AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Diplomatik xidmət haqqında”
Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh
edilməsinə dair
6 iyul 2020-ci il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir
Muradov, İsa Nəcəfov və Kamran
Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sorğusu əsasında “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun
23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya
işinə baxdı.
İş üzrə
hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial
qanunvericilik şöbəsi,
mütəxəssislər
Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən
təqdim edilmiş yazılı çıxışları,
ekspert
Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru,
hüquq üzrə elmlər doktoru Mayis Əliyevin yazılı rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti)
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət
edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan
sonra – “Əmək pensiyaları haqqında” Qanun) 1.0.2-ci maddəsi, “Sosial sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta
haqqında” Qanun) 8-ci maddəsinin beşinci hissəsi və 15-ci maddəsi, “Diplomatik
xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –“Diplomatik
xidmət haqqında” Qanun) 26.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik
xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki
xidmətini həyata keçirən şəxslərin əmək pensiyaları hesablanarkən məcburi
dövlət sosial sığortasına cəlb edilməyən vəsaitlərin nəzərə alınmasının
mümkünlüyü məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə “Diplomatik xidmət
haqqında” Qanunun 23.4-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.
Sorğuda
göstərilmişdir ki, “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinə uyğun
olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət
əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini
həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta
ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə
tənzimlənir. Bununla yanaşı, həmin Qanunun 23.3-cü maddəsinə görə, rotasiya
qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və
diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında
aldıqları əmək haqqının 50 faizi saxlanılır.
Eyni
zamanda, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə müvafiq olaraq, əmək pensiyalarının hesablanması zamanı nəzərə
alınan sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə
məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi
müddətidir. Həmin Qanunun 15-ci maddəsinin 17-ci abzasına əsasən isə yuxarıda
qeyd olunan şəxslərin xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqı
hesablanmayan gəlir növlərinə aid edilmişdir.
Sorğuverənin
qənaətinə görə, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik
xidmət əməkdaşlarına münasibətdə Azərbaycan Respublikasında dövlət qulluqçuları
üçün müəyyən edilmiş məvacibdən daha yuxarı əmək haqqı müvafiq xarici ölkədə sosial-iqtisadi
vəziyyətin və maddi-məişət şəraitinin fərqli və spesifik xüsusiyyətləri və s.
meyarlar nəzərə alınmaqla müəyyən edilmişdir. Qanunverici bu səbəbdən qeyd
edilən şəxslərin əmək haqlarını Azərbaycan Respublikasında təyin edilən əmək
pensiyasının hesablanması zamanı əsas götürülən sosial sığorta haqlarının
tutulmasından azad etmişdir.
Sorğu
onunla əsaslandırılmışdır ki, pensiyanın təyin olunması və hesablanması üçün
vacib şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı məvacibdən məcburi sosial
sığorta haqqını ödəməsidir və məhz məcburi dövlət sosial sığorta haqları şəxsin
gələcək pensiya təminatının məbləğini formalaşdırır. Lakin məhkəmələr
tərəfindən bir çox hallarda məsələyə fərqli mövqedən yanaşılaraq rotasiya
qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və
diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
şəxslərin əmək pensiyalarının xarici ölkədə aldıqları əmək haqqı əsasında
hesablanması ilə bağlı iddiaları təmin edilir və bu qərarlar sosial sığorta
haqlarından azadolmanın həmin şəxslərin iradəsindən asılı olmadan
qanunvericiliyin tələblərindən irəli gəlməsi ilə əsaslandırılır.
Konstitusiya
Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsinin I
hissəsinə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ vardır.
Sosial təminat dövlətin sosial funksiyası ilə bağlıdır
və əsasən özünü saxlamaq qabiliyyəti olmayan, sosial müdafiəyə ehtiyacı olan şəxsə
öz yaşayışını təmin etmək üçün dövlət tərəfindən müəyyən məbləğdə pul vəsaitinin
ödənilməsində və ya digər güzəştlərin verilməsində ifadə olunur.
Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü
maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun
yoxlanılmasına dair” 2014-cü il 14
noyabr tarixli Qərarında formalaşdırdığı
hüquqi mövqeyə görə, Konstitusiyada əksini
tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin III hissəsinə müvafiq
olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da
ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən
olunmuş ən mühüm formasıdır. Hər kəsin
pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.
Azərbaycan Respublikasında vətəndaşların əmək
pensiyası hüquqlarının yaranmasının əsasları,
bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla
müəyyən edilmişdir.
Həmin
Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və
şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara
əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin,
yaxud sığortaolunanların ölümü
ilə əlaqədar onların ailə üzvlərinin
itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
Maddənin məzmunundan göründüyü kimi, sığortaolunanın əmək pensiyası ona pensiya
təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə
verilən pul ödənişidir.
“Əmək pensiyaları haqqında” Qanunun bir çox
normaları ilə sosial sığorta sahəsində yaranan münasibətləri, sosial sığortanın
hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən “Sosial sığorta haqqında”
Qanunda nəzərdə tutulmuş anlayışlar bir-birilə bağlıdır.
Pensiya təminatı sistemi sosial həmrəylik və sosial
sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi
pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və
qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında
tarazılığın təmin edilməsindən ibarətdir. “Sosial sığorta haqqında” Qanunun
3-cü maddəsinə əsasən, sosial sığorta subyektlərinin hüquq bərabərliyi və dövlət
sosial sığortasının məcburiliyi sosial sığortanın əsas prinsipləri kimi müəyyən
edilmişdir.
Ümumiyyətlə, sosial sığorta dedikdə, qanunla nəzərdə
tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin
və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin
qarşısının alınmasına yönəldilmiş təminat forması nəzərdə tutulur və onun məcburi
dövlət sosial sığortası və könüllü sosial sığorta formaları fərqləndirilir. Məcburi
dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək
müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir.
Sığortaolunanların pensiya hüququ sosial sığorta
hadisəsinin baş verməsi nəticəsində yaranır. Sosial sığorta hadisəsi elə bir
haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından
sığorta ödəməsi almaq hüququ yaranır. Məcburi dövlət sosial sığortası qanunda nəzərdə
tutulan sığorta hadisələri üzrə tətbiq edilir.
Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi
üçün müəyyən edilmiş zəruri şərtlərdən biri sığortaolunanın sığorta stajının
olmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası
hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin
(müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək
şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər
dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsində də
sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial
sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti kimi müəyyən edilmişdir.
Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi
dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq
olunur.
Göründüyü kimi, hər iki Qanun sosial sığorta
stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya
digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə
alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini
müəyyən etmişdir.
Sığortalamaya görə
sığortaçıya verilən pul vəsaiti olan məcburi dövlət sosial sığorta haqqı müəyyən gəlir növləri istisna
olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. “Sosial sığorta haqqında” Qanunun 14.2-ci
maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə
(gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti
hesabına ödənilir.
Beləliklə,
pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sosial sığorta
haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə
olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir.
Lakin qanunverici bir sıra gəlir növlərinin
spesifik xüsusiyyətlərini, onların bəzən birdəfəlik ödəmə şəklində olmasını və
ya müvəqqəti xarakter daşımasını, yaxud müəyyən şəraitə uyğun olaraq ödənilməsini
və s. halları nəzərə alaraq sosial sığorta haqqı hesablanmayan gəlir növlərini
müəyyən etmişdir.
Qeyd olunduğu kimi, belə gəlir növlərindən biri də “Diplomatik
xidmət haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən rotasiya qaydasında xaricə
ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə
aldığı əmək haqqıdır. Bu şəxslərin əməyinin ödənilməsi, habelə maddi və
maliyyə təminatı olduqları dövlətin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə
alınmaqla həyata keçirilir. Eləcə də, həmin Qanunun 26.1-ci maddəsinə uyğun
olaraq, diplomatik xidmət əməkdaşlarının
və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin
pensiya təminatı və sosial müdafiəsi Azərbaycan Respublikası qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, sorğuda qaldırılan məsələ ilə bağlı məhz həmin şəxslərə münasibətdə məcburi
dövlət sosial sığortasının tətbiq edilməsinə dair qanunvericinin mövqeyini əks
etdirən bir sıra hüquqi normalar nəzərdən keçirilməlidir.
“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsində məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin
dairəsi müəyyən edilmişdir. Həmin maddədə rotasiya qaydasında xaricə
ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər məcburi dövlət
sosial sığortasına cəlb olunan şəxslər sırasına aid edilməmişdir.
Digər tərəfdən,
“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan
gəlir növləri sadalanmışdır. Həmin maddə ilə də rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının,
diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin
və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və
konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici
ölkədə aldığı əmək haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid
edilmişdir.
Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə uyğun
olaraq, sığorta stajına daxil edilən digər dövrlərin siyahısı həmin Qanunun 21-ci
maddəsində müəyyən edilmişdir. Qeyd edilən siyahıda isə rotasiya qaydasında
xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə əmək
haqqı aldığı dövrlər nəzərdə tutulmamışdır.
Qeyd edilən hüquq normalarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə
əsas verir ki, yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilən iş və ya əmək
fəaliyyəti dövrləri, eləcə də qanunvericilikdə siyahısı müəyyən edilmiş digər
dövrlər əmək pensiyasına hüquq verən sosial sığorta stajına daxil edilir.
Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd
etmişdir ki, pensiya təminatı
sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin
fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında
qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və
1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən
və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və
(və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial
sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin
və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun
deyildir.
Lakin göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, mülki prosessual
qanunvericiliyin tələblərinə uyğun olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan
maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq
normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan müxtəlif dövrlərdə pensiya
qanunvericiliyində pensiya təyin edilməsi zamanı əmək haqlarının nəzərə
alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi
ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı
zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart
tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan
Respublikasının Qanununda (bundan sonra – “Vətəndaşların pensiya
təminatı haqqında” Qanun) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi
ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin
növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3
dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial
sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar
istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət
sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar
2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək
stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü
kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların
pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin
səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi
dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək
stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla
müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş
hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən
azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva
edir.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu
hesab edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və 21-ci
maddələrinin, “Sosial sığorta haqqında” Qanunun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik
xidmət haqqında” Qanunun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya
qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və
diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin
xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən
və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil
edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alına bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu eyni
zamanda hesab edir ki, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən
diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının
inzibati-texniki xidmətini həyata keçirən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi
və Konstitusiyanın 12-ci maddəsinin tələblərinə uyğun olaraq layiqli həyat səviyyəsinin
təmin edilməsi məqsədi ilə həmin şəxslərə pensiya təyin edilməsi zamanı əsas
götürülən gəlirlər yenidən nəzərdən keçirilməli və onların pensiya təminatı ilə
bağlı məsələlər gələcəkdə qanunvericilik qaydasında tənzimlənərək öz həllini tapmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67
və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
Q Ə R A R A A L D I:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə
uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik
xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki
xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial
sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı
aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının
hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
3.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq
qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cu maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.02, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2020-ci il tarixli Qərarından hakim İ.Nəcəfovun
XÜSUSİ RƏYİ
06
iyul 2020-ci
il
Bakı
şəhəri
Konstitusiya Məhkəməsinin Plenumunun 06 iyul 2020-ci il tarixli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cu maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.02, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına hörmətlə yanaşaraq, aşağıdakı mövqeyimi bildirirəm.
Konstitusiya
Məhkəməsi öz qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müraciətdə göstərilmiş
müddəalarını bir-bir izah etmiş, lakin onların Azərbaycan Respublikasının
Konstitusiyasının müddəalarına uyğun olub – olmamasını tam araşdırmamış və
izahını verməmişdir.
Yuxarıda
qeyd etdiyimiz qanunlara nəzər saldıqda ilk baxışdan belə görünür ki, şəxsin
xarici ölkədə əmək haqqı aldığı dövrlər, əmək pensiyalarının hesablanması
zamanı həmin gəlirlər nəzərə alınmır, çünki xarici ölkədə aldığı əmək haqqından
sosial sığorta ödənişləri həyata keçirilmir və sosial sığorta stajına daxil
edilmir.
Ona
görə də, Plenum qərarında yalnız rotasiya qaydasında xaricə ezamiyyətə
göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının
inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək
haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyi araşdırılıb. Buna əsasən
də onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil
edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə
alınmaması qeyd edilib.
Lakin,
biz tam araşdırmadan deyə bilmərik ki, rotasiya qaydasında xaricə ezamiyyətə
göndərilən şəxsin xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta
stajına daxil edilməməlidir.
“Diplomatik
xidmət haqqında” Qanunun 26.1-ci maddəsi ilə təsbit edilmişdir ki, diplomatik
xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini
həyata keçirən şəxslərin pensiya təminatı və sosial müdafiəsi Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Diplomatik xidmət
əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata
keçirən şəxslərin pensiya təminatı isə “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanunu ilə tənzimlənir.
Məlumdur
ki, müasir cəmiyyətdə bütün sosial təminat sisteminin əsasını pensiyalar təşkil
edir.
Pensiya
qanunvericiliyinin əsas fəlsəfəsi pensiya təminatı sisteminin fəaliyyətində
sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin
formalaşdırılması ilə bağlıdır.
Sığortaolunanın
əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər
gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
Deməli,
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək
pensiyasının təyin edilməsi üçün tələb olunan hüquqi faktlardan biri sığorta
olunanın sığorta stajı təşkil edir. Həmin qanunun 1.0.2-ci maddəsinə görə,
sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə
alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına
məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq
qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
Sorğuda
da göründüyü kimi “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinə uyğun
olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının
və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin
xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata
keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. Bununla
yanaşı həmin Qanunun 23.3-cü maddəsinə görə, rotasiya qaydasında xaricə ezamiyyətə
göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının
inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır.
Deməli,
ezam olunmuşların əmək haqları vahid olsa da, iki yerə bölünür.
“Diplomatik
xidmət haqqında” Qanunun 23.4-cü maddəsi ilə 23.3-cu maddəsi arasında
funksional əlaqə vardır. Bu cür hüquqi faktı, yəni əmək haqqının
yarısından məcburi sosial sığortanın tutulmaması, yarı hissəsindən isə
tutulması nəticəsində yaranan kazusu həll etmək üçün nə bu qanunun özündə, nə də
başqa bir qanunvericilikdə norma yoxdur.
Konstitusiya
Məhkəməsinin Plenum qərarında isə bu məsələyə toxunulmamışdır.
Dövlət
qanunvericilik yolu ilə xaricə ezam edilən vətəndaşının xarici ölkədə aldığı əmək
haqqına məcburi sosial sığorta tutulmasını yönəltmir. Lakin burada müvafiq icra
hakimiyyəti orqanında saxlanılan 50 faiz əmək haqqına məcburi sığorta yönəldilir.
O zaman həmin şəxs pensiyaya çıxdıqda qeyd etdiyimiz əsaslara görə şəxsin
sosial sığorta stajını azaltmağa dövlətin hüququ yoxdu. Çünki, dövlət müəyyən
amilləri nəzərə alaraq, özü bu hərəkətlərdən, yəni sığorta tutmaqdan imtina
etmişdir.
Azərbaycan
Respublikasının Konstitusiyasına görə özünü demokratik və hüquqi dövlət kimi
elan etmiş Azərbaycan dövlətinin ali məqsədi kimi insan və vətəndaşın hüquq və
azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin
təmin edilməsi çıxış edir (Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci
maddəsi).
Azərbaycan
dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial
müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Azərbaycan
Respublikasının Konstitusiyasının 16-cı maddəsi).
İnsanın
əsas sosial-iqtisadi hüquqları içərisində mühüm yerlərdən birini Azərbaycan
Respublikası Konstitusiyasının 38-ci maddəsində əks olunmuş sosial təminat
hüququ və bu hüququn ən mühüm və başlıca tərkib hissəsi olan pensiya təminatı
hüququ tutur.
Əmək
pensiyaları qanunla müəyyən olunan ən mühüm sosial təminat formasıdır və onun tərkib
hissəsidir. Vətəndaşın pensiya təminatı hüququ konstitusion hüquqdur və insanın
subyektiv hüququ kimi çıxış edir.
Pensiya
hüququ qazanılmış hüquqdur. Ona görə ki, əmək pensiyası şəxsin, yəni sığorta
olunanın öz hesabına və əvvəlki çoxillik əməyinə, xidmətinə, cəmiyyət üçün əhəmiyyətli
olan digər vəzifələrin yerinə yetirilməsinə görə qazanılır.
Deməli,
Azərbaycan Respublikası sosial dövlətdir. Və hər bir vətəndaşının layiqli həyat
səviyyəsinin təmin edilməsi, onun rifahının yüksəldilməsi dövlətin borcudur.
Azərbaycan
Respublikasının Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən insan və
vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata
keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddəsinin X hissəsində isə
qeyd edilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən
edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın
149-cu maddəsinin birinci hissəsində isə qeyd edilir ki, normativ hüquqi aktlar
hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətlərə) əsaslanmalıdır.
Yəni
həmin şəxslər, onların əmək haqqlarından sosial sığorta tutulmamasına görə gələcəkdən
hansısa məsuliyyət daşımamalı, konstitusion hüququndan məhrum edilməməlidir.
Bunu məhz dövlət, o şəxslərə maddi və maliyyə təminatı, olduqları dövlətin
sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə almaqla Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun olaraq üstünlük kimi tanıyıb. Bundan başqa, hüquqi cəhətdən
bu şəxslər olduqları dövlət ilə heç bir hüquqi-sosial əlaqələri, o dövlətin
qanunvericiliyi ilə hec bir əlaqəsi olmur. Heç bir sosial üstünlüklərdən
yararlana bilmir.
Məhkəmələr
haqlı olaraq rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət
əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata
keçirən şəxslərin əmək pensiyalarının xarici ölkədə aldıqları əməkhaqqı əsasında
hesablanması ilə bağlı tələblərini təmin edərək, bu qərarlarını onunla əsaslandırırlar
ki, haqqında bəhs edilən sosial sığorta haqlarından azadolma həmin şəxslərin
iradəsindən asılı olmadan qanunvericiliyin tələblərindən irəli gəlir.
Ona
görə də “Diplomatik xidmət haqqında” Qanunun 23-cü maddəsinə əsasən şəxsin işlədiyi
dövrlər, pensiya hüququ yaranan zaman onun sosial sığorta stajına daxil edilməli.
Beləliklə
də, biz hesab edirik ki, Konstitusiya Məhkəməsi öz qərarında qeyd etdiyimiz
kazusla əlaqədar bu cür mövcud olan ictimai münasibətlərin ədalətli,
qanuni və əsaslı həll olunmasını təmin etmək üçün Milli Məclis qarşısında,
qanunvericilikdə bu boşluğun aradan qaldırılması barədə tələb irəli sürməli
idi.
Hakim
İsa Nəcəfov