Decisions

16.10.20 AR Konstitusiyasının 60-cı maddəsi baxımından AR Mülki Məcəlləsinin 1243-cü maddəsinin və AR Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

   Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

16 oktyabr 2020-ci il                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu  maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini,  maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi S.Qafarinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri     M.Bazıqovun, mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun və Azərbaycan Respublikası Ali Məhkəməsinin yazılı mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ: 

 

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1243-cü maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 307.2.9-cu maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, “XalqBank”  Açıq Səhmdar Cəmiyyəti (bundan sonra –  “XalqBank” ASC) R.Babayevaya və digərlərinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla, ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması, borcun ipoteka predmetinin dəyərindən tutulması və s. tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir.

Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini ipoteka predmeti olan əmlakın vərəsələr tərəfindən qəbul edilməsi faktının sübut edilməməsi ilə əsaslandırmışdır.

“XalqBank” ASC qeyd olunan qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verərək təqdim etdiyi sübutlar əsasında mirasın vərəsələr tərəfindən qeyri-formal üsulla qəbul edildiyinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsi icraatında olan həmin mülki iş ilə bağlı qanunvericiliyin müvafiq normalarını nəzərdən keçirərkən bəzi anlaşılmazlıqların və məhkəmə təcrübəsində müxtəlif yanaşmaların olduğu nəticəsinə gəlmişdir.

Müraciətdə göstərilmişdir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi).

Müraciətdə həmçinin Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsində hüquqi əhəmiyyətli faktlardan biri olan mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmasının nəzərdə tutulduğu göstərilmişdir.

Müraciətedənin qənaətinə görə, qanunvericiliyə uyğun olaraq vərəsələrin qeyd edilən faktların müəyyən edilməsi üçün məhkəməyə ərizə vermək hüquqları olsa da, bu cür faktın təsdiq edilməsində marağı olan digər şəxslərin belə tələblə məhkəməyə müraciət etmək hüquqlarının olub-olmaması qeyri-müəyyəndir. Bu səbəbdən vərəsə olmayan, lakin öz hüququnun və qanunla qorunan mənafeyinin müdafiəsi və ya təsdiqi üçün məhkəməyə müraciət etmiş maraqlı şəxsin bu hüquqlarının realizə edilməsi qaydası mübahisə doğurur, hüquq tətbiqetmədə qeyri-müəyyənlik və çətinlik yaradır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, Konstitusiyanın əsas insan hüquq və azadlıqlarının ən mühüm müdafiə vasitəsi olan  məhkəmə müdafiəsi hüququnu nəzərdə tutan müddəalarının, eləcə də məhkəmə müdafiəsi hüququnun realizəsinin əsas qaydalarını müəyyən edən Mülki Prosessual Məcəllənin bir sıra normalarının nəzərdən keçirilməsini zəruri hesab edir.

Əsas Qanun insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.

Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin I hissəsi).

Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüquq yalnız  məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan  ədalət mühakiməsini də nəzərdə tutur (T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərar).

Məhkəmələrdə müraciətlərə (şikayətlərə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən  “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır.

“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.

Beləliklə, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin  birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müraciətdə qaldırılan məsələyə məhkəmə müdafiəsi hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə mülki prosessual qanunvericiliyə uyğun olaraq hansı qaydada baxılmalı olmasının təhlili ilə yanaşı, mülki qanunvericiliyin vərəsəlik hüququ, o cümlədən mirasın qəbulu üsulları və mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə məsuliyyəti ilə bağlı normalarının da nəzərdən keçirilməsi məqsədə müvafiqdir.

Konstitusiyanın 29-cu maddəsinin VII hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir.

 Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri).

Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri  şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir.

Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə  və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).

Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir.

Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.

Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).

Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmələr mülki işə baxarkən hər kəsin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını səmərəli və əlçatan vasitələrlə təmin edərək ədalət mühakiməsini qanunvericiliklə müəyyən edilmiş xüsusi prosessual icraat qaydasında həyata keçirməlidirlər.

Mülki məhkəmə icraatı qaydasında baxılan işlərin əksəriyyəti iddia icraatı qaydasında baxılır. İddia icraatı məhkəmənin  maddi hüquq münasibətindən irəli gələn mübahisə üzrə mülki işə prosessual hüquq normaları əsasında baxılmasında və həll edilməsində ifadə edilən fəaliyyətidir. İddia icraatının başlanılması iddia hüququnun realizəsi ilə həyata keçirilir.

Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir.

Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində  iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır.

Göstərildiyi kimi, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır.  Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur.

Mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi).

Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti  olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər.

Yuxarıda göstərildiyi kimi, müracətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinin Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər sırasına aid edildiyinə istinad edilərək, miras əmlakın vərəsələr tərəfindən qeyri-formal üsulla qəbulu halında maraqlı şəxslərin həmin əmlak hesabına mənafelərinin təmin edilməsi ilə bağlı iddialarına baxılmasının prosessual qaydasının qanunvericilikdə nəzərdə tutulmadığı göstərilmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir:

- həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması;

- hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması;

- hüquq haqqında mübahisənin olmaması və s.

Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinin tələbinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi, qanunverici hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı işlərə iddia icraatı qaydasında baxılmasının mümkünlüyünü müəyyən etmişdir.

Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin  mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə  və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.

Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, mülki mühakimə icraatı tərəflərin iradəsi və fəallığı ilə şərtləndirilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.

Beləliklə, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının  öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

                        

QƏRARA  ALDI: 

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.   

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr                                                                                         Fərhad Abdullayev