Qərarlar

02.11.10 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN 

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN 

QƏRARI 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair 

 

02 noyabr 2010-cu il                                                                                 Bakı şəhəri 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim), Sona Salmanova və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Vüqar Zeynalovun,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Fuad Talışinskinin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert  Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müəllimi, hüquq elmləri doktoru Məhəbbət Dəmirçiyevanın  iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin 07 iyun 2010-cu il tarixli müraciəti ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

MÜƏYYƏN ETDİ: 

Bakı şəhəri Yasamal rayon məhkəməsi icraatında olan iş üzrə mülki prosessual hüquq normasının tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 307.2.4-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, MPM-in 307.2.4-cü maddəsinə görə məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. Lakin, MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulan «qanunla müəyyən edilmiş hallarda» müddəası təcrübədə qeyri-müəyyənlik yaradır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin araşdırılması üçün ilk növbədə nikahın anlayışına, məqsədinə, habelə Konstitusiyada və qanunvericilikdə nikah münasibətlərini tənzimləyən prinsiplərə nəzər salmaq lazımdır.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin I hissəsinə müvafiq olaraq cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə siyasətinin məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi və onun əsas funksiyalarının realizə eldilməsi üçün zəruri şəraitin təmin edilməsindən ibarətdir.

Təsadüfi deyildir ki, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyanın əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin I və II hissəsələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

Konstitusiyanın göstərilən normasında nikah hüququnu tənzimləyən bir sıra əsas prinsiplər öz əksini tapmışdır. Bunlardan ən əsası kişi və qadının nikah ittifaqının konüllülüyü və iradə sərbəstliyi prinsipidir. Nikah münasibətlərinin əmələ gəlməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsinə və könüllülüyünə əsaslanır.

Bu hüquq İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 29-cu maddəsində, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 12-ci maddəsində təsbit olunmuşdur. Sözü gedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər.

Nikah və ailə münasibətləri Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir.

Ailə Məcəlləsinin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır (Ailə Məcəlləsinin 2.3-cü maddəsi).

Kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir.

Ailə Məcəlləsinin 1.4-cü maddəsində təsbit olunmuş digər mühüm prinsipə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

Bu prinsip onu ifadə edir ki, yalnız rəsmi qeydə alınmış nikahdan törəyən hüquqi və sosial nəticələr dövlət tərəfindən hüquqi fakt kimi qəbul olunur. 

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, mövcud qanunvericiliyin mənasına görə ailə münasibətlərinə könüllü və iradə sərbəstliyi əsasında daxil olan qadın və kişinin nikahı yalnız dövlətin müəyyən etdiyi qaydada rəsmiləşdirildikdən sonra tanınır.

Bununla yanaşı, dövlət orqanlarında bağlanmayan nikah (faktiki nikah) hüquqi nəticə yaratmır.

Qanunvericilik fərdlərin öz dini adət-ənənələrinə uyğun nikaha daxil olmasına qadağa qoymur, sadəcə, belə nikah heç bir hüquqi nəticələr doğurmur.

Belə ki, Ailə Məcəlləsinin 1.5-ci maddəsinə görə dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.

Bununla belə faktiki nikah münasibətləri üçün həm keçmiş, həm də qüvvədə olan qanunvericiliyin yalnız bir istisnası nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş MPM-in 251-ci maddəsinin 4-cü bəndində qeyd olunurdu ki, ər-arvaddan birinin vəfat etməsi nəticəsində nikah vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında qeyd edilə bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktı haqqında işlərə məhkəmə baxa bilər.

Azərbaycan Respublikasının 1969-cu il 26 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Nikah və Ailə Məcəlləsinin 6-cı maddəsinə görə nikah və ailə münasibətlərinin hüquqi tənzimi yalnız dövlət tərəfindən həyata keçirilir. Yalnız vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanmış nikah tanınır. Nikahın dini mərasimi, eləcə də digər dini mərasimlər hüquqi əhəmiyyətə malik deyildir.

«Nikahda olmayan valideynlərdən doğulmuş uşaqlar haqqında» SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli Fərmanına əsasən yalnız bu Fərmanın qəbuluna qədər faktiki nikah münasibətlərində olan şəxslərin nikahları tanına bilərdi.

Həmin fərmanla faktiki nikah münasibətlərində olan ər-arvadın nikahının rəsmi tanınması (qanuniləşdirilməsi) üçün VVAQ orqanlarında qeydə alınması tələb olunurdu. Məhz 1944-cü ilədək mövcud olmuş faktiki nikah münasibətləri tanındığına görə qanunvericilikdə yalnız 1944-cü ilin iyulun 8-dən əvvəl başlanıb və ər-arvaddan birinin vəfatına qədər davam edən hallarda faktiki nikah münasibətlərində olma faktının məhkəmələr tərəfindən tanınmasına yol verilmişdir.

Bu məsələ hazırda qüvvədə olan qanunvericilikdə də eyni qaydada tənzimlənir.

Qeyd edildiyi kimi MPM-in 307.2.4-cü maddəsinə görə məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 3.19-cu maddəsinə əsasən 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən nikah münasibətlərinin başlanması vaxtını göstərir.

Beləliklə, MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü ilin iyulun 8-dən qabaq başlanıb, ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur.

Bununla belə nəzərə alınmalıdır ki, həmin tarixdən yarım əsrdən artıq zaman keçdiyindən 1944-cü ilin iyulun 8-dək faktiki nikah münasibətlərində olma faktının tanınması ilə bağlı belə nikahın tərəflərindən birinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımından real görünmür.

Qeyd edilməlidir ki, oxşar müddəa 14 noyabr 2002-ci ildə qəbul edilmiş Rusiya Federasiyasının yeni MPM-dən çıxarılmışdır.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, MPM-in 307.2.4-cü maddəsi Konstitusiyanın və ailə qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmalıdır.

Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndinə əsasən ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluğa dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinə MPM-nin 307.2.4-cü maddəsinin Konstitusiyanın 34-cü maddəsinin I və II hissəsələri və ailə qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması tövsiyə edilməlidir.

Azərbaycan Respublikasının Milli Məclisi MPM-nin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65, 66, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

QƏRARA ALDI: 

1. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin I və II hissəsələri və ailə qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması tövsiyə edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

Sədrlik edən                                                                Fərhad Abdullayev

 

 

   



 

 

Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinin şərh edilməsi barədə Konstitusiya Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli Qərarı üzrə Konstitusiya Məhkəməsinin hakimi İ.Nəcəfovun 

XÜSUSI RƏYI 

04 noyabr 2010 il                                                                                    Bakı şəhəri 

Bakı şəhəri Yasamal rayon məhkəməsi icraatında olan iş üzrə mülki prosessual hüquq normasının tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 307.2.4-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilən mülki işin materiallarından görünür ki, ərizəçi Povetkina Lidiya Qeorqiyevna Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, 29.11.2009-cu il tarixdə vəfat etmiş Naibov Firdovsi Qiyas oğlu ilə faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi birinci instansiya məhkəməsinə müraciətini vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə əlaqələndirmişdir.

Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə müvafiq olaraq işin faktiki hallarını tədqiq etmiş, ərizəçinin, şahidlərin və maraqlı şəxslərin ifadələrini dinləmiş, lakin hüquq tətbiqetmə baxımından müəyyən çətinliklərlə üzləşmişdir.

MPM-in 307.2.4-cü maddəsinin göstərişinə görə məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktını müəyyən edir.

  Müraciətdə göstərilir ki, MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulan «qanunla müəyyən edilmiş hallarda» müddəanın hansı mənanın daşıyıcısı olması qeyri-müəyyənlik yaradır.

«Konstitusiya Məhkəməsi haqqında» Qanun 64-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının  Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair 02 noyabr 2010-cu il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsilə tam və nəticə hissəsilə isə qismən razı deyiləm.

Azərbaycan Respublikasının  Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsində ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilmədikdə, məhz qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuş olsa belə, Azərbaycan Respublikasında bu münasibətləri tənzimləyən qanun qəbul edilməmişdir.

Halbuki, «Azərbaycan Respublikası  Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının 28.12.99-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Ailə Məcəlləsi təsdiq edilməklə Azərbaycan SSR Nikah və Ailə Məcəlləsi qüvvədən düşmüş hesab edilmiş və bu Qanunla bağlı digər normativ-hüquqi aktlar da 2000-ci il iyunun 1-dən ləğv edilmişlər (maddə 3 və 4.1). Həmin Qanunun 5.1-ci maddəsində yeni qəbul edilmiş Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olmayan normativ-hüquqi aktların müvafiq hissələrinin müddəalarının, eləcədə digər hüquqi normaların həmin Məcəlləyə uyğunlaşdırılanadək tətbiq edilməsi qadağan edilmişdir.

Bundan sonra «Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 06.03.2000-ci il tarixli Fərmanı ilə qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını,  habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasının, Nazirlər Kabinetinin səlahiyyətinə aid edilmiş məsələlərə dair digər normativ-hüquqi aktların işlənib hazırlanmasının və təsdiq edilməsinin 2000-ci il iyunun 1-dək təmin edilməsi Nazirlər Kabinetinə həvalə edilmişdir.

Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin 145 saylı 31.10.03-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası», həmin qərarda qeyd edildiyi kimi,  «Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 519 nömrəli Fərmanının dördüncü bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiq edilmişdir.

 «Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 297 nömrəli Fərmanına əsasən qəbul edilmiş «Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 519 nömrəli Fərmanının 4-cü bəndində isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının layihəsinin hazırlanıb təsdiq olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.03-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış layihə təsdiq edilmiş və Qərarın 2-ci bəndində   «Azərbaycan SSR-də  vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası haqqında Təlimatın təsdiq edilməsi barəsində» Azərbaycan SSR  Nazirlər Sovetinin 1985-ci il 25 mart tarixli, 93 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir.

Lakin, keçmiş SSRİ  Ali Soveti Rəyasət Heyyətinin 8 iyul 1944-cü il tarixli Fərmanına və 1 sentyabr 2000-ci ilə qədər qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinə əsasən qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.03-cü il tarixli Qərarı ilə qüvvədən düşmüş hesab edilmiş Təlimatın faktiki nikah münasibətlərinin 8 iyul 1944-cü il tarixindən sonra yarandığı təqdirdə hüquqi nəticələr yaratmadığına və 8 iyul 1944-cü il tarixədək yaranmış faktiki nikah münasibətlərində olma faktının məhkəmələr tərəfindən müəyyən edilməsinin mümkünlüyünə dair müddəaları özlərində əks etdirən 49-cu və 50-ci bəndləri, 1 sentyabr 2000-ci ildən qüvvədə olan və 8 iyul 1944-cü il tarixədək yaranmış faktiki nikah münasibətlərinə dair hər hansı müddəanı özündə əks etməyən Azərbaycan Respublikası yeni Ailə Məcəlləsinin tətbiqinə dair «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 3.19-cu  bəndinə köçürülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır.

Konstitusiyanın məzmunundan göründüyü kimi, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar icra orqanının hüquqi aktı olmaqla, qanuna uyğun və yaxud qanun əsasında və onun icrası üçün həmin orqanın səlahiyyətləri daxilində qəbul edilir.

Azərbaycan Respublikasının qanunverici orqanı tərəfindən isə Ailə Məcəlləsinin qəbulundan sonra 08 iyul 1944-cü il tarixədək yaranmış faktiki nikah münasibətlərinin tənzimlənməsinə dair hər-hansı Qanun qəbul edilməmişdir.

«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Həmin Qanunun 1.2-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlaqını müdafiə etməkdir.

Həmin Qanunun 3-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II  və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III-VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi də daxil edilmişdir.

«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu yalnız ağır və bərpaedilməz zərər vurulmasının qarşısının alınması məqsədilə işin mahiyyəti üzrə qərar qəbul edilənədək mübahisə olunan normativ-hüquqi aktın icrasının dayandırılmasına dair qərar qəbul edə bilər.

Həmin Qanunun 60-cı maddəsinin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə sorğuya və müraciətə baxarkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə  Konstitusiyanın 148-ci maddəsi ilə müəyyən edilmiş qanunvericilik sisteminə daxil olan aktların icrasının dayandırması səlahiyyəti verilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu 02 noyabr 2010-cu il tarixdə qəbul etdiyi Qərarın 2-ci bəndində - «Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 08 iyul tərixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz» qənaətinə gəlməklə «Konstitusiya Məhkəməsi haqqında» Qanunun yuxarıda qeyd edilən maddələrin tələblərini inkar etmişdir. Eləcədə Plenum nəzərə almamışdır ki:

a) ictimai münasibətlərin zənginliyi bu münasibətləri tənzimləyən müəyyən qanunların qanunverici tərəfindən qəbul edilməsini irəlicədən müəyyən edir və bu münasibətlərin hüquq normaları ilə nizamlanması nəticəsində həm konkret iradəvi münasibətlərin nizamlanması forması kimi, həm də onların həyata keçirilməsinə şərait yaradan hüquq münasibətləri yaranır. Cəmiyyətdə yaranmış və qanunla tənzimlənməyə ehtiyacı olan içtimai münasibətləri, yaxud müəyyən hüquq normaları ilə tənzimlənən və bu tənzimləyici normaların inkişaf etmiş hüquq münasibətlərinə uyğun dəyişdirilməsini tələb edən içtimai münasibətləri nəzərə almadan hüquq yaradıcılığı mümkün deyil.

Hüquq münasibətləri içtimai münasibətlərdən yarandığından, cəmiyyətdə inkişaf edən bütün içtimai münasibətləri tənzimləyən hüquq normalarının əvvəlcədən qəbul edilməsi qanunvericinin imkan xaricindədir. Məhz buna görə qüvvədə olan qanunvericilikdə müəyyən hallarda qanunun və hətta hüququn analogiyalarından istifadə edilməsinin mümkünlüyü təsbit edilmişdir.

Çünki, vətəndaşlar aylarla və ya illərlə hüquqlarının müdafiəsini və ya hüquqlarının bərpası üçün yeni qanunların qəbul edilməsini gözləyə bilməz.

b) digər tərəfdən Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən mülkü hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Özüdə o, halda ki, «dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zərurət olsun».

v)  insan hüquq və azadlıqlarının müdafiəsinin fəlsəfəsi, qanunla yox, həmin müdafiəni həyata keçirdən subyektin mənəvi aləminin mahiyyəti ilə müəyyən edilir.

q)  eləcədə Konstitusiya Məhkəməsi yuxarıda qeyd edildiyi kimi, ali konstitusiya ədalət mühakiməsi orqanıdır. O, heç bir zaman normanın şərhindən kənara çıxaraq, birinci instansiya məhkəmələrinə vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hər hansısa bir prosessual hərəkətdə olmaq göstərişini verə bilməz.

Əslində Plenum Qərarının 2-ci bəndində, Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin 145 saylı 31 oktyarb 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 3.19-cu  bəndinin qüvvədən düşməsi barədə qərar qəbul etməli idi.

Çünki xüsusi konstitusiya icraatında Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin konstitusion səlahiyyətlərindən kənara çıxaraq qanunvericilik orqanının səlahiyətini mənimsəməsi faktı çox aydın- aşkar sübut olunmuşdur. 


Hakim                                                                               İsa Nəcəfov