AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R
A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin
bəzi müddəalarının şərh edilməsinə
dair
28 dekabr 2020-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze
(məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət
tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin
nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən
E.Rəhimovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi
və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Azərbaycan Banklar
Assosiasiyasının yazılı mülahizələrini, ekspert Milli Aviasiya
Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 747.1-ci maddəsinin şərh
edilməsini xahiş etmişdir.
Müraciətə
səbəb məhkəmə instansiyalarında baxılan “Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin
L.Əliyevaya qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş mənzilin
geri qaytarılması, cavabdehin həmin mənzildən çıxarılması və s. tələbinə dair
mülki iş üzrə lizinq obyektinin mənzil olması səbəbindən tərəflər arasındakı
müqavilənin lizinq müqaviləsinin mahiyyətinə zidd olması, əslində kredit
müqaviləsini pərdələmək məqsədi ilə bağlanan yalan əqd hesab edilməsi ilə bağlı
mövcud olan fikir ayrılıqları olmuşdur.
Göstərilənlərə
əsasən müraciətedən Mülki Məcəllənin 747.1-ci maddəsində:
-
lizinq
obyektindən gəlir götürmək məqsədinin ehtiva olunub-olunmaması;
-
lizinq
obyektindən gəlir götürmək məqsədi olmadığı halda lizinq müqaviləsinin kredit
müqaviləsi hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olub-olmaması;
-
lizinq
obyektinin yaşayış sahəsi olmasının lizinq müqaviləsinin mahiyyətinə zidd
olması səbəbindən kredit müqaviləsini pərdələmək məqsədilə bağlanan yalan əqd
kimi qiymətləndirilməli olub-olmamasının şərh edilməsini xahiş etmişdir.
İlk növbədə qeyd edilməlidir ki, müraciətdə qaldırılan məsələlərin
bir qisminə Konstitusiya Məhkəməsi Plenumunun lizinqlə bağlı əvvəlki qərarlarında
aydınlıq gətirilmişdir.
Müraciətdə qaldırılan digər məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) müddəalarına,
özünün əvvəlki qərarlarındakı hüquqi mövqelərinə,
məsələ üzrə mütəxəssis rəylərinə əsaslanaraq, lizinqi tənzimləyən mülki qanunvericiliyin
bəzi müddəalarının açıqlanmasını zəruri hesab edir.
Konstitusiyanın
12-ci maddəsinin I hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Konstitusiyanın
15-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın
inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə
xidmət edir.
Azərbaycan
dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait
yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa
və haqsız rəqabətə yol vermir.
Konstitusiya
Məhkəməsi Plenumunun lizinqlə bağlı qəbul olunmuş əvvəlki qərarlarında göstərilmişdir
ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın
inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək
lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan
Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi
lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi,
kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi
və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş
istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın
yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin
140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar).
Lizinq
beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin
unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alğı-satqı müqavilələrinin
elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə
artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə,
dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan
maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə
qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin
lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini
həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata
keçirir.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd
etməyi lazım bilir ki, Mülki Məcəllədə mülki-hüquqi müqavilələrin bir növü kimi
nəzərdə tutulmuş lizinq, əsasən iqtisadi dövriyyənin müqavilə növlərindən
biridir. İştirak edən subyektlərin risklilik dərəcəsini balanslaşdırmaq məqsədi
ilə mülki qanunvericilikdə müəyyən mülki-hüquqi müqavilələrin
subyekt tərkibinə dair xüsusi tələblər ola bilər. Lakin hazırda qüvvədə olan
mülki qanunvericilikdə lizinq müqaviləsinin tərəflərinə dair hər hansı bir
xüsusi tələb müəyyən olunmayıb.
Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il
12 yanvar tarixli Qərarında buna dair ətraflı açıqlama verilərək göstərilmişdir
ki, lizinq münasibətləri Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir və həmin
Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Həmin
maddəyə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə
ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq
alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın
istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd
ödəməyə borcludur.
Mülki
Məcəllənin 747-1-ci maddəsində lizinq müqaviləsinin subyektləri müəyyən
olunmuşdur. Məcəllənin 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin
subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki Məcəllənin
747-1.3-cü maddəsinə görə, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq
obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və
istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.
Məcəllənin
747-1.5-ci maddəsinə uyğun olaraq, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və
hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti
lizinq müqaviləsinin subyekti ola bilər.
