AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
QƏRARI
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasının 7 noyabr 2013-cü il tarixli qərarı ilə əlaqədar Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 21.3 və 78-ci maddələrinin şərh edilməsinə
dair
9 dekabr 2014-cü
il
Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov və
İsa Nəcəfovdan ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan
Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi
İlqar Cəfərovun, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Hafiz Nəsibovun,
ekspertlər Bakı Dövlət Universitetinin
Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru,
professor Firudin Səməndərovun, Bakı Dövlət Universitetinin Cinayət prosesi
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasovanın,
mütəxəssislər Azərbaycan Respublikası
Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi
Eldar Əsgərovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə müvafiq olaraq xüsusi
konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası
Prokurorluğunun Kərimov Emin Akif oğlunun cinayət işi üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2013-cü il
tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət Məcəlləsinin
bəzi müddəalarına uyğunluğunun yoxlanılmasına dair sorğusu əsasında
konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini,
maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertlərin
rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu (bundan
sonra – Prokurorluq) sorğu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Emin Kərimovun Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 206.2 və
234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
CK) 7 noyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya), maddi və prosessual
qanunvericiliklərin müvafiq maddələrinin müddəalarına uyğunluğunun
yoxlanılmasını xahiş etmişdir.
Sorğuda göstərilir ki, Bakı Ağır Cinayətlər
Məhkəməsinin 18 fevral 2013-cü il tarixli qərarı ilə E.Kərimov cinayət törətdikdən
sonra psixi xəstəliyə tutulduğundan, yəni Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin
təsiri altına düşdüyündən, Cinayət Məcəlləsinin 78-ci maddəsinə əsasən cəzadan
azad edilmiş, Cinayət Məcəlləsinin 93.1.2 və 95.0.3-cü maddələrinə uyğun
olaraq barəsində tibbi xarakterli məcburi müalicə tədbiri tətbiq edilmiş,
cinayət işi üzrə icraat dayandırılmış, maddi sübutların müsadirə edilərək məhv
edilməsi qərara alınmışdır.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 10 iyul 2013-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən
təmin edilərək, birinci instansiya məhkəməsinin qərarından ekspertiza xərclərinə
dair müddəalar xaric edilmiş, qərar qalan hissədə dəyişdirilmədən
saxlanılmışdır.
Ali Məhkəmənin CK-nın 7 noyabr 2013-cü il
tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən
saxlanılmış, kassasiya protesti təmin edilməmişdir.
Prokurorluq sorğuda təqsirləndirilən şəxsə
cəza təyin edilmədiyi halda, onun cəzadan azad edilməsi və cinayət işi üzrə
icraat dayandırıldığı halda, maddi sübutların məhv edilməsi haqqında məhkəmə
instansiyalarının qərarlarının Konstitusiyanın 63-cü maddəsinin I və V, 127-ci
maddəsinin II, VIII və IX, 129-cu maddəsinin III, 148-ci maddəsinin II hissəsinə,
eləcə də Cinayət Məcəlləsinin 41.1 və 78-ci maddələrinin, Azərbaycan
Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət Prosessual
Məcəlləsi) 7.0.4, 10, 28, 53, 54, 91.5.14, 91.5.25, 132, 323.1.4, 333.1, 486.1,
487.1 və 511-ci maddələrinin müddəalarına uyğun olub-olmamasının yoxlanılmasını
xahiş etmişdir.
Sorğu ilə əlaqədar Konstitusiya Məhkəməsinin
Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 130-cu maddəsinin
III hissəsinin 4-cü bəndinə və V hissəsinə müvafiq olaraq Ali Məhkəmə tərəfindən
qəbul edilmiş məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun
yoxlanılması yalnız konstitusiya ədalət mühakiməsinin subyektləri arasında
müvafiq konstitusiya hüquq mübahisəsinin olması ilə şərtlənir.
Sorğuda məhkəmə aktının Konstitusiyaya və
qanunlara uyğunluğunun yoxlanılması məsələsi faktiki olaraq konstitusiya ədalət
mühakiməsinin subyektləri arasında konstitusiya hüquq mübahisəsi ilə əlaqəli
olmadığından, lakin məhkəmə təcrübəsi üçün əhəmiyyət kəsb etdiyindən,
Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə bağlı bəzi qanunvericilik
normalarının şərh edilməsini zəruri hesab edir.
Sorğunun mahiyyətinə gəldikdə isə
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin vəzifələri
sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq
və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi,
ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən
qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
Bu vəzifələri həyata keçirmək üçün Cinayət
Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət
və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin
cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini,
habelə digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin
2-ci maddəsi).
