Decisions

02.09.20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin

34-cü maddəsinin şərh edilməsinə dair

 

 

02 sentyabr 2020-ci il                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun  27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Balakən Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin inzibati qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimov tərəfindən təqdim edilmiş yazılı mülahizələri, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 34.1, 34.2, 34.3 və 34.4-cü maddələrinin müddəalarının şərh edilməsini xahiş etmişdir.

Müraciətdə  qeyd olunur ki, məhkəmənin icraatında olan inzibati xətaya dair iş üzrə materiallara əsasən, A.Taralov müxtəlif vaxtlarda inzibati xətalar törətmişdir. Belə ki, 11 mart 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən A.Taralov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın 1 fevral 2020-ci il tarixində, 11 mart 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu və həmin tarixli inzibati xəta haqqında digər protokola əsasən həmin Məcəllənin 157-ci maddəsində göstərilən inzibati xətaların isə eyni vaxtda, 23 fevral 2020-ci il tarixində törədildiyi müəyyən edilmişdir.

Müraciət onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsində bir şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aid olduğu təqdirdə, onlara eyni vaxtda baxılması və bu xətalara görə tənbeh tətbiq edilməsi barədə normalar dəqiq ifadə olunmadığından məhkəmə təcrübəsində qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsində hər bir xətaya görə ayrılıqda inzibati tənbehin tətbiq edilməsi qeyd olunduğu halda, həmin Məcəllənin 34.3-cü maddəsində şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə daha ciddi xəta ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsində eyni orqanın səlahiyyətlərinə aid olduğu təqdirdə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması müddəası nəzərdə tutulmuş, lakin inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə icraata başlamış orqanlar və vəzifəli şəxslər, o cümlədən işə baxan məhkəmələr tərəfindən bir neçə inzibati xəta haqqında protokolun bir icraatda birləşdirilməsi proseduru və qaydası müəyyən edilməmişdir.  

Eyni zamanda müraciətedən qeyd edir ki, qanunla baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid edilmiş bir neçə inzibati xətaya dair iş üzrə materiallara eyni orqan tərəfindən baxılmasının mümkünlüyü və ya kim tərəfindən baxılması, hansı qaydada tənbeh tətbiq edilməsi və təyin edilmiş tənbehlərin toplanması barədə inzibati xətalar qanunvericiliyində müddəalar mövcud deyildir.

Müraciətedən göstərilənlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində (bundan sonra – Cinayət Məcəlləsi) cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi qaydaları və şərtləri ilə bağlı normalara istinad edərək, cinayət qanunvericiliyinin müvafiq normalarının inzibati xətalara dair iş üzrə icraat zamanı analogiya üzrə tətbiq edilməsinin mümkünlüyü məsələsini də qaldırmışdır.

Məhkəmənin qənaətinə görə, bu qəbildən olan işlərə baxılması ilə bağlı müxtəlif yanaşmaların mövcudluğu və bəzi məsələlərin inzibati xətalar qanunvericiliyində müvafiq normalar ilə tənzimlənməməsi İnzibati Xətalar Məcəlləsinin qeyd olunan normalarının şərhini zəruri etmişdir.

Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I hissəsi).

Qeyd edilən Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Belə ki, hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. 

İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi).

İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir.

İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati tənbeh, İnzibati Xətalar Məcəlləsinin müvafiq inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddəsində müəyyən edilmiş həddlər çərçivəsində təyin edilir. İnzibati xətaların müxtəlif növlərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyasında tənbehin növü və onun mümkün həcmi nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə uyğun olaraq, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri).

Tənbeh tətbiq edilməsi ilə bağlı inzibati xətalar qanunvericiliyində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də şəxsin bir neçə inzibati xəta törətdiyi halda ona inzibati tənbehin hansı qaydada tətbiq edilməsi ilə bağlıdır. Bu qaydalar İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi ilə tənzimlənir.

Belə ki, Məcəllənin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir (maddə 34.1).

Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır (maddə 34.2).

Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (maddə 34.3).

Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün yuxarıda qeyd olunan normalar ayrı-ayrılıqda nəzərdən keçirilməli və onlara İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə uyğun şərh verilməlidir.

İlk növbədə hüquq nəzəriyyəsində və təcrübədə rast gəlinən hüquqpozmaların çoxluğunun və onun növlərinin bir-birindən fərqləndirilməsi vacibdir. Belə ki, bir sıra hallarda şəxsin eyni və ya müxtəlif vaxtlarda iki və daha artıq inzibati xəta törətməsinə rast gəlinir. Bu, hüquqpozmaların çoxluğunun bir növü olan inzibati xətaların məcmusunu yaradır.

Hüquq nəzəriyyəsində inzibati xətaların məcmusunu təşkil edən aşağıdakı əlamətlər qeyd olunmuşdur:

·          iki və ya daha artıq müstəqil tərkibli inzibati xətanın törədilməsi;

·          inzibati xətaların eyni şəxs tərəfindən eyni və ya müxtəlif vaxtlarda törədilməsi;  

·          iki və ya daha artıq inzibati xəta törətmiş şəxsin həmin xətaların heç birinə görə inzibati tənbehə məruz qalmaması;

·          törədilən inzibati xətaların hər birinə görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməməsi;

·          şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olması. 

             İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir.

Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar.

Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.

Qanunverici həmin Məcəllənin 43.3-cü maddəsində müəyyən etmişdir ki, Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır  tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsindən fərqli olaraq 34.2-ci maddəsi qanunverici tərəfindən başqa dispozisiyada verilməklə inzibati xətalara dair işlərin məcmusunu təşkil edir və bu işlərə hansı qaydada baxılaraq tənbeh tətbiq edilməsini müəyyən edən sonrakı normalara münasibətdə (34.3 və 34.4-cü maddələr) ümumi norma kimi çıxış edir. Belə ki, Məcəllənin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Burada qanunverici eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi,  bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir.

Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi  və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə eyni orqanın səlahiyyətinə aid olan bir neçə inzibati xəta törətdiyi halda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və  həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir.

Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin “barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir.

Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır.  Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə uyğun olaraq belə işlərə eyni vaxtda baxılmasını və tənbeh tətbiq edilməsini ehtiva edir.

Müraciətdə qaldırılan digər məsələ ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edildikdən sonra, məcmuya daxil olan inzibati xətalardan hər hansı birinin bir il ərzində təkrar törədildiyi halda, əvvəllər törədilmiş eyni inzibati xətanın məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınıb-alınmamasında qeyri-müəyyənlik mövcuddur.

Qeyd olunduğu kimi, inzibati xətalara dair işlərə baxan səlahiyyətli orqan şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xəta üzrə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməsinə baxmayaraq, eyni vaxtda törədilmiş hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya görə hansı xətaya münasibətdə tənbeh tədbirinin tətbiq edilməsindən asılı olmayaraq, bir il ərzində həmin xətalardan birinin təkrar törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran hal hesab edilir.

Lakin o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.

Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməlidir;

- İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur;

- İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur;

- İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır.

Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda)  törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur.

3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.

4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır.

Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

6. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                     Fərhad Abdullayev

 

 

 









 

 

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Qərarına dair hakim Ceyhun Qaracayevin


XÜSUSİ RƏYİ



 

02 sentyabr 2020-ci il                                                                     Bakı şəhəri

 

Balakən rayon məhkəməsinin müraciətində əks olunan əsas sualı - bir şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aid olduğu təqdirdə birləşdirilib eyni vaxta baxılmasının mümkünlüyüdür.

Ümumilikdə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı ilə razıyam. Ona görə ki, Balakən rayon məhkəməsinin müraciətində qoyulan suallara cavab olaraq, Azərbaycan Respublikasının Inzibati xətalar sahəsində qanunvericiliyin formal məzmunu digər nəticəyə gəlməyə imkan yaratmır.

İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid edildiyi halda həmin işlərə eyni vaxtda baxılmasının mümkünlüyünü yaradır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini müəyyən edərkən, müvafiq icra hakimiyyəti orqanları ilə bir sırada məhkəmələri də göstərir.

Nəzərə alınmalıdır ki, inzibati xətanı törətmiş hər bir şəxs haqqında ilkin olaraq prosessual qaydada protokol tərtib edilir. Protokolu tərtib edən orqanların səlahiyyətlərinə aid edilən inzibati xətalar onların həmcinslilik xüsusiyyətinə görə fərqlənir. Məhkəmə orqanları tərəfində baxılan inzibati xətaların növləri isə normanın dispozisiyasında nəzərdə tutulan əməlin ictimai təhlükəliliyi və ona dair tənbehin ağırlığı baxımından fərqlənir. Məhz bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsində eyni orqanın səlahiyyəti deyildikdə vahid ünsür olan həmcinslilik meyarı əsas götürülür. Bu sıraya yalnız inzibati xətalara dair protokolu tərtib etmiş səlahiyyətli orqanları aid etmək düzgün olardı. Belə halda, inzibati xətaların məcmusu, xüsusi ilə də ideal məcmusu həmcinslilik baxımından protokolların birləşdirilməsi qanunvericiliyin mahiyyəti və məzmunu baxımından məntiqlidir.

Xüsusilə nəzərə alınmalıdır ki, hər bir şəxs tərəfindən inzibati xətalara dair işlər üzrə məhkəmə aktları müvafiq icra hakimiyyəti orqanın qərarından daha ədalətli görünür. Bunun sübutu kimi inzibati xətalara dair qanunvericilikdə inzibati tənbehlə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarından məhkəməyə şikayət vermək hüququnun mövcudluğudur.

Belə halda, inzibati xətaların məcmusu, xüsusi ilə də ideal məcmusu üzrə protokolları eyni müvafiq icra hakimiyyəti tərəfindən tərtib edildiyi və bu xətalardan birinə baxılması məhkəmə orqanlarına aid edildiyi halda həmin işlər üzrə protokolların birləşdirilib məhkəmə orqanında baxılması “prosessual qənaət” prinsipi baxımından əsaslıdır. Öz növbəsində, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin mənasından yaranan bu prosessual qayda, bir əmələ görə iki tənbehin tətbiqi və İnzibati Xətalar Məcəlləsində göstərilmiş hədlərdən artıq tənbehin təyin edilməsi hallarının qarşısını almış olardı.

 

 

Hakim                                                                                 Ceyhun Qaracayev