Mülki
Məcəllənin yuxarıda qeyd olunan maddələrindən göründüyü kimi, lizinq alan istənilən
əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.
Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin göstərilən maddələrində
lizinq alanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı tələb
mövcud deyildir.
Konstitusiya
Məhkəməsinin Plenumu həmin Qərarında belə nəticəyə gəlmişdir ki, mövcud
qanunvericiliyə uyğun olaraq, lizinq müqaviləsinə əsasən lizinq alan istənilən
fiziki və ya hüquqi şəxs ola bilər və həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul
olması tələb olunmur.
Konstitusiya
Məhkəməsi Plenumunun belə nəticəsi, həmçinin Mülki Məcəllənin 748-ci maddəsinə əsaslanır.
Həmin maddədə lizinq müqaviləsinin mühüm şərtləri müəyyən olunmuş və bu şərtlər sırasında lizinq alan tərəfindən
lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə lizinqə götürülməsi, həmin
obyektdən məhz gəlir götürmək məqsədi ilə istifadə edilməsi tələbi nəzərdə
tutulmamışdır.
Belə
yanaşma ondan irəli gəlir ki, lizinq verəni maraqlandıran şərt haqqın vaxtında
və tam həcmdə ödənilməsi, gecikdirmə yarandığı halda isə müqavilə ilə müəyyən olunmuş cərimə və ödənişlərin
tələb edilməsidir. Bu baxımdan lizinq müqaviləsində lizinq obyektindən gəlir
götürülməsi mütləq şərt kimi qoyulmur. Lakin
lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə
lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin
iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər.
Qeyd
etmək lazımdır ki, digər ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında
lizinq obyekti bazar iqtisadiyyatının həm sahibkarlıq, həm də istehlak seqmentlərində
(avtolizinq, daşınmaz əmlak lizinqi və s.) geniş şəkildə tətbiq olunur və bu
obyekt müştərilərin müxtəlif modellər əsasında maliyyələşdirilməsi və
faydalanması imkanını genişləndirir.
Lakin
lizinq müqaviləsinin yalnız sahibkarlıq məqsədi ilə bağlanmasına, yəni lizinq
obyektindən yalnız gəlir götürülməsinə dair formalaşmış mövqe onun qanunvericilikdə
müəyyənləşdirilmiş anlayışından daha məhduddur.
Bəzi
hallarda lizinq alan tərəfindən lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə
lizinqə götürülməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra –
Vergi Məcəlləsi) 140.1-ci maddəsindən irəli gəlməsi ilə əsaslandırılır.
Vergi
Məcəlləsinin 140.1-ci maddəsinin 2018-ci il 30 noyabr tarixinədək qüvvədə olan redaksiyasına görə, maliyyə lizinqi
müqaviləsi üzrə lizinq alan qismində hüquqi və istənilən fiziki şəxslər çıxış
edirdilər. Yeni redaksiyaya görə isə həmin müqavilə üzrə lizinq alan qismində yalnız
hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.
Bununla
bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mövcud məsələ mülki
xarakterli olmaqla Mülki Məcəllə ilə tənzimlənir. Mülki Məcəllənin 747-1.3-cü
maddəsinə və bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarına
uyğun olaraq isə lizinq alan istənilən hüquqi və fiziki şəxs ola bilər.
Bundan
başqa nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, həmin
Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən
edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər
normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı
münasibətlər hüdudlarında tətbiq olunur.
Buna
görə də Vergi Məcəlləsinin 140.1-ci maddəsində müəyyən olunmuş tələblərə müstəsna
olaraq vergi münasibətləri çərçivəsində baxılmalıdır.
Lizinq
müqaviləsinin məhz icarə xarakterli olması səbəbindən (operativ lizinqlər) bütün
hallarda lizinq obyektindən gəlir götürmək məqsədi ilə istifadə edilməsinə dair
formalaşan mövqeyə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
Mülki Məcəlləyə əsasən icarə münasibətləri icarəyə götürülən obyektdən, həmçinin
onun bəhərindən istifadə edilməsi və gəlir götürülməsi imkanını nəzərdə tutur
(Mülki Məcəllənin 700.1-ci maddəsi). İcarə özlüyündə gəlir götürülməsini mütləq
vəzifə kimi deyil, hüquq kimi müəyyən etmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin
124.1-ci maddəsi icarə haqqının vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs
tərəfindən ödənilməsi zamanı vergini ödəmək öhdəliyinin icarəyə verəndə
olmasını müəyyən etmişdir. Göründüyü kimi, icarə hüquq münasibətlərində də
bütün icarəyə götürənlərin sahibkar olması, həmin şəxslərin icarəyə götürdükləri
obyektdən yalnız sahibkarlıq məqsədləri üçün istifadə etməsi tələb
edilmir.
