründüyü
kimi, Ali Məhkəmənin Mülki Kollegiyası 18 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya
instansiyası məhkəməsinin “Azimport” MMC-yə münasibətdə mülki hüquqi məsuliyyətin
yaranıb-yaranmaması barədə nəticəsinə hüquqi qiymət vermədən, həmin məhkəmənin
17 may 2019-cu il tarixli qətnaməsini bu hissədə qüvvədə saxlamışdır.
Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada
işə baxmanın hədlərini müəyyənləşdirən Mülki Prosessual
Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası
məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.
Mülki Prosessual
Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və
prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması
apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi
üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən, bu
Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş
və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının
pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv
edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul
edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Yuxarıda
göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,
E.Xəlilovun Dövlət Neft Şirkətinə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə
və “Azimport” MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair
iddiası üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının
“Azimport” MMC-nin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmasına
dair hissəsi Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin
416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş
hesab edilməlidir.
İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və
müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1.
Eldar Xəlilovun Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “Azimport” Məhdud
Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə
dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının
18 noyabr 2019-cu il tarixli qərarının “Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinin
zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmasına dair hissəsi Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə
uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2.
Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
4.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev