AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R
I
Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 1243-cü maddəsinin və
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin
əlaqəli şəkildə şərh edilməsinə dair
16 oktyabr 2020-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova
(məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin
və Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 307.2.9-cu maddəsinin
əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim
S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin
nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi S.Qafarinin və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial
qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun,
mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun və Azərbaycan
Respublikası Ali Məhkəməsinin yazılı mülahizələrini,
ekspert
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt Apellyasiya
Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi və Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1243-cü
maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra
– Mülki Prosessual Məcəllə) 307.2.9-cu maddəsi baxımından şərh olunmasını xahiş
etmişdir.
Müraciətdən görünür ki,
“XalqBank” Açıq Səhmdar Cəmiyyəti
(bundan sonra – “XalqBank” ASC)
R.Babayevaya və digərlərinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi
nəzərə alınmaqla, ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi, mənzilin
açıq hərracda satılması, borcun ipoteka predmetinin dəyərindən tutulması və s.
tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir.
Xaçmaz Rayon Məhkəməsinin
27 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci
instansiya məhkəməsi qətnaməsini ipoteka predmeti olan əmlakın vərəsələr
tərəfindən qəbul edilməsi faktının sübut edilməməsi ilə əsaslandırmışdır.
“XalqBank” ASC qeyd olunan
qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verərək təqdim etdiyi
sübutlar əsasında mirasın vərəsələr tərəfindən qeyri-formal üsulla qəbul
edildiyinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsi
icraatında olan həmin mülki iş ilə bağlı qanunvericiliyin müvafiq normalarını
nəzərdən keçirərkən bəzi anlaşılmazlıqların və məhkəmə təcrübəsində müxtəlif
yanaşmaların olduğu nəticəsinə gəlmişdir.
Müraciətdə göstərilmişdir
ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras
qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və
vəzifələrin (miras passivi) toplusu daxildir.
Qanunvericilik mirasın
qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir.
Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə
ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik
başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras
vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi).
Müraciətdə həmçinin Mülki
Prosessual Məcəllənin 307.2.9-cu maddəsində hüquqi əhəmiyyətli faktlardan biri
olan mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən
edilməsi barədə işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmasının
nəzərdə tutulduğu göstərilmişdir.
Müraciətedənin qənaətinə
görə, qanunvericiliyə uyğun olaraq vərəsələrin qeyd edilən faktların müəyyən
edilməsi üçün məhkəməyə ərizə vermək hüquqları olsa da, bu cür faktın təsdiq
edilməsində marağı olan digər şəxslərin belə tələblə məhkəməyə müraciət etmək
hüquqlarının olub-olmaması qeyri-müəyyəndir. Bu səbəbdən vərəsə olmayan, lakin
öz hüququnun və qanunla qorunan mənafeyinin müdafiəsi və ya təsdiqi üçün
məhkəməyə müraciət etmiş maraqlı şəxsin bu hüquqlarının realizə edilməsi
qaydası mübahisə doğurur, hüquq tətbiqetmədə qeyri-müəyyənlik və çətinlik
yaradır.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə əlaqədar, ilk növbədə, Konstitusiyanın əsas insan hüquq və
azadlıqlarının ən mühüm müdafiə vasitəsi olan
məhkəmə müdafiəsi hüququnu nəzərdə tutan müddəalarının, eləcə də məhkəmə
müdafiəsi hüququnun realizəsinin əsas qaydalarını müəyyən edən Mülki Prosessual
Məcəllənin bir sıra normalarının nəzərdən keçirilməsini zəruri hesab edir.
Əsas Qanun insan və
vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və
müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.
Hər kəsin qanunla qadağan
olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək
hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə
təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə
müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin
I hissəsi).
Hüquq və azadlıqların inzibati
və məhkəmə təminatı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı
hüquqi mövqeyə əsasən, bu hüquq yalnız
məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları
qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək
iqtidarında olan ədalət mühakiməsini də
nəzərdə tutur (T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərar).
Məhkəmələrdə müraciətlərə
(şikayətlərə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual
Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit
edilmişdir. Həmin maddəyə görə, mülki işlər və kommersiya mübahisələri üzrə
məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan
Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi
aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər
özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq
və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə
müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Müstəqil məhkəmə tərəfindən
ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir
sıra beynəlxalq hüquq aktlarında, o cümlədən
“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu
maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır.
“İnsan hüquqları haqqında”
Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya
qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr
tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.
Beləliklə, həm milli, həm
də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan
maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən
mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə
məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini
həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, müraciətdə qaldırılan məsələyə məhkəmə müdafiəsi
hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə mülki prosessual
qanunvericiliyə uyğun olaraq hansı qaydada baxılmalı olmasının təhlili ilə
yanaşı, mülki qanunvericiliyin vərəsəlik hüququ, o cümlədən mirasın qəbulu
üsulları və mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə məsuliyyəti
ilə bağlı normalarının da nəzərdən keçirilməsi məqsədə müvafiqdir.
Konstitusiyanın 29-cu
maddəsinin VII hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni
bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası
qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin
qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən
hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan
qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum
olmasının qarşısının alınmasına xidmət edir.
Mülki Məcəllənin 1146-cı
maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi
barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi
müəyyən edir. Mirasa (miras əmlaka)
miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və
vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız
miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və
ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə
olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə
daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri).
Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə
vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka
daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya
hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın
vərəsələrinə keçir.
Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb
etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına
icrası mümkün olan əmlak öhdəliyidir.
Mülki Məcəllənin 1306.1-ci
maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə
xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı
paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
Həmin Məcəllənin mirasın
qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər
qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı
yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya
əmlaka sahiblik etməyə və ya əmlakı
idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz
nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə
mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,
mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası
tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin
mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
Mirasın qəbulu şəxsin
iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın
əldə edilməsinə razılığın ifadə edilməsidir.
Vərəsənin mirasın açıldığı
yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın
qəbul edilməsinin formal üsuludur.
Miras əmlakın faktiki
qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək
niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə
hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
Mirasın faktiki qəbulu
üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı
faktiki idarə etmək üsulu.
Faktiki sahiblik etmək
üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki
cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə
vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən
mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın
aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun
G.Qəhrəmanovanın
şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən
asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi
qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir
ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb
hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə
iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair
müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə
müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual
qanunvericiliklə müəyyən edilmişdir.
Bu baxımdan Konstitusiya
Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmələr mülki işə baxarkən hər kəsin
məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını səmərəli və
əlçatan vasitələrlə təmin edərək ədalət mühakiməsini qanunvericiliklə müəyyən
edilmiş xüsusi prosessual icraat qaydasında həyata keçirməlidirlər.
Mülki məhkəmə icraatı
qaydasında baxılan işlərin əksəriyyəti iddia icraatı qaydasında baxılır. İddia
icraatı məhkəmənin maddi hüquq
münasibətindən irəli gələn mübahisə üzrə mülki işə prosessual hüquq normaları
əsasında baxılmasında və həll edilməsində ifadə edilən fəaliyyətidir. İddia
icraatının başlanılması iddia hüququnun realizəsi ilə həyata keçirilir.
Məhkəmədə iddia icraatı
qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə
fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin
müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir.
Mülki Prosessual Məcəllənin
149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı
hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən
hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək
məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi
maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə
iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi
faktlar və hüquq normalarıdır.
Göstərildiyi kimi,
mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr,
bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda
heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin
mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət
yaranır. Prosessual qanunvericilik bu
kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi
icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud
olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı,
cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak
edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması
səlahiyyəti məhdud şəxslərə məxsus olur.
Mülki prosessual
qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə
alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı
qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi).
Xüsusi icraat
qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi
haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ
gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın
qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də
hüquqi əhəmiyyəti olan fakt olduğundan
belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin
307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının
və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən
imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə
qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər.
Yuxarıda göstərildiyi kimi,
müracətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinin Mülki Prosessual
Məcəllənin 307-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər
sırasına aid edildiyinə istinad edilərək, miras əmlakın vərəsələr tərəfindən
qeyri-formal üsulla qəbulu halında maraqlı şəxslərin həmin əmlak hesabına
mənafelərinin təmin edilməsi ilə bağlı iddialarına baxılmasının prosessual
qaydasının qanunvericilikdə nəzərdə tutulmadığı göstərilmişdir.
Bununla bağlı Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual
qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini
tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə
qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək
olar. Bu şərtlərə aşağıdakılar aiddir:
- həmin faktın
qanuna əsasən hüquqi nəticələr doğurması;
- hüquqi əhəmiyyəti
olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması;
- hüquq
haqqında mübahisənin olmaması və s.
Həmin şərtlərdən hər hansı
birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
Mülki Prosessual Məcəllənin
306.4-cü maddəsinin tələbinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən
məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim
ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə
onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi,
qanunverici hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı işlərə
iddia icraatı qaydasında baxılmasının mümkünlüyünü müəyyən etmişdir.
Göstərilənlər əsasında belə
nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın
öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul
etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi
tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə
doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat
qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın
qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter
daşıyır və şəhadətnamənin olmaması vərəsənin
mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul
etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması
onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan
kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin
miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli
sürməsi yolveriləndir.
Kreditorun bu cür tələb
irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və
hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın
davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla,
kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə
öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli
dərəcədə pozulmasına səbəb olar.
Qeyd olunanlarla yanaşı
nəzərə alınmalıdır ki, mülki mühakimə icraatı tərəflərin iradəsi və fəallığı
ilə şərtləndirilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə
yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə
etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə, hakim bütün hallarda
prosesin çəkişmə prinsipini təmin etməlidir.
Beləliklə,
mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən
və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın
kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və
ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
Konstitusiyanın 60-cı
maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, habelə Mülki Prosessual
Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik
şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras
qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq
hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında
baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA
ALDI:
1. Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi
almaması miras qoyanın kreditorlarının öhdəliklərin
icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia
qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia
icraatı qaydasında baxılmalıdır.
2. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr
Fərhad
Abdullayev