İcarəyə
verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma
məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş
ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan
qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər (Vergi Məcəlləsinin
140.1-ci maddəsi).
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, sahibkarlıqla məşğul olmayan fiziki şəxsin
lizinq münasibətinin iştirakçısı olduğu halda hər hansı sui-istifadələrin
qarşısını almaq məqsədilə qanunvericilik və ya nəzarət orqanları tərəfindən
xüsusi qaydaların müəyyən olunması məqsədəuyğun olar. Xüsusilə lizinq şirkətləri
maliyyə bazarının peşəkar iştirakçısı olduğundan, bu növ lizinq münasibətlərində
onlara daha yüksək vicdanlılıq və ehtiyatlılıq standartları tətbiq oluna bilər.
İstehlakçı ilə müqayisədə daha peşəkar biliyə və imkanlara malik olan lizinq
şirkəti tərəfindən risklərin qiymətləndirilməsi və mümkün nəticələr barədə
istehlakçının məlumatlandırılması lizinq şirkətinin ağlabatan dərəcədə
ehtiyatlılığının göstəricisi ola bilər.
Lizinq
obyektinin yaşayış sahəsi olmasının lizinq müqaviləsinin mahiyyətinə zidd
olub-olmaması ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakıları qeyd edir.
Konstitusiya
Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarında bu məsələ ilə bağlı
qeyd edilmişdir ki, lizinq alan istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə
qəbul edən hüquqi və fiziki şəxsdir.
Mülki
Məcəllənin 747-2-ci maddəsinə görə, lizinq obyekti Azərbaycan Respublikasının
qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi
məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş
təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır.
Qanunvericilikdə
əsas vəsaitlərə açıqlama Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində verilmişdir.
Həmin maddədə göstərilmişdir ki, əsas vəsaitlər istifadə müddəti bir ildən çox
olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun
olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.
Vergi
Məcəlləsinin 114-cü maddəsinə görə isə əsas vəsaitlər aşağıdakı kateqoriyalara
ayrılır:
-
binalar,
tikintilər və qurğular;
-
maşınlar,avadanlıq
və hesablama texnikası;
-
nəqliyyat
vasitələri;
-
digər
əsas vəsaitlər.
Nəzəriyyədə
də icarəyə götürülmüş obyektin təbiətinə, “hərəkət edib-etməməsi” əlamətinə görə
lizinqin iki növü fərqləndirilir:
-
mobil
lizinq - daşınar əmlak növlərinin lizinqə verilməsi;
-
immobil
lizinq - daşınmaz əmlakın lizinqə verilməsi.
Göründüyü
kimi, yaşayış sahələri, o cümlədən mənzil, öz təbiətinə görə əsas vəsaitdir və
onun lizinq obyekti olmasını qanunvericilik istisna etməmişdir.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin
747-2-ci maddəsinin tələblərinə və Vergi
Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun
olaraq yaşayış sahəsi, o cümlədən mənzil əsas vəsait olmaqla lizinq müqaviləsinin
obyekti ola bilər.
Lizinq
obyektindən gəlir götürmək məqsədi olmadığı halda lizinq müqaviləsinin kredit
müqaviləsi hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olub-olmaması, həmçinin
mənzilə dair lizinq müqaviləsinin kredit müqaviləsini pərdələmək məqsədi ilə
bağlanması məsələləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu göstərilən
müqavilələrin müqayisəli şəkildə təhlil edilməsini zəruri hesab edir.
İqtisadi
nöqteyi-nəzərdən lizinq avadanlıq əldə edilməsi üçün təqdim edilən kreditə oxşardır,
lakin fərqləndirici əlamət ilə bank maliyyələşməsinə alternativ kimi çıxış
edir.
Qeyd
edildiyi kimi, Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə əsasən, lizinq
müqaviləsinin mövcudluğu üçün əsas lizinq obyekti kimi çıxış edən əmlakın
lizinq məqsədləri ilə lizinq verən tərəfindən satın alınması və ya hazırlanması
və onun mülkiyyətində qalmaqla həmin lizinq obyektinin bilavasitə satın almaq
hüququ da verilməklə lizinq alanın istifadəsinə verilməsi ilə əlaqədardır.
Həmçinin
qeyd edildiyi kimi, Mülki Məcəllənin 747-2-ci maddəsinə görə, lizinqin obyekti qanunvericiliklə müəyyənləşdirilmiş
təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
Mülki
Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinə görə,
iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət
hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər
iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə
və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə
götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit
müqaviləsi adlandırılır.
Müstəqil
peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq
qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Göründüyü
kimi, Mülki Məcəllənin 739-cu maddəsinin məzmununa əsasən kredit müqaviləsinin
predmeti qismində yalnız pul vəsaiti çıxış etdiyi halda, borc müqaviləsinin
predmeti qismində pul və ya əvəz edilən əşyalar çıxış edə bilər.
Göstərilən
maddələrin mahiyyətindən müəyyən edilir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və
bununla da, mülkiyyətçinin dəyişməsi
baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə
mövcud olur) həmin
əşya sonda lizinq alana
satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından
daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi
müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən
istifadə etməsinə) imkan yaradır.
Beləliklə,
lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş
əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri
və ya hər hansı digər əsasla əldə olunan əmlakdan
fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan
əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi,
lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və
müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə
lizinq alana keçir.
Lizinq alan ödənişi
geri tələb etmir və lizinq
alan müqavilənin hər hansı şərtini
icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində
sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit
zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə
yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində
mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli
olaraq lizinqdə girov tələb olunmur.
Göstərilənlərdən
aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi
baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının
istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli
ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin
ayrıca fəsli ilə nizamlanır.
Yuxarıdakılara
əsaslanaraq qeyd etmək lazımdır ki, lizinq təşkilatı kredit təşkilatı
olmadığından və pul vəsaiti borca verilmədiyindən,
lizinq müqaviləsinin kredit müqaviləsinə çevrilməsi praktiki olaraq qeyri-mümkündür, yalnız lizinq alan kredit götürməklə lizinq ödənişini həmin kredit hesabına maliyyələşdirə bilər.
Müqavilə
azadlığı prinsipinə gəldikdə isə qeyd etmək lazımdır ki, Mülki Məcəllənin
390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr
bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə
onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də
bağlaya bilərlər. Bu baxımdan tərəflərin iradə azadlığı əsasında lizinqin istənilən
növündə müqavilə bağlana bilər.
Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən
müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində
nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit
edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri
kimi çıxış edir.
Qanunvericilik bu azadlıqları mülki dövriyyə
iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların
vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair”
2012-ci il 12 mart tarixli Qərarı).
Lakin müqavilə azadlığı heç də o demək deyildir ki, tərəflər
arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı
şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin
339, 340-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə
417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır.
Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini
müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri
qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin,
ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin
hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu
həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).
Müqavilənin
düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin,
onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır.
Tərəflərin
hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən
olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya
görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin
324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki
danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış
praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır
(Mülki Məcəllənin 404.2-ci maddəsi).
Qeyd
etmək lazımdır ki, Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində
istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə göstərilmişdir
ki, Azərbaycan Respublikasında lizinqin inkişafı üçün, ilk növbədə, vahid
qanunun hazırlanması nəzərdən keçirilməli və bu qanunda şirkətlərin operativ
lizinq xidmətləri göstərməsinə şərait yaradılmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən
gələcəkdə lizinq institutunun əsaslarını tənzimləyən və şirkətlərin operativ lizinq xidmətlərinin
göstərməsinə şərait yaradılmasına xidmət edən vahid qanunun qəbul edilməsini məqsədə
müvafiq hesab edir.
Qeyd
olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə
gəlir:
- Mülki Məcəllənin 747.1,
747-1.3 və 747-2-ci maddələrinin
tələblərinə və Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə
verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait
olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya
fiziki şəxsə verilməsi istisna edilmir;
-
Mülki Məcəllənin 747.1 və 747-2-ci maddələrinin tələblərinə,
habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən
fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak
olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür.
Göstərilənlərə
əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3
və 747-2-ci maddələrinin tələblərinə və
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas
vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin, o cümlədən mənzilin
əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə
məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir.
2.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 və
747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin
hüquqi mövqelərinə əsasən
kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti
deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi
qeyri-mümkündür.
3.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5.
Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev