AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair
02 noyabr 2010-cu il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Fikrət Babayev,
Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov
(məruzəçi-hakim), Sona Salmanova və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi
Vüqar Zeynalovun,
maraqlı subyektlərin
nümayəndələri Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Fuad Talışinskinin,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik
şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Mülki proses, əmək
və ekologiya hüququ kafedrasının müəllimi, hüquq elmləri doktoru Məhəbbət Dəmirçiyevanın iştirakı ilə
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya
icraatı üzrə açıq məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
307.2.4-cü maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin
07 iyun 2010-cu il tarixli müraciəti ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Yasamal
rayon məhkəməsi icraatında olan iş üzrə mülki prosessual hüquq normasının tətbiqi
ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
(bundan sonra – MPM) 307.2.4-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilir
ki, MPM-in 307.2.4-cü maddəsinə görə məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində
müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş
hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə
baxır. Lakin, MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulan «qanunla müəyyən edilmiş
hallarda» müddəası təcrübədə qeyri-müəyyənlik yaradır.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin araşdırılması üçün ilk növbədə
nikahın anlayışına, məqsədinə, habelə Konstitusiyada və qanunvericilikdə nikah münasibətlərini
tənzimləyən prinsiplərə nəzər salmaq lazımdır.
Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin I hissəsinə müvafiq
olaraq cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Dövlətin
ailə siyasətinin məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi və onun əsas
funksiyalarının realizə eldilməsi üçün zəruri şəraitin təmin edilməsindən ibarətdir.
Təsadüfi deyildir
ki, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyanın əsas insan
və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın
34-cü maddəsinin I və II hissəsələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş
yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır.
Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
Konstitusiyanın
göstərilən normasında nikah hüququnu tənzimləyən bir sıra əsas prinsiplər öz əksini
tapmışdır. Bunlardan ən əsası kişi və qadının nikah ittifaqının konüllülüyü və iradə
sərbəstliyi prinsipidir. Nikah münasibətlərinin əmələ gəlməsi və ya xitamı bu münasibətlərin
iştirakçılarının iradə ifadəsinə və könüllülüyünə əsaslanır.
Bu hüquq İnsan
hüquqları haqqında Ümumi Bəyannamənin 29-cu maddəsində, Vətəndaş və siyasi hüquqlar
haqqında Beynəlxalq Paktın 21-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında Avropa Konvensiyasının 12-ci maddəsində təsbit olunmuşdur. Sözü
gedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi,
milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq,
ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam
razılığı əsasında bağlana bilər.
Nikah və ailə münasibətləri
Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixdə qəbul edilmiş Azərbaycan
Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir.
Ailə Məcəlləsinin
2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının
könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq
əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına
və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan
üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun
həyata keçirilir.
Nikah kişi ilə
qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan
könüllü ittifaqıdır (Ailə Məcəlləsinin 2.3-cü maddəsi).
Kişi və qadının
nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin
və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər
və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü
razılığı nikahın bağlanmasının əsas şərtidir.
Ailə Məcəlləsinin
1.4-cü maddəsində təsbit olunmuş digər mühüm prinsipə əsasən Azərbaycan Respublikasında
nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata
keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
Bu prinsip onu
ifadə edir ki, yalnız rəsmi qeydə alınmış nikahdan törəyən hüquqi və sosial nəticələr
dövlət tərəfindən hüquqi fakt kimi qəbul olunur.
Yuxarıda göstərilənlərdən
belə nəticəyə gəlinir ki, mövcud qanunvericiliyin mənasına görə ailə münasibətlərinə
könüllü və iradə sərbəstliyi əsasında daxil olan qadın və kişinin nikahı yalnız
dövlətin müəyyən etdiyi qaydada rəsmiləşdirildikdən sonra tanınır.
Bununla yanaşı,
dövlət orqanlarında bağlanmayan nikah (faktiki nikah) hüquqi nəticə yaratmır.
Qanunvericilik
fərdlərin öz dini adət-ənənələrinə uyğun nikaha daxil olmasına qadağa qoymur, sadəcə,
belə nikah heç bir hüquqi nəticələr doğurmur.
Belə ki, Ailə Məcəlləsinin
1.5-ci maddəsinə görə dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.
Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara
və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması
və ölüm haqqında sənədlərə aid deyildir.
Bununla belə faktiki
nikah münasibətləri üçün həm keçmiş, həm də qüvvədə olan qanunvericiliyin yalnız
bir istisnası nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının
1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş MPM-in 251-ci maddəsinin
4-cü bəndində qeyd olunurdu ki, ər-arvaddan birinin vəfat etməsi nəticəsində nikah
vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında qeyd edilə bilməzsə, qanunla
müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktı haqqında işlərə
məhkəmə baxa bilər.
Azərbaycan Respublikasının
1969-cu il 26 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Nikah və Ailə Məcəlləsinin
6-cı maddəsinə görə nikah və ailə münasibətlərinin hüquqi tənzimi yalnız dövlət
tərəfindən həyata keçirilir. Yalnız vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət
orqanlarında bağlanmış nikah tanınır. Nikahın dini mərasimi, eləcə də digər dini
mərasimlər hüquqi əhəmiyyətə malik deyildir.
«Nikahda olmayan
valideynlərdən doğulmuş uşaqlar haqqında» SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul
1944-cü il tarixli Fərmanına əsasən yalnız bu Fərmanın qəbuluna qədər faktiki nikah
münasibətlərində olan şəxslərin nikahları tanına bilərdi.
Həmin fərmanla
faktiki nikah münasibətlərində olan ər-arvadın nikahının rəsmi tanınması (qanuniləşdirilməsi)
üçün VVAQ orqanlarında qeydə alınması tələb olunurdu. Məhz 1944-cü ilədək mövcud
olmuş faktiki nikah münasibətləri tanındığına görə qanunvericilikdə yalnız
1944-cü ilin iyulun 8-dən əvvəl başlanıb və ər-arvaddan birinin vəfatına qədər davam
edən hallarda faktiki nikah münasibətlərində olma faktının məhkəmələr tərəfindən
tanınmasına yol verilmişdir.
Bu məsələ hazırda
qüvvədə olan qanunvericilikdə də eyni qaydada tənzimlənir.
Qeyd edildiyi kimi
MPM-in 307.2.4-cü maddəsinə görə məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində
müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş
hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə
baxır.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq olunmuş
«Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 3.19-cu maddəsinə
əsasən 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər
faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə
bilərlər. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən
biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi
faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən
nikah münasibətlərinin başlanması vaxtını göstərir.
Beləliklə, MPM-in
307.2.4-cü maddəsində nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı
1944-cü ilin iyulun 8-dən qabaq başlanıb, ər-arvadın birinin vəfatına qədər davam
etdiyi halları nəzərdə tutur.
Bununla belə nəzərə
alınmalıdır ki, həmin tarixdən yarım əsrdən artıq zaman keçdiyindən 1944-cü ilin
iyulun 8-dək faktiki nikah münasibətlərində olma faktının tanınması ilə bağlı belə
nikahın tərəflərindən birinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımından
real görünmür.
Qeyd edilməlidir
ki, oxşar müddəa 14 noyabr 2002-ci ildə qəbul edilmiş Rusiya Federasiyasının yeni
MPM-dən çıxarılmışdır.
Göstərilənləri
nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, MPM-in
307.2.4-cü maddəsi Konstitusiyanın və ailə qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmalıdır.
Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 14-cü bəndinə əsasən ailə münasibətləri, o cümlədən
himayəçilik və qəyyumluğa dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli
Məclisi müəyyən edir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinə MPM-nin
307.2.4-cü maddəsinin Konstitusiyanın 34-cü maddəsinin I və II hissəsələri və ailə
qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması tövsiyə edilməlidir.
Azərbaycan Respublikasının
Milli Məclisi MPM-nin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr
nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr
qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki
nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65, 66, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikasının Milli Məclisinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
307.2.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin
I və II hissəsələri və ailə qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması tövsiyə
edilsin.
2. Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə
dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah
münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından,
1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma
faktı onlar tərəfindən müəyyən edilə bilməz.
3. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan»,
«Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna
bilməz.
Sədrlik
edən
Fərhad Abdullayev
Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinin şərh edilməsi barədə Konstitusiya Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli Qərarı üzrə Konstitusiya Məhkəməsinin hakimi İ.Nəcəfovun
XÜSUSI RƏYI
04 noyabr 2010 il Bakı şəhəri
Bakı şəhəri
Yasamal rayon məhkəməsi icraatında olan iş üzrə mülki prosessual hüquq
normasının tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 307.2.4-cü
maddəsinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdə
göstərilən mülki işin materiallarından görünür ki, ərizəçi Povetkina Lidiya
Qeorqiyevna Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, 29.11.2009-cu
il tarixdə vəfat etmiş Naibov Firdovsi Qiyas oğlu ilə faktiki nikah
münasibətlərində olma faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
Ərizəçi birinci instansiya məhkəməsinə müraciətini vərəsəlik hüquqlarının
həyata keçirilməsi ilə əlaqələndirmişdir.
Birinci
instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə müvafiq olaraq işin
faktiki hallarını tədqiq etmiş, ərizəçinin, şahidlərin və maraqlı şəxslərin
ifadələrini dinləmiş, lakin hüquq tətbiqetmə baxımından müəyyən çətinliklərlə
üzləşmişdir.
MPM-in
307.2.4-cü maddəsinin göstərişinə görə məhkəmə ər-arvaddan birinin vəfat etməsi
nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə,
qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktını
müəyyən edir.
Müraciətdə göstərilir ki, MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulan «qanunla
müəyyən edilmiş hallarda» müddəanın hansı mənanın daşıyıcısı olması
qeyri-müəyyənlik yaradır.
«Konstitusiya
Məhkəməsi haqqında» Qanun 64-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü
maddəsinin şərh edilməsinə dair 02 noyabr 2010-cu il tarixli Qərarının
təsviri-əsaslandırıcı hissəsilə tam və nəticə hissəsilə isə qismən razı
deyiləm.
Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsində
ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında
nikah qeydə alına bilmədikdə, məhz qanunla müəyyən edilmiş hallarda faktiki
nikah münasibətlərində olma faktının məhkəmə tərəfindən müəyyən edilməsi
nəzərdə tutulmuş olsa belə, Azərbaycan Respublikasında bu münasibətləri
tənzimləyən qanun qəbul edilməmişdir.
Halbuki,
«Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan
Respublikasının 28.12.99-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Ailə
Məcəlləsi təsdiq edilməklə Azərbaycan SSR Nikah və Ailə Məcəlləsi qüvvədən
düşmüş hesab edilmiş və bu Qanunla bağlı digər normativ-hüquqi aktlar da
2000-ci il iyunun 1-dən ləğv edilmişlər (maddə 3 və 4.1). Həmin Qanunun 5.1-ci
maddəsində yeni qəbul edilmiş Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun
olmayan normativ-hüquqi aktların müvafiq hissələrinin müddəalarının, eləcədə
digər hüquqi normaların həmin Məcəlləyə uyğunlaşdırılanadək tətbiq edilməsi
qadağan edilmişdir.
Bundan sonra
«Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin
06.03.2000-ci il tarixli Fərmanı ilə qüvvədə olan qanunvericilik aktlarının
«Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası
Qanununa uyğunlaşdırılmasını, habelə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasının, Nazirlər Kabinetinin
səlahiyyətinə aid edilmiş məsələlərə dair digər normativ-hüquqi aktların
işlənib hazırlanmasının və təsdiq edilməsinin 2000-ci il iyunun 1-dək təmin
edilməsi Nazirlər Kabinetinə həvalə edilmişdir.
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 145 saylı 31.10.03-cü il tarixli
Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
Qaydası», həmin qərarda qeyd edildiyi kimi, «Azərbaycan Respublikası Ailə
Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 4 iyul tarixli 519 nömrəli Fərmanının dördüncü
bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiq edilmişdir.
«Azərbaycan
Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart
tarixli, 297 nömrəli Fərmanına əsasən qəbul edilmiş «Azərbaycan Respublikası
Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 519 nömrəli Fərmanının
4-cü bəndində isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının
layihəsinin hazırlanıb təsdiq olunması üçün Azərbaycan Respublikası Nazirlər
Kabinetinə təqdim edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə
edilmişdir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.03-cü il tarixli Qərarı ilə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış layihə təsdiq
edilmiş və Qərarın 2-ci bəndində «Azərbaycan SSR-də
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası haqqında Təlimatın
təsdiq edilməsi barəsində» Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il
25 mart tarixli, 93 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir.
Lakin, keçmiş
SSRİ Ali Soveti Rəyasət Heyyətinin 8 iyul 1944-cü il tarixli Fərmanına və
1 sentyabr 2000-ci ilə qədər qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinə əsasən
qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı
31.10.03-cü il tarixli Qərarı ilə qüvvədən düşmüş hesab edilmiş Təlimatın
faktiki nikah münasibətlərinin 8 iyul 1944-cü il tarixindən sonra yarandığı
təqdirdə hüquqi nəticələr yaratmadığına və 8 iyul 1944-cü il tarixədək yaranmış
faktiki nikah münasibətlərində olma faktının məhkəmələr tərəfindən müəyyən
edilməsinin mümkünlüyünə dair müddəaları özlərində əks etdirən 49-cu və 50-ci
bəndləri, 1 sentyabr 2000-ci ildən qüvvədə olan və 8 iyul 1944-cü il tarixədək
yaranmış faktiki nikah münasibətlərinə dair hər hansı müddəanı özündə əks
etməyən Azərbaycan Respublikası yeni Ailə Məcəlləsinin tətbiqinə dair
«Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 3.19-cu
bəndinə köçürülmüşdür.
Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə görə, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına zidd olmamalıdır.
Konstitusiyanın
məzmunundan göründüyü kimi, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar icra
orqanının hüquqi aktı olmaqla, qanuna uyğun və yaxud qanun əsasında və onun
icrası üçün həmin orqanın səlahiyyətləri daxilində qəbul edilir.
