Decisions

15.11.19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 

                  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin

bəzi müddəalarının şərh edilməsinə dair

 

 

15 noyabr  2019-cu il                                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının sektor müdiri Eldar Əsgərovun,

mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun iştirakı ilə,    

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

  İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 320.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquq verən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, T.Alışanlının Cinayət Məcəlləsinin 29 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktına əsasən o, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 26 iyul 2018-ci il tarixində keçiriləcək qəbul imtahanında abituriyent qismində iştirak edəcək H.Quliyevin əvəzinə iştirak etməsinə dair təkliflə razılaşaraq, onun şəxsiyyət vəsiqəsini və  imtahana buraxılış vərəqəsini əldə edərək  imtahana gedib həmin sənədləri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (bundan sonra – Xüsusi Dövlət Mühafizə Xidməti) əməkdaşlarına təqdim etmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən T.Alışanlının H.Quliyev olmadığı müəyyən olunaraq imtahan zalına buraxılmasının qarşısı alınmışdır. Bununla da, T.Alışanlı Dövlət İmtahan Mərkəzi tərəfindən H.Quliyevin adına kodlaşdırılmış, imtahan vermək və müvəffəqiyyət balı topladığı halda ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq hüququ verən rəsmi sənəd olan cavab kartına sonuncunun adından məlumatları yazmağa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək rəsmi sənəd olan cavab kartını istifadə etmək məqsədilə saxtalaşdırmağa cəhd etmişdir. 

Müraciətedənin mövqeyinə görə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında göstərilən saxtalaşdırmanın hansı hərəkətləri ehtiva etməsi konkret göstərilməmişdir. T.Alışanlı imtahana daxil olmaq üçün istifadə etdiyi sənədlərdə (şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsində) hər hansı düzəliş və dəyişiklik etməmiş, habelə o, imtahanda iştirak etsə idi, cavab kartına H.Quliyevə aid məlumatları yazacaq və onun yerinə imtahan suallarını cavablandıracaqdı. Formal yanaşıldıqda T.Alışanlının cavab kartına yazacağı məlumatların yanlış olmadığı, məhz həmin cavab kartına yazılmalı olan məlumatlar olduğu müəyyən edilir. Bu baxımdan, T.Alışanlının qanunazidd davranışı özünü başqa şəxs, yəni H.Quliyev kimi təqdim etməsindən ibarətdir və bu əməldə Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş saxtalaşdırmanın mövcudluğu suallar yaradır.

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi T.Alışanlının qanunsuz olaraq başqa şəxsin adından həmin şəxsə aid olan məlumatların hüquq verən rəsmi sənədə daxil edilməsinin Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında göstərilən saxtalaşdırma hesab olunub-olunmamasına hüquqi aydınlıq gətirilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 71-ci maddəsinin VIII hissəsinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.

Azərbaycan Respublikasında cinayətə görə məsuliyyəti müəyyən edən yeganə qanunvericilik aktı Cinayət Məcəlləsidir. Həmin Məcəllənin 10.1-ci maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.

Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

 Beləliklə, cinayət hüququnun  mühüm prinsiplərindən olan qanunçuluq prinsipinə uyğun olaraq yalnız Cinayət Məcəlləsində nəzərdə tutulan halda əməlin cinayət sayılmasına, belə əməli törədən şəxsin təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilir. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir.  Qanun cinayət sayılan əməlləri müəyyən edərkən həmin əməl üçün xarakterik olan əlamətləri də göstərir. Məhz bu əlamətlərin köməyi ilə törədilən hər hansı əməlin cinayət hüquq normasında nəzərdə tutulan cinayət olub-olmaması müəyyən edilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə,  hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. 

Cinayət Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır.

Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir.

Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır.

Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən  edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.

Beləliklə, rəsmi sənəd  hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir.

Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin  predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də  hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi  hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir.

Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər:

- hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma;

- hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə  Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama;

- hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi,  habelə  Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma.

Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış  məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s.  üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.

Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur.

Cinayətin subyekti qismində ümumi subyekt olmaqla 16 yaşına çatmış anlaqlı fiziki şəxs çıxış edə bilər.

Subyektiv cəhətdən isə cinayət birbaşa qəsdlə törədilir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan   Respublikasının   ali  təhsil  müəssisələrinə  tələbə  qəbulu  Qaydaları”nın (bundan sonra – Qaydalar) 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər müəyyən edilmişdir. Belə hərəkətlərdən biri saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir.

Qaydaların 6.5-ci bəndinə əsasən, abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Dövlət İmtahan Mərkəzi tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 181-ci maddəsində təhsil haqqında qanunvericiliyin pozulması hesab edilən konkret əməllərə görə məsuliyyət müəyyən edilmişdir. Lakin həmin maddədə inzibati məsuliyyət yaradan əməllər sırasında imtahanların keçirilməsi qaydalarının pozulması, o cümlədən imtahanda başqasının yerinə iştirak etmə və ya imtahana öz yerinə başqasını göndərmə əməli nəzərdə tutulmamışdır.

Beləliklə, Qaydalarla  saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək qadağan edilsə də, İnzibati Xətalar Məcəlləsində qeyd edilən əməllər inzibati xəta kimi nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında abituriyent qismində iştirak edən şəxslərə doldurulmaq üçün təqdim edilən cavab kartları hər il texniki tapşırıqla forması təsdiq olunan, hər bir abituriyentin adına tərtib edilməklə kodlaşdırılan, boş blank formasında olan hüquq verən rəsmi sənəddir. Cavab kartının verilən sual kitabçasındakı sualların cavablandırılması məqsədilə müvafiq abituriyent tərəfindən doldurulması nəticəsində həmin abituriyentin bilik səviyyəsi müəyyən edilir və bunun nəticəsində o, ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil almaq hüququ əldə etmiş olur.

Cavab kartını müvafiq abituriyentin deyil, başqa şəxsin doldurması hüquq verən rəsmi sənədin saxtalaşdırılması kimi xarakterizə edilməlidir. Belə ki, cavab kartının başqa bir şəxs tərəfindən doldurulması nəticəsində cavab kartında müvafiq abituriyentin deyil, onun əvəzinə imtahanda iştirak edən şəxsin bilik səviyyəsinin nəticələri öz əksini tapır. Bu isə cavab kartının  mahiyyət etibarı ilə saxtalaşdırılması deməkdir.

Digər tərəfdən, cavab kartının ikinci cədvəlində “özünüz haqqında məlumatı yazın, bəyannaməni oxuyun və imzalayın” qrafası mövcuddur ki, həmin hissədə abituriyent tərəfindən soyad, ad, ata adı, doğum yeri və doğum tarixi, ayı, günü, orta təhsil müəssisəsinin adı, yaşayış ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsinə dair məlumatlar şəxsən doldurulur, bundan sonra, həmin bənddə göstərilmiş “öz imzamla bu bənddə soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi göstərilən şəxs olduğumu təsdiq edirəm, əks təqdirdə qanunla müəyyən edilmiş məsuliyyəti daşıyacağam” məzmunlu bəyannamənin qarşısında imza edilir. Bu baxımdan, imtahanda başqasının əvəzinə iştirak edən şəxs cavab kartına qanunsuz olaraq başqa şəxsin adından həmin şəxsə aid məlumatları daxil etməklə və həmin abituriyentin əvəzindən imzalamaqla  hüquq verən rəsmi sənədi saxtalaşdırma əməlini törətmiş olur.

Bu əməli törədərkən şəxsin məqsədi hüquqazidd vasitə ilə, yəni saxtalaşdırdığı cavab kartından istifadə etməklə başqasının ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmasını təmin edərək onun hüquqi statusunu dəyişdirməkdir. Şəxsin belə  davranışı idarəetmə sahəsindəki münasibətlərə xələl yetirir, ictimai, habelə şəxsi mənafelərə zərər vurur. Belə ki, öz yerinə imtahana başqasını göndərən şəxs digər abituriyentlərlə ədalətsiz və qanunazidd rəqabət apararaq son nəticədə onların hüquqlarını pozur. Belə əməllər eyni zamanda inkişaf edən müasir cəmiyyət üçün faydalı mütəxəssislərin hazırlanması prosesinə maneçilik yaradır, dövlət tərəfindən təmin edilən sosial ədalət prinsipinə və elmi dəyərlərə olan etimadı şübhə altına alır. Halbuki, təşkil edilən imtahanların məqsədi abituriyentlərin bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrində yerləşdirilməsidir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

Konstitusiyanın vətəndaşların vəzifələrinin əsasını müəyyən edən 72-ci maddəsinin II hissəsinə uyğun olaraq, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir şəxs hər hansı hərəkəti edərkən həmin hərəkətin digər şəxslərin qanunla qorunan hüquqlarını, eləcə də qanunun tələblərini pozub-pozmadığını düşünməli və bununla bağlı məsuliyyətini dərk etməlidir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: 

-  Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və  qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir;

-  Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər   rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı  və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,        65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.

2. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 Sədr                                                            Fərhad Abdullayev 

 







 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci  maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 noyabr 2019-cu il tarixli Qərarından hakim İ.Nəcəfovun

 

XÜSUSİ  RƏYİ

 

15 noyabr 2019-cu il                                                                                     Bakı şəhəri

 

Konstitusiya Məhkəməsinin Plenumunun 15 noyabr 2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci  maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına hörmətlə yanaşaraq, aşağıdakı mövqeyimi bildirirəm.

Müraciətdə göstərilir ki, Alışanov Təbib Natiq oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 320.1-ci maddəsi ilə təqsirləndirilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatına verilmişdir. Ittiham ondan ibarətdir ki, Göygöl rayon sakini T.Alışanov Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin 2-ci kursunda oxuyarkən, o  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi  tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə II ixtisas qrupu üzrə 26 iyul 2018-ci il tarixdə keçiriləcək növbəti qəbul imtahanında abituriyent qismində iştirak edəcək Quliyev Hidayət Zahid oğlunun əvəzinə həmin imtahanda iştirak etməsinə dair təkliflə razılaşmışdır. Buna görə də H.Quliyevin şəxsiyyət vəsiqəsini və Dövlət İmtahan Mərkəzi tərəfindən sonuncunun adına təqdim edilən imtahana buraxılış vərəqəsini əldə edərək Gəncə şəhəri 44 nömrəli bağça-məktəb-lisey kompleksində keçirilən imtahana H.Quliyevin əvəzinə getmiş və həmin sənədləri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına təqdim edib onları özünün H.Quliyev olmasına inandırmağa çalışmışdır. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən onun H.Quliyev olmadığı müəyyən olunaraq imtahan zalına buraxılmasının qarşısı alınmışdır.  İbtidai istintaq orqanını T.Alışanlını AR CM-in 29 (cinayət etməyə cəhd) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə tərsirli bilinib ittiham edilmişdir.

 Müraciətdə qeyd edilən CM-nin 320.1-ci maddəsindəki “saxtalaşdırma” ifadəsinin hansı hərəkətləri ehtiva etdiyini göstərmək üçün ilk növbədə həmin maddənin dispozisiyasında sadalanan anlayışların hər birini ayrı-ayrılıqda təhlil etmək zəruridir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi idarəetmə qaydası əleyhinə olan cinayətlərə aid edilərək, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməyə görə məsuliyyət nəzərdə tutur. Həmin  maddənin dispozisiyası rəsmi sənədə bilavasitə anlayış verməsə də, onu “hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənəd” kimi təsnif edir. Hüquq ədəbiyyatında sənədin rəsmi mənada təsnif edilməsi üçün onun iki əlamətə malik olması qeyd edilir – bunlara sənədin rəsmiliyi, yəni sənəd dövriyyəsinə daxil və təqdim edilə bilən olması aiddir.

Daxilolma sənədin rəsmi orqan (dövlət orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və bələdiyyə qurumları) tərəfindən verilməsidir. Qüvvədə olan qanunvericilik sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” 935 saylı Təlimat”-ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.

Sənədin təqdim edilə bilmə qabiliyyəti - onun belə sənəddən istifadə edən şəxsə və ya üçüncü şəxslərə hüquqları verə bilməsi və ya vəzifələrdən azad etmə imkanında ifadə olunur. Sənəd, idarəetmə sahəsindəki münasibətlərində səlahiyyətverici xüsusiyyətlərə malik ola, bu barədə göstəriş olmadıqda isə konkret hüquq və vəzifələri əhatə edə bilər.

Saxtalaşdırma dedikdə hüquq verən və ya vəzifədən azad edən, məzmunu tamamilə saxta olan sənədin (vəsiqənin və ya digər rəsmi sənədin) hazırlanması, saxta olmayan sənədin mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın belə məlumatlarla doldurulması, yaxud saxta olmayan sənədin mətnində düzəlişlərin edilməsi, tarixin dəyişdirilməsi, mətnin bir hissəsinin məhv olunması və sair kimi qanunsuz hərəkətlərin edilməsi yolu ilə dəyişdirilməsi başa düşülür. “Sənədlərin saxtalaşdırılması” anlayışının açıqlanmasına olan yanaşmalardan biri də onun hüquqazidd və qanunsuz aldatmanın müxtəlif növlərindən biri kimi çıxış etməsində özünü göstərir.

Aldatma - şəxsi yanıltmaq məqsədilə bilərəkdən yalan məlumatın ötürülməsi və ya faktların gizlədilməsini bildirir. Bununla yanaşı, sənədin təkcə həqiqiliyini təhrif etmək və ya saxta sənədin bilavasitə hazırlanması hələ onun saxtalaşdırıldığını bildirmir. Belə ki, saxta sənəd hələ öz-özlüyündə heç kəsi yanıltmağa sövq etmir. Qəti aldatma isə belə saxta sənədin təqdim edildikdən sonra istifadəsini nəzərdə tutur.

Rəsmi sənədlər və ya blanklar qanunsuz yolla hazırlanarkən, onların belə istifadəsi üçün lazımi hüquqi qüvvə yaratmadıqda saxtalaşdırma hesab oluna bilməz. Bununla da, qanunverici ədalət mühakimə həyata keçirən orqanlara hər bir konkret haldan asılı olaraq sənədin xüsusiyyətlərini qiymətləndirməyə və onu hüquqlar verən (və ya vəzifələrdən azad edən) sənəd kimi tanımağa səlahiyyətləndirir. Məhz bundan asılı olaraq, hər bir halda sənədin saxta sənəd kimi istifadə edilməsinə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsinə qərar verilir.

Bilə-bilə saxta rəsmi sənədin istifadəsi onun təqdim edilməsi (bu və ya digər hüququn mövcudluğunu təsdiqləmək üçün səlahiyyətli şəxsə sənədin verilməsi) və ya nümayiş olunmasından (sənəd onun səlahiyyətində qaldıqda, sənədin müvafiq şəxsə çatdırılması) ibarətdir. İstifadənin məqsədi sənədin faydalı xüsusiyyətlərini əldə etməkdən ibarətdir. Bu mənada, RF CM-nin 327-ci maddəsində nəzərdə tutulmuş cinayət, onu törədən şəxsin hüquqlar əldə etməsinə və ya vəzifələrindən azad olunmasına nail olmasından asılı olmayaraq, sənədin təqdim və ya nümayiş edildiyi andan sona çatır. Satış, saxta rəsmi sənədi əvəzli və ya əvəzsiz qaydada başqa şəxsə ötürülməsindən ibarətdir. Belə ötürməyə satış, hədiyyə, dəyişmə və ya girov aid ola bilər. Satış, sənədi saxtalaşdıran şəxsin sahibliyindən çıxdığı və yeni sahibinə istifadəyə verildiyi andan etibarən başa çatır.

Cavabdehin qeyd edilən hərəkətləri CM-in 320.1-ci maddəsinin dispozisiyasında ifadə olunmuş cinayət tərkibinin müəyyən elementlərini ehtiva etsə də, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranması üçün cinayət qanunvericiliyinin tələblərinə əsasən, həmin maddədəki cinayət tərkibinin bütün elementlərinin iştirak etməsinə ehtiyac duyulur. (CM-nin 3-cü maddəsi). Hazırki müraciətdə qaldırılan məsələ, qanunsuz olaraq başqa şəxsin adından həmin şəxsə aid olan məlumatları hüquq verən rəsmi sənədə daxil edilməsini və bununla da həmin sənəddən qanunsuz yolla istifadə  edilməsinə cəhdi əhatə edir. Hərəkətin özünün qanunsuz olması isə hələ onun nəticəsində əldə olunmuş rəsmi sənədin saxta olmasını deməyə əsas vermir.

Belə ki, sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, mövcud olan sənədin orijinalının əsasında ona bənzər, lakin rəsmi tələblərə cavab verməyən, cavabdehin mülahizəsi və öz bacarıqları əsasında hazırladığı sənədi bildirir. Təqdim edilmiş materiallardan isə, imtahan zalına daxil olmaq üçün verilmiş imtahana buraxılış vərəqəsi və ya şəxsiyyət vəsiqəsinin saxta olması qeyd olunmur. Eynilə, iş materiallarından göründüyü kimi, imtahanda istər cavabdeh, istərsə də iştirak etməsi nəzərdə tutulan şəxsin iştirak etdiyi təqdirdə, cavab kartına daxil edilmiş məlumatlar həqiqi olduğundan, hər iki halda, əldə olunan sənəd saxta deyil, qanuni sənəd olacaqdı.

Bilə-bilə saxta rəsmi sənədin istifadəsi yuxarıda qeyd etdiyim kimi sənədin təqdim edilməsi (bu və ya digər hüququn mövcudluğunu təsdiqləmək üçün səlahiyyətli şəxsə sənədin verilməsi) və ya nümayiş olunmasından (sənəd onun səlahiyyətində qaldıqda, sənədin müvafiq şəxsə çatdırılması) ibarətdir. İstifadənin məqsədi sənədin faydalı xüsusiyyətlərini əldə etməkdən ibarətdir.

Müraciətdə qeyd edilən cavabdehin hərəkətlərinin AR CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş “saxtalaşdırma” əməlini ehtiva edib-etməməsi ilə əlaqədar hesab edirəm ki, cavabdehin özünü H.Quliyev kimi inandırmağa çalışması hələ onun bilavasitə sonuncunun şəxsiyyətini saxtalaşdırmağa olan niyyətini ifadə etmir. Bunu, həmçinin onun imtahanda iştirak etdiyi təqdirdə, cavab kartına H.Quliyevə aid olan məlumatları yazmaq niyyətinin olduğu təsdiq edir. Eynilə, iş materialları cavabdehin qanunsuz yolla əldə edilən sənəddən prosessual qanunvericilikdə göstərildiyi qaydada - gələcəkdə özünün istifadəsini deyil, onun hərəkətlərindən xəbərsiz H.Quliyevin xeyrinə istifadə etməsi niyyətinin olduğunu göstərir.

CM-nin 320.1-ci maddəsi məsuliyyət müəyyən edərkən, qanunsuz hərəkətlərin dairəsini dəqiq müəyyən edərək cinayət məsuliyyətinin tərkibinə həm də bu sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaq və ya qanunsuz hazırlama və ya bu cür sənədi satmaq daxil etmişdir. İşin hallarından görünür ki, cavabdeh H.Quliyevin şəxsiyyətini saxtalaşdırmaq məqsədilə, ona məxsus şəxsiyyət vəsiqəsini və ya imtahana buraxılış vəsiqəsini saxta və ya qanunsuz üsullarla hazırlamamış yaxud satmamışdır.

Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdeh abituriyentin rəsmi sənədini saxtalaşdırmamışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən o, abituriyent H.Quliyevə verilmiş imtahana buraxılış vəsiqəsindən və onun şəxsiyyət vəsiqəsindən istifadə edərək, qəbul imtahanında iştirak etmək üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına özünü H.Quliyev kimi təqdim edərək, onları aldatmağa cəhd etmişdir.

Bununla da, Alışanlı Təbib Natiq oğlu, tamah niyyəti ilə H.Quliyevin ali təhsil ocağına qəbul olunması məqsədiylə onun əvəzindən, onun abituriyent adını mənimsəməklə, Dövlət İmtahan Mərkəzinin rəsmi sənədlərindən və şəxsiyyət vəsiqəsindən istifadə etmək cəhdi, həm normativ hüquqi aktlarla, həm də normativ xarakterli aktlarla qorunan ictimai münasibətlərə süi-qəsd kimi qiymətləndirilməlidir. 

Lakin onun əməlinin ictimai təhlükəlilik dərəcəsi yalnız qanunverici orqan tərəfindən müəyyən edildikdən sonra əməlin xarakterinə hüquqi qiymət verilə bilər.

Çünki istər İnzibati Xətalar Məcəlləsində, istərsə də Cinayət Məcəlləsində qeyd edilən hüquqi fakt üzrə yaranmış münasibətləri tənzim edən müvafiq maddi hüquq norması yoxdur.

Digər tərəfdən hesab etmək olar ki, cinayət təqibi orqanının cavabdehin hərəkətlərinin son nəticəsi olan,  ali təhsil sənədini qanunsuz yolla əldə etməsi, sənədlərin saxta və ya uydurma olması ilə bağlı gəldiyi mövqe, ümumi qəbul edilən olsa da, qanunvericiliyin yuxarıda tədqiq olunmuş normaları əsasında deyə bilərik ki, ibtidai istintaq orqanına birtərəfli qaydada, CM-in 320.1-ci maddəsinə əsasən, həmin əməlin nə kriminallaşdırılmasına, nə də ki həmin fakt üzrə cinayət təqibinin başlanmasına əsas vermirdi.

 

Hakim                                                                        İsa Nəcəfov

 




 

  

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına dair hakim Ceyhun Qaracayevin

XÜSUSI RƏYI

 

“15” noyabr 2019-cu il                                                                       Bakı şəhəri

 

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı ilə ümumilikdə razıyam.

1.   Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş tələbə qəbuluna dair qaydalar mütərəqqi xarakter daşıyır. Mərkəzləşdirilmiş qəbul qaydaları təhsil sahəsində neqativ halların qarşısının alınmasına, ədalətli rəqabətin artmasına, gələcəkdə peşəkar mütəxəssislərin hazırlanmasına və nəhayət biliyin və təhsilin inkişafına xidmət edir. Bu sahədə hər hansı bir hüquq pozuntusunun məsuliyyətsiz qalması yeni yaranmış idarəetmə münasibətlərinin zəifliyinə xidmət etmiş olar. Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsi hüququn aliliyi prinsipinə əsaslanaraq müəyyən edir ki, Konstitusiyanın və qanunların pozulması qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhz bu baxımdan hər hansı hüquq pozuntusunu törətmiş şəxs müvafiq qaydada məsuliyyətə cəlb edilməlidir. Məsuliyyətin əsasları isə ictimai təhlükəli hüquqpozuntusuna mütənasib qaydada qanunvericilklə aydın şəkildə müəyyən edilməlidir.

Beləliklə bu nəticəyə gəlmək olar ki, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin müraciətinə səbəb olmuş cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlləri ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş tələbə qəbuluna dair qaydaların pozulması kimi qiymətləndirilə bilər.    

2.   Hüquqi məsuliyyətə cəlb edilmə prosesində konstitusiya hüququ baxımından əhəmiyyətli olan “hüquqi müəyyənlik” prinsipinin təmin edilməsi olduqca vacibdir. Xüsusi ilə hüquqi məsuliyyətlə bağlı normativ-hüquqi aktlar birmənalı və aydın başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin şərh edilməsi ilə əlaqədar bildirmişdir ki, Konstitusiya Məhkəməsinin “hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi mütləqdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüququ tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir”.

Hüquqi müəyyənlik prinsipinin (hüquq normasının şübhəsiz və tərəddüdsüz tətbiq edilməsi) qorunması baxımından əhəmiyyətli və fərqli başa düşülən hüquqi terminlərin qanunvericilikdə normativ definisiyası verilir. Ümumilikdə Azərbaycan qanunvericiliyində bu prinsipin qorunması məqsədi ilə, xüsusi ilə cinayət və cinayət-prosessual qanunvericiliyində kifayət qədər termin və anlayışları aydınlaşdıran  definisiyalar öz əksini tapmışdır.

Lakin, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin tam aydın şərhi üçün tələb olunan “rəsmi sənəd” anlayışının cinayət qanunvericiliyində definisiyası mövcud deyil. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın “Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər” adlı 3-cü paraqrafın 24-cü bəndində göstərir ki, “sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədi ilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsi ilə həyata keçirilir”. Həmin paraqrafın 25-ci bəndində bildirilir ki, “bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır. İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, soyadı və adı daxildir”.

Beləliklə, belə qənaətə gəlmək olar ki, hər hansı bir sənəd (o cümlədən blank, imtahan kartı və s.) sənəd rəsmi sənəd kimi yalnız hər hansı bir məzmun daşıdıqda (yəni hüquqi faktı əks etdikdə) və bu məzmun müvafiq qaydada rəsmi (vəzifəli) şəxs tərəfindən qiymətləndirilib imzalandıqda və ya elektron sistem vasitəsi ilə ümumi qaydada qiymətləndirildikdən sonra hesab edilir.

Təhsil sahəsində şagird, tələbələrin biliklərini qiymətləndirən sənədlər sırasında müxtəlif rəsmi sənəd mövcuddur. Onlara imtahan cədvəli, zaçot kitabçası, diplom və s. aid etmək olar. Təbii ki, ali təhsil müəssisəsinə qəbul üçün nəzərdə tutulan imtahan cavab kartı da rəsmi sənədə çevrilə bilər. Bunun üçün yalnız həmin imtahan qəbul kartı müvafiq vəzifəli şəxs tərəfindən rəsmi qiymətləndirilməlidir. Həmin vəzifəli şəxs (müəllim və ya nəzarətçi) tərəfindən imtahan qəbul kartında qiymətləndirilən cavab vəzifəli şəxsin iradəsini ifadə etmiş olur. Bununla imtahan qəbul kartı rəsmi sənəd statusunu alır.

Gəncə şəhər Kəpəz rayon məhkəməsinin müraciətinə səbəb olmuş cinayət işi üzrə təqsirləndirilən şəxs digərinin əvəzinə imtahan zalına daxil olmaq istəyərək sonuncunun əvəzinə imtahan suallarına cavab verməyə cəhd göstərmişdir. Ola bilər ki, onun cavabı faktiki olaraq suala düzgün cavab kimi qiymətləndirilməsin və qəbul üçün qənaətbəxş sayılmasın. Deməli həmin şəxsin cavabı hələ hüquqi fakt kimi hesab edilə bilməz.

Nəzərə alsaq ki, rəsmi sənəd - hüquqların verilməsi və ya məhrum edilməsi, vəzifələrin verilməsi və ya vəzifədən azad edilməsi, hüquq və vəzifələrin həcmindəki dəyişikliklərə səbəb olan faktları təsdiqləyən və hüquqi nəticəyə səbəb olan sənəddir. Deməli hər hansı bir şəxsin xüsusi qəbulu üçün vərəqədə (blankda) imtahan suallarına cavabının qənaətbəxş sayılması və müvafiq hüquqi nəticə yaratması, həmin cavabın rəsmi qaydada müsbət cavab kimi qiymətləndirən vəzifəli şəxsin imzasından və ya elektron sistem vasitəsi ilə müsbət cavab kimi qəbul edilməsindən asılıdır. 

Belə halda yalnız imtahan qəbul kartının müvafiq qaydada qiymətləndirilməsindən və bununla rəsmi sənədə çevrilməsindən sonra (yəni daha rəsmi şəxs tərəfindən imzalanmış sənədin) həmin rəsmi sənəd üzərində aparılan düzəliş və ya əlavələr rəsmi sənədin saxtalaşdırılması kimi qiymətləndirilə bilər.

3.   Azərbaycan Respublikasında mərkəzləşdirilmiş imtahan qaydaları nisbətən yeni sahədir. Bu sahədə qanunçuluğunun təmin edilməsi olduqca vacib vəzifədir. Təbii ki, konstitusiya nəzarəti qaydasında qeyd edilən sahədə törədilən hüquqpozuntuların ictimai təhlükəliliyinin səviyyəsini tam qiymətləndirmək mümkün deyil, bu birbaşa qanunverici orqanın səlahiyyətindədir. Yalnız qeyd etmək olar ki, mərkəzləşdirilmiş imtahan qaydaları tətbiq edən əksər ölkələrdə (məsələn, Rusiya) bu sahənin qorunması üçün üstünlük inzibati xətalar qanunvericiliyinə verilir. Azərbaycan qanunvericiliyinin bu istiqamətdə islahatların aparılması məqsədəmüvafiq olardı.

4.   Gəncə şəhər Kəpəz rayon məhkəməsinin müraciətinə səbəb olmuş cinayət işi üzrə təqsirləndirilən şəxs neqativ əməl törətməyə cəhd göstərmişdir. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi ilə razılaşmaq olar ki, həmin şəxs məsuliyyətdən yayınmamalıdır.

Lakin bu cür neqativ əmələ görə xüsusi məsuliyyət növü (inzibati xəta) nəzərdə tutulmalıdır. Qanunvericilikdə isə xüsusi məsuliyyət növünün yaradılmasınadək cinayət təqibi orqanları və habelə məhkəmələr mərkəzləşdirilmiş imtahan qaydaları sahəsində törədilən hüquqpozmalara görə cinayət məsuliyyətinə cəlb etmədən çəkinməklə və bu sahənin dekriminallaşdırılmasını təmin etməklə, törədilmiş əməllə məsuliyyət növü arasında mütənasibliyi qorumuş olardı. 

 

Hakim                                                      Ceyhun Qaracayev