Decisions

28.12.20 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

   Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin

bəzi müddəalarının şərh edilməsinə dair

 

 

28 dekabr 2020-ci il                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini,  maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən E.Rəhimovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Azərbaycan Banklar Assosiasiyasının yazılı mülahizələrini, ekspert Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 747.1-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətə səbəb məhkəmə instansiyalarında baxılan “Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin L.Əliyevaya qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş mənzilin geri qaytarılması, cavabdehin həmin mənzildən çıxarılması və s. tələbinə dair mülki iş üzrə lizinq obyektinin mənzil olması səbəbindən tərəflər arasındakı müqavilənin lizinq müqaviləsinin mahiyyətinə zidd olması, əslində kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlanan yalan əqd hesab edilməsi ilə bağlı mövcud olan fikir ayrılıqları olmuşdur.

Göstərilənlərə əsasən müraciətedən Mülki Məcəllənin 747.1-ci maddəsində:

- lizinq obyektindən gəlir götürmək məqsədinin ehtiva olunub-olunmaması;

- lizinq obyektindən gəlir götürmək məqsədi olmadığı halda lizinq müqaviləsinin kredit müqaviləsi hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olub-olmaması;

- lizinq obyektinin yaşayış sahəsi olmasının lizinq müqaviləsinin mahiyyətinə zidd olması səbəbindən kredit müqaviləsini pərdələmək məqsədilə bağlanan yalan əqd kimi qiymətləndirilməli olub-olmamasının şərh edilməsini xahiş etmişdir.

İlk növbədə qeyd edilməlidir  ki, müraciətdə qaldırılan məsələlərin bir qisminə Konstitusiya Məhkəməsi Plenumunun lizinqlə bağlı əvvəlki qərarlarında aydınlıq gətirilmişdir.

Müraciətdə qaldırılan digər məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) müddəalarına, özünün əvvəlki qərarlarındakı hüquqi mövqelərinə, məsələ üzrə mütəxəssis rəylərinə əsaslanaraq, lizinqi tənzimləyən mülki qanunvericiliyin bəzi müddəalarının açıqlanmasını zəruri hesab edir.

Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Konstitusiyanın 15-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Konstitusiya Məhkəməsi Plenumunun lizinqlə bağlı qəbul olunmuş əvvəlki qərarlarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar).

Lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alğı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə  nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir.

  Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, Mülki Məcəllədə mülki-hüquqi müqavilələrin bir növü kimi nəzərdə tutulmuş lizinq, əsasən iqtisadi dövriyyənin müqavilə növlərindən biridir. İştirak edən subyektlərin risklilik dərəcəsini balanslaşdırmaq məqsədi ilə mülki qanunvericilikdə müəyyən mülki-hüquqi müqavilələrin subyekt tərkibinə dair xüsusi tələblər ola bilər. Lakin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq müqaviləsinin tərəflərinə dair hər hansı bir xüsusi tələb müəyyən olunmayıb.

  Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarında buna dair ətraflı açıqlama verilərək göstərilmişdir ki, lizinq münasibətləri Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir və həmin Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

           Mülki Məcəllənin 747-1-ci maddəsində lizinq müqaviləsinin subyektləri müəyyən olunmuşdur. Məcəllənin 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki Məcəllənin 747-1.3-cü maddəsinə görə, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.

Məcəllənin 747-1.5-ci maddəsinə uyğun olaraq, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər.

Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrindən göründüyü kimi, lizinq alan istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin göstərilən maddələrində lizinq alanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı tələb mövcud deyildir.

Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında belə nəticəyə gəlmişdir ki, mövcud qanunvericiliyə uyğun olaraq, lizinq müqaviləsinə əsasən lizinq alan istənilən fiziki və ya hüquqi şəxs ola bilər və həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması tələb olunmur.

Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi, həmçinin Mülki Məcəllənin 748-ci maddəsinə əsaslanır. Həmin maddədə lizinq müqaviləsinin mühüm şərtləri müəyyən olunmuş və bu şərtlər sırasında lizinq alan tərəfindən lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə lizinqə götürülməsi, həmin obyektdən məhz gəlir götürmək məqsədi ilə istifadə edilməsi tələbi nəzərdə tutulmamışdır.

