AZƏRBAYCAN RESPUBLIKASI
ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ
PLENUMUNUN
QƏRARI
Z.S.Quliyev və G.Q.Cəbrayılovanın
şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi
mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 2003-cü il 20 noyabr
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
28 yanvar 2005-ci il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov və E.Məmmədov
(məruzəçi-hakimlər), R.Qvaladze, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət
tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçilərin nümayəndəsi T.Babayevin,
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Hüquq şöbəsinin
əməkdaşı R.Axundovun,
Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının
İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin əməkdaşı
N.İbrahimlinin,
Bakı Dövlət Cıdır Meydanının direktoru N.Səfərovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V
hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə
iclasında Zeynalabdin Sadiq oğlu Quliyev və Gülnarə Qubad qızı
Cəbrayılovanın Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi İnkişaf Nazirliyinə
və həmin Nazirliyin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi
Departamentinə qarşı Bakı Dövlət Cıdır Meydanı ərazisində yerləşən
özəlləşdirilmiş birmərtəbəli 98,1 kv.m qeyri-yaşayış sahəsinə, tikintiləri
yarımçıq qalmış 35 yerlik mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı tövləyə və
onun yerləşdiyi 4800 kv.m torpaq sahəsinə dair şəhadətnamələrin verilməsinə
əsas olmuş sərəncamların onlara aid hissələrinin etibarsız hesab edilməsinə
dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İMDİÜMK-nın 2003-cü
il 20 noyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayətlərinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 15 dekabr 2004-cü
il tarixli, 2n-420 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən
tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçinin nümayəndəsi
T.Babayevin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Z.Quliyev və G.Cəbrayılova şikayətlərində göstərirlər ki, 1 saylı
Yerli iqtisad məhkəməsinin 2003-cü il 31 mart tarixli qətnaməsilə Kənd
Təsərrüfatı Nazirliyinin İqtisadi İnkişaf Nazirliyinə və həmin
Nazirliyin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə
(bundan sonra - Departament) qarşı iddiası təmin olunaraq Bakı Dövlət Cıdır
Meydanı ərazisində yerləşən özəlləşdirilmiş bir mərtəbəli 98,1 kv.m.m2
qeyri-yaşayış sahəsinə, tikintiləri yarımçıq qalmış 35 yerlik mehmanxanaya,
sərgi pavilyonuna, 3 saylı tövləyə və onun yerləşdiyi 4800 kv.m. torpaq
sahəsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid
hissələri etibarsız hesab edilmişdir.
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi Z.Quliyev,
G.Cəbrayılova, V.İsayevin apellyasiya şikayətlərini təmin edərək Bakı
Dövlət Cıdır Meydanının ərazisində yerləşən özəlləşdirilmiş birmərtəbəli 98,1
kv.m qeyri-yaşayış sahəsinə, tikintiləri yarımçıq qalmış 35 yerlik
mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı tovləyə və onun yerləşdiyi 4800 kv.m
torpaq sahəsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların
onlara aid hissələrinin etibarsız hesab edilməsinə dair Kənd Təsərrüfatı
Nazirliyinin iddiasını rədd etməklə 2003-cü il 09 iyul tarixdə yeni qətnamə
çıxarmışdır.
Şikayətdə daha sonra qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyi
kassasiya şikayəti verərkən əvvəlki iddiadan fərqli olaraq 3 saylı tövləyə və
onun yerləşdiyi 4800 kv. m. torpaq sahəsinə dair V.İsayevin adına olan
şəhadətnamənin verilməsinə əsas olmuş sərəncamın ona aid hissəsi istisna
olmaqla tikintisi yarımçıq qalmış kimi satılmış 35 yerlik mehmanxana barədə Z.
Quliyevin adına və tikintisi yarımçıq qalmış kimi satılmış pavilyona dair
G.Cəbrayılovanın adına şəhadətnamələrin verilməsinə əsas olmuş Dövlət Əmlak
Komitəsinin (bundan sonra - DƏK) sərəncamlarının onlara aid hissələrinin ləğv
edilməsini xahiş etmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair
işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - İMDİÜMK) 2003-cü il 20 noyabr
tarixli qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin kassasiya şikayəti təmin
olunaraq DƏK-in Bakı Dövlət Cıdır meydanı ərazisində tikintisi yarımçıq qalmış
35 yerlik mehmanxananın Z. Quliyevə satılmasına dair şəhadətnamənin
verilməsinə əsas olmuş 1997-ci il 06 fevral tarixli 31 saylı sərəncamının və
tikintisi yarımçıq qalmış sərgi pavilyonunun G. Cəbrayılovaya satılmasına
haqqında şəhadətnamənin verilməsinə əsas olmuş 1997-ci il 28 aprel
tarixli 173 saylı sərəncamının onlara aid hissələri etibarsız hesab edilmişdir.
Ali Məhkəmənin İMDİÜMK-nın qərarından Z. Quliyev və G.
Cəbrayılovanın əlavə kassasiya qaydasında verdikləri şikayətlə bağlı Azərbaycan
Respublikası Ali Məhkəməsi Sədrinin 2004-cü il 24 may tarixli
məktubunda bildirilmişdir ki, həmin qərara əlavə kassasiya qaydasında
baxılması üçün əsaslar yoxdur.
Şikayətdə həmçinin bildirilir ki, DƏK-in 1997-ci il 06 dekabr tarixli
31 saylı sərəncamı ilə Bakı Dövlət Cıdır Meydanının ərazisində tikintisi
dondurulmuş və başa çatdırılmamış özəlləşdirilən 35 yerlik
mehmanxana 1997-ci il 18 fevral tarixində keçirilən auksionda Z. Quliyev
tərəfindən satın alınmış və DƏK tərəfindən ona 3 saylı reyestr
kitabında 1040 sayla qeyd edilməklə həmin əmlakla bağlı mülkiyyət üzərində
sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir.
Həmin Komitənin 1997-ci il 28 aprel tarixli
173 saylı sərəncamına əsasən isə Bakı Cıdır Meydanının tikintisi
yarımçıq qalmış sərgi pavilyonu 1997-ci il 29 aprel tarixdə keçirilən auksionda
G. Cəbrayılova tərəfindən satın alınmış və ona DƏK tərəfindən
10 saylı reyestr kitabında 4530 sayla qeydiyyat aparılmaqla mülkiyyət üzərində
sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir.
Bununla belə, Ali Məhkəmənin İMDİÜMK hesab etmişdir ki,
Bakı Dövlət Cıdır Meydanı Azərbaycan Respublikasında 1995-1998-ci illərdə
dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına 1 saylı Əlavənin
18-ci bəndinə müvafiq olaraq özəlləşdirilməsi qadağan olunan müəssisədir. Lakin
mübahisənin predmeti olan sərgi pavilyonu və mehmanxananın tikintisi 1992-ci
ildən dondurulduğu və tikintinin normativ müddətləri ötmüş olduğundan qeyd
olunan 1 saylı Əlavənin 10-cu bəndinə görə özəlləşdirilməsi məcburi sayılan
obyektlərdir.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 25 mart tarixli 451
saylı fərmanı ilə təsdiq edilmiş «Tikintisi dondurulmuş, tikintisinin normativ
müddətləri ötmüş və tikintisi başa çatdırılmış öbyektlərin özəlləşdirilməsi
haqqında» Əsasnamənin 1,2,3-cü maddələrinə görə tikintisi başa çatdırılmamış
obyektlərin özəlləşdirilməsi Dövlət Əmlak Nazirliyi (hazırda Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi) tərəfindən həyata keçirilir, bu
zaman Nazirlik başa çatdırılmamış tikintilərin satıcısı kimi çıxış edir və belə
obyektlər onun qəbul etdiyi qərar əsasında özəlləşdirilir.
Daha sonra ərizəçilər bildirirlər ki, əmlakın özəlləşdirilməsi ilə
bağlı hüquq münasibətləri 1997-1998-ci illərdə yarandığından bu mübahisənin
həll edilməsi üçün 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olmuş Azərbaycan
Respublikasının Mülki Məcəlləsində (bundan sonra - MM) iddia müddətləri
ilə bağlı qaydaları əks etdirən 73, 77, 78-ci maddələri, habelə həmin
Məcəllənin 143-cü (əmlakı vicdanlı əldə edən) maddəsinin və hazırda qüvvədə
olan MM-in VI fəslinin müddəaları tətbiq edilməmişdir.
Şikayətçilər onların Azərbaycan Respublikası Konstitusiyasının
13 və 29-cu maddələrində təsbit olunmuş mülkiyyət hüquqlarının pozulduğunu,
2000-ci il 01 sentyabr tarixədək qüvvədə olmuş MM-in 73, 77, 78 və 143-cü
maddələrinin tələblərinə uyğun olmadığı üçün Ali Məhkəmənin İMDİÜMK-nin
2003-cü il 20 noyabr tarixli qərarının ləğv edilməsini xahiş edirlər.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Ümumi məhkəmələr tərəfindən iş üzrə müəyyən edilmiş faktiki
hallardan görünür ki, 1995 –ci il 29 sentyabr tarixli Qanunla təsdiq edilmiş
«Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin
özəlləşdirilməsinin Dövlət Proqramı»na əsasən dövlət müəssisələrinin və digər
dövlət mülkiyyət öbyektlərinin satıcısı olan DƏK (həmin Proqramın 13
saylı Əlavəsinin 1-ci maddəsi) tərəfindən Bakı Dövlət Cıdır Meydanının
ərazisində yerləşən tikintisi yarımçıq qalmış, normativ müddətləri ötmüş 35
yerlik mehmanxana (DƏK-in 1997-ci il 06 fevral tarixli 31 saylı sərəncamı) və
tikintisi yarımçıq qalmış sərgi pavilyonu (DƏK-in 1997-ci il 28 aprel tarixli
173 saylı sərəncamı) özəlləşdirilmək üçün auksiona çıxarılmışdır. 35 yerlik
mehmanxana auksion vasitəsilə 10.182.000 (on milyon yüz səksən iki min) manat
ödənilməklə Z. Quliyev tərəfindən (1997-ci il 18 fevral tarixli auksion
protokolu, 1997-ci il 20 fevral tarixli alqı-satqı müqaviləsi, DƏK tərəfindən
verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında tarixsiz
şəhadətnamə), tikintisi yarımçıq qalmış sərgi pavilyonu isə eyni qaydada
76. 122. 000 (yetmiş altı milyon yüz iyirmi iki min) manat ödənilməklə G.
Cəbrayılova tərəfindən (1997-ci il 29 aprel tarixli auksion protokolu,
1997-ci il 30 aprel tarixli alqı-satqı müqaviləsi, DƏK tərəfindən dövlət
əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 1997-ci il 07 may
tarixli 4530 saylı şəhadətnamə) satın alınmışdır.
Həmin ərazidə yerləşən digər əmlakla yanaşı yuxarıda göstərilən
əmlakın da özəlləşdirilməsi Bakı Dövlət Cıdır Meydanının məlumatı olmaqla
aparılmış və bu zaman nə onun özü, nə də hər hansı digər maraqlı orqan
tərəfindən özəlləşdirilmə ilə bağlı heç bir irad bildirilməmişdir.
Bununla belə, Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi İnkişaf
Nazirliyinə və Departamentə qarşı Bakı Dövlət Cıdır meydanı ərazisində yerləşən
özəlləşdirilmiş birmərtəbəli 98.1 kv. m qeyri–yaşayış sahəsinə
(mülkiyyətçi-B.Nadirov), tikintiləri yarımçıq qalmış 35 yerlik meymanxanaya
(mülkiyyətçi- Z.Quliyev), sərgi pavilyonuna( mülkiyyətçi- G. Cəbrayılova), 3
saylı tövləyə və onun yerləşdiyi 4800 kv.m torpaq sahəsinə
(mülkiyyətçi-V.İsayev) dair şəhadətnamələrin verilməsinə əsas olmuş
sərəncamların onlara aid hissələrinin etibarsız hesab edilməsinə dair iddiası
Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad məhkəməsinin 2003-cü il 31 mart
tarixli qətnaməsilə təmin edilmişdir (Kənd Təsərrüfatı Nazirliyi Z.Quliyevə və
G.Cəbrayılovaya şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara
aid hissələrinin etibarsız hesab edilməsinə dair iddianı özəlləşdirmədən 6 il
keçdikdən sonra qaldırmışdır).
Qeyd olunmalıdır ki, işdə Bakı Dövlət Cıdır Meydanı iddiaçı
tərəfindən, Z. Quliyev, G. Cəbrayılova, V.İsayev və B.Nadirov isə
cavabdehlər tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli
sürməyən üçüncü şəxslər kimi iştirak etmişlər.
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi Z.Quliyevin,
G.Cəbrayılovanın, V.İsayevin apellyasiya şikayətlərinə əsasən Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iddiasının onlara aid hissəsini rədd
etməklə 2003-cü il 09 iyul tarixdə yeni qətnamə çıxarmışdır (B.Nadirovun
apellyasiya şikayəti qismən təmin olunmuşdur).
Kənd Təsərrüfatı Nazirliyinin kassasiya şikayəti Ali Məhkəmənin
İMDİÜMK - nın 2003-cü il 20 noyabr tarixli qərarı ilə təmin olunaraq DƏK-in Z.
Quliyevə və G. Cəbrayılovaya müvafiq şəhadətnamələrin verilməsinə əsas olmuş
1997-ci il 06 fevral tarixli 31 saylı və 1997-ci il 28 aprel tarixli 173 saylı
sərəncamlarının onlara aid hissələri etibarsız hesab edilmişdir.
Mülkiyyət hüququna xitam verilməsinin xüsusi halı olan özəlləşdirmə,
dövlət mülkiyyətində olan (qanunvericilikdə nəzərdə tutulan əmlak istisna
olmaqla) əmlakın əvəzli və ya əvəzsiz qaydada fiziki və ya hüquqi şəxslərin
mülkiyyətinə keçməsini ehtiva edir.
Özəlləşdirmənin həyata keçirilməsi ilk növbədə təsərrüfat subyektləri
üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü
tənzimləyən bazar iqtisadi mühitinin yaradılması, iqtisadi proseslərə bütün növ
istifadə olunmamış ehtiyatların (bitməmiş və istismara verilməmiş
obyektlər, daşınmaz əmlak və s.), investisiyaların, o cümlədən xarici
investisiyaların iqtisadiyyata cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və
sosial rifahının yaxşılaşdırılması məqsədi daşıyır.
Bu baxımdan özəlləşdirmə prosesində hüquqi və fiziki şəxslərin
sərbəst iştrakı və fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, həmin
prosesin tarazlaşdırılmış və fasiləsiz şəkildə aparılması dövlətin üzərinə
düşən vacib öhdəlikdir.
Qeyd edilməlidir ki, hüquq və azadlıqların səmərəli həyata
keçirilməsi üçün hər hansı pozuntulara və neqativ təsirlərə davam gətirən hüquq
müdafiə təminatı mexanizminin mövcudluğu hüquqi, demokratik dövlətə xas olan
keyfiyyətlərdən biridir.
Hüquq və azadlıqlardan azad istifadə edilməsinin təmin olunmasını
nəzərdə tutan müvafiq mühiti və maddi özülü əks etdirən sosial-iqtisadi
təminatların hüquq və azadlıqların hüquqi təminatları ilə bağlılığı,
özəlləşdirmə zamanı yaranan ictimai münasibətlərin müdafiə və mühafizəsinin də
öz təsir dairəsində saxlanmasını şərtləndirir. Bazar iqtisadiyyatına
keçid dövründə, xüsusən də özəlləşdirmə ilə bağlı yaranmış münasibətlərdə
hüquq və azadlıqların dövlət tərəfindən dolğun şəkildə müdafiə olunması
zərurəti daha da artır.
Hüquqi müəyyənlik ən vacib hesab olunan ümumi hüquq prinsiplərindən
biridir. Məzmun etibarilə şəxslərin hüquqi vəziyyətinin ağırlaşdırılmasına
yönələn qanunvericilik aktlarının qüvvəsinin geriyə şamil olunmamasını nəzərdə
tutan bu prinsip Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində də öz
əksini tapmışdır. Həmin normaya əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini
yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngüləşdirən normativ
hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların
qüvvəsi geriyə şamil edilmir.
Məhz Konstitusiyanın bu müddəasına əsaslanaraq qanunverici MM-də
müəyyənləşdirmişdir ki, Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində
nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericillik müddəalarının geriyə
qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş
münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki
qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan
vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə
qüvvəsi ola bilməz (MM-in 7-ci maddəsi). Bu qayda həmçinin MM ilə tənzimlənən
iddia müddətlərinin tətbiqi ilə bağlı münasibətlərə də şamil edilir.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin
şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci
il 27 dekabr tarixli qərarında göstərilmişdir ki, qanunverici eyni məzmunlu
mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ hüquqi akt qəbul etdikdə
əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl
gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra
yaranan hüquq münasibətlərinə şamil edir. Qərarda göstərilmişdir
ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli
gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia
müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən
irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində
göstərilən iddia müddətləri əsas götürülməlidir.
2000-ci il 01 sentyabr tarixədək qüvvədə olmuş MM-in 73-cü maddəsinə
görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün
ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və
kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə
isə bir il müəyyən edilir.
Həmin Məcəllənin 77-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, iddia
müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitrac və ya
münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.
Məcəllənin 78-ci maddəsinin birinci abzasında isə iddia müddətinin
axımının iddia hüququ əmələ gələn gündən başlanmasını, iddia hüququnun, şəxsin
öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlməsini
əks etdirən qayda mövcud olmuşdur.
Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan görünür ki,
səlahiyyətli dövlət orqanının özəlləşdirməyə çıxardığı 35 yerlik mehmanxana və
sərgi pavilyonu müvafiq olaraq Z. Quliyev və G. Cəbrayılova tərəfindən
1997-ci ildə əldə olunmuş və hüquq münasibətləri həmin tarixdən yaranmışdır.
Lakin birinci və kassasiya instansiyası məhkəmələri 1997-ci ildə yaranan
hüquq münasibətlərilə bağlı mübahisənin həll olunması üçün 2000-ci il
01sentyabr tarixədək qüvvədə olan MM-in 73, 77, 78-ci maddələrinin müddəalarını
tətbiq etməmışdır. Belə hal isə Azərbaycan Respublikası Konstitusiyasının
149-cu maddəsinin VII hissəsi baxımından məqbul hesab oluna bilməz.
Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə əsasən hamı qanun
və məhkəmə qarşısında bərabərdir.
Konstitusiyanın bu normasının (prinsipinin) əsas mahiyyəti dövlət
tərəfindən hüquq subyektlərinə eyni münasibət və vəziyyətlərdə qeyri-bərabər
recimin, lüzümsüz üstünlük və imtiyazların yaradılmasının qarşısının alınmasına
xidmət edir. Qeyd olunan prinsipdən hər hansı formada kənara çıxılması
hüquq subyektlərinin iştirak etdikləri hüquq münasibətlərində faktiki olaraq
qeyri-bərabərliyə, onlardan hər hansı birini digərinə nisbətdə daha əlverişli
mövqeyə gətirib çıxarmaqla Konstitusiya prinsiplərinin deklorativliyinə,
dövlət orqanlarına inamın azalmasına, sosial gərginliyin artmasına zəmin
yarada bilər.
İş materiallarından görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin
iddiasında B. Nadirova, V.İsayevə, G.Cəbrayılovaya, Z.Quliyevə müvafiq əmlaka
dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid
hissələrinin etibarsız hesab edilməsi xahiş olunmuşdur. Həmin iddia birinci
instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi V.İsayevin
(3 saylı tövlənin və onun yerləşdiyi 4800kv.m torpaq sahəsinin mülkiyyətçisi),
G.Cəbrayılovanın (sərgi pavilyonunun mülkiyyətçisi), Z.Quliyevin (35 yerlik
mehmanxananın mülkiyyətçisi) apellyasiya şikayətlərinə əsasən I
instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək yeni qətnamə çıxarmışdır
(B.Nadirovun şikayəti qismən təmin edilmişdir).
Kənd Təsərrüfatı Nazirliyi kassasiya şikayəti verərkən
V.İsayevə şəhadətnamənin verilməsinə əsas olmuş sərəncamın ləğv edilməsi ilə
əlaqədar iddiasının təmin olunmaması barədə apellyasiya instansiyası
məhkəməsinin gəldiyi nəticəni mübahisələndirməməklə yalnız həmin instansiyanın
qətnaməsinin Z.Quliyevə və G.Cəbrayılovaya aid hissələrinin qanunsuz olduğuna
görə ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan
sora-MPM) 53-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddiaçı məhkəmə tərəfindən
qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia
tələbinin həçminin artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən
Məcəllənin bu qaydasına riayət edilməməsi faktiki olaraq eyni ərazidə yerləşən
əmlaka dair, eyni əsaslarla, eyni qaydada, 1997-1998-ci illərdə
səlahiyyətli dövlət orqanı tərəfindən keçirilən özəlləşdirmə prosesi
iştirakçılarından birinin sonradan subyektiv hüququnun tanınması ilə
nəticələnmiş, başqalarının isə belə hüquqlarının mübahisələndirməsinə gətirib
çıxarmışdır. Digər tərəfdən isə Kənd Təsərrüfatı Nazirliyinin Bakı Dövlət Cıdır
meydanının fəaliyyətinin təmin olunmasında öz funksional təyinatına və həcminə
görə daha çox əhəmiyyət daşıyan tikili və torpaq sahəsini deyil, buna nisbətdə
ikinci dərəcəli tikililəri mübahisələndirməsi göstərilən əmlaka dair onun
mövqeyinin məzmunca hüquqi məntiqsizliyinə dəlalət edir.
Bu hal isə Konstitusiyasının 25-ci maddəsinin I hissəsilə
uzlaşmamaqla yanaşı, MPM-in 53-cü maddəsinin tələblərini də pozmuşdur.
Azərbaycan Respublikasının bütün ərazisində mallar, xidmətlər
və maliyyə vəsaiti sərbəst hərəkət edir. Qanunvericinin müəyyənləşdirdiyi belə
hüquqi recimin təbiəti, mahiyyəti və məzmunu mülki hüquq subyektlərinin iştirak
etdikləri hüquq münasibətlərinin nəticələrinə qanunsuz və lüzumsuz
müdaxilələrin yol verilməzliyinin, eləcə də mülki dövriyyənin fasiləsiz və
maneəsiz dövriyyəsinin təmin edilməsinə və s. yönəlmişdir.
Qeyd olunmalıdır ki, mübahisələrin mahiyyət üzrə həll edilməsilə
əlaqədar çıxarılan məhkəmə aktlarının keyfiyyətcə preyudisial xarakterə malik
olması mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü
şəxslərin maddi-hüquqi xarakterli maraqlarına ciddi təsir göstərməsi ilə
fərqlənir. Bu baxımdan birinci və kassasiya instansiyası məhkəmələri tərəfindən
yuxarıda göstərilən hüquq normalarının tətbiq edilməməsi, habelə Kənd
Təsərrüfatı Nazirliyinin kassasiya şikayətində iddia tələbinə seçimli
(müqayisəli) yanaşılması Z. Quliyevin və G.Cəbrayılovanın
mülkiyyətçilər kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində
təsbit olunmuş mülkiyyət hüquqlarının pozulmasına da şərait yaratmışdır.
Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə Konstitusiyada
təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və
qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
borcudur. Konstitusiyanın 60-cı maddəsinin I hissəsində isə
göstərilmişdir ki, hər kəsin huquq və azadlıqlarının məhkəmədə müdafiəsinə
təminat verilir.
Bu baxımdan məhkəmələr konstitusiya hüquq və azadlıqlarını müdafiə
edərkən məhkəmə aktlarının sabitliyini, məhkəmə səhvlərinin aradan
qaldırılmasının mümkünlüyünü, məhkəmə sisteminin bütün pillələrində prosessual
qaydalara ciddi riayət edilməsini təmin etməlidirlər.
MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası
məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin
Məcəllənin 418.1-ci maddəsində isə müəyyənləşdirilmişdir ki, maddi və
prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması
apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadlarının ləğv edilməsi
üçün əsasdır.
Ali Məhkəmənin İMDİÜMK-nın 2003-cü il 20 noyabr tarixli qərarı ilə
İqtisad Məhkəməsinin 2003-cü il 09 iyul tarixli qətnaməsinin Z. Quliyev və G.
Cəbrayılova aid hissəsi dəyişdirilmə adı altında faktiki olaraq qismən ləğv
edilmişdir. Halbuki, MPM-in 417.0.3-cü maddəsinə əsasən kassasiya instansiyası
məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün
apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
yuxarıda göstərilənləri əsas tutaraq belə qənaətə gəlir ki, Ali Məhkəmənin
İMDİÜMK-nın 2003-cü il 20 noyabr tarixli qərarının Z. Quliyev və G.
Cəbrayılovaya aid olan hissəsi Konstitusiyanın 25, 29, 60, 71-ci
maddələrinə və MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun deyildir və
qüvvədən düşmüş hesab olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V,
IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Z.Quliyev və
G.Cəbrayılovanın şikayətləri ilə əlaqədar Azərbaycan Respublikası Ali
Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 2003-cü
il 20 noyabr tarixli qərarının Z. Quliyev və G.Cəbrayılovaya aid hissəsi
Azərbaycan Respublikası Konstitusiyasının 25, 29, 60, 71-ci
maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416,
417.0.3, 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin
və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prossesual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılsın.
2. Qərar
elan olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan»,
«Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc
edilsin.
4. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna
bilməz.
Sədrlik
edən
Fərhad Abdullayev
XÜSUSİ RƏY
Ərizəçilər Z.S.Quliyev və G.Q.Cəbrayılova Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək göstərmişlər ki, 1 saylı
Yerli iqtisad məhkəməsinin 31 mart 2003-cü il tarixli qətnaməsilə Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə qarşı Bakı
Dövlət Cıdır Meydanı ərazisində yerləşən özəlləşdirilmiş bir mərtəbəli 98,1
kv.m. qeyri-yaşayış sahəsinə, tikintiləri yarımçıq qalmış 35 yerlik
mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı tövləyə və onun yerləşdiyi 4800kv.m.
torpaq sahəsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların
onlara aid hissələri etibarsız hesab edilməklə iddiası təmin edilmişdir.
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi Z.Quliyev, G.Cəbrayılova və
V.İsayevin apellyasiya şikayətlərini təmin edərək Bakı Dövlət Cıdır Meydanının
ərazisində yerləşən özəlləşdirilmiş 98,1 kv.m. qeyri-yaşayış sahəsinə,
tikintiləri yarımçıq qalmış qalmış 35 yerlik mehmanxanaya, sərgi pavilyonuna, 3
saylı tövləyə və onun yerləşdiyi 4800kv.m. torpaq sahəsinə dair
şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələrinin
etibarsız hesab edilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin iddiasını rədd etməklə 09 iyul 2003-cü il tarixdə yeni qətnamə
çıxarmışdır. Şikayətdə daha sonra qeyd olunur ki, Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyi kassasiya şikayəti verərkən əvvəlki iddiadan fərqli
olaraq 3 saylı tövləyə və onun yerləşdiyi 4800 kv.m. torpaq sahəsinə dair
V.İsayevin adına olan şəhadətnamənin verilməsinə əsas olmuş sərəncamın ona aid
hissəsi istisna olmaqla Z.Quliyevin adına tikintisi yarımçıq qalmış kimi
satılmış 35 yerlik mehmanxana barədə və G.Cəbrayılovanın adına tikintisi
yarımçıq qalmış kimi satılmış sərgi pavilyonu barədə verilmiş şəhadətnamələrin
verilməsinə əsas olmuş Dövlət Əmlak Komitəsinin sərəncamlarının onlara aid
hissələrinin ləğv edilməsini xahiş etmişdir.
Ali Məhkəmənin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə
Kollegiyasının 20 noyabr 2003-cü il tarixli qərarı ilə Kənd Təsərrüfatı
Nazirliyinin kassasiya şikayəti təmin olunaraq DƏK-in Bakı Dövlət Cıdır Meydanı
ərazisində tikintisi yarımçıq qalmış 35 yerlik mehmanxananın Z.Quliyevə
satılmasına dair tarixsiz 1040 saylı şəhadətnamənin verilməsinə əsas olmuş 06
fevral 1997-ci il tarixli 31 saylı sərəncamın və tikintisi yarımçıq qalmış
sərgi pavilyonunun G.Cəbrayılovaya satılmasına dair 07 may 1997-ci il
tarixli 4530 saylı şəhadətnamənin verilməsinə əsas olmuş 28 aprel 1997-ci il
tarixli 173 saylı sərəncamın onlara aid hissələri etibarsız hesab olunmuşdur.
Ərizəçilərin verdikləri əlavə kassasiya şikayətləri Ali Məhkəmənin
Plenumunun baxışına çıxarılmasından imtina edilmiş və bu barədə Ali
Məhkəmənin sədri 24 may 2004-cü il tarixli məktubla məlumat vermişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
ərizəçilərin şikayətlərinə konstitusiya məhkəmə icraatı üzrə məhkəmə iclasında
baxmış və 28 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin
İMDİÜMK-nın 20 noyabr 2003-cü il tarixli qərarının Z.Quliyev və G.Cəbrayılova
barəsindəki hissəsinin qüvvədən düşmüş hesab edilməsi və işə Azərbaycan
Respublikası Mülki Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və
müddətdə yenidən baxılması barədə qərar qəbul etmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun tərəflər arasında 1997-ci
ildə yaranmış hüquq münasibətlərinə 2000-ci il 01 sentyabr tarixinədək
qüvvədə olan Mülki Məcəllənin müddəalarının tətbiq edilməli olması barədə
gəldiyi nəticəni əsaslı hesab edirəm, bununla belə aşağıdakıların qeyd
edilməsini zəruri hesab edirəm.
İş materiallarından görünür ki, mübahisə predmeti olan
özəlləşdirilmiş bir mərtəbəli 98,1 kv.m. qeyri-yaşayış sahəsi, tikintiləri
yarımçıq qalmış 35 yerlik mehmanxana, sərgi pavilyonu, 3 saylı tövlə və onun
yerləşdiyi 4800 kv.m. torpaq sahəsi Bakı Cıdır Meydanının ərazisində yerləşir
və həmin obyektlər bütövlükdə vahid kompleks olan Bakı Cıdır Meydanının tərkib
hissəsini təşkil edir.
İş materiallarında olan Bakı Dövlət Cıdır meydanının Nizamnaməsinin
onun təyinatını nəzərdə tutan 2-ci bəndində göstərilir ki, Bakı Dövlət Cıdır
Meydanında cins və idman atları sınaqdan keçirilir, onların iş qabiliyyəti
aşkar edilir, milli at idman oyunları təşkil edilir. Bu meydan əhalinin və
əməkçilərin mədəni istirahət yeridir. Burada at-idman oyunları keçirilir,
damazlıq və seleksiya işlərinə kömək göstərilməklə yeni cins atların
yetişdirilməsinə imkan yaradılır.
Göründüyü kimi, Bakı Dövlət Cıdır Meydanı xüsusi təyinatlı obyekt
olmaqla, damazlıq təsərrüfatları sırasına daxildir.
Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli 1120 saylı
Qanunu ilə təsdiq edilmiş və Bakı Dövlət Cıdır Meydanının tərkib hissəsi olan
mübahisəli obyektlər özəlləşdirilərkən qüvvədə olmuş «Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramı»na özəlləşdirməyə münasibətdə dövlət mülkiyyət obyektlərinin
təsnifatı adlanan 1 saylı Əlavənin 2-ci bölməsinin 18-ci bəndinə əsasən dövlət
damazlıq və cins toxumçuluq təsərrüfatları, seleksiya-hibrid mərkəzləri, dövlət
toxumçuluq müfəttişlikləri, kənd təsərrüfatı üzrə sort-sınaq laboratoriya və
stansiyaları özəlləşdirilməsi qadağan olunan müəssisələr və obyektlər sırasına
daxil edilmişdir.
Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel
1999-cu il tarixli 74 saylı qərarına əsasən Bakı Dövlət Cıdır Meydanı
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilərək
özəlləşdirilməsi qadağan edilmişdir.
Beləliklə, həm yuxarıda adı çəkilən dövlət proqramı ilə, həm də
Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı Dövlət Cıdır Meydanının
özəlləşdirilməsi bilavasitə qadağan edilmişdir.
Lakin buna baxmayaraq, iş materiallarından göründüyü kimi, Dövlət
Əmlak Komitəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanının tərkib hissəsini təşkil
edən tikintisi yarımçıq qalmış 35 yerlik mehmanxana (06 fevral 1997-ci il
tarixli 31 saylı sərəncam), habelə tikintisi yarımçıq qalmış sərgi
pavilyonu (28 aprel 1997-ci il tarixli 173 saylı sərəncam) özəlləşdirilmək üçün
auksiona çıxarılmışdır.
35 yerlik mehmanxana auksion vasitəsilə 10 82 000 (on milyon yüz
səksən iki min) manat ödənilməklə Z.Quliyevə, sərgi pavilyonu isə 76 122 000
(yetmiş altı milyon yüz iyirmi iki min) manat ödənilməklə G.Cəbrayılovaya
satılaraq onlara müvafiq şəhadətnamələr verilmişdir.
Göründüyü kimi, Dövlət Əmlak Komitəsinin Bakı Dövlət Cıdır
Meydanının və ya onun hər hansı tərkib hissəsinin özəlləşdirilməsinə hüququ
olmamış, buna baxmayaraq özəlləşdirmə haqqında qanunvericiliyin müddəaları
kobud surətdə pozularaq, müəssisənin özəlləşdirilməsi üçün hüquqi əsas
yaratmayan Bakı Dövlət Cıdır Meydanının rəhbərinin yuxarıda göstərilən
obyektlərin özəlləşdirilməsinə etirazı olmaması barədə məktubu əsasında
qanunsuz olaraq dövlət mülkiyyətindən çıxarılaraq
özgəninkiləşdirilmişdir.
Bu isə «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan
Respublikası Qanununun 31.1.1-ci maddəsinə əsasən özəlləşdirmənin nəticələrinin
ləğv edilməsinə əsas verir.
«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 31.1.1-ci maddəsinə əsasən həmin qanunun və dövlət əmlakının
özəlləşdirilməsi qaydalarını müəyyən edən digər normativ hüquqi aktların
pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız
hesab edilməsi üçün əsasdır.
Yuxarıda qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsinin Plenumu əsaslı
olaraq belə bir nəticəyə gəlmişdir ki, mübahisə tərəfləri arasında münasibətlər
1997-ci ildə yarandığından həmin münasibətlərə 2000-ci il sentyabrın 1-dək
qüvvədə olmuş Mülki Məcəllə tətbiq edilməlidir.
Özəlləşdirmə həyata keçirilərkən qüvvədə olmuş Azərbaycan
Respublikasının 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Mülki
Məcəllənin 73-cü maddəsində göstərilir ki, hüququ pozulmuş şəxsin iddiası üzrə
onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət
təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların
bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir.
Həmin Məcəllənin 85-ci maddəsində isə iddia müddəti aid edilməyən
tələblər nəzərdə tutulmuşdur.
Həmin maddənin II hissəsinə əsasən kolxozların, kooperativ və sair
ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət
əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələblərinə iddia
müddəti aid edilmir.
Oxşar müddəa Azərbaycan Respublikasının qüvvədə olan Mülki
Məcəlləsinin 384-cü maddəsində də nəzərdə tutulmuşdur.
Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin
və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması
haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə
birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
Həmin Məcəllənin 384.0.5-ci maddəsində isə iddia müddətinin şamil
edilmədiyi tələb kimi dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli
şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə
mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız hesab edilməsi haqqında
mülkiyyətçinin tələbi göstərilmişdir.
Göründüyü kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və
Özəlləşdirilməsi Departamentinə qarşı Bakı Dövlət Cıdır Meydanı ərazisində
yerləşən özəlləşdirilmiş bir mərtəbəli 98,1 kv.m. qeyri-yaşayış sahəsinə,
tikintiləri yarımçıq qalmış 35 yerlik mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı
tövləyə və onun yerləşdiyi 4800 kv.m. torpaq sahəsinə dair şəhadətnamələrin
verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələrinin etibarsız hesab
edilməsi barədə tələblərinə iddia müddətləri şamil edilmədiyindən iddia
müddətinin buraxılması barədə nəticəyə gəlinə bilməz.
Beləliklə, həm əvvəlki, həm də hazırda qüvvədə olan mülki
qanunvericilikdə mülkiyyətçinin özgənin qanunsuz sahibliyindən öz əmlakının
tələb etməsinə dair iddialara iddia müddəti şamil edilmədiyindən Ali Məhkəmənin
İMDİÜMK-nın şikayət verilmiş qərarı ilə Azərbaycan Respublikası
Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin tələbi pozulmamışdır.
Bundan başqa, mübahisəli obyektlərin özəlləşdirilməsi zamanı
Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq
edilmiş Mülki Məcəllə qüvvədə olduğundan əvvəl qeyd edildiyi kimi bu
münasibətlərdən əmələ gələn mübahisələrə həmin Mülki Məcəllənin müddəaları
tətbiq edilməlidir.
Həmin Məcəllənin 142-ci maddəsinə əsasən mülkiyyətçinin, başqasının
qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır.
Mülki Məcəllənin 143-cü maddəsində göstərilir ki, əmlak onu
özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən
bunu bilmədikdə və bilməli olmadıqda (vicdanlı əldə edən) mülkiyyətçi bu əmlakı
əldə edəndən ancaq o əmlakın onun özü tərəfindən və ya onun razılığı ilə
sahibliyinə verilmiş şəxs tərəfindən itirildikdə və ya əmlak onların hər hansı
birindən oğurlandığı, yaxud onların iradəsindən asılı olmayaraq sair yolla
onların sahibliyindən çıxdığı halda tələb etməyə haqlıdır.
Lakin həmin Məcəllənin 144-cü maddəsində qeyd edilir ki, hər hansı
bir üsulla qanunsuz özgəninkiləşdirilmiş dövlət əmlakı, habelə kolxozların,
sair kooperativ təşkilatlarının və digər ictimai təşkilatların əmlakı müvafiq
təşkilatlar tərəfindən onları hər bir əldə edəndən tələb oluna bilər.
144-cü maddə əmlakı əldə edənin vicdanlı olub-olmamasından asılı
olmayaraq dövlət əmlakına dair qeyri məhdud vindikasiya müəyyən edir, həmin
əmlak həm vicdanlı, həm də vicdansız əldə edəndən hər bir halda tələb edilə bilər.
Dövlət əmlakına dair vindikasiya iddiasının qeyri məhdudluğu əvvəl qeyd
edildiyi kimi, həm də bu iddiaya iddia müddətinin aid edilməməsində ifadə
olunur.
Beləliklə, ərizəçilərin mübahisəli obyektləri satın alarkən vicdanlı
alıcı olmaları və buna görə də əmlakın onlardan alına bilməməsi barədə
şikayətdə göstərdikləri dəlilləri əsassızdır.
Bundan əlavə hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin kassasiya
şikayəti verərkən V.İsayevə 3 saylı tövləyə və onun yerləşdiyi 4800 kv.m.
torpaq sahəsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sərəncamın ləğv
edilməsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni
mübahisələndirməməklə yalnız Z.Quliyevin və G.Cəbrayılovanın mülkiyyətlərində
olan əmlaka dair şəhadətnamələrin verilməsinə əsas olmuş DƏK-ın sərəncamlarının
mübahisələndirməsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci
maddəsinin I hissəsinin tələblərinin pozulması kimi qiymətləndirilməsinə əsas
yoxdur.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I
hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsinə əsasən
mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsipini təşkil
edir .
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1.-ci
maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi
hamının qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən məhkəmə irqindən,
milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin
olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə
tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə
eyni cür yanaşır.
MPM-nin 50.1-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər,
vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh
qismində çıxış edə bilərlər.
Həmin məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən
qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişdirməyə,
iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.
Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
53-cü maddəsi ilə iddiaçıya verilmiş həmin hüquq hər kəsə, o cümlədən dövlət
orqanlarına eyni dərəcədə şamil edilir. Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin, həmçinin yuxarıda qeyd edilən normativ hüquqi
aktların tələblərindən də görünür ki, qanun qarşısında bərabərlik irqindən,
milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin
olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə
tutulmayan başqa fərqlərdən asılı olmayaraq qanunla hər kəsə bərabər hüquq və
vəzifələr müəyyən edilməsində, məhkəmə tərəfindən hər kəsə eyni cür
yanaşılmasında ifadə olunur. Mülki mühakimə icraatında da qanun qarşısında
bərabərlik məhkəmə tərəfindən mübahisə tərəflərinə və işdə iştirak edən digər
şəxslərə eyni cür yanaşılmasında ifadə edilir. Bu zaman tərəflər arasındakı
prosessual münasibətlər isə MPM-nin 9.1-ci maddəsində nəzərdə tutulmuş çəkişmə
prinsipi əsasında qurulur.
Buna görə də Kənd Təsərrüfatı Nazirliyinin kassasiya şikayəti
verərkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bir hissəsindən
şikayət etməməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyinin
pozulması kimi qiymətləndirilə bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun Ali Məhkəmənin Müvafiq Kollegiyasının işə mahiyyəti üzrə baxıb qərar qəbul etməyə səlahiyyəti olmaması haqda qəldiyi nəticə ilə isə razıyam.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
hakimi
İ.Nəcəfov