Belə tədbirlərdən biri də Cinayət Məcəlləsinin
78-ci maddəsində öz əksini tapmışdır.
Lakin Cinayət Məcəlləsinin 78-ci maddəsində
nəzərdə tutulmuş cəzadan azad etmənin növlərini təhlil etməzdən əvvəl qeyd etmək
lazımdır ki, burada söhbət anlaqlı vəziyyətdə cinayət törətmiş şəxsdən, yəni,
cinayət məsuliyyətinin əsası olan cinayət tərkibinin mövcud olmasından gedir.
Bu səbəbdən iki müxtəlif şəraiti fərqləndirmək lazımdır:
- şəxs cinayəti anlaqsız vəziyyətdə törətdikdə
və subyektin olmaması səbəbindən əməlində cinayət tərkibi aşkarlanmadıqda
(Cinayət Məcəlləsinin 21.1 və 21.2-ci maddələri);
- şəxs cinayəti anlaqlı vəziyyətdə törətdikdə,
lakin sonradan psixi və ya digər xəstəliyə tutulduqda (Cinayət Məcəlləsinin
21.3 və 78-ci maddələri).
İkinci halla bağlı Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, anlaqlı vəziyyətdə törətdiyi cinayətə görə cinayət məsuliyyətinə
cəlb edilən şəxsin məhkum edilməli olması və onun barəsində qanunla nəzərdə
tutulmuş hallarda cəza tədbirlərinin həyata keçirilməsi inkar edilməzdir.
Bununla belə, öz-özlüyündə cinayətin törədilməsi
faktı və təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mütləq olaraq cəzanın
tətbiq edilməsi və çəkilməsi ilə nəticələnmir. Bəzi hallarda təqsirləndirilən şəxsə
münasibətdə hətta ən yüngül cəzanın tətbiq edilməsi faktiki və ya cinayət-hüquqi
halların mövcud olması səbəbindən mümkün, yaxud məqsədə müvafiq olmur.
Cinayət-hüquqi mənasına görə bu hallar cəza
çəkməyə bərabər tutularaq, onun sosial-hüquqi ekvivalenti qismində çıxış edir və
bu səbəbdən də cəzanın tətbiqini və ya onun çəkilməsini aradan qaldırır.
Belə hallar sırasına anlaqlı vəziyyətdə
cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxsə tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi də aiddir.
Əvvəlki Cinayət Məcəlləsində cinayət törətdikdən
sonra, lakin məhkəmə hökm çıxaranadək ruhi xəstəliyə tutulan və bunun nəticəsində
öz hərəkətlərini dərk etmək və ya idarə etmək imkanından məhrum olan şəxsin cəzadan
azad edilməsi nəzərdə tutulmuşdu (əvvəlki Cinayət Məcəlləsinin 11-ci maddəsi).
Bu norma Məcəllənin “Cinayət haqqında” fəslində yerləşdirilmişdi. Məcəllənin “Cəzadan
azad etmə” fəslində isə şəxsin xəstəliyə görə məhkəmənin hökmü ilə təyin
olunmuş cəzadan azad edilməsinə dair norma mövcud deyildi. Cinayət Məcəlləsində
yaranmış bu boşluğun aradan qaldırılmasını cinayət-prosessual və islah-əmək
qanunvericilikləri öz üzərlərinə götürərək, hökm ilə təyin olunmuş cəzadan azad
etmənin əsaslarını və qaydalarını müəyyən etmişdilər.
Lakin cəzadan azad etmə prosessual təsisat
kimi qəbul edilə bilməz. İlk növbədə, “cəzadan azad etmə” anlayışı cinayət
prosesinin özünə deyil, cinayətin hüquqi nəticələrinə işarə edir. Cəzadan azad
etmənin mahiyyətində cəzanın təyin edilməsinin və ya çəkilməsinin məqsədsizliyi
və ya mümkünsüzlüyü durur.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə
dair” 6 sentyabr 2010-cu il tarixli Qərarında göstərildiyi kimi, Cinayət
Prosessual Məcəlləsi cinayət hüquq normalarının tətbiq edilməsi üçün prosessual
vasitələri müəyyən edir. Cinayət Prosessual Məcəlləsinin normaları yalnız Cinayət
Məcəlləsinin normalarının reallaşdırılmasına istiqamətlənməlidir.
Göstərilənlərlə əlaqədar və qanunlar
arasında yaranmış boşluğun aradan qaldırılması məqsədi ilə qanunverici əvvəlki
cinayət, cinayət-prosessual və islah-əmək qanunvericiliklərində olan normaları
bir cinayət hüquq institutunda – şəxsin cinayət törətdikdən sonra xəstəliyə
tutulması institutunda birləşdirərək, bu instituta müstəqil hüquqi xarakter
vermişdir. Qanunvericilik texnikasına və məntiqinə uyğun olaraq hazırda qüvvədə
olan Cinayət Məcəlləsində bu institut iki müstəqil normada əks olunmuşdur:
“Cinayət məsuliyyətinə cəlb edilməli olan şəxslər” adlandırılan dördüncü fəslin
21.3-cü maddəsində və “Cəzadan azad etmə” adlandırılan on ikinci fəslin 78-ci
maddəsində.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi
vacib bilir ki, Cinayət Məcəlləsinin 21.3 və 78-ci maddələri tətbiq olunarkən
aşağıdakı halların nəzərə alınması böyük əhəmiyyət kəsb edir.
Konstitusiya Məhkəməsi Plenumunun
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3,
29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1,
99-cu maddələrinin şərh edilməsinə dair” 15 aprel 2011-ci il tarixli Qərarında
hazırkı sorğuda göstərilən məsələlərə dair bəzi açıqlamalar verilmişdir. Belə
ki, həmin Qərarda Cinayət Məcəlləsinin 21, 93-99-cu maddələrinin mahiyyəti
açıqlanaraq, qeyd edilmişdir ki, anlaqsızlıqla əlaqədar cinayət məsuliyyətinin
hüquqi nəticələrinin üç forması müəyyən edilmişdir. Birincisi, şəxsin
anlaqsız vəziyyətdə cinayət törətməsidir. İkincisi, şəxsin anlaqlı vəziyyətdə
cinayət törətməsi, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə
tutulmasıdır. Üçüncüsü, şəxsin törətdiyi cinayətə görə cəza təyin edildikdən
sonra psixi xəstəliyə tutulmasıdır.
Həmin Qərarın müddəalarını inkişaf etdirərək,
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin
məsələyə aid olan müvafiq maddələrinin əlaqəli şəkildə təhlil edilməsini vacib
hesab edir.
Cinayət Məcəlləsinin 21.3-cü maddəsinə əsasən,
anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək
psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin)
faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli
idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə
ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Göründüyü kimi, Cinayət Məcəlləsinin
21.3-cü maddəsində söhbət şəxsin cinayəti törətdikdən sonra onun barəsində hökm
çıxarılanadək psixi xəstəliyə tutulmasından gedir.
Bu, cinayət işinin qaldırılması mərhələsində,
ibtidai istintaq mərhələsində (cinayəti törətdikdən sonra psixi xəstəliyə düçar
olmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin)
faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli
idarə etmək imkanından məhrum olmuş şəxsə qarşı məhkəməyədək icraatın
aparılması mütləqdir), məhkəmə baxışının təyin olunması və ya məhkəmə baxışı mərhələsində
də baş verə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, cinayət törətmiş şəxsdə psixi pozuntu onun barəsində məhkəmənin hökmü
çıxarılanadək baş vermişdirsə, o cəzalandırıla bilməz, bu, anlamsız
olardı. Şəxsi öz əməlini dərk etmək və ya öz hərəkətlərini idarə
etmək imkanından məhrum edən psixi xəstəlik eyni zamanda dövlətin ona hüquq və
azadlıqlardan məhrum etmə və ya onların məhdudlaşdırılmasından ibarət olan təsirinin
məcburi xarakterini də dərk etməyə imkan vermir. Bu cür şəxslərə münasibətdə məhkəmə
yalnız Cinayət Məcəlləsinin 95-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli
məcburi tətbirlər tətbiq edə bilər. Belə şəxsin cinayət məsuliyyətinə cəlb
olunması və ona cəzanın təyin olunması məsələsi ən azından o sağalanadək təxirə
salınmalıdır.
Belə nəticəyə gələrkən Konstitusiya Məhkəməsinin
Plenumu qanunvericiliyin aşağıdakı tələblərini nəzərə alır.
Cinayət törətmiş, lakin məhkəmə tərəfindən
hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi qaydaları Cinayət Prosessual Məcəlləsinin LVI fəslinin
479-487-ci maddələrində nəzərdə tutulmuşdur.
Buna dair Konstitusiya Məhkəməsi
Plenumunun adıçəkilən 15 aprel 2011-ci il tarixli Qərarında qeyd edilmişdir: “Məcburi
müalicənin əsasları Cinayət Məcəlləsinin 21, 93-99-cu maddələri ilə, prosessual
qaydası isə Cinayət Prosessual Məcəlləsinin 468-487-ci maddələri ilə müəyyən
olunmuşdur. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 468 və 479-cu maddələrinə
görə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər və cinayət törətdikdən sonra
psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə icraat Məcəllənin 468-478-ci və 479-487-ci maddələri
ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi
qaydaları əsasında aparılır”.
Cinayət Prosessual Məcəlləsinin
480.4.1-ci maddəsinə uyğun olaraq, cinayət işi üzrə ibtidai istintaq zamanı şəxsin
cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması müəyyən edildikdə cinayət
işinin icraatı dayandırılmaqla Cinayət Prosessual Məcəlləsinin LVI fəslində
nəzərdə tutulan icraat üzrə tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsi
üçün iş məhkəməyə göndərilir.
Şəxsin Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin
təsiri altına düşən psixi xəstəliyə düçar olmasına dair materiallar üzrə məhkəmə,
Cinayət Prosessual Məcəlləsinin 485-ci maddəsinə uyğun olaraq əməlin törədilib-törədilmədiyini,
əməldə cinayət tərkibinin olub-olmadığını, həmin əməlin təqsirləndirilən
şəxs tərəfindən törədilib-törədilmədiyini, şəxsin psixi xəstəliyə
tutulub-tutulmadığını, xəstəliyin xarakterini və xəstəlik vəziyyətinin baş
verdiyi vaxtı, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə
ehtiyacın olub-olmadığını və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə
ehtiyac olduğunu yoxlamalıdır. Araşdırılmış sübutlarla şəxsin ona ittiham
olunmuş cinayət əməlini törətməsi, cinayət törətdikdən sonra psixi xəstəliyə
tutulması və tibbi xarakterli məcburi tədbirin tətbiqinə ehtiyacı olması təsdiq
olunduqda, məhkəmə onun barəsində belə tədbirin tətbiq edilməsinə dair qərar
çıxarır.
Şəxs psixi xəstəliyə məhkəmə baxışı mərhələsində
tutulduğu halda məhkəmə, həmçinin iş üzrə icraatın dayandırılması haqqında məsələni
həll etməlidir (Cinayət Prosessual Məcəlləsinin 485.5-ci maddəsi).
Məhkəmə, barəsində tibbi xarakterli
məcburi tədbirin tətbiq edildiyi şəxsi sağalmış hesab etdikdə, tibbi rəy əsasında
tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi haqqında qərar çıxarır və cinayət
işini ibtidai araşdırmanın aparılması və ya məhkəmə baxışının keçirilməsi üçün
göndərilməsi haqqında məsələni həll edir (Cinayət Prosessual Məcəlləsinin
487-ci maddəsi).
Göründüyü kimi, nə Cinayət Məcəlləsində, nə
də Cinayət Prosessual Məcəlləsində cinayət törətdikdən sonra hökm çıxarılanadək
psixi xəstəliyə tutulmuş şəxsin cəzadan azad edilməsi nəzərdə tutulmamışdır.
Bu Məcəllələrin yuxarıda göstərilən
normalarının əlaqəli şəkildə təhlili isə belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə Cinayət
Məcəlləsinin 21.3-cü maddəsində nəzərdə tutulmuş anlaqlı vəziyyətdə cinayət
törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş
şəxs barəsində Cinayət Prosessual Məcəlləsinin 485-ci maddəsinin tələblərinə
riayət olunmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsini
həll edir.
Məhkəmə tərəfindən bu işlər üzrə icraatın
dayandırılması məsələsi Cinayət Prosessual Məcəlləsinin 485.5-ci maddəsində
göstərilən qaydaya uyğun olaraq həll edilir.
Şəxsin cinayət törətdikdən sonra xəstəliyə
tutulması institutunun digər halları Cinayət Məcəlləsinin 78-ci maddəsində nəzərdə
tutulmuşdur.
Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə
görə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz
əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini
dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs cəzadan və
ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə
tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq
edilə bilər.
Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən
cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə
düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.
Cinayət Məcəlləsinin 78.3-cü maddəsində nəzərdə
tutulmuşdur ki, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi
qulluqçular, onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliyə
düçar olduqda, cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda
məhkəmə həmin şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər
istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə
bilər.
