Постановления

28.01.05 Z.S.Quliyev və G.Q.Cəbrayılovanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin İMDİÜMK 20.11.03 tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

                                                                                     

AZƏRBAYCAN  RESPUBLIKASI  ADINDAN

 

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ  PLENUMUNUN

 

QƏRARI

 

Z.S.Quliyev və G.Q.Cəbrayılovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 2003-cü il 20 noyabr tarixli  qərarının  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

28 yanvar   2005-ci il                                                                Bakı şəhəri

 

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov və E.Məmmədov (məruzəçi-hakimlər), R.Qvaladze, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçilərin nümayəndəsi T.Babayevin,

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Hüquq şöbəsinin əməkdaşı  R.Axundovun,  

Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması  və Özəlləşdirilməsi Departamentinin əməkdaşı N.İbrahimlinin,

Bakı Dövlət Cıdır Meydanının direktoru N.Səfərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Zeynalabdin Sadiq oğlu Quliyev  və Gülnarə Qubad qızı Cəbrayılovanın Kənd Təsərrüfatı Nazirliyinin  İqtisadi İnkişaf Nazirliyinə və həmin Nazirliyin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə qarşı Bakı Dövlət Cıdır Meydanı ərazisində yerləşən özəlləşdirilmiş birmərtəbəli 98,1 kv.m qeyri-yaşayış sahəsinə, tikintiləri yarımçıq qalmış 35 yerlik mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı tövləyə və onun yerləşdiyi 4800 kv.m torpaq sahəsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələrinin etibarsız hesab edilməsinə dair iş üzrə  Azərbaycan Respublikası Ali Məhkəməsinin İMDİÜMK-nın 2003-cü il 20 noyabr tarixli qərarının  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair  şikayətlərinə baxdı.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 15 dekabr 2004-cü il  tarixli, 2n-420 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçinin nümayəndəsi T.Babayevin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Z.Quliyev və G.Cəbrayılova şikayətlərində göstərirlər ki, 1 saylı Yerli iqtisad məhkəməsinin 2003-cü il 31 mart tarixli qətnaməsilə  Kənd Təsərrüfatı Nazirliyinin  İqtisadi İnkişaf Nazirliyinə və həmin  Nazirliyin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə (bundan sonra - Departament) qarşı iddiası təmin olunaraq Bakı Dövlət Cıdır Meydanı ərazisində yerləşən özəlləşdirilmiş bir mərtəbəli 98,1 kv.m.m2 qeyri-yaşayış sahəsinə, tikintiləri yarımçıq qalmış 35 yerlik mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı tövləyə və onun yerləşdiyi 4800 kv.m. torpaq sahəsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələri etibarsız hesab edilmişdir.

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi Z.Quliyev, G.Cəbrayılova, V.İsayevin apellyasiya şikayətlərini təmin edərək  Bakı Dövlət Cıdır Meydanının ərazisində yerləşən özəlləşdirilmiş birmərtəbəli 98,1 kv.m qeyri-yaşayış sahəsinə, tikintiləri yarımçıq qalmış 35 yerlik mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı tovləyə və onun yerləşdiyi 4800 kv.m torpaq sahəsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələrinin etibarsız hesab edilməsinə dair  Kənd Təsərrüfatı Nazirliyinin iddiasını rədd etməklə 2003-cü il 09 iyul tarixdə yeni qətnamə çıxarmışdır.

Şikayətdə daha sonra qeyd olunur ki,  Kənd Təsərrüfatı Nazirliyi kassasiya şikayəti verərkən əvvəlki iddiadan fərqli olaraq 3 saylı tövləyə və onun yerləşdiyi 4800 kv. m. torpaq sahəsinə dair V.İsayevin adına olan şəhadətnamənin verilməsinə əsas olmuş sərəncamın ona aid hissəsi istisna olmaqla tikintisi yarımçıq qalmış kimi satılmış 35 yerlik mehmanxana barədə Z. Quliyevin adına və tikintisi yarımçıq qalmış  kimi satılmış pavilyona dair G.Cəbrayılovanın adına şəhadətnamələrin verilməsinə əsas olmuş Dövlət Əmlak Komitəsinin (bundan sonra - DƏK) sərəncamlarının onlara aid hissələrinin ləğv edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - İMDİÜMK) 2003-cü il 20 noyabr tarixli qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin kassasiya şikayəti təmin olunaraq DƏK-in Bakı Dövlət Cıdır meydanı ərazisində tikintisi yarımçıq qalmış 35 yerlik mehmanxananın Z. Quliyevə  satılmasına dair  şəhadətnamənin verilməsinə əsas olmuş 1997-ci il 06 fevral tarixli 31 saylı sərəncamının və tikintisi yarımçıq qalmış sərgi pavilyonunun G. Cəbrayılovaya satılmasına haqqında  şəhadətnamənin verilməsinə əsas olmuş 1997-ci il 28 aprel tarixli 173 saylı sərəncamının onlara aid hissələri etibarsız hesab edilmişdir.

Ali Məhkəmənin  İMDİÜMK-nın qərarından Z. Quliyev və G. Cəbrayılovanın əlavə kassasiya qaydasında verdikləri şikayətlə bağlı Azərbaycan Respublikası Ali  Məhkəməsi  Sədrinin 2004-cü il 24 may tarixli məktubunda bildirilmişdir ki,  həmin qərara əlavə kassasiya qaydasında baxılması üçün əsaslar yoxdur.

Şikayətdə həmçinin bildirilir ki, DƏK-in 1997-ci il 06 dekabr tarixli 31 saylı  sərəncamı ilə Bakı Dövlət Cıdır Meydanının ərazisində tikintisi dondurulmuş və  başa çatdırılmamış özəlləşdirilən 35 yerlik  mehmanxana 1997-ci il 18 fevral tarixində keçirilən auksionda Z. Quliyev tərəfindən satın alınmış və  DƏK tərəfindən ona 3 saylı  reyestr kitabında 1040 sayla qeyd edilməklə həmin əmlakla bağlı mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir.

Həmin  Komitənin  1997-ci il 28 aprel tarixli  173  saylı sərəncamına əsasən  isə Bakı Cıdır Meydanının tikintisi yarımçıq qalmış sərgi pavilyonu 1997-ci il 29 aprel tarixdə keçirilən auksionda G. Cəbrayılova tərəfindən  satın alınmış və  ona  DƏK tərəfindən 10 saylı reyestr kitabında 4530 sayla qeydiyyat aparılmaqla mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir.

Bununla belə, Ali Məhkəmənin  İMDİÜMK  hesab etmişdir ki, Bakı Dövlət Cıdır Meydanı Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına 1 saylı Əlavənin 18-ci bəndinə müvafiq olaraq özəlləşdirilməsi qadağan olunan müəssisədir. Lakin mübahisənin predmeti olan sərgi pavilyonu və mehmanxananın tikintisi 1992-ci ildən dondurulduğu və tikintinin normativ müddətləri ötmüş olduğundan qeyd olunan 1 saylı Əlavənin 10-cu bəndinə görə özəlləşdirilməsi məcburi sayılan obyektlərdir.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 25 mart tarixli 451 saylı fərmanı ilə təsdiq edilmiş «Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmış öbyektlərin özəlləşdirilməsi haqqında» Əsasnamənin 1,2,3-cü maddələrinə görə tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi Dövlət Əmlak Nazirliyi (hazırda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi) tərəfindən həyata keçirilir, bu zaman Nazirlik başa çatdırılmamış tikintilərin satıcısı kimi çıxış edir və belə obyektlər onun qəbul etdiyi qərar əsasında özəlləşdirilir.

Daha sonra ərizəçilər bildirirlər ki, əmlakın özəlləşdirilməsi ilə bağlı hüquq münasibətləri 1997-1998-ci illərdə yarandığından bu mübahisənin həll edilməsi üçün 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra - MM) iddia  müddətləri ilə bağlı qaydaları əks etdirən 73, 77, 78-ci maddələri, habelə həmin Məcəllənin 143-cü (əmlakı vicdanlı əldə edən) maddəsinin və hazırda qüvvədə olan MM-in VI fəslinin müddəaları tətbiq edilməmişdir.

Şikayətçilər  onların Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit olunmuş mülkiyyət hüquqlarının pozulduğunu, 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olmuş  MM-in 73, 77, 78 və 143-cü maddələrinin tələblərinə uyğun olmadığı üçün Ali Məhkəmənin İMDİÜMK-nin  2003-cü il 20 noyabr tarixli qərarının ləğv edilməsini xahiş edirlər.

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

 Ümumi məhkəmələr tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, 1995 –ci il 29 sentyabr tarixli Qanunla təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na əsasən dövlət müəssisələrinin və digər dövlət mülkiyyət öbyektlərinin satıcısı olan  DƏK (həmin Proqramın 13 saylı Əlavəsinin 1-ci maddəsi) tərəfindən Bakı Dövlət Cıdır Meydanının ərazisində yerləşən tikintisi yarımçıq qalmış, normativ müddətləri ötmüş 35 yerlik mehmanxana (DƏK-in 1997-ci il 06 fevral tarixli 31 saylı sərəncamı) və tikintisi yarımçıq qalmış sərgi pavilyonu (DƏK-in 1997-ci il 28 aprel tarixli 173 saylı sərəncamı) özəlləşdirilmək üçün auksiona çıxarılmışdır. 35 yerlik mehmanxana auksion vasitəsilə 10.182.000 (on milyon yüz səksən iki min) manat ödənilməklə Z. Quliyev tərəfindən (1997-ci il 18 fevral tarixli auksion protokolu, 1997-ci il 20 fevral tarixli alqı-satqı müqaviləsi, DƏK tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında tarixsiz şəhadətnamə), tikintisi yarımçıq qalmış sərgi pavilyonu isə  eyni qaydada 76. 122. 000 (yetmiş altı milyon yüz iyirmi iki min) manat ödənilməklə G. Cəbrayılova  tərəfindən (1997-ci il 29 aprel tarixli auksion protokolu, 1997-ci il 30 aprel tarixli alqı-satqı müqaviləsi, DƏK tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 1997-ci il 07 may tarixli  4530 saylı şəhadətnamə) satın alınmışdır.

Həmin ərazidə yerləşən digər əmlakla yanaşı yuxarıda göstərilən əmlakın da özəlləşdirilməsi Bakı Dövlət Cıdır Meydanının məlumatı olmaqla  aparılmış və bu zaman nə onun özü, nə də hər hansı digər maraqlı orqan tərəfindən özəlləşdirilmə ilə bağlı  heç bir irad bildirilməmişdir.

Bununla belə, Kənd Təsərrüfatı Nazirliyinin  İqtisadi İnkişaf Nazirliyinə və Departamentə qarşı Bakı Dövlət Cıdır meydanı ərazisində yerləşən özəlləşdirilmiş birmərtəbəli 98.1 kv. m  qeyri–yaşayış sahəsinə (mülkiyyətçi-B.Nadirov), tikintiləri yarımçıq qalmış 35 yerlik meymanxanaya (mülkiyyətçi- Z.Quliyev), sərgi pavilyonuna( mülkiyyətçi- G. Cəbrayılova), 3 saylı  tövləyə və onun yerləşdiyi 4800 kv.m torpaq sahəsinə (mülkiyyətçi-V.İsayev) dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələrinin etibarsız hesab edilməsinə dair iddiası Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad məhkəməsinin 2003-cü il 31 mart tarixli qətnaməsilə təmin edilmişdir (Kənd Təsərrüfatı Nazirliyi Z.Quliyevə və G.Cəbrayılovaya şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələrinin etibarsız hesab edilməsinə dair iddianı özəlləşdirmədən 6 il keçdikdən sonra qaldırmışdır).

Qeyd olunmalıdır ki, işdə Bakı Dövlət Cıdır Meydanı iddiaçı tərəfindən,   Z. Quliyev, G. Cəbrayılova, V.İsayev və B.Nadirov isə cavabdehlər tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi iştirak etmişlər.

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi Z.Quliyevin, G.Cəbrayılovanın, V.İsayevin apellyasiya şikayətlərinə  əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iddiasının onlara aid hissəsini rədd etməklə 2003-cü il 09 iyul tarixdə yeni qətnamə çıxarmışdır (B.Nadirovun apellyasiya şikayəti qismən təmin olunmuşdur).

Kənd Təsərrüfatı Nazirliyinin kassasiya şikayəti  Ali Məhkəmənin İMDİÜMK - nın 2003-cü il 20 noyabr tarixli qərarı ilə təmin olunaraq DƏK-in Z. Quliyevə və G. Cəbrayılovaya müvafiq şəhadətnamələrin verilməsinə əsas olmuş 1997-ci il 06 fevral tarixli 31 saylı və 1997-ci il 28 aprel tarixli 173 saylı sərəncamlarının onlara aid hissələri etibarsız hesab edilmişdir. 

Mülkiyyət hüququna xitam verilməsinin xüsusi halı olan özəlləşdirmə, dövlət mülkiyyətində olan (qanunvericilikdə nəzərdə tutulan əmlak istisna olmaqla) əmlakın əvəzli və ya əvəzsiz qaydada fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə keçməsini ehtiva edir.

Özəlləşdirmənin həyata keçirilməsi ilk növbədə təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadi mühitinin yaradılması, iqtisadi proseslərə bütün növ istifadə olunmamış ehtiyatların  (bitməmiş  və istismara verilməmiş obyektlər, daşınmaz əmlak və s.), investisiyaların, o cümlədən xarici investisiyaların iqtisadiyyata cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması məqsədi daşıyır.

Bu baxımdan özəlləşdirmə prosesində hüquqi və fiziki şəxslərin sərbəst iştrakı və fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, həmin prosesin tarazlaşdırılmış və fasiləsiz şəkildə aparılması dövlətin üzərinə düşən vacib öhdəlikdir.

Qeyd edilməlidir ki, hüquq və azadlıqların səmərəli həyata keçirilməsi üçün hər hansı pozuntulara və neqativ təsirlərə davam gətirən hüquq müdafiə təminatı mexanizminin mövcudluğu hüquqi, demokratik dövlətə xas olan keyfiyyətlərdən biridir.

Hüquq və azadlıqlardan azad istifadə edilməsinin təmin olunmasını nəzərdə tutan müvafiq mühiti və maddi özülü əks etdirən sosial-iqtisadi təminatların hüquq və azadlıqların hüquqi təminatları ilə bağlılığı, özəlləşdirmə zamanı yaranan ictimai münasibətlərin müdafiə və mühafizəsinin də öz təsir dairəsində saxlanmasını şərtləndirir. Bazar  iqtisadiyyatına keçid dövründə,  xüsusən də özəlləşdirmə ilə bağlı yaranmış münasibətlərdə hüquq və azadlıqların dövlət tərəfindən dolğun şəkildə müdafiə olunması zərurəti daha da artır.

Hüquqi müəyyənlik ən vacib hesab olunan ümumi hüquq prinsiplərindən biridir. Məzmun etibarilə şəxslərin hüquqi vəziyyətinin ağırlaşdırılmasına yönələn qanunvericilik aktlarının qüvvəsinin geriyə şamil olunmamasını nəzərdə tutan bu prinsip Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində də öz əksini   tapmışdır. Həmin normaya əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngüləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Məhz Konstitusiyanın bu müddəasına əsaslanaraq qanunverici MM-də müəyyənləşdirmişdir ki, Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericillik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra  əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz (MM-in 7-ci maddəsi). Bu qayda həmçinin MM  ilə tənzimlənən iddia müddətlərinin tətbiqi ilə bağlı münasibətlərə də şamil edilir.

 «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci il 27 dekabr tarixli qərarında göstərilmişdir ki, qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ hüquqi akt qəbul etdikdə əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir.  Qərarda  göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir.

2000-ci il 01 sentyabr tarixədək qüvvədə olmuş MM-in 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan  iddiaları üzrə isə bir il müəyyən edilir.

Həmin Məcəllənin 77-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitrac və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.

Məcəllənin 78-ci maddəsinin birinci abzasında isə iddia müddətinin axımının iddia hüququ əmələ gələn gündən başlanmasını, iddia hüququnun, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlməsini əks etdirən qayda mövcud olmuşdur.

Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan görünür ki, səlahiyyətli dövlət orqanının özəlləşdirməyə çıxardığı 35 yerlik mehmanxana və sərgi pavilyonu  müvafiq olaraq Z. Quliyev və G. Cəbrayılova tərəfindən 1997-ci ildə əldə olunmuş və hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Lakin birinci və kassasiya instansiyası məhkəmələri  1997-ci ildə yaranan hüquq münasibətlərilə bağlı mübahisənin həll olunması üçün 2000-ci il 01sentyabr tarixədək qüvvədə olan MM-in 73, 77, 78-ci maddələrinin müddəalarını tətbiq etməmışdır. Belə hal isə Azərbaycan Respublikası Konstitusiyasının  149-cu maddəsinin VII  hissəsi baxımından məqbul hesab oluna bilməz.

Konstitusiyanın 25-ci maddəsinin I  hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.

Konstitusiyanın bu normasının (prinsipinin) əsas mahiyyəti dövlət tərəfindən hüquq subyektlərinə eyni münasibət və vəziyyətlərdə qeyri-bərabər recimin, lüzümsüz üstünlük və imtiyazların yaradılmasının qarşısının alınmasına xidmət edir. Qeyd olunan prinsipdən hər hansı formada kənara çıxılması  hüquq subyektlərinin iştirak etdikləri hüquq münasibətlərində faktiki olaraq qeyri-bərabərliyə, onlardan hər hansı birini digərinə nisbətdə daha əlverişli mövqeyə gətirib çıxarmaqla  Konstitusiya prinsiplərinin deklorativliyinə, dövlət orqanlarına inamın azalmasına, sosial gərginliyin artmasına  zəmin yarada bilər.

İş materiallarından görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin iddiasında B. Nadirova, V.İsayevə, G.Cəbrayılovaya, Z.Quliyevə müvafiq əmlaka dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələrinin etibarsız hesab edilməsi xahiş olunmuşdur. Həmin iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.

  Azərbaycan Respublikasının İqtisad Məhkəməsi  V.İsayevin (3 saylı tövlənin və onun yerləşdiyi 4800kv.m torpaq sahəsinin mülkiyyətçisi), G.Cəbrayılovanın (sərgi pavilyonunun mülkiyyətçisi), Z.Quliyevin (35 yerlik mehmanxananın mülkiyyətçisi) apellyasiya şikayətlərinə əsasən I  instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək yeni qətnamə çıxarmışdır (B.Nadirovun şikayəti qismən təmin edilmişdir).

Kənd Təsərrüfatı Nazirliyi kassasiya şikayəti verərkən  V.İsayevə şəhadətnamənin verilməsinə əsas olmuş sərəncamın ləğv edilməsi ilə əlaqədar iddiasının təmin olunmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirməməklə yalnız həmin instansiyanın qətnaməsinin Z.Quliyevə və G.Cəbrayılovaya aid hissələrinin qanunsuz olduğuna görə ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sora-MPM) 53-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həçminin artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən Məcəllənin bu qaydasına riayət edilməməsi faktiki olaraq eyni ərazidə yerləşən əmlaka dair, eyni əsaslarla, eyni qaydada,  1997-1998-ci illərdə səlahiyyətli dövlət orqanı tərəfindən keçirilən özəlləşdirmə prosesi iştirakçılarından birinin sonradan subyektiv hüququnun tanınması ilə nəticələnmiş, başqalarının isə belə hüquqlarının mübahisələndirməsinə gətirib çıxarmışdır. Digər tərəfdən isə Kənd Təsərrüfatı Nazirliyinin Bakı Dövlət Cıdır meydanının fəaliyyətinin təmin olunmasında öz funksional təyinatına və həcminə görə daha çox əhəmiyyət daşıyan tikili və torpaq sahəsini deyil, buna nisbətdə ikinci dərəcəli tikililəri mübahisələndirməsi göstərilən əmlaka dair onun mövqeyinin məzmunca hüquqi məntiqsizliyinə dəlalət edir.

Bu hal isə Konstitusiyasının 25-ci maddəsinin I hissəsilə uzlaşmamaqla yanaşı, MPM-in 53-cü maddəsinin tələblərini də pozmuşdur. 

 Azərbaycan Respublikasının bütün ərazisində mallar, xidmətlər və maliyyə vəsaiti sərbəst hərəkət edir. Qanunvericinin müəyyənləşdirdiyi belə hüquqi recimin təbiəti, mahiyyəti və məzmunu mülki hüquq subyektlərinin iştirak etdikləri hüquq münasibətlərinin nəticələrinə qanunsuz və lüzumsuz müdaxilələrin yol verilməzliyinin, eləcə də mülki dövriyyənin fasiləsiz və maneəsiz dövriyyəsinin təmin edilməsinə və s. yönəlmişdir.

Qeyd olunmalıdır ki, mübahisələrin mahiyyət üzrə həll edilməsilə əlaqədar çıxarılan məhkəmə aktlarının keyfiyyətcə preyudisial xarakterə malik olması mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin maddi-hüquqi xarakterli maraqlarına ciddi təsir göstərməsi ilə fərqlənir. Bu baxımdan birinci və kassasiya instansiyası məhkəmələri tərəfindən yuxarıda göstərilən hüquq normalarının tətbiq edilməməsi, habelə Kənd Təsərrüfatı Nazirliyinin kassasiya şikayətində iddia tələbinə seçimli (müqayisəli) yanaşılması Z. Quