AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin
34-cü maddəsinin şərh edilməsinə dair
02
sentyabr 2020-ci il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Balakən
Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin
məruzəsini, maraqlı subyektlər Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirov,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və
hərbi qanunvericilik şöbəsinin inzibati qanunvericilik sektorunun müdiri Kəmalə
Paşayeva, mütəxəssislər
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov və
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimov tərəfindən
təqdim edilmiş yazılı mülahizələri, iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Balakən Rayon Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 34.1, 34.2,
34.3 və 34.4-cü maddələrinin müddəalarının şərh edilməsini xahiş etmişdir.
Müraciətdə qeyd olunur
ki, məhkəmənin icraatında olan inzibati xətaya dair iş üzrə materiallara əsasən,
A.Taralov müxtəlif vaxtlarda inzibati xətalar törətmişdir. Belə ki, 11 mart
2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən A.Taralov tərəfindən
İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın
1 fevral 2020-ci il tarixində, 11 mart 2020-ci il tarixli inzibati xəta
haqqında protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu və həmin tarixli
inzibati xəta haqqında digər protokola əsasən həmin Məcəllənin 157-ci maddəsində
göstərilən inzibati xətaların isə eyni vaxtda, 23 fevral 2020-ci il tarixində
törədildiyi müəyyən edilmişdir.
Müraciət onunla əsaslandırılmışdır
ki, İnzibati Xətalar Məcəlləsində bir şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi
bir neçə xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aid olduğu
təqdirdə, onlara eyni vaxtda baxılması və bu xətalara görə tənbeh tətbiq edilməsi
barədə normalar dəqiq ifadə olunmadığından məhkəmə təcrübəsində qeyri-müəyyənliyin
yaranmasına səbəb olur.
Belə ki, İnzibati Xətalar
Məcəlləsinin 34.1-ci maddəsində hər bir xətaya görə ayrılıqda inzibati tənbehin
tətbiq edilməsi qeyd olunduğu halda, həmin Məcəllənin 34.3-cü maddəsində şəxsin
eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə daha ciddi xəta ilə müəyyən
edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Bununla yanaşı, İnzibati
Xətalar Məcəlləsinin 34.2-ci maddəsində eyni orqanın səlahiyyətlərinə aid
olduğu təqdirdə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə
inzibati xətaya dair işlərə eyni vaxtda baxılması müddəası nəzərdə tutulmuş, lakin
inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə icraata
başlamış orqanlar və vəzifəli şəxslər, o cümlədən işə baxan məhkəmələr tərəfindən
bir neçə inzibati xəta haqqında protokolun bir icraatda birləşdirilməsi
proseduru və qaydası müəyyən edilməmişdir.
Eyni zamanda müraciətedən
qeyd edir ki, qanunla baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid
edilmiş bir neçə inzibati xətaya dair iş üzrə materiallara eyni orqan tərəfindən
baxılmasının mümkünlüyü və ya kim tərəfindən baxılması, hansı qaydada tənbeh tətbiq
edilməsi və təyin edilmiş tənbehlərin toplanması barədə inzibati xətalar
qanunvericiliyində müddəalar mövcud deyildir.
Müraciətedən göstərilənlərlə
bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində (bundan sonra – Cinayət Məcəlləsi)
cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi qaydaları və şərtləri ilə bağlı
normalara istinad edərək, cinayət qanunvericiliyinin müvafiq normalarının
inzibati xətalara dair iş üzrə icraat zamanı analogiya üzrə tətbiq edilməsinin
mümkünlüyü məsələsini də qaldırmışdır.
Məhkəmənin qənaətinə
görə, bu qəbildən olan işlərə baxılması ilə bağlı müxtəlif yanaşmaların mövcudluğu
və bəzi məsələlərin inzibati xətalar qanunvericiliyində müvafiq normalar ilə tənzimlənməməsi
İnzibati Xətalar Məcəlləsinin qeyd olunan normalarının şərhini zəruri etmişdir.
Müraciətlə
bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri
hesab edir.
Dövlət
orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından
çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada
təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və
qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin I hissəsi).
Qeyd
edilən Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri
ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati və digər repressiv
və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə
tutur. Belə ki, hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan
hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir.
İnzibati
xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq
hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri
insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin
sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti,
şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,
ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən
və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar
Məcəlləsinin 2-ci maddəsi).
İnzibati
xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar
Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və
azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik,
təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının
alınması prinsiplərinə əsaslanır.
Həmin Məcəllənin
6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu
Məcəlləyə uyğun olaraq tətbiq edilir.
İnzibati xəta törətmiş şəxs haqqında
tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə,
onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli
bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim
iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin
9-cu maddəsi).
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin
həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair”
2018-ci il 4 sentyabr tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi
ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik
prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa
hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta
sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini
müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir.
İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik
prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir.
İnzibati
Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai
münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya
ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və
ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
Məcəllənin
3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati
xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün
digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs
inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati tənbeh, İnzibati
Xətalar Məcəlləsinin müvafiq inzibati xətaya görə məsuliyyət nəzərdə tutan
maddəsində müəyyən edilmiş həddlər çərçivəsində təyin edilir. İnzibati
xətaların müxtəlif növlərinə görə məsuliyyət müəyyən edən maddələrin
sanksiyasında tənbehin növü və onun mümkün həcmi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə uyğun
olaraq, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki
və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın
xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,
onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və
ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq
edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə
etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi,
hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti,
xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti
yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İnzibati Xətalar Məcəlləsinin
31.2 və 31.3-cü maddələri).
Tənbeh tətbiq edilməsi ilə bağlı inzibati xətalar
qanunvericiliyində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də şəxsin bir
neçə inzibati xəta törətdiyi halda ona inzibati tənbehin hansı qaydada tətbiq
edilməsi ilə bağlıdır. Bu qaydalar İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi
ilə tənzimlənir.
Belə
ki, Məcəllənin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya
daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə
ayrılıqda inzibati tənbeh tətbiq edilir (maddə 34.1).
Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi
bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır (maddə 34.2).
Şəxsin eyni vaxtda öz hərəkətləri
(hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması
eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən
edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər
hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə
edilə bilər (maddə 34.3).
Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri
(hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması
eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə
tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci
maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4).
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir
ki, müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün yuxarıda qeyd
olunan normalar ayrı-ayrılıqda nəzərdən keçirilməli və onlara İnzibati Xətalar
Məcəlləsinin prinsiplərinə uyğun şərh verilməlidir.
İlk növbədə
hüquq nəzəriyyəsində və təcrübədə rast gəlinən hüquqpozmaların çoxluğunun və
onun növlərinin bir-birindən fərqləndirilməsi vacibdir. Belə ki, bir sıra
hallarda şəxsin eyni və ya müxtəlif vaxtlarda iki və daha artıq inzibati xəta
törətməsinə rast gəlinir. Bu, hüquqpozmaların çoxluğunun bir növü olan inzibati
xətaların məcmusunu yaradır.
Hüquq nəzəriyyəsində
inzibati xətaların məcmusunu təşkil edən aşağıdakı əlamətlər qeyd olunmuşdur:
·
iki və ya daha artıq müstəqil tərkibli inzibati
xətanın törədilməsi;
·
inzibati xətaların eyni şəxs tərəfindən eyni və
ya müxtəlif vaxtlarda törədilməsi;
·
iki və ya daha artıq inzibati xəta törətmiş şəxsin
həmin xətaların heç birinə görə inzibati tənbehə məruz qalmaması;
·
törədilən inzibati xətaların hər birinə görə inzibati
məsuliyyətə cəlb etmə müddətinin keçməməsi;
·
şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi
bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid
olması.
İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq
olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər
bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan
göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və
bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya
görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə
tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun
yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif
orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir.
Belə mövqe ondan irəli
gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında
işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq
müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial
orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum (vəzifəli şəxslər) baxırlar.
Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar
qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq,
rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və
daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır
və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən
edilir.
Qanunverici həmin Məcəllənin 43.3-cü maddəsində
müəyyən etmişdir ki, Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar
haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmçinin
səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar
haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın
xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini,
məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə
alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq
və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların
olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə
göndərir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən bu barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsindən
fərqli olaraq 34.2-ci maddəsi qanunverici tərəfindən başqa dispozisiyada verilməklə
inzibati xətalara dair işlərin məcmusunu təşkil edir və bu işlərə hansı qaydada
baxılaraq tənbeh tətbiq edilməsini müəyyən edən sonrakı normalara münasibətdə
(34.3 və 34.4-cü maddələr) ümumi norma kimi çıxış edir. Belə ki, Məcəllənin
34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir
neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə,
həmin işlərə eyni vaxtda baxılmalıdır. Burada qanunverici eyni və ya müxtəlif
vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun
yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya
müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə
tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya
dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə
aid olması ilə şərtləndirmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd
etməyi lazım bilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə
inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən
edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib
etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin
qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində
baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi
(protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz
buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya
dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən
asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsinin
34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni
vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası
müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi)
ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində
tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə
tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin
məzmunundan göründüyü kimi, bir şəxs
eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə
baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan
müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən
edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir.
Lakin bu o anlama gəlmir
ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız
daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir.
İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni
vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların
hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən
ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir.
Bununla yanaşı
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi
(bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə
baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni
vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini
zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən
bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir.
Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən
baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda
mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan
biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara
münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər.
Beləliklə, İnzibati
Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi)
ilə eyni orqanın səlahiyyətinə aid olan bir neçə inzibati xəta törətdiyi halda,
ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq
edilməlidir.
İnzibati Xətalar Məcəlləsinin
34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya
görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən
şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə
inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində
inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1,
28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz.
İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici
müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin
34.2-ci maddəsinə müvafiq olaraq eyni
vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın
səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda
törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə,
bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən
inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə
məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara
dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin
34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir.
Eyni zamanda Məcəllənin
34.4-cü maddəsinin “barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh
bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən
artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir
daha dəlalət edir.
Həmçinin nəzərə
alınmalıdır ki, qanunverici burada “barəsində inzibati icraat aparılan şəxs”
ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda
baxılmasını vurğulayır. Həmin müddəaya
uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin,
inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən
olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə
uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən
olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə
bilər.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri
(hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması
eyni orqanın səlahiyyətinə aid olduqda, həmin Məcəllənin 34.2-ci maddəsinin
tələbinə uyğun olaraq belə işlərə eyni vaxtda baxılmasını və tənbeh tətbiq
edilməsini ehtiva edir.
Müraciətdə qaldırılan
digər məsələ ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə
müvafiq olaraq şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair daha
ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq
edildikdən sonra, məcmuya daxil olan inzibati xətalardan hər hansı birinin bir il
ərzində təkrar törədildiyi halda, əvvəllər törədilmiş eyni inzibati xətanın məsuliyyəti
ağırlaşdıran hal kimi nəzərə alınıb-alınmamasında qeyri-müəyyənlik mövcuddur.
Qeyd olunduğu kimi,
inzibati xətalara dair işlərə baxan səlahiyyətli orqan şəxsin eyni vaxtda törətdiyi
bir neçə inzibati xəta üzrə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində
tənbeh tətbiq etməsinə baxmayaraq, eyni vaxtda törədilmiş hər bir inzibati xətaya
ayrı-ayrılıqda qiymət verir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu
hesab edir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya görə hansı xətaya
münasibətdə tənbeh tədbirinin tətbiq edilməsindən asılı olmayaraq, bir il ərzində
həmin xətalardan birinin təkrar törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran
hal hesab edilir.
Lakin o da nəzərə
alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq,
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti
kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq
edilərkən təkrar nəzərə alına bilməz.
Qeyd edilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Şəxsin eyni və ya müxtəlif
vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı
orqanların səlahiyyətinə aid olduqda, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci
maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir
inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməlidir;
- İnzibati Xətalar Məcəlləsinin
34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni
orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının
ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı
olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar
əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur;
-
İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri
(hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması
eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən
edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur;
-
İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda
öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair
işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin
34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda
baxmalıdır.
Belə
işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə
alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1,
28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA
ALDI:
1. Şəxsin eyni və ya müxtəlif
vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı
orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir
inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
2. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və
baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi
qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda)
törədilməsindən asılı olmayaraq eyni
orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni
vaxtda baxılmasını nəzərdə tutur.
3.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin
eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati
xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha
ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq
edilməsini nəzərdə tutur.
4.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə,
şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir
neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə,
həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə
eyni vaxtda baxmalıdır.
Belə
işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə
alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1,
28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq
olmamalıdır.
5. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
6. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
7. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr
Fərhad Abdullayev
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Qərarına dair hakim Ceyhun Qaracayevin
XÜSUSİ RƏYİ
02
sentyabr 2020-ci il
Bakı şəhəri
Balakən rayon məhkəməsinin
müraciətində əks olunan əsas sualı - bir şəxsin eyni və ya müxtəlif vaxtlarda
törətdiyi bir neçə xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə
aid olduğu təqdirdə birləşdirilib eyni vaxta baxılmasının mümkünlüyüdür.
Ümumilikdə “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə
dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin
Plenumunun Qərarı ilə razıyam. Ona görə ki, Balakən rayon məhkəməsinin müraciətində
qoyulan suallara cavab olaraq, Azərbaycan Respublikasının Inzibati xətalar sahəsində
qanunvericiliyin formal məzmunu digər nəticəyə gəlməyə imkan yaratmır.
İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və
ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni
orqanın səlahiyyətinə aid edildiyi halda həmin işlərə eyni vaxtda baxılmasının
mümkünlüyünü yaradır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi
inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli
şəxslərin) dairəsini müəyyən edərkən, müvafiq icra hakimiyyəti orqanları ilə bir sırada məhkəmələri
də göstərir.
Nəzərə alınmalıdır ki, inzibati xətanı törətmiş hər bir şəxs haqqında ilkin
olaraq prosessual qaydada protokol tərtib edilir. Protokolu tərtib edən
orqanların səlahiyyətlərinə aid edilən inzibati xətalar onların həmcinslilik
xüsusiyyətinə görə fərqlənir. Məhkəmə orqanları tərəfində baxılan inzibati xətaların
növləri isə normanın dispozisiyasında nəzərdə tutulan əməlin ictimai təhlükəliliyi
və ona dair tənbehin ağırlığı baxımından fərqlənir. Məhz bu səbəbdən İnzibati Xətalar
Məcəlləsinin 34.2-ci maddəsində eyni orqanın səlahiyyəti deyildikdə
vahid ünsür olan həmcinslilik meyarı əsas
götürülür. Bu sıraya yalnız inzibati xətalara dair protokolu tərtib etmiş səlahiyyətli
orqanları aid etmək düzgün olardı. Belə halda, inzibati xətaların məcmusu,
xüsusi ilə də ideal məcmusu həmcinslilik baxımından protokolların birləşdirilməsi
qanunvericiliyin mahiyyəti və məzmunu baxımından məntiqlidir.
Xüsusilə nəzərə
alınmalıdır ki, hər bir şəxs tərəfindən inzibati xətalara dair işlər üzrə məhkəmə
aktları müvafiq icra hakimiyyəti orqanın qərarından daha ədalətli görünür.
Bunun sübutu kimi inzibati xətalara dair qanunvericilikdə inzibati tənbehlə əlaqədar
müvafiq icra hakimiyyəti orqanın qərarından məhkəməyə şikayət vermək hüququnun
mövcudluğudur.
Belə halda, inzibati xətaların məcmusu, xüsusi ilə də ideal məcmusu
üzrə protokolları
eyni müvafiq icra hakimiyyəti tərəfindən tərtib edildiyi və bu xətalardan birinə
baxılması məhkəmə orqanlarına aid edildiyi halda həmin işlər üzrə protokolların
birləşdirilib məhkəmə orqanında baxılması “prosessual
qənaət” prinsipi baxımından əsaslıdır. Öz növbəsində, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci
maddəsinin mənasından yaranan bu prosessual qayda, bir əmələ görə iki tənbehin
tətbiqi və İnzibati Xətalar Məcəlləsində göstərilmiş
hədlərdən artıq tənbehin təyin edilməsi hallarının qarşısını almış olardı.
Hakim
Ceyhun Qaracayev