Göründüyü kimi, Cinayət Məcəlləsinin 78-ci
maddəsi şəxsin cəzadan azad edilməsinin üç müstəqil əsasını nəzərdə tutur:
- şəxsi öz əməllərini dərk etmək
və ya hərəkətlərini idarə etmək imkanından məhrum edən psixi xəstəlik;
- cəzanın çəkilməsinə mane olan
sair ağır xəstəlik;
- hərbi qulluqçunun hərbi xidmətə
yararsız hesab edilməsinə səbəb olmuş xəstəlik.
Qeyd olunan normalarda göstərilən birinci
və üçüncü əsaslar imperativ xarakter daşıyırlar və məhkəmənin vəzifəsi kimi
çıxış edirlər. İkinci əsas isə fakultətiv xarakter daşıyır və bu halda cəzadan
azad etmə məhkəmənin mülahizələrindən asılı olur.
Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, Cinayət Məcəlləsinin 21.3-cü maddəsindən fərqli olaraq, həmin
Məcəllənin 78.1-ci maddəsi cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslərin
məhkəmə hökmü ilə təyin olunmuş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən
azad olunmasını nəzərdə tutur.
Onu da dəqiqləşdirmək lazımdır ki, Cinayət
Məcəlləsinin 78.1-ci maddəsinin mənasına görə psixi xəstəlik hökm elan edildikdən
sonra icra edilənədək baş verdiyi halda, şəxs təyin olunmuş cəzadan, cəzanı çəkdiyi
zaman isə cəzanın çəkilməmiş hissəsindən azad olunur.
Belə nəticə qanunvericiliyin aşağıdakı tələblərindən
irəli gəlir:
1) Cinayət Məcəlləsinin 41.1-ci
maddəsinə əsasən cəza-məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli
tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və
həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər
yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Cinayət Məcəlləsinin 41.1-ci və Cinayət
Prosessual Məcəlləsinin 349.1-ci maddələri cəzanın aşağıdakı əlamətlərini
müəyyən edir:
- cəza cinayəti törətməkdə təqsirli
bilinən şəxs barəsində tətbiq edilir;
- cəza dövlətin adından məhkəmənin
hökmü ilə təyin edilir.
2) Cinayət Məcəlləsinin on ikinci fəslində
cəzadan azad etmənin növləri nəzərdə tutulmuşdur və nəzəri baxımdan həmin növlər
üçün ümumi olan aşağıdakı cəhətləri göstərmək olar:
- cəzadan azad etmə institutu
cinayət törətməkdə təqsirli bilinən şəxsi məhkəmənin hökmü ilə təyin edilən cəzadan
azad edir;
- cəzadan azad etmə cinayət
mühakimə icraatının müəyyən mərhələsi-ittihamedici hökmün çıxarılması ilə
bağlıdır. Cəzadan azad etmə hökm qanuni qüvvəyə mindiyi andan cəza çəkilib
qurtarana qədər olan dövrü əhatə edir;
- əfv etmə və amnistiya aktları
ilə cəzadan azad etmə istisna olmaqla, cəzadan azad etmə məhkəmənin müstəsna səlahiyyətidir;
- cəzadan azad etmənin nəticəsində
şəxs barəsində olan ittiham hökmü dəyişikliyə məruz qalmır.
Təsadüfi deyil ki, yuxarıda sadalanmış
ümumi cəhətlərə cavab verən Cinayət Məcəlləsinin 78-ci maddəsi məhkəmənin
hökmü ilə təyin edilən cəzadan azad etmənin digər növləri kimi Məcəllənin məhz
“Cəzadan azad etmə” fəslində yerləşdirilmişdir.
3) Şəxsin cinayət törətdikdən sonra məhkəmə
tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmasına dair
icraat Cinayət Prosessual Məcəlləsinin LVI fəslinin 479-487-ci maddələri
ilə tənzimləndiyi halda, Cinayət Məcəlləsinin 78-ci maddəsində nəzərdə
tutulan xəstəliyə görə cəzanı çəkməkdən azad etmənin qaydaları isə Cinayət
Prosessual Məcəlləsinin “Hökm və ya məhkəmənin digər yekun qərarlarının
icrası qaydasında icraat” adlanan LVIII fəslinin 511-ci maddəsi ilə müəyyən
edilmişdir.
Cinayət Prosessual Məcəlləsinin “Xəstəliyə
görə cəzanı çəkməkdən azad etmə” adlanan 511.1-ci maddəsinə görə məhkumun cəzanın
çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda cəzaçəkmə yeri üzrə
birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarına müvafiq olaraq həkim
komissiyasının rəyi əsasında həmin şəxsi cəza çəkməkdən azad edə bilər.
Psixi xəstəliyə tutulmuş məhkum, cəzanı çəkməkdən
azad edildiyi halda, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər
tətbiq etmək, yaxud onu səhiyyə orqanlarının və ya qohumlarının himayəsinə vermək
hüququna malikdir (Cinayət Prosessual Məcəlləsinin 511.3-cü maddəsi).
Göründüyü kimi, Cinayət Prosessual Məcəlləsinin 511-ci
maddəsində məhkumun, yəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cinayət
cəzası təyin olunmuş şəxsin cəzadan azad edilməsi, həmin şəxs psixi xəstəliyə
tutulduğu halda onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.
Göstərilənləri nəzərə alaraq Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 78-ci maddəsi, bu maddədə
göstərilən xəstəliklər məhkəmənin ittiham hökmü elan edildikdən sonra icra edilənədək
və ya cəzanın çəkilməsi zamanı baş verdiyi halda, şəxsin müvafiq olaraq cəzadan
və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini, yaxud azad edilməsinin
mümkünlüyünü nəzərdə tutur.
Məhkəmə qərarına əsasən maddi sübutların məhv
edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir
ki, Cinayət Prosessual Məcəlləsinin XIV fəslində sübutların anlayışı və növləri
verilmiş, onların saxlanılması və mühafizəsi qaydaları, cinayət təqibi üzrə
icraat aparıldığı müddətdə onların mühafizəsinin təmin edilməsi, sübutlar barədə
qəbul edilən qərarlar və s. məsələlər kifayət qədər aydın tənzimlənmişdir.
Cinayət Prosessual Məcəlləsinin 132-ci
maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə
hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata
xitam verilməsi haqqında qərar çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin
alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və
müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsinə dair məhkəmənin qərarı əsasında maddi sübutların məhv edilməsi
qanunvericiliyin tələblərinə cavab verməməklə yanaşı, təqsirləndirilən şəxsi gələcəkdə
maddi sübutların tədqiq olunması, təkrar ekspertizaların keçirilməsi, cinayət
prosessual qanunvericiliklə müəyyən edilmiş sair üsullarla onların mübahisələndirilməsi
imkanlarından məhrum etməklə, həmin şəxsin ədalətli məhkəmə araşdırması
hüququnun pozulmasına gətirib çıxarmış olar.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə
əlaqədar aşağıda göstərilən nəticələrə gəlir:
• Məhkəmə Cinayət Məcəlləsinin 21.3-cü
maddəsində nəzərdə tutulmuş anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə
tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxs barəsində Cinayət
Prosessual Məcəlləsinin 485-ci maddəsinin tələblərinə riayət olunmaqla
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsini həll edir.
Məhkəmə tərəfindən belə işlər üzrə
icraatın dayandırılması məsələsi Cinayət Prosessual Məcəlləsinin 485.5-ci
maddəsində göstərilən qaydaya uyğun olaraq həll edilir.
• Cinayət Məcəlləsinin 78-ci maddəsi, bu
maddədə göstərilən xəstəliklər məhkəmənin ittiham hökmü elan edildikdən sonra
icra edilənədək və ya cəzanın çəkilməsi zamanı baş verdiyi halda, şəxsin
müvafiq olaraq cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini,
yaxud azad edilməsinin mümkünlüyünü nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Məhkəmə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsində nəzərdə tutulmuş
anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək
psixi xəstəliyə tutulmuş şəxs barəsində Azərbaycan Respublikası Cinayət
Prosessual Məcəlləsinin 485-ci maddəsinin tələblərinə riayət olunmaqla
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsini həll edir.
Məhkəmə tərəfindən belə işlər üzrə
icraatın dayandırılması məsələsi Azərbaycan Respublikası Cinayət
Prosessual Məcəlləsinin 485.5-ci maddəsində göstərilən qaydaya uyğun
olaraq həll edilir.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 78-ci maddəsi, bu maddədə göstərilən xəstəliklər
məhkəmənin ittiham hökmü elan edildikdən sonra icra edilənədək və ya cəzanın çəkilməsi
zamanı baş verdiyi halda, şəxsin müvafiq olaraq cəzadan və ya cəzanın qalan
hissəsini çəkməkdən azad edilməsini, yaxud azad edilməsinin mümkünlüyünü nəzərdə
tutur.
3. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
4. Qərar “Azərbaycan”, “Respublika”,
“Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev