Decisions

06.07.20 “Diplomatik xidmət haqqında” AR Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” AR Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

                                      

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

6 iyul 2020-ci il                                                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze,  Mahir Muradov,  İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun  27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsi,

mütəxəssislər Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş yazılı çıxışları,

ekspert Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevin yazılı rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

                                      

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 1.0.2-ci maddəsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsinin beşinci hissəsi və 15-ci maddəsi, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –“Diplomatik xidmət haqqında” Qanun) 26.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək pensiyaları hesablanarkən məcburi dövlət sosial sığortasına cəlb edilməyən vəsaitlərin nəzərə alınmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. Bununla yanaşı, həmin Qanunun 23.3-cü maddəsinə görə, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə müvafiq olaraq, əmək pensiyalarının hesablanması zamanı nəzərə alınan sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 15-ci maddəsinin 17-ci abzasına əsasən isə yuxarıda qeyd olunan şəxslərin xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir.

Sorğuverənin qənaətinə görə, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına münasibətdə Azərbaycan Respublikasında dövlət qulluqçuları üçün müəyyən edilmiş məvacibdən daha yuxarı əmək haqqı müvafiq xarici ölkədə sosial-iqtisadi vəziyyətin və maddi-məişət şəraitinin fərqli və spesifik xüsusiyyətləri və s. meyarlar nəzərə alınmaqla müəyyən edilmişdir. Qanunverici bu səbəbdən qeyd edilən şəxslərin əmək haqlarını Azərbaycan Respublikasında təyin edilən əmək pensiyasının hesablanması zamanı əsas götürülən sosial sığorta haqlarının tutulmasından azad etmişdir.

Sorğu onunla əsaslandırılmışdır ki, pensiyanın təyin olunması və hesablanması üçün vacib şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı məvacibdən məcburi sosial sığorta haqqını ödəməsidir və məhz məcburi dövlət sosial sığorta haqları şəxsin gələcək pensiya təminatının məbləğini formalaşdırır. Lakin məhkəmələr tərəfindən bir çox hallarda məsələyə fərqli mövqedən yanaşılaraq rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək pensiyalarının xarici ölkədə aldıqları əmək haqqı əsasında hesablanması ilə bağlı iddiaları təmin edilir və bu qərarlar sosial sığorta haqlarından azadolmanın həmin şəxslərin iradəsindən asılı olmadan qanunvericiliyin tələblərindən irəli gəlməsi ilə əsaslandırılır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ vardır.

Sosial  təminat  dövlətin  sosial  funksiyası  ilə  bağlıdır və əsasən özünü saxlamaq qabiliyyəti olmayan, sosial müdafiəyə ehtiyacı olan şəxsə öz yaşayışını təmin etmək üçün dövlət tərəfindən müəyyən məbləğdə pul vəsaitinin ödənilməsində və ya digər güzəştlərin verilməsində ifadə olunur.

Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları  haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin III hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.

Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir.

Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən,  əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan göründüyü kimi, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

“Əmək pensiyaları haqqında” Qanunun bir çox normaları ilə sosial sığorta sahəsində yaranan münasibətləri, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən “Sosial sığorta haqqında” Qanunda nəzərdə tutulmuş anlayışlar bir-birilə bağlıdır.

Pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. “Sosial sığorta haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial sığorta subyektlərinin hüquq bərabərliyi və dövlət sosial sığortasının məcburiliyi sosial sığortanın əsas prinsipləri kimi müəyyən edilmişdir.

Ümumiyyətlə, sosial sığorta dedikdə, qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması nəzərdə tutulur və onun məcburi dövlət sosial sığortası və könüllü sosial sığorta formaları fərqləndirilir. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir.

Sığortaolunanların pensiya hüququ sosial sığorta hadisəsinin baş verməsi nəticəsində yaranır. Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Məcburi dövlət sosial sığortası qanunda nəzərdə tutulan sığorta hadisələri üzrə tətbiq edilir.

Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən biri sığortaolunanın sığorta stajının olmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsində də sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti kimi müəyyən edilmişdir. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur.

 Göründüyü kimi, hər iki Qanun sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən etmişdir.

Sığortalamaya görə sığortaçıya verilən pul vəsaiti olan məcburi dövlət sosial sığorta haqqı müəyyən gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

 Beləliklə, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir.

Lakin qanunverici bir sıra gəlir növlərinin spesifik xüsusiyyətlərini, onların bəzən birdəfəlik ödəmə şəklində olmasını və ya müvəqqəti xarakter daşımasını, yaxud müəyyən şəraitə uyğun olaraq ödənilməsini və s. halları nəzərə alaraq sosial sığorta haqqı hesablanmayan gəlir növlərini müəyyən etmişdir.

Qeyd olunduğu kimi, belə gəlir növlərindən biri də “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqıdır. Bu şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı olduqları dövlətin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla həyata keçirilir. Eləcə də, həmin Qanunun 26.1-ci maddəsinə uyğun olaraq, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin pensiya təminatı və sosial müdafiəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğuda qaldırılan məsələ ilə bağlı məhz həmin şəxslərə münasibətdə məcburi dövlət sosial sığortasının tətbiq edilməsinə dair qanunvericinin mövqeyini əks etdirən bir sıra hüquqi normalar nəzərdən keçirilməlidir.

“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsində məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin maddədə  rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər sırasına aid edilməmişdir.

Digər tərəfdən, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanmışdır. Həmin maddə ilə də rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir.

Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajına daxil edilən digər dövrlərin siyahısı həmin Qanunun 21-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən siyahıda isə rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə əmək haqqı aldığı dövrlər nəzərdə tutulmamışdır.

Qeyd edilən hüquq normalarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilən iş və ya əmək fəaliyyəti dövrləri, eləcə də qanunvericilikdə siyahısı müəyyən edilmiş digər dövrlər əmək pensiyasına hüquq verən sosial sığorta stajına daxil edilir.

Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

Lakin göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilməsi zamanı əmək haqlarının nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Qanunun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı  həmin gəlirlər nəzərə alına bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda hesab edir ki, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və Konstitusiyanın 12-ci maddəsinin tələblərinə uyğun olaraq layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədi ilə həmin şəxslərə pensiya təyin edilməsi zamanı əsas götürülən gəlirlər yenidən nəzərdən keçirilməli və onların pensiya təminatı ilə bağlı məsələlər gələcəkdə qanunvericilik qaydasında tənzimlənərək öz həllini tapmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,    65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və  15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                               Fərhad Abdullayev

 

 






 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cu maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.02, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2020-ci il tarixli Qərarından hakim İ.Nəcəfovun 

XÜSUSİ  RƏYİ 

06 iyul 2020-ci il                                                                           Bakı şəhəri

 Konstitusiya Məhkəməsinin Plenumunun 06 iyul 2020-ci il tarixli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cu maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.02, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına hörmətlə yanaşaraq, aşağıdakı mövqeyimi bildirirəm.

Konstitusiya Məhkəməsi öz qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müraciətdə göstərilmiş müddəalarını bir-bir izah etmiş, lakin onların Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına uyğun olub – olmamasını tam araşdırmamış və izahını verməmişdir.

Yuxarıda qeyd etdiyimiz qanunlara nəzər saldıqda ilk baxışdan belə görünür ki, şəxsin xarici ölkədə əmək haqqı aldığı dövrlər, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır, çünki xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir və sosial sığorta stajına daxil edilmir.

Ona görə də, Plenum qərarında yalnız rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyi araşdırılıb. Buna əsasən də onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmaması qeyd edilib.

Lakin, biz tam araşdırmadan deyə bilmərik ki, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən şəxsin xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilməməlidir.

“Diplomatik xidmət haqqında” Qanunun 26.1-ci maddəsi ilə təsbit edilmişdir ki, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin pensiya təminatı və sosial müdafiəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin pensiya təminatı isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Məlumdur ki, müasir cəmiyyətdə bütün sosial təminat sisteminin əsasını pensiyalar təşkil edir.

Pensiya qanunvericiliyinin əsas fəlsəfəsi pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması ilə bağlıdır.

Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

Deməli, “Əmək pensiyaları haqqında”  Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyasının təyin edilməsi üçün tələb olunan hüquqi faktlardan biri sığorta olunanın sığorta stajı təşkil edir. Həmin qanunun 1.0.2-ci maddəsinə görə,  sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Sorğuda da göründüyü kimi “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. Bununla yanaşı həmin Qanunun 23.3-cü maddəsinə görə, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır.

Deməli, ezam olunmuşların əmək haqları vahid olsa da, iki yerə bölünür.

“Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsi ilə 23.3-cu maddəsi arasında funksional əlaqə  vardır. Bu cür hüquqi faktı, yəni əmək haqqının yarısından məcburi sosial sığortanın tutulmaması, yarı hissəsindən isə tutulması nəticəsində yaranan kazusu həll etmək üçün nə bu qanunun özündə, nə də başqa bir qanunvericilikdə norma yoxdur.

Konstitusiya  Məhkəməsinin Plenum qərarında isə bu məsələyə toxunulmamışdır.

Dövlət qanunvericilik yolu ilə xaricə ezam edilən vətəndaşının xarici ölkədə aldığı əmək haqqına məcburi sosial sığorta tutulmasını yönəltmir. Lakin burada müvafiq icra hakimiyyəti orqanında saxlanılan 50 faiz əmək haqqına məcburi sığorta yönəldilir. O zaman həmin şəxs pensiyaya çıxdıqda qeyd etdiyimiz əsaslara görə şəxsin sosial sığorta stajını azaltmağa dövlətin hüququ yoxdu. Çünki, dövlət müəyyən amilləri nəzərə alaraq, özü bu hərəkətlərdən, yəni sığorta tutmaqdan imtina etmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasına görə özünü demokratik və hüquqi dövlət kimi elan etmiş Azərbaycan dövlətinin ali məqsədi kimi insan və vətəndaşın hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi çıxış edir (Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi).

Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsi).

İnsanın əsas sosial-iqtisadi hüquqları içərisində mühüm yerlərdən birini Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində əks olunmuş sosial təminat hüququ və bu hüququn ən mühüm və başlıca tərkib hissəsi olan pensiya təminatı hüququ tutur.

Əmək pensiyaları qanunla müəyyən olunan ən mühüm sosial təminat formasıdır və onun tərkib hissəsidir. Vətəndaşın pensiya təminatı hüququ konstitusion hüquqdur və insanın subyektiv hüququ kimi çıxış edir.

Pensiya hüququ qazanılmış hüquqdur. Ona görə ki, əmək pensiyası şəxsin, yəni sığorta olunanın öz hesabına və əvvəlki çoxillik əməyinə, xidmətinə, cəmiyyət üçün əhəmiyyətli olan digər vəzifələrin yerinə yetirilməsinə görə qazanılır.

Deməli, Azərbaycan Respublikası sosial dövlətdir. Və hər bir vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi, onun rifahının yüksəldilməsi dövlətin borcudur.

Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddəsinin X hissəsində isə qeyd edilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.  Konstitusiyanın 149-cu maddəsinin birinci hissəsində isə qeyd edilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətlərə) əsaslanmalıdır.

Yəni həmin şəxslər, onların əmək haqqlarından sosial sığorta tutulmamasına görə gələcəkdən hansısa məsuliyyət daşımamalı, konstitusion hüququndan məhrum edilməməlidir. Bunu məhz dövlət, o şəxslərə maddi və maliyyə təminatı, olduqları dövlətin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə almaqla Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq üstünlük kimi tanıyıb. Bundan başqa, hüquqi cəhətdən  bu şəxslər olduqları dövlət ilə heç bir hüquqi-sosial əlaqələri, o dövlətin qanunvericiliyi ilə hec bir əlaqəsi olmur. Heç bir sosial üstünlüklərdən yararlana bilmir.

Məhkəmələr haqlı olaraq rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək pensiyalarının xarici ölkədə aldıqları əməkhaqqı əsasında hesablanması ilə bağlı tələblərini təmin edərək, bu qərarlarını onunla əsaslandırırlar ki, haqqında bəhs edilən sosial sığorta haqlarından azadolma həmin şəxslərin iradəsindən asılı olmadan qanunvericiliyin tələblərindən irəli gəlir. 

Ona görə də “Diplomatik xidmət haqqında” Qanunun 23-cü maddəsinə əsasən şəxsin işlədiyi dövrlər, pensiya hüququ yaranan zaman onun sosial sığorta stajına daxil edilməli.

Beləliklə də, biz hesab edirik ki, Konstitusiya Məhkəməsi öz qərarında qeyd etdiyimiz kazusla əlaqədar  bu cür mövcud olan ictimai münasibətlərin ədalətli, qanuni və əsaslı həll olunmasını təmin etmək üçün Milli Məclis qarşısında, qanunvericilikdə bu boşluğun aradan qaldırılması barədə tələb irəli sürməli idi.

  

Hakim                                                                                  İsa Nəcəfov