Belə yanaşma ondan irəli gəlir ki, lizinq verəni maraqlandıran şərt haqqın vaxtında və tam həcmdə ödənilməsi, gecikdirmə yarandığı halda isə müqavilə ilə müəyyən olunmuş cərimə və ödənişlərin tələb edilməsidir. Bu baxımdan lizinq müqaviləsində lizinq obyektindən gəlir götürülməsi mütləq şərt kimi qoyulmur.  Lakin lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun  mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər.

Qeyd etmək lazımdır ki, digər ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında lizinq obyekti bazar iqtisadiyyatının həm sahibkarlıq, həm də istehlak seqmentlərində (avtolizinq, daşınmaz əmlak lizinqi və s.) geniş şəkildə tətbiq olunur və bu obyekt müştərilərin müxtəlif modellər əsasında maliyyələşdirilməsi və faydalanması imkanını genişləndirir.

Lakin lizinq müqaviləsinin yalnız sahibkarlıq məqsədi ilə bağlanmasına, yəni lizinq obyektindən yalnız gəlir götürülməsinə dair formalaşmış mövqe onun qanunvericilikdə müəyyənləşdirilmiş anlayışından daha məhduddur.

Bəzi hallarda lizinq alan tərəfindən lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə lizinqə götürülməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 140.1-ci maddəsindən irəli gəlməsi ilə əsaslandırılır.

Vergi Məcəlləsinin 140.1-ci maddəsinin 2018-ci il 30 noyabr tarixinədək qüvvədə  olan redaksiyasına görə, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində hüquqi və istənilən fiziki şəxslər çıxış edirdilər. Yeni redaksiyaya görə isə həmin müqavilə üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mövcud məsələ mülki xarakterli olmaqla Mülki Məcəllə ilə tənzimlənir. Mülki Məcəllənin 747-1.3-cü maddəsinə və bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarına uyğun olaraq isə lizinq alan istənilən hüquqi və fiziki şəxs ola bilər.

Bundan başqa nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

Buna görə də Vergi Məcəlləsinin 140.1-ci maddəsində müəyyən olunmuş tələblərə müstəsna olaraq vergi münasibətləri çərçivəsində baxılmalıdır.

Lizinq müqaviləsinin məhz icarə xarakterli olması səbəbindən (operativ lizinqlər) bütün hallarda lizinq obyektindən gəlir götürmək məqsədi ilə istifadə edilməsinə dair formalaşan mövqeyə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəlləyə əsasən icarə münasibətləri icarəyə götürülən obyektdən, həmçinin onun bəhərindən istifadə edilməsi və gəlir götürülməsi imkanını nəzərdə tutur (Mülki Məcəllənin 700.1-ci maddəsi). İcarə özlüyündə gəlir götürülməsini mütləq vəzifə kimi deyil, hüquq kimi müəyyən etmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 124.1-ci maddəsi icarə haqqının vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənilməsi zamanı vergini ödəmək öhdəliyinin icarəyə verəndə olmasını müəyyən etmişdir. Göründüyü kimi, icarə hüquq münasibətlərində də bütün icarəyə götürənlərin sahibkar olması, həmin şəxslərin icarəyə götürdükləri obyektdən yalnız sahibkarlıq məqsədləri üçün istifadə etməsi tələb edilmir. 

İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər (Vergi Məcəlləsinin 140.1-ci maddəsi).

  Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sahibkarlıqla məşğul olmayan fiziki şəxsin lizinq münasibətinin iştirakçısı olduğu halda hər hansı sui-istifadələrin qarşısını almaq məqsədilə qanunvericilik və ya nəzarət orqanları tərəfindən xüsusi qaydaların müəyyən olunması məqsədəuyğun olar. Xüsusilə lizinq şirkətləri maliyyə bazarının peşəkar iştirakçısı olduğundan, bu növ lizinq münasibətlərində onlara daha yüksək vicdanlılıq və ehtiyatlılıq standartları tətbiq oluna bilər. İstehlakçı ilə müqayisədə daha peşəkar biliyə və imkanlara malik olan lizinq şirkəti tərəfindən risklərin qiymətləndirilməsi və mümkün nəticələr barədə istehlakçının məlumatlandırılması lizinq şirkətinin ağlabatan dərəcədə ehtiyatlılığının göstəricisi ola bilər.   

Lizinq obyektinin yaşayış sahəsi olmasının lizinq müqaviləsinin mahiyyətinə zidd olub-olmaması ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarında bu məsələ ilə bağlı qeyd edilmişdir ki, lizinq alan istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və fiziki şəxsdir.

Mülki Məcəllənin 747-2-ci maddəsinə görə, lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır.   

Qanunvericilikdə əsas vəsaitlərə açıqlama Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində verilmişdir. Həmin maddədə göstərilmişdir ki, əsas vəsaitlər istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi Məcəlləsinin 114-cü maddəsinə görə isə əsas vəsaitlər aşağıdakı kateqoriyalara ayrılır:

- binalar, tikintilər və qurğular;

- maşınlar,avadanlıq və hesablama texnikası;

- nəqliyyat vasitələri;

- digər əsas vəsaitlər.

Nəzəriyyədə də icarəyə götürülmüş obyektin təbiətinə, “hərəkət edib-etməməsi” əlamətinə görə lizinqin iki növü fərqləndirilir:

- mobil lizinq - daşınar əmlak növlərinin lizinqə verilməsi;

- immobil lizinq - daşınmaz əmlakın lizinqə verilməsi.

Göründüyü kimi, yaşayış sahələri, o cümlədən mənzil, öz təbiətinə görə əsas vəsaitdir və onun lizinq obyekti olmasını qanunvericilik istisna etməmişdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 747-2-ci maddəsinin tələblərinə  və Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsi, o cümlədən mənzil əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti ola bilər.

Lizinq obyektindən gəlir götürmək məqsədi olmadığı halda lizinq müqaviləsinin kredit müqaviləsi hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olub-olmaması, həmçinin mənzilə dair lizinq müqaviləsinin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlanması məsələləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu göstərilən müqavilələrin müqayisəli şəkildə təhlil edilməsini zəruri hesab edir.

İqtisadi nöqteyi-nəzərdən lizinq avadanlıq əldə edilməsi üçün təqdim edilən kreditə oxşardır, lakin fərqləndirici əlamət ilə bank maliyyələşməsinə alternativ kimi çıxış edir.

Qeyd edildiyi kimi, Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə əsasən, lizinq müqaviləsinin mövcudluğu üçün əsas lizinq obyekti kimi çıxış edən əmlakın lizinq məqsədləri ilə lizinq verən tərəfindən satın alınması və ya hazırlanması və onun mülkiyyətində qalmaqla həmin lizinq obyektinin bilavasitə satın almaq hüququ da verilməklə lizinq alanın istifadəsinə verilməsi ilə əlaqədardır.

Həmçinin qeyd edildiyi kimi, Mülki Məcəllənin 747-2-ci maddəsinə görə, lizinqin obyekti qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.

Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsinin məzmununa əsasən kredit müqaviləsinin predmeti qismində yalnız pul vəsaiti çıxış etdiyi halda, borc müqaviləsinin predmeti qismində pul və ya əvəz edilən əşyalar çıxış edə bilər.

Göstərilən maddələrin mahiyyətindən müəyyən edilir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır.

Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir.

Lizinq alan ödənişi geri tələb etmir lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur.

Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır.

Yuxarıdakılara əsaslanaraq qeyd etmək lazımdır ki, lizinq təşkilatı kredit təşkilatı olmadığından pul vəsaiti borca verilmədiyindən, lizinq müqaviləsinin kredit müqaviləsinə çevrilməsi praktiki olaraq qeyri-mümkündür, yalnız lizinq alan kredit götürməklə lizinq ödənişini həmin kredit hesabına maliyyələşdirə bilər.

Müqavilə azadlığı prinsipinə gəldikdə isə qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan tərəflərin iradə azadlığı əsasında lizinqin istənilən növündə müqavilə bağlana bilər.        

Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir.

Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).

Lakin müqavilə azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır.

Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).

Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır.

Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi).

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə göstərilmişdir ki, Azərbaycan Respublikasında lizinqin inkişafı üçün, ilk növbədə, vahid qanunun hazırlanması nəzərdən keçirilməli və bu qanunda şirkətlərin operativ lizinq xidmətləri göstərməsinə şərait yaradılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən gələcəkdə lizinq institutunun əsaslarını tənzimləyən və şirkətlərin operativ lizinq xidmətlərinin göstərməsinə şərait yaradılmasına xidmət edən vahid qanunun qəbul edilməsini məqsədə müvafiq hesab edir.

Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Məcəllənin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin tələblərinə və Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir;

- Mülki Məcəllənin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür.

Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin tələblərinə  və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir.

2.              Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür.

3.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.              Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                        Fərhad Abdullayev