Azərbaycan
Respublikasının qanunverici orqanı tərəfindən isə Ailə Məcəlləsinin qəbulundan
sonra 08 iyul 1944-cü il tarixədək yaranmış faktiki nikah münasibətlərinin
tənzimlənməsinə dair hər-hansı Qanun qəbul edilməmişdir.
«Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən,
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə
dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
Həmin Qanunun
1.2-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan
Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və
azadlıqlaqını müdafiə etməkdir.
Həmin Qanunun
3-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan
Respublikası Konstitusiyasının 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi,
102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III
hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III-VII hissələri, 153-cü və
154-cü maddələri ilə müəyyən edilir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə həmçinin Azərbaycan
Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi də daxil
edilmişdir.
«Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən,
Konstitusiya Məhkəməsinin Plenumu yalnız ağır və bərpaedilməz zərər
vurulmasının qarşısının alınması məqsədilə işin mahiyyəti üzrə qərar qəbul
edilənədək mübahisə olunan normativ-hüquqi aktın icrasının dayandırılmasına
dair qərar qəbul edə bilər.
Həmin Qanunun
60-cı maddəsinin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə sorğuya və müraciətə
baxarkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
Konstitusiyanın 148-ci maddəsi ilə müəyyən edilmiş qanunvericilik sisteminə
daxil olan aktların icrasının dayandırması səlahiyyəti verilməmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu 02 noyabr 2010-cu il tarixdə qəbul etdiyi Qərarın 2-ci
bəndində - «Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul
edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli
gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 08 iyul
tərixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar
tərəfindən müəyyən edilə bilməz» qənaətinə gəlməklə «Konstitusiya Məhkəməsi
haqqında» Qanunun yuxarıda qeyd edilən maddələrin tələblərini inkar etmişdir.
Eləcədə Plenum nəzərə almamışdır ki:
a) ictimai
münasibətlərin zənginliyi bu münasibətləri tənzimləyən müəyyən qanunların
qanunverici tərəfindən qəbul edilməsini irəlicədən müəyyən edir və bu
münasibətlərin hüquq normaları ilə nizamlanması nəticəsində həm konkret iradəvi
münasibətlərin nizamlanması forması kimi, həm də onların həyata keçirilməsinə
şərait yaradan hüquq münasibətləri yaranır. Cəmiyyətdə yaranmış və qanunla
tənzimlənməyə ehtiyacı olan içtimai münasibətləri, yaxud müəyyən hüquq
normaları ilə tənzimlənən və bu tənzimləyici normaların inkişaf etmiş hüquq
münasibətlərinə uyğun dəyişdirilməsini tələb edən içtimai münasibətləri nəzərə
almadan hüquq yaradıcılığı mümkün deyil.
Hüquq
münasibətləri içtimai münasibətlərdən yarandığından, cəmiyyətdə inkişaf edən
bütün içtimai münasibətləri tənzimləyən hüquq normalarının əvvəlcədən qəbul
edilməsi qanunvericinin imkan xaricindədir. Məhz buna görə qüvvədə olan
qanunvericilikdə müəyyən hallarda qanunun və hətta hüququn analogiyalarından
istifadə edilməsinin mümkünlüyü təsbit edilmişdir.
Çünki,
vətəndaşlar aylarla və ya illərlə hüquqlarının müdafiəsini və ya hüquqlarının
bərpası üçün yeni qanunların qəbul edilməsini gözləyə bilməz.
b) digər
tərəfdən Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən mülkü hüquqlar yalnız qanunla
məhdudlaşdırıla bilər. Özüdə o, halda ki, «dövlət və ictimai təhlükəsizliyin,
ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər
şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün
zərurət olsun».
v) insan
hüquq və azadlıqlarının müdafiəsinin fəlsəfəsi, qanunla yox, həmin müdafiəni
həyata keçirdən subyektin mənəvi aləminin mahiyyəti ilə müəyyən edilir.
q)
eləcədə Konstitusiya Məhkəməsi yuxarıda qeyd edildiyi kimi, ali konstitusiya
ədalət mühakiməsi orqanıdır. O, heç bir zaman normanın şərhindən kənara
çıxaraq, birinci instansiya məhkəmələrinə vətəndaşların hüquqlarının
məhdudlaşdırılmasına yönələn hər hansısa bir prosessual hərəkətdə olmaq
göstərişini verə bilməz.
Əslində Plenum
Qərarının 2-ci bəndində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
145 saylı 31 oktyarb 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 3.19-cu bəndinin qüvvədən
düşməsi barədə qərar qəbul etməli idi.
Çünki xüsusi konstitusiya icraatında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin konstitusion səlahiyyətlərindən kənara çıxaraq qanunvericilik orqanının səlahiyətini mənimsəməsi faktı çox aydın- aşkar sübut olunmuşdur.
Hakim İsa Nəcəfov