AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Аzərbаycаn Respublikası Аilə
Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair
27 iyul 2016-cı il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova,
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov
(məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Astara
Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulovun, Azərbaycan Respublikası Milli
Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Məhəmməd
Baziqovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali
Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi
Abiddin Hüseynovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, Cəbrayıl Rayon Məhkəməsinin
müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında
“Yaşayış minimumu haqqında” Azərbaycan
Respublikası Qanununun Аzərbаycаn Respublikası
Аilə Məcəlləsinin 76, 78 və 112-ci
maddələri ilə nəzərdə tutulmuş aliment
münasibətlərinə aid edilməsinin mümkünlüyünün şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini,
maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib,
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Cəbrаyil Rayon Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) müraciət edərək, “Yaşayış minimumu haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Yaşayış minimumu haqqında” Qanun) və “Azərbaycan
Respublikasında 2016-cı il üçün
yaşayış minimumu haqqında” Azərbaycan Respublikası
Qanununun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin (bundan
sonra – Ailə Məcəlləsi) 76, 78 və 112-ci maddələrində
nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin
mümkünlüyünün şərh olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilir ki, iddiaçı
F.Aslanlı Cəbrаyıl Rayon Məhkəməsinə ərizə verərək, oğlu M.Siyablının
saxlanılması üçün cavabdeh V.Siyabovdan onun xeyrinə alimentin miqdarının
dəyişdirilərək 117 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini
xahiş etmişdir. İddiа оnunlа əsaslаndırılmışdır ki, həmin Məhkəmənin 23
may 2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən oğlunun yetkinlik yaşına
çatana kimi saxlanılması üçün 50 manat sabit pul məbləğində alimentin təyin
olunmasından uzun müddət keçmiş, həmin müddət ərzində bazar qiymətləri artmış
və bunun nəticəsində uşağın saxlanılması çətinləşmişdir.
Cavabdeh öz növbəsində qarşılıqlı iddia
ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın saxlanılması üçün qazancının və
digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə
qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında o, vəsatət qaldıraraq, iş
üzrə icraatın dayandırılmasını və “Yaşayış minimumu haqqında”
Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələri ilə nəzərdə tutulmuş aliment
münasibətlərinə aid edilməsinin mümkünlüyünün şərh edilməsi barədə Konstitusiya
Məhkəməsinə müraciət edilməsini xahiş etmişdir. Məhkəmənin 7 aprel 2016-cı il
tarixli qərardadı ilə vəsatət təmin edilmişdir.
Cəbrаyıl Rayon Məhkəməsinin
mövqeyinə görə, yaşayış minimumunun aliment münasibətlərinə aid edilməsi
təcrübədə qeyri-müəyyənliklər yaradır, bu isə tərəflərin hüquq və
azadlıqlarının məhkəmədə müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki,
məhkəmələr tərəfindən alimentin təyin edilməsi ilə bağlı işlərə baxılarkən ailə
qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün
tərəflərin maddi və ailə vəziyyəti deyil, məhz “Yaşayış
minimumu haqqında” Qanunun normaları əsas götürülür.
Müraciətedənin fikrincə, əgər
valideynlərin gəliri yoxdursa və ya yaşayış minimumunun miqdarından azdırsa,
onları artıq qazanc əldə etməyə məcbur etmək neqativ halların baş
verməsinə səbəb ola bilər. Belə ki, məhkəmə təcrübəsində aliment ödəmək imkanı
olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati
və cinayət məsuliyyətinə cəlb edilməsi hallarına rast gəlinir.
Konstitusiya Məhkəməsinin Plenumu
müraciətdə qaldırılan məsələ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab
edir.
Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 17-ci maddəsinin I və II hissələrinə əsasən,
cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların
qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun
yerinə yetirilməsinə dövlət nəzarət edir.
Konstitusiyanın 34-cü maddəsinin III və IV
hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə
edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm
hüququ, həm də borcudur.
Konstitusiyada təsbit olunmuş insan hüquq
və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin
gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır.
Azərbaycan Respublikası 21 iyul 1992-ci il
tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş,
1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi
haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də Beynəlxalq Əmək Təşkilatının bir
sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur.
“Uşaq hüquqları haqqında” Konvensiyanın
18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və
inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin
tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın
tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda
qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı
obyektidir.
”İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə
görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə,
habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər
mülki-hüquqi cavabdehlik daşıyırlar.
“Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu
maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri
vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında
tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin
inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq
və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh
edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi
mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək
mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması
Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir.
Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət
şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil
almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və
onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir.
Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz
maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət
olunması hüququ vardır.
Konstitusiya Məhkəməsinin Plenumu
müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün Ailə Məcəlləsinin
müvafiq normalarının Konstitusiyanın və beynəlxalq hüquqi aktların yuxarıda
göstərilən prinsipləri kontekstində şərh edilməsini vacib hesab edir.
Ailədə uşaqların hüquqlarının və
mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin
hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur.
Ailə Məcəlləsi Konstitusiyada nəzərdə
tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə
münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin
prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini,
dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti
aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən,
nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması
qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və
uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə
başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak
münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların
tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
Ailə Məcəlləsinin 11-ci fəslində ailədə
uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və
tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə
ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın
əmlak hüquqlarından və s. bəhs olunur.
Həmin Məcəllənin 49.2 və 49.3-cü
maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz
valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın
maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna
malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının
təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna
malikdir.
Qeyd edilməlidir ki, ailə
qanunvericiliyində uşaqların müstəqil subyekt kimi tanınması Konstitusiyanın və
“Uşaq hüquqları haqqında” Konvensiyanın və digər beynəlxalq hüquqi aktların
tələblərindən irəli gəlir.
Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq
konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları
saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci
maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını
saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
Göründüyü kimi, qanunverici yetkinlik
yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən
etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik
vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu
vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
Valideynlər Ailə Məcəlləsinin 16-cı
fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş
(aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər
uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment)
valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə
valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları
saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti
orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə
valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə
Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri).
Göründüyü kimi, ailə qanunvericiliyində
aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir:
- könüllü - uşaqları saxlamaq barədə
saziş əsasında (aliment ödənilməsi barədə saziş);
- məcburi - məhkəmə qərarı əsasında.
Aliment öhdəliyi dedikdə, ailə
münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında
yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər
tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya
qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti)
ödəməyə borclu olur.
Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən,
ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin
13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə
müraciət edə bilərlər.
Ailə qanunvericiliyində məhkəmə qaydasında
alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir:
- aliment ödəyənin aylıq qazancının
(gəlirinin) müəyyən hissəsi miqdarında;
- sabit pul məbləğində.
Ailə Məcəlləsinin 76.1-ci maddəsinə
əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların
valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
- 1 uşağa görə - qazancın və (və ya)
valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
- 2 uşağa görə - qazancın (başqa
gəlirlərin) üçdə bir hissəsi;
- 3 və daha çox uşağa görə - qazancın
(başqa gəlirlərin) yarısı.
Ailə Məcəlləsinin 78.1-ci maddəsinin
tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara
aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan
valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın
(gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici
valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə
alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması
mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının
əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün
vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə
tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm
sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq
qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Qanunverici göstərilən maddədə valideynlər
arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş
olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə
əsasını müəyyən etmişdir:
aliment verməyə borclu olan valideynin
qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa;
aliment verməyə borclu olan valideyn
qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta
ilə alırsa;
aliment verməyə borclu olan valideynin
qazancı və ya sair gəliri yoxdursa;
alimentin valideynin qazancından
(gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi
və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa
hallarda.
Bu əsaslardan hər hansı biri mövcud
olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul
məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən
hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə
əsaslandırmalıdır.
Qanunvericinin yuxarıda göstərilən maddədə
müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit
məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə
bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni
qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü
əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd
olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən
etmişdir.
Eyni zamanda, ailə qanunvericiliyi hər iki
qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi
hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə
görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə
tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa
hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən,
sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə
vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki
təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq
müəyyən edilir.
Qanunverici bu maddədə alimentin miqdarı
müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması
vəzifəsini qoymuşdur:
tərəflərin maddi və ailə vəziyyəti;
diqqətəlayiq digər hallar;
uşağın əvvəlki təminatının səviyyəsi.
Məhkəmə tərəfindən tərəflərin maddi
vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi
kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı
peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə
yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının
olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s.
qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
Ailə vəziyyətinin araşdırılması zamanı
məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların
olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin
miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb
ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.
Diqqətəlayiq digər halların araşdırılması
zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini,
öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.)
olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
Uşağın əvvəlki təminatının səviyyəsinin
araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında”
Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan
maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil
müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı
qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla,
müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə
almalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan
uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün
valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən
qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart
2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq
xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları
haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı
müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal
saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə
və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin
birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə
uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait
ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki
təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın
məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər
dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən
qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin
mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan
şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən
xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.)
məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının
aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox
vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək
haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan
sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından
yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin
miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən
aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən
şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması,
eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı
ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul
edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin
başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının
həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun
maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə
iştirak etməyə cəlb olunmalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun bir sıra
qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən
müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya
digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu
qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən
şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli,
araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın
göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il
tarixli Qərar).
Mülki prosessual qanunvericilikdə müəyyən
edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi
istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq
mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif
edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya
məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və
iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları
müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə
vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün
əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və
olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən
şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi
sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq
üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş
ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin
tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara
obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq
edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə
üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1, 77.3,
78.1, 78.2, 80, 88-ci maddələri).
Beləliklə, uşaqların saxlanılması üçün
aliment tutulması barədə iddiaya baxarkən məhkəmə Ailə Məcəlləsinin tələblərinə
əsasən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına
müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən
məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən
tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın
əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.
Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci
maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda
məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən
birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən
istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər
və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da
nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması)
barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi
rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin
ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və
alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə
və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
“Yaşayış minimumu
haqqında” Qanunun Аilə Məcəlləsinin 76, 78 və 112-ci
maddələrində nəzərdə tutulmuş aliment
münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə isə
Konstitusiya Məhkəməsinin Plenumu aşagıdakıları qeyd edir.
Ailə Məcəlləsinin 1.1-ci maddəsinə müvafiq
olaraq, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Konstitusiyadan, bu
Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq
qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
Həmin Məcəllənin 4-cü maddəsinə görə isə
bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə
qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə
mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları
tətbiq edilir.
Ailə üzvləri arasında yaranan münasibətlər
ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və
həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda,
ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri
tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar
olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və
mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət
prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi).
Bu baxımdan məhkəmə alimentin miqdarını,
ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən
normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.
Mülki Prosessual Məcəllənin 13.1-ci
maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının
Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara,
Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu
beynəlxalq müqavilələrə əsasən həll edir.
Bu baxımdan nikahın pozulması ilə əlaqədar
uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun
sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində
olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən
qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin
aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment
ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca
malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad
etmir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
aliment ödənilməsi barədə saziş olmadıqda
məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış
hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və
diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də
qiymət verməlidir.
- göstərilən hallara qiymət verərkən
məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü
maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq
hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər
tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Aliment ödənilməsi barədə saziş
olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci
maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki
tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın
əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara
qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında”
Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum
dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
3. Qərar dərc olunduğu gündən qüvvəyə
minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq
qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr
Fərhad Abdullayev
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarı üzrə hakim İsa Nəcəfovun
Xüsusi Rəyi
Konstitusiya Məhkəməsinin 27
iyul 2016-cı il tarixli qərarına hörmətlə yanaşaraq, eyni zamanda hüquqi
mövqeylərinin əsaslandırılmasında bəzi fikir və mülahizələrimi qeyd etmək istərdim.
1.
Cəbrayıl
rayon məhkəməsinin 21 aprel 2016-cı il tarixli müraciətindən görünür ki, məhkəmə
Konstitusiya Məhkəməsindən “Yaşayış minimumu haqqında” və “Azərbaycan
Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan
Respublikasının Qanunlarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan
sonra Ailə Məcəlləsi) 76, 78 və 112-ci maddələri ilə nəzərdə tutulmuş aliment
münasibətlərinə aid edilib-edilməməsinin mümkünlüyünün şərh edilməsini xahiş
etmişdir.
Hər
bir qanunun tənzim edəcəyi ictimai münasibətlərin mahiyyəti və xüsusiyyətinə
tam uyğun olan adı olduğundan Konstitusiya Məhkəməsinin də qərarlarının öz
mahiyyət və xüsusiyyətinə tam uyğun olan adı olmalıdır.
Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından
görünür ki, Plenum müraciətdə qoyulan məsələ ilə əlaqədar yalnız Ailə Məcəlləsinin
76, 78, 112-ci və digər normalarını izah etmiş, onları dəqiqləşdirmiş və onların
bu qanunvericilikdə yerlərini göstərmişdir.
Onların
“Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün
yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununları ilə
funksional və başqa əlaqələri olub-olmamasını müəyyən etməmişdir.
Hətta
bu qanunun müvafiq maddələrini belə tədqiq etməmişdir. Bununla da, Plenum
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununun 5.1-ci (konstitusiya qanununun tətbiqi dairəsi haqqında) və 90.2-ci (normativ
hüquqi aktların şərh edilməsi qaydası haqqında) maddələrinin tələblərini nəzərə
almamışdır.
2. Qərarın Təsviri
hissəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm.
a) məhkəməni
düşündürən bir çox məsələlər müraciətdə göstərilsə də, qərarda onlar çox səthi
qeyd edilmişdir. Ona görə də, həmin məsələlərin zəruri olanlarını rəyimdə göstərməyi
vacib sayıram.
Müraciətdə göstərilir ki, “məhkəmələr tərəfindən
“alimentin minimal miqdarı” kimi müəyyən il üçün “Yaşayış minimumu haqqında”
Qanunun tətbiqinin zərurəti onunla izah edilir ki, valideynlər kifayət qədər
maddi imkanının olub-olmamasından asılı olmayaraq, öz uşaqlarını saxlamağa
borclu olan şəxslərdir. “Alimentin minimal miqdarı” valideynin uşağa ödəyəcəyi alimentdən əhəmiyyətli
dərəcədə artiq ola bilər. Lakin bu halda biz alimentin minimal miqdarı
konsepsiyasındakı çatışmazlıqla üzləşirik. Valdeynlərin öz uşaqlarını kifayət qədər
saxlamağa borclu olmalarına baxmayaraq, hazırkı demokratik cəmiyyətdə onları
bunu etməyə məcbur etmək imkanı yoxdur. Əgər onların gəlirləri yoxdursa və ya gəlirləri
yaşayış minimumunun miqdarından azdırsa, onları artıq qazanc əldə etməyə məcbur
etmək olmaz.
Əgər valideynin gəliri və əmlakı ola-ola onları
gizlədirsə, bu halda alimentin tutulmasının həmin əmlaka yönədilməsi və hətta
valideynin aliment ödəməkdən qərəzli boyun qaçırmağa görə cinayət məsuliyyətinə
cəlb edilməsi mümkündür. Əgər valideynin kifayət qədər gəliri və ya əmlakı
yoxdursa, aliment ödənilməsi üçün onları məcburi əməyə cəlb etmək olmaz. Belə
ki, Konvensiyaya ziddir və insan hüquqlarını pozur. Bu səbəbdən alimentin
miqdarı müəyyən edilərkən ödəyicinin imkanları ilə hesablaşmalı olursan”.
Məhkəmənin fikrincə, Ailə Məcəlləsində “alimentin
minimum məbləği” anlayışı nəzərdə tutulmamışdır.
Konstitusiya Məhkəməsinin Plenum qərarında Ailə Məcəlləsinin
76, 78,112-ci və digər maddələri ətraflı izah edildiyindən, dəqiqləşdirildiyindən,
onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin hansı qrupunun
müxtəlif aspektlərini tənzimetməsi göstərildiyindən, bu haqda başqa mövqeyim
olmadığından məhkəmənin müraciətdə göstərdiyi “Yaşayış minimumu haqqında” və
“Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan
Respublikasının Qanunlarının aliment münasibətlərinə aid edilib-edilməməsinin
mümkünlüyünün şərh edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi vacib
sayıram.
b) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 30.1-ci maddəsində normativ hüquqi
aktların struktur elementlərinin preambuladan, bölmədən, fəsildən, maddədən,
hissədən, bənddən, yarımbənddən və abzasdan ibarət olması göstərilmişdir.
Həmin Qanunun 30.3-cü maddəsində isə göstərilir ki,
normativ hüquqi aktın preambulası onun qəbul edilməsinin səbəblərini,
şərtlərini və məqsədini əks etdirən giriş hissəsidir.
Preambulaya normativ göstərişlərin daxil edilməsinə
yol verilmir.
“Yaşayış minimumu haqqında” Qanunun preambulasında
göstərilir ki, bu Qanun Azərbaycan
Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət
təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış
minimumunun yüksədilməsinin prinsiplərini və qaydalarını müəyyən edir.
Həmin Qanunun 2.0-ci maddəsinə əsasən yaşayış
minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur.
Qanunun yaşayış minimumunun təyinatı adlanan 2-ci
maddəsinə əsasən, yaşayış minimumunun müəyyən olunmasında əsas məqsəd
aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin
formalaşdırılması və tətbiqi, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və
proqnozlaşdırılması, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə
cəlb edilməyən həddinin əsaslandırılması, dövlət büdcəsinin, yerli büdcələrin,
büdcədənkənar dövlət fondlarının formalaşdırılmasıdır. Bir sözlə, yaşayış
minimumu iqtisadi kateqoriya kimi aztəminatlılığın həddini müəyyən edir.
“Yaşayış minimumu haqqında” Qanun yaşayış minimumunu –
minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial
norma kimi müəyyən edir. Başqa sözlə yaşayış minimumunun əsasını minimum
istehlak səbəti (insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi
üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar
əsasında müəyyən edilmiş toplusu) təşkil edir.
Bazar iqtisadiyyatına keçid mərhələsində əhalinin,
xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsini gücləndirmək üçün dövlət
bir sıra kompleks tədbirləri həyata keçirir. İndiki şəraitdə əhalinin sosial
təminatı həyat səviyyəsinə dair sosial normativlər əsasında və ən əvvəl yaşayış
minimumu bazasında qurulmalıdır. Yaşayış minimumu dedikdə, insanın əsas
fizioloji və sosial-mədəni ehtiyaclarına müvafiq olaraq, onun ərzaq və
qeyri-ərzaq mallarına, eləcə də müxtəlif xidmətlərə minimal tələbatının natura
və dəyər formasında ifadəsi nəzərdə tutulur. Yaşayış minimumunun dəyər şəklində
kəmiyyəti cəmiyyətdə qərarlaşmış istehlak səviyyəsində ayrıca bir fərdin həyat
fəaliyyətini təmin edən qida məhsullarının və qeyri-ərzaq mallarının əldə
edilməsi və xidmətlərdən istifadə edilməsi ilə bağlı minimal tələbatı ödəmək
üçün zəruri məsrəflər səviyyəsi deməkdir.
Adından da bəlli olduğu kimi yaşayış minimumu, minimum gəlirə malik olan
əhali qrupunun həyat dəyərini, tələbatını müəyyən etməyə imkan verən bir
balansdır.
Bundan əlavə, yaşayış minimumu əhalinin əsas
sosial-demoqrafik qrupları üzrə ildə bir dəfə yenidən hesablanır və dövlət
büdcəsi ilə birgə təsdiq olunur. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə
aztəminatlılığın həddini müəyyən edir, yaşayış minimumuna daxil olan minimum
istehlak səbətinin tərkibi isə üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.
Göründüyü kimi, bu Qanun sosial təminat sisteminə
daxil olmaqla valideynlərlə uşaqlar arasında olan aliment öhdəliklərindən
yaranan ictimai münasibətlərə onun aidiyyəti yoxdur.
Əmək haqqının minimum
məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər
ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə
ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edən, ölkə üzrə təsdiq
olunmuş “yaşayış minimumunun”
aliment münasibətlərinə tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə
qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin
1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar.
Belə ki, bu maddədə göstərilir ki, Azərbaycan
Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş
digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
“Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə
uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir.
Ailə Məcəlləsinin 4-cü maddəsində göstərilir ki, bu
Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə
qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə
mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları
tətbiq edilir.
Bundan əlavə, ölkə üzrə yaşayış minimumu mütəmadi
olaraq bu Qanunun tələblərinə uyğun olaraq dəyişdiyindən valideynlərlə uşaqlar
arasında olan aliment münasibətlərinə bu qanunların tətbiq edilməsi iddialar
üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrin stabilliyi,
dəyişməməzliyi (yeni məbləğin qəbulu ilə əlaqədar əvvəlki qətnamələrə yenidən
baxılması və dəyişdirilməli olması və sair) kimi prinsiplərin pozulmasına səbəb
olar (belə ki, azyaşlı uşaqlar üçün yaşayış minimumu 2016-cı il üçün 117 manat,
2015-ci il üçün 108 manat, 2014-cü il üçün 103 manat, 2013-cü il üçün 93 manat
və sair müəyyən olunmuşdur).
c) yuxarıda da qeyd edildiyi kimi, qanunverici Ailə
Məcəlləsinin bilavasitə özündə ümumiyyətlə alimentin minimum miqdarına dair hər
hansı definisiya müəyyənləşdirmir. Əksinə, bu Məcəllənin təhlilindən aydın olur
ki, uşaqlar üçün
məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti
və diqqətəlayiq olan başqa hallar nəzərə
alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların
sayından asılı edilən pay nisbətilə
tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqəli təyin olunmasını
əks etdirən hər hansı qayda mövcud
deyildir. Göstərilən normanın məzmunu isə belə qənaətə gəlməyə əsas verir ki,
qanunvericinin bazar iqtisadiyyatı mühitində sosial–iqtisadi inkişafın səviyyəsini, məşğulluq göstəricilərini və sair nəzərdən
qaçırmayaraq məntiqi baxımdan, alimentin
miqdarının təyin olunması zamanı, uşaqlarla yanaşı valideynlərin (tərəflərin)
də qanuni maraqlarının təmin olunmasına
yönələn qayda müəyyənləşdirməklə
aliment münasibətlərində sabit meyyar kimi yalnız payları nəzərdə
tutulmuşdur. Doğrudur, adı çəkilən Məcəllənin 78-ci maddəsində uşaqların saxlanılması üçün alimentin sabit
pul məbləğində tutulmasına dair qayda da mövcuddur. Bununla belə yuxarıda
vurğulandığı kimi, alimentin miqdarının (sorğuda göstərilən minimum miqdarının)
qanun və ya hər hansı digər normativ hüquqi aktın müddəalarından irəli gələn tələb
kimi yaşayış minimumu ilə əlaqə və asılılığının olmaması həm paylara uyğun, həm
də sabit pul məbləğində təyin edilən alimentin miqdarının minimum yayayış həddi
məbləğindən yuksək, ona bərabər olmaqla yanaşı daha aşağı səviyyədə müəyyənləşdirilməsini
də qaçılmaz edir.
Bu baxımdan Məcəlləni
həcmə görə geniş şərh etməklə onun özündə birbaşa nəzərdə tutulmayan, digər
ictimai münsibətləri nizamlayan və ailə qanunvericiliyinə aidiyyəti olmayan
normativ hüquqi akta əsaslanaraq “alimentin minimum miqdarı” definisiyası ilə zənginləşdirmək
hüquqi nöqteyi nəzərdən xətalı sayılmaqla yanaşı, aliment münasibətlərində
valideynlər (tərəflər) barəsində qanunda nəzərdə tutulduğundan daha artıq öhdəliyin
yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, bu cür yanaşma təcrübədə
valideynlərin (tərəflərin) himayəsində olan digər şəxslərin maraqlarının məntiqi
baxımdan inkarına da səbəb olur. Bununla belə onu da qeyd edirəm ki, həmin Məcəllənin 76.2-ci maddəsinə uyğun
olaraq aliment payların miqdarının artırılıb-azadılması ilə əlaqədar məhkəmələrə
edilən müraciətlərdə yaşayış minimumu əsaslandırılma
kimi istifadə oluna bilər.
Beləliklə, hesab edirəm ki, valideynlərlə uşaqlar
arasında aliment öhdəliklərindən əmələ gələn ictimai münasibətlər Ailə
Məcəlləsinin müddəaları (maddələri) ilə tənzimlənir.
Uşaqların saxlanması üçün alimentin məhkəmələr
tərəfindən sabit pul məbləği ilə müəyyən edilməsi, həmçinin məhkəmələr
tərəfindən alimentin miqdarı (minimum miqdarı) müəyyən edildikdən sonra alimentin
miqdarının dəyişdirilməsi barədə tələblərə məhkəmələr tərəfindən baxılarkən
tutulmalı olan alimentin miqdarı məhkəmə tərəfindən Azərbaycan Respublikası
Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə müvafiq olaraq
müəyyən edilməlidir.
“Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununlarına əsasən, məhkəmələrin aliment işlərinə baxarkən təcrübədə formalaşdırdığı “alimentin minimum məbləği” müddəası Ailə Məcəlləsinə müvafiq deyildir. Onun məhkəmə qərarlarında aliment münasibətlərinə aid edilməsi yolverilməzdir. Çünki bu, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin III hissəsinə ziddir.
Hakim İ.Nəcəfov