Decisions

27.07.16 Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

Аzərbаycаn  Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair

  

27 iyul 2016-cı il                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Məhəmməd Baziqovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, Cəbrayıl Rayon Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “Yaşayış  minimumu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  Аzərbаycаn  Respublikası  Аilə  Məcəlləsinin  76,  78  və  112-ci  maddələri  ilə  nəzərdə  tutulmuş  aliment  münasibətlərinə  aid  edilməsinin  mümkünlüyünün şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ: 

 

Cəbrаyil Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, “Yaşayış  minimumu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış  minimumu  haqqında” Qanun)  və  “Azərbaycan  Respublikasında    2016-cı  il  üçün  yaşayış  minimumu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun Аzərbаycаn  Respublikası  Аilə  Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi)  76,  78 və 112-ci  maddələrində  nəzərdə  tutulmuş  aliment  münasibətlərinə  aid  edilməsinin  mümkünlüyünün şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, iddiaçı F.Aslanlı Cəbrаyıl  Rayon Məhkəməsinə ərizə verərək, oğlu M.Siyablının saxlanılması üçün cavabdeh V.Siyabovdan onun xeyrinə alimentin miqdarının dəyişdirilərək 117 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş  etmişdir. İddiа оnunlа əsaslаndırılmışdır ki, həmin Məhkəmənin 23 may 2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 50 manat sabit pul məbləğində alimentin təyin olunmasından uzun müddət keçmiş, həmin müddət ərzində bazar qiymətləri artmış və bunun nəticəsində uşağın saxlanılması çətinləşmişdir.

Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın saxlanılması üçün qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında  aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında o, vəsatət qaldıraraq, iş üzrə icraatın  dayandırılmasını və “Yaşayış  minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələri ilə nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünün şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə müraciət edilməsini xahiş etmişdir. Məhkəmənin 7 aprel 2016-cı il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir.

Cəbrаyıl  Rayon Məhkəməsinin mövqeyinə görə, yaşayış minimumunun aliment münasibətlərinə aid edilməsi təcrübədə qeyri-müəyyənliklər yaradır, bu isə tərəflərin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, məhkəmələr tərəfindən alimentin təyin edilməsi ilə bağlı işlərə baxılarkən ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti deyil,  məhz  “Yaşayış  minimumu haqqında” Qanunun normaları əsas götürülür.

Müraciətedənin fikrincə, əgər valideynlərin gəliri yoxdursa və ya yaşayış minimumunun miqdarından azdırsa, onları artıq qazanc əldə etməyə məcbur etmək  neqativ halların baş verməsinə səbəb ola bilər. Belə ki, məhkəmə təcrübəsində aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi hallarına rast gəlinir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin I və II hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Konstitusiyanın 34-cü maddəsinin III və IV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır.

Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də Beynəlxalq Əmək Təşkilatının bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur.

“Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün Ailə Məcəlləsinin müvafiq normalarının Konstitusiyanın və beynəlxalq hüquqi aktların yuxarıda göstərilən prinsipləri kontekstində şərh edilməsini vacib hesab edir.

Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur.

Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.

Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.

Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur.

Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

Qeyd edilməlidir ki, ailə qanunvericiliyində uşaqların müstəqil subyekt kimi tanınması Konstitusiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın və digər beynəlxalq hüquqi aktların tələblərindən irəli gəlir.

Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya  prinsipinə əsaslanaraq valideynlərin üzərinə  uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər  bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.

 Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri).

Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir:

- könüllü -  uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş);

- məcburi - məhkəmə qərarı əsasında.

Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki,  burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.

Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir:

- aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında;

- sabit pul məbləğində.

Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

- 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

- 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

- 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir:

aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa;

aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa;

aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa;

alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.

Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir.

Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur:

tərəflərin maddi və ailə vəziyyəti;

diqqətəlayiq digər hallar;

uşağın əvvəlki təminatının səviyyəsi.

Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.

Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.)  olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə  uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.                    

Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa  uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu  hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar  31 may 2006-cı il tarixli Qərar).

Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

Beləliklə, uşaqların saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması)  barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

 “Yaşayış  minimumu  haqqında” Qanunun Аilə  Məcəlləsinin  76,  78 və 112-ci  maddələrində  nəzərdə  tutulmuş  aliment  münasibətlərinə  aid  edilməsinin  mümkünlüyünə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşagıdakıları qeyd edir.

Ailə Məcəlləsinin 1.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Konstitusiyadan, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Həmin Məcəllənin 4-cü maddəsinə görə isə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir.

Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi).

Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.

Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir.

Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən  valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

- göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.                        

5. Qərar qətidir, heç bir orqan və ya şəxs  tərəfindən  ləğv  edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

 

Sədr                                                                               Fərhad Abdullayev

 

 






 

  

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarı üzrə hakim İsa Nəcəfovun

Xüsusi Rəyi 

Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına hörmətlə yanaşaraq, eyni zamanda hüquqi mövqeylərinin əsaslandırılmasında bəzi fikir və mülahizələrimi qeyd etmək istərdim.

1.   Cəbrayıl rayon məhkəməsinin 21 aprel 2016-cı il tarixli müraciətindən görünür ki, məhkəmə Konstitusiya Məhkəməsindən “Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunlarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) 76, 78 və 112-ci maddələri ilə nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilib-edilməməsinin mümkünlüyünün şərh edilməsini xahiş etmişdir.

Hər bir qanunun tənzim edəcəyi ictimai münasibətlərin mahiyyəti və xüsusiyyətinə tam uyğun olan adı olduğundan Konstitusiya Məhkəməsinin də qərarlarının öz mahiyyət və xüsusiyyətinə tam uyğun olan adı olmalıdır.  

 Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından görünür ki, Plenum müraciətdə qoyulan məsələ ilə əlaqədar yalnız Ailə Məcəlləsinin 76, 78, 112-ci və digər normalarını izah etmiş, onları dəqiqləşdirmiş və onların bu qanunvericilikdə yerlərini göstərmişdir.

Onların “Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununları ilə funksional və başqa əlaqələri olub-olmamasını müəyyən etməmişdir.

Hətta bu qanunun müvafiq maddələrini belə tədqiq etməmişdir. Bununla da, Plenum “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 5.1-ci (konstitusiya qanununun tətbiqi dairəsi haqqında) və 90.2-ci (normativ hüquqi aktların şərh edilməsi qaydası haqqında) maddələrinin tələblərini nəzərə almamışdır.

2. Qərarın Təsviri hissəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm.

a) məhkəməni düşündürən bir çox məsələlər müraciətdə göstərilsə də, qərarda onlar çox səthi qeyd edilmişdir. Ona görə də, həmin məsələlərin zəruri olanlarını rəyimdə göstərməyi vacib sayıram.

Müraciətdə göstərilir ki, “məhkəmələr tərəfindən “alimentin minimal miqdarı” kimi müəyyən il üçün “Yaşayış minimumu haqqında” Qanunun tətbiqinin zərurəti onunla izah edilir ki, valideynlər kifayət qədər maddi imkanının olub-olmamasından asılı olmayaraq, öz uşaqlarını saxlamağa borclu olan şəxslərdir. “Alimentin minimal miqdarı”  valideynin uşağa ödəyəcəyi alimentdən əhəmiyyətli dərəcədə artiq ola bilər. Lakin bu halda biz alimentin minimal miqdarı konsepsiyasındakı çatışmazlıqla üzləşirik. Valdeynlərin öz uşaqlarını kifayət qədər saxlamağa borclu olmalarına baxmayaraq, hazırkı demokratik cəmiyyətdə onları bunu etməyə məcbur etmək imkanı yoxdur. Əgər onların gəlirləri yoxdursa və ya gəlirləri yaşayış minimumunun miqdarından azdırsa, onları artıq qazanc əldə etməyə məcbur etmək olmaz.

Əgər valideynin gəliri və əmlakı ola-ola onları gizlədirsə, bu halda alimentin tutulmasının həmin əmlaka yönədilməsi və hətta valideynin aliment ödəməkdən qərəzli boyun qaçırmağa görə cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Əgər valideynin kifayət qədər gəliri və ya əmlakı yoxdursa, aliment ödənilməsi üçün onları məcburi əməyə cəlb etmək olmaz. Belə ki, Konvensiyaya ziddir və insan hüquqlarını pozur. Bu səbəbdən alimentin miqdarı müəyyən edilərkən ödəyicinin imkanları ilə hesablaşmalı olursan”.

Məhkəmənin fikrincə, Ailə Məcəlləsində “alimentin minimum məbləği” anlayışı nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsinin Plenum qərarında Ailə Məcəlləsinin 76, 78,112-ci və digər maddələri ətraflı izah edildiyindən, dəqiqləşdirildiyindən, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin hansı qrupunun müxtəlif aspektlərini tənzimetməsi göstərildiyindən, bu haqda başqa mövqeyim olmadığından məhkəmənin müraciətdə göstərdiyi “Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunlarının aliment münasibətlərinə aid edilib-edilməməsinin mümkünlüyünün şərh edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi vacib sayıram.    

b) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30.1-ci maddəsində normativ hüquqi aktların struktur elementlərinin preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarət olması göstərilmişdir.

Həmin Qanunun 30.3-cü maddəsində isə göstərilir ki, normativ hüquqi aktın preambulası onun qəbul edilməsinin səbəblərini, şərtlərini və məqsədini əks etdirən giriş hissəsidir.

Preambulaya normativ göstərişlərin daxil edilməsinə yol verilmir.

“Yaşayış minimumu haqqında” Qanunun preambulasında göstərilir ki,  bu Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksədilməsinin prinsiplərini və qaydalarını müəyyən edir.

Həmin Qanunun 2.0-ci maddəsinə əsasən yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur.

Qanunun yaşayış minimumunun təyinatı adlanan 2-ci maddəsinə əsasən, yaşayış minimumunun müəyyən olunmasında əsas məqsəd aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılması və tətbiqi, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılması, dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının formalaşdırılmasıdır. Bir sözlə, yaşayış minimumu iqtisadi kateqoriya kimi aztəminatlılığın həddini müəyyən edir.

“Yaşayış minimumu haqqında” Qanun yaşayış minimumunu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma kimi müəyyən edir. Başqa sözlə yaşayış minimumunun əsasını minimum istehlak səbəti (insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu) təşkil edir.

Bazar iqtisadiyyatına keçid mərhələsində əhalinin, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsini gücləndirmək üçün dövlət bir sıra kompleks tədbirləri həyata keçirir. İndiki şəraitdə əhalinin sosial təminatı həyat səviyyəsinə dair sosial normativlər əsasında və ən əvvəl yaşayış minimumu bazasında qurulmalıdır. Yaşayış minimumu dedikdə, insanın əsas fizioloji və sosial-mədəni ehtiyaclarına müvafiq olaraq, onun ərzaq və qeyri-ərzaq mallarına, eləcə də müxtəlif xidmətlərə minimal tələbatının natura və dəyər formasında ifadəsi nəzərdə tutulur. Yaşayış minimumunun dəyər şəklində kəmiyyəti cəmiyyətdə qərarlaşmış istehlak səviyyəsində ayrıca bir fərdin həyat fəaliyyətini təmin edən qida məhsullarının və qeyri-ərzaq mallarının əldə edilməsi və xidmətlərdən istifadə edilməsi ilə bağlı minimal tələbatı ödəmək üçün zəruri məsrəflər səviyyəsi deməkdir.  Adından da bəlli olduğu kimi yaşayış minimumu, minimum gəlirə malik olan əhali qrupunun həyat dəyərini, tələbatını müəyyən etməyə imkan verən bir balansdır.

Bundan əlavə, yaşayış minimumu əhalinin əsas sosial-demoqrafik qrupları üzrə ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq olunur. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə aztəminatlılığın həddini müəyyən edir, yaşayış minimumuna daxil olan minimum istehlak səbətinin tərkibi isə üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.

Göründüyü kimi, bu Qanun sosial təminat sisteminə daxil olmaqla valideynlərlə uşaqlar arasında olan aliment öhdəliklərindən yaranan ictimai münasibətlərə onun aidiyyəti yoxdur.

Əmək haqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edən, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumunun” aliment münasibətlərinə tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar.

Belə ki, bu maddədə göstərilir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.  “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir.

Ailə Məcəlləsinin 4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir.

Bundan əlavə, ölkə üzrə yaşayış minimumu mütəmadi olaraq bu Qanunun tələblərinə uyğun olaraq dəyişdiyindən valideynlərlə uşaqlar arasında olan aliment münasibətlərinə bu qanunların tətbiq edilməsi iddialar üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrin stabilliyi, dəyişməməzliyi (yeni məbləğin qəbulu ilə əlaqədar əvvəlki qətnamələrə yenidən baxılması və dəyişdirilməli olması və sair) kimi prinsiplərin pozulmasına səbəb olar (belə ki, azyaşlı uşaqlar üçün yaşayış minimumu 2016-cı il üçün 117 manat, 2015-ci il üçün 108 manat, 2014-cü il üçün 103 manat, 2013-cü il üçün 93 manat və sair müəyyən olunmuşdur).

c) yuxarıda da qeyd edildiyi kimi, qanunverici Ailə Məcəlləsinin bilavasitə özündə ümumiyyətlə alimentin minimum miqdarına dair hər hansı definisiya müəyyənləşdirmir. Əksinə, bu Məcəllənin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və  diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbətilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının  yaşayış minimumu ilə əlaqəli təyin olunmasını əks etdirən hər hansı qayda  mövcud deyildir. Göstərilən normanın məzmunu isə belə qənaətə gəlməyə əsas verir ki, qanunvericinin bazar iqtisadiyyatı mühitində sosial–iqtisadi inkişafın  səviyyəsini, məşğulluq  göstəricilərini və sair nəzərdən qaçırmayaraq  məntiqi baxımdan, alimentin miqdarının təyin olunması zamanı, uşaqlarla yanaşı valideynlərin (tərəflərin) də qanuni maraqlarının təmin olunmasına  yönələn  qayda müəyyənləşdirməklə aliment münasibətlərində  sabit  meyyar kimi yalnız payları nəzərdə tutulmuşdur. Doğrudur, adı çəkilən Məcəllənin 78-ci maddəsində  uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasına dair qayda da mövcuddur. Bununla belə yuxarıda vurğulandığı kimi, alimentin miqdarının (sorğuda göstərilən minimum miqdarının) qanun və ya hər hansı digər normativ hüquqi aktın müddəalarından irəli gələn tələb kimi yaşayış minimumu ilə əlaqə və asılılığının olmaması həm paylara uyğun, həm də sabit pul məbləğində təyin edilən alimentin miqdarının minimum yayayış həddi məbləğindən yuksək, ona bərabər olmaqla yanaşı daha aşağı səviyyədə müəyyənləşdirilməsini də qaçılmaz edir.                                                    

Bu baxımdan Məcəlləni həcmə görə geniş şərh etməklə onun özündə birbaşa nəzərdə tutulmayan, digər ictimai münsibətləri nizamlayan və ailə qanunvericiliyinə aidiyyəti olmayan normativ hüquqi akta əsaslanaraq “alimentin minimum miqdarı” definisiyası ilə zənginləşdirmək hüquqi nöqteyi nəzərdən xətalı sayılmaqla yanaşı, aliment münasibətlərində valideynlər (tərəflər) barəsində qanunda nəzərdə tutulduğundan daha artıq öhdəliyin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, bu cür yanaşma təcrübədə valideynlərin (tərəflərin) himayəsində olan digər şəxslərin maraqlarının məntiqi baxımdan inkarına da səbəb olur. Bununla belə onu da qeyd edirəm ki,  həmin Məcəllənin 76.2-ci maddəsinə uyğun olaraq aliment payların miqdarının artırılıb-azadılması ilə əlaqədar məhkəmələrə edilən müraciətlərdə  yaşayış minimumu əsaslandırılma kimi istifadə oluna bilər.

Beləliklə, hesab edirəm ki, valideynlərlə uşaqlar arasında aliment öhdəliklərindən əmələ gələn ictimai münasibətlər Ailə Məcəlləsinin müddəaları (maddələri) ilə tənzimlənir.

Uşaqların saxlanması üçün alimentin məhkəmələr tərəfindən sabit pul məbləği ilə müəyyən edilməsi, həmçinin məhkəmələr tərəfindən alimentin miqdarı (minimum miqdarı) müəyyən edildikdən sonra alimentin miqdarının dəyişdirilməsi barədə tələblərə məhkəmələr tərəfindən baxılarkən tutulmalı olan alimentin miqdarı məhkəmə tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə müvafiq olaraq müəyyən edilməlidir.

“Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununlarına əsasən, məhkəmələrin aliment işlərinə baxarkən təcrübədə formalaşdırdığı “alimentin minimum məbləği” müddəası Ailə Məcəlləsinə müvafiq deyildir. Onun məhkəmə qərarlarında aliment münasibətlərinə aid edilməsi yolverilməzdir. Çünki bu, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin III hissəsinə ziddir.


Hakim                                                         İ.Nəcəfov