Decisions

09.12.14 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2013-cü il tarixli qərarı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 78-ci maddələrinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARI

 

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2013-cü il tarixli qərarı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 78-ci maddələrinin şərh edilməsinə dair

 

 

9 dekabr 2014-cü il                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov və İsa Nəcəfovdan ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərovun,  Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Hafiz Nəsibovun,

ekspertlər Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasovanın,

mütəxəssislər Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun Kərimov Emin Akif oğlunun cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət Məcəlləsinin bəzi müddəalarına uyğunluğunun yoxlanılmasına dair sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertlərin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) sorğu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Emin Kərimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin CK) 7 noyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya), maddi və prosessual qanunvericiliklərin müvafiq maddələrinin müddəalarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2013-cü il tarixli qərarı ilə E.Kərimov cinayət törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, yəni Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşdüyündən, Cinayət Məcəlləsinin 78-ci maddəsinə əsasən cəzadan azad edilmiş, Cinayət Məcəlləsinin 93.1.2 və 95.0.3-cü maddələrinə uyğun olaraq  barəsində tibbi xarakterli məcburi müalicə tədbiri tətbiq edilmiş, cinayət işi üzrə icraat dayandırılmış, maddi sübutların müsadirə edilərək məhv edilməsi qərara alınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2013-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərarından ekspertiza xərclərinə dair müddəalar xaric edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin CK-nın 7 noyabr 2013-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, kassasiya protesti təmin edilməmişdir.

Prokurorluq sorğuda təqsirləndirilən şəxsə cəza təyin edilmədiyi halda, onun cəzadan azad edilməsi və cinayət işi üzrə icraat dayandırıldığı halda, maddi sübutların məhv edilməsi haqqında məhkəmə instansiyalarının qərarlarının Konstitusiyanın 63-cü maddəsinin I və V, 127-ci maddəsinin II, VIII və IX, 129-cu maddəsinin III, 148-ci maddəsinin II hissəsinə, eləcə də Cinayət Məcəlləsinin 41.1 və 78-ci maddələrinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət Prosessual Məcəlləsi) 7.0.4, 10, 28, 53, 54, 91.5.14, 91.5.25, 132, 323.1.4, 333.1, 486.1, 487.1 və 511-ci maddələrinin müddəalarına uyğun olub-olmamasının yoxlanılmasını xahiş etmişdir.

Sorğu ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə və V hissəsinə müvafiq olaraq Ali Məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması yalnız konstitusiya ədalət mühakiməsinin subyektləri arasında müvafiq konstitusiya hüquq mübahisəsinin olması ilə şərtlənir.

Sorğuda məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması məsələsi faktiki olaraq konstitusiya ədalət mühakiməsinin subyektləri arasında konstitusiya hüquq mübahisəsi ilə əlaqəli olmadığından, lakin məhkəmə təcrübəsi üçün əhəmiyyət kəsb etdiyindən, Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə bağlı bəzi qanunvericilik normalarının  şərh edilməsini zəruri hesab edir.

Sorğunun mahiyyətinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Bu vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin  2-ci maddəsi).

Belə tədbirlərdən biri də Cinayət Məcəlləsinin 78-ci maddəsində öz əksini tapmışdır.

Lakin Cinayət Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuş cəzadan azad etmənin növlərini təhlil etməzdən əvvəl qeyd etmək lazımdır ki, burada söhbət anlaqlı vəziyyətdə cinayət törətmiş şəxsdən, yəni, cinayət məsuliyyətinin əsası olan cinayət tərkibinin mövcud olmasından gedir. Bu səbəbdən iki müxtəlif şəraiti fərqləndirmək lazımdır:

- şəxs cinayəti anlaqsız vəziyyətdə törətdikdə və subyektin olmaması səbəbindən əməlində cinayət tərkibi aşkarlanmadıqda (Cinayət Məcəlləsinin 21.1 və 21.2-ci maddələri);

- şəxs cinayəti anlaqlı vəziyyətdə törətdikdə, lakin sonradan psixi və ya digər xəstəliyə tutulduqda (Cinayət Məcəlləsinin 21.3 və 78-ci maddələri).

İkinci halla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, anlaqlı vəziyyətdə törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilən şəxsin məhkum edilməli olması və onun barəsində qanunla nəzərdə tutulmuş hallarda cəza tədbirlərinin həyata keçirilməsi inkar edilməzdir.

Bununla belə, öz-özlüyündə cinayətin törədilməsi faktı və təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mütləq olaraq cəzanın tətbiq edilməsi və çəkilməsi ilə nəticələnmir. Bəzi hallarda təqsirləndirilən şəxsə münasibətdə hətta ən yüngül cəzanın tətbiq edilməsi faktiki və ya cinayət-hüquqi halların mövcud olması səbəbindən mümkün, yaxud məqsədə müvafiq olmur.   

Cinayət-hüquqi mənasına görə bu hallar cəza çəkməyə bərabər tutularaq, onun sosial-hüquqi ekvivalenti qismində çıxış edir və bu səbəbdən də cəzanın tətbiqini və ya onun çəkilməsini aradan qaldırır.

Belə hallar sırasına anlaqlı vəziyyətdə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxsə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi də aiddir.

Əvvəlki Cinayət Məcəlləsində cinayət törətdikdən sonra, lakin məhkəmə hökm çıxaranadək ruhi xəstəliyə tutulan və bunun nəticəsində öz hərəkətlərini dərk etmək və ya idarə etmək imkanından məhrum olan şəxsin cəzadan azad edilməsi nəzərdə tutulmuşdu (əvvəlki Cinayət Məcəlləsinin 11-ci maddəsi). Bu norma Məcəllənin “Cinayət haqqında” fəslində yerləşdirilmişdi. Məcəllənin “Cəzadan azad etmə” fəslində isə şəxsin xəstəliyə görə məhkəmənin hökmü ilə təyin olunmuş cəzadan azad edilməsinə dair norma mövcud deyildi. Cinayət Məcəlləsində yaranmış bu boşluğun aradan qaldırılmasını cinayət-prosessual və islah-əmək qanunvericilikləri öz üzərlərinə götürərək, hökm ilə təyin olunmuş cəzadan azad etmənin əsaslarını və qaydalarını müəyyən etmişdilər.

Lakin cəzadan azad etmə prosessual təsisat kimi qəbul edilə bilməz. İlk növbədə, “cəzadan azad etmə” anlayışı cinayət prosesinin özünə deyil, cinayətin hüquqi nəticələrinə işarə edir. Cəzadan azad etmənin mahiyyətində cəzanın təyin edilməsinin və ya çəkilməsinin məqsədsizliyi və ya mümkünsüzlüyü durur.  

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli Qərarında göstərildiyi kimi, Cinayət Prosessual Məcəlləsi cinayət hüquq normalarının tətbiq edilməsi üçün prosessual vasitələri müəyyən edir. Cinayət Prosessual Məcəlləsinin normaları yalnız Cinayət Məcəlləsinin normalarının reallaşdırılmasına istiqamətlənməlidir.

Göstərilənlərlə əlaqədar və qanunlar arasında yaranmış boşluğun aradan qaldırılması məqsədi ilə qanunverici əvvəlki cinayət, cinayət-prosessual və islah-əmək qanunvericiliklərində olan normaları bir cinayət hüquq institutunda – şəxsin cinayət törətdikdən sonra xəstəliyə tutulması institutunda birləşdirərək, bu instituta müstəqil hüquqi xarakter vermişdir. Qanunvericilik texnikasına və məntiqinə uyğun olaraq hazırda qüvvədə olan Cinayət Məcəlləsində bu institut iki müstəqil normada əks olunmuşdur: “Cinayət məsuliyyətinə cəlb edilməli olan şəxslər” adlandırılan dördüncü fəslin 21.3-cü maddəsində və “Cəzadan azad etmə” adlandırılan on ikinci fəslin 78-ci maddəsində.          

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Cinayət Məcəlləsinin 21.3 və 78-ci maddələri tətbiq olunarkən aşağıdakı halların nəzərə alınması böyük əhəmiyyət kəsb edir.  

Konstitusiya Məhkəməsi Plenumunun “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3, 29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu maddələrinin şərh edilməsinə dair” 15 aprel 2011-ci il tarixli Qərarında hazırkı sorğuda göstərilən məsələlərə dair bəzi açıqlamalar verilmişdir. Belə ki, həmin Qərarda Cinayət Məcəlləsinin 21, 93-99-cu maddələrinin mahiyyəti açıqlanaraq, qeyd edilmişdir ki, anlaqsızlıqla əlaqədar cinayət məsuliyyətinin hüquqi nəticələrinin üç forması müəyyən edilmişdir. Birincisi, şəxsin anlaqsız vəziyyətdə cinayət törətməsidir. İkincisi, şəxsin anlaqlı vəziyyətdə cinayət törətməsi, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmasıdır. Üçüncüsü, şəxsin törətdiyi cinayətə görə cəza təyin edildikdən sonra psixi xəstəliyə tutulmasıdır.

Həmin Qərarın müddəalarını inkişaf etdirərək, Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin məsələyə aid olan müvafiq maddələrinin əlaqəli şəkildə təhlil edilməsini vacib hesab edir.   

Cinayət Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

 Göründüyü kimi, Cinayət Məcəlləsinin 21.3-cü maddəsində söhbət şəxsin cinayəti törətdikdən sonra onun barəsində hökm çıxarılanadək psixi xəstəliyə tutulmasından gedir.

Bu, cinayət işinin qaldırılması mərhələsində, ibtidai istintaq mərhələsində (cinayəti törətdikdən sonra psixi xəstəliyə düçar olmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxsə qarşı məhkəməyədək icraatın aparılması mütləqdir), məhkəmə baxışının təyin olunması və ya məhkəmə baxışı mərhələsində də baş verə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət törətmiş şəxsdə psixi pozuntu onun barəsində məhkəmənin hökmü çıxarılanadək baş vermişdirsə, o cəzalandırıla bilməz, bu, anlamsız olardı.  Şəxsi  öz əməlini dərk etmək və ya öz hərəkətlərini idarə etmək imkanından məhrum edən psixi xəstəlik eyni zamanda dövlətin ona hüquq və azadlıqlardan məhrum etmə və ya onların məhdudlaşdırılmasından ibarət olan təsirinin məcburi xarakterini də dərk etməyə imkan vermir. Bu cür şəxslərə münasibətdə məhkəmə yalnız Cinayət Məcəlləsinin 95-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tətbirlər tətbiq edə bilər. Belə şəxsin cinayət məsuliyyətinə cəlb olunması və ona cəzanın təyin olunması məsələsi ən azından o sağalanadək təxirə salınmalıdır.

Belə nəticəyə gələrkən Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin aşağıdakı tələblərini nəzərə alır.

Cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi qaydaları Cinayət Prosessual Məcəlləsinin LVI fəslinin 479-487-ci maddələrində nəzərdə tutulmuşdur.

Buna dair Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən 15 aprel 2011-ci il tarixli Qərarında qeyd edilmişdir: “Məcburi müalicənin əsasları Cinayət Məcəlləsinin 21, 93-99-cu maddələri ilə, prosessual qaydası isə Cinayət Prosessual Məcəlləsinin 468-487-ci maddələri ilə müəyyən olunmuşdur. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 468 və 479-cu maddələrinə görə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər və cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat  Məcəllənin 468-478-ci və 479-487-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır”.

 Cinayət Prosessual Məcəlləsinin 480.4.1-ci maddəsinə uyğun olaraq, cinayət işi üzrə ibtidai istintaq zamanı şəxsin cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması müəyyən edildikdə cinayət işinin icraatı dayandırılmaqla Cinayət Prosessual Məcəlləsinin LVI fəslində nəzərdə tutulan icraat üzrə tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsi üçün iş məhkəməyə göndərilir.

Şəxsin Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşən psixi xəstəliyə düçar olmasına dair materiallar üzrə məhkəmə, Cinayət Prosessual Məcəlləsinin 485-ci maddəsinə uyğun olaraq əməlin törədilib-törədilmədiyini,  əməldə cinayət tərkibinin olub-olmadığını, həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilmədiyini, şəxsin psixi xəstəliyə tutulub-tutulmadığını, xəstəliyin xarakterini və xəstəlik vəziyyətinin baş verdiyi vaxtı, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacın olub-olmadığını və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyac olduğunu yoxlamalıdır. Araşdırılmış sübutlarla şəxsin ona ittiham olunmuş cinayət əməlini törətməsi, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması və tibbi xarakterli məcburi tədbirin tətbiqinə ehtiyacı olması təsdiq olunduqda, məhkəmə onun barəsində belə tədbirin tətbiq edilməsinə dair qərar çıxarır.

Şəxs psixi xəstəliyə məhkəmə baxışı mərhələsində tutulduğu halda məhkəmə, həmçinin iş üzrə icraatın dayandırılması haqqında məsələni həll etməlidir (Cinayət Prosessual Məcəlləsinin 485.5-ci maddəsi).

  Məhkəmə, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edildiyi şəxsi sağalmış hesab etdikdə, tibbi rəy əsasında tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi haqqında qərar çıxarır və cinayət işini ibtidai araşdırmanın aparılması və ya məhkəmə baxışının keçirilməsi üçün göndərilməsi haqqında məsələni həll edir (Cinayət Prosessual Məcəlləsinin 487-ci maddəsi).

Göründüyü kimi, nə Cinayət Məcəlləsində, nə də Cinayət Prosessual Məcəlləsində cinayət törətdikdən sonra hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxsin cəzadan azad edilməsi nəzərdə tutulmamışdır.

Bu Məcəllələrin yuxarıda göstərilən normalarının əlaqəli şəkildə təhlili isə belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə Cinayət Məcəlləsinin 21.3-cü maddəsində nəzərdə tutulmuş anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxs barəsində Cinayət Prosessual Məcəlləsinin 485-ci maddəsinin tələblərinə riayət olunmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsini həll edir.

Məhkəmə tərəfindən bu işlər üzrə icraatın dayandırılması məsələsi Cinayət Prosessual Məcəlləsinin 485.5-ci maddəsində göstərilən qaydaya uyğun olaraq həll edilir.

Şəxsin cinayət törətdikdən sonra xəstəliyə tutulması institutunun digər halları Cinayət Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuşdur.

Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə görə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs cəzadan və ya cəzanın qalan hissəsini  çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

Cinayət Məcəlləsinin 78.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliyə düçar olduqda, cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.

Göründüyü kimi, Cinayət Məcəlləsinin 78-ci maddəsi şəxsin cəzadan azad edilməsinin üç müstəqil əsasını nəzərdə tutur:

-  şəxsi öz əməllərini dərk etmək və ya hərəkətlərini idarə etmək imkanından məhrum edən psixi xəstəlik;

-  cəzanın çəkilməsinə mane olan sair ağır xəstəlik;

-  hərbi qulluqçunun hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olmuş xəstəlik.

Qeyd olunan normalarda göstərilən birinci və üçüncü əsaslar imperativ xarakter daşıyırlar və məhkəmənin vəzifəsi kimi çıxış edirlər. İkinci əsas isə fakultətiv xarakter daşıyır və bu halda cəzadan azad etmə məhkəmənin mülahizələrindən asılı olur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 21.3-cü maddəsindən fərqli olaraq, həmin Məcəllənin 78.1-ci maddəsi cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslərin məhkəmə hökmü ilə təyin olunmuş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunmasını nəzərdə tutur.

Onu da dəqiqləşdirmək lazımdır ki, Cinayət Məcəlləsinin 78.1-ci maddəsinin mənasına görə psixi xəstəlik hökm elan edildikdən sonra icra edilənədək baş verdiyi halda, şəxs təyin olunmuş cəzadan, cəzanı çəkdiyi zaman isə cəzanın çəkilməmiş hissəsindən azad olunur.

Belə nəticə qanunvericiliyin aşağıdakı tələblərindən irəli gəlir:

1) Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza-məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

Cinayət Məcəlləsinin 41.1-ci və Cinayət Prosessual Məcəlləsinin 349.1-ci maddələri cəzanın aşağıdakı əlamətlərini müəyyən edir:

-  cəza cinayəti törətməkdə təqsirli bilinən şəxs barəsində tətbiq edilir;

-  cəza dövlətin adından məhkəmənin hökmü ilə təyin edilir.

2) Cinayət Məcəlləsinin on ikinci fəslində cəzadan azad etmənin növləri nəzərdə tutulmuşdur və nəzəri baxımdan həmin növlər üçün ümumi olan aşağıdakı cəhətləri göstərmək olar:

-  cəzadan azad etmə institutu cinayət törətməkdə təqsirli bilinən şəxsi məhkəmənin hökmü ilə təyin edilən cəzadan azad edir;

-  cəzadan azad etmə cinayət mühakimə icraatının müəyyən mərhələsi-ittihamedici hökmün çıxarılması ilə bağlıdır. Cəzadan azad etmə hökm qanuni qüvvəyə mindiyi andan cəza çəkilib qurtarana qədər olan dövrü əhatə edir;

-  əfv etmə və amnistiya aktları ilə cəzadan azad etmə istisna olmaqla, cəzadan azad etmə məhkəmənin müstəsna səlahiyyətidir;

-  cəzadan azad etmənin nəticəsində şəxs barəsində olan ittiham hökmü dəyişikliyə məruz qalmır.

Təsadüfi deyil ki, yuxarıda sadalanmış ümumi cəhətlərə cavab verən Cinayət Məcəlləsinin 78-ci maddəsi məhkəmənin hökmü ilə təyin edilən cəzadan azad etmənin digər növləri kimi Məcəllənin məhz “Cəzadan azad etmə” fəslində yerləşdirilmişdir.

3) Şəxsin cinayət törətdikdən sonra məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmasına dair icraat Cinayət Prosessual Məcəlləsinin LVI fəslinin 479-487-ci maddələri ilə tənzimləndiyi halda, Cinayət Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan xəstəliyə görə cəzanı çəkməkdən azad etmənin qaydaları isə Cinayət Prosessual Məcəlləsinin “Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat” adlanan LVIII fəslinin 511-ci maddəsi ilə müəyyən edilmişdir.

Cinayət Prosessual Məcəlləsinin “Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə” adlanan 511.1-ci maddəsinə görə məhkumun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda cəzaçəkmə yeri üzrə birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarına müvafiq olaraq həkim komissiyasının rəyi əsasında həmin şəxsi cəza çəkməkdən azad edə bilər.

Psixi xəstəliyə tutulmuş məhkum, cəzanı çəkməkdən azad edildiyi halda, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etmək, yaxud onu səhiyyə orqanlarının və ya qohumlarının himayəsinə vermək hüququna malikdir (Cinayət Prosessual Məcəlləsinin 511.3-cü maddəsi).

Göründüyü kimi, Cinayət Prosessual Məcəlləsinin 511-ci maddəsində məhkumun, yəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cinayət cəzası təyin olunmuş şəxsin cəzadan azad edilməsi, həmin şəxs psixi xəstəliyə tutulduğu halda onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.     

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 78-ci maddəsi, bu maddədə göstərilən xəstəliklər məhkəmənin ittiham hökmü elan edildikdən sonra icra edilənədək və ya cəzanın çəkilməsi zamanı baş verdiyi halda, şəxsin müvafiq olaraq cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini, yaxud azad edilməsinin mümkünlüyünü nəzərdə tutur.

Məhkəmə qərarına əsasən maddi sübutların məhv edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin XIV fəslində sübutların anlayışı və növləri verilmiş, onların saxlanılması və mühafizəsi qaydaları, cinayət təqibi üzrə icraat aparıldığı müddətdə onların mühafizəsinin təmin edilməsi, sübutlar barədə qəbul edilən qərarlar və s. məsələlər kifayət qədər aydın tənzimlənmişdir.

Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir.

Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair məhkəmənin qərarı əsasında maddi sübutların məhv edilməsi qanunvericiliyin tələblərinə cavab verməməklə yanaşı, təqsirləndirilən şəxsi gələcəkdə maddi sübutların tədqiq olunması, təkrar ekspertizaların keçirilməsi, cinayət prosessual qanunvericiliklə müəyyən edilmiş sair üsullarla onların mübahisələndirilməsi imkanlarından məhrum etməklə, həmin şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxarmış olar.   

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıda göstərilən nəticələrə gəlir:

• Məhkəmə Cinayət Məcəlləsinin 21.3-cü maddəsində nəzərdə tutulmuş anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxs barəsində Cinayət Prosessual Məcəlləsinin 485-ci maddəsinin tələblərinə riayət olunmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsini həll edir.

Məhkəmə tərəfindən belə işlər üzrə icraatın dayandırılması məsələsi Cinayət Prosessual Məcəlləsinin 485.5-ci maddəsində göstərilən qaydaya uyğun olaraq həll edilir.

• Cinayət Məcəlləsinin 78-ci maddəsi, bu maddədə göstərilən xəstəliklər məhkəmənin ittiham hökmü elan edildikdən sonra icra edilənədək və ya cəzanın çəkilməsi zamanı baş verdiyi halda, şəxsin müvafiq olaraq cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini, yaxud azad edilməsinin mümkünlüyünü nəzərdə tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA   ALDI:

 

1. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsində nəzərdə tutulmuş anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 485-ci maddəsinin tələblərinə riayət olunmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsini həll edir.

Məhkəmə tərəfindən belə işlər üzrə icraatın dayandırılması məsələsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 485.5-ci maddəsində göstərilən qaydaya uyğun olaraq həll edilir.

2.  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78-ci maddəsi, bu maddədə göstərilən xəstəliklər məhkəmənin ittiham hökmü elan edildikdən sonra icra edilənədək və ya cəzanın çəkilməsi zamanı baş verdiyi halda, şəxsin müvafiq olaraq cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini, yaxud azad edilməsinin mümkünlüyünü nəzərdə tutur.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

  Sədr                                                                                  Fərhad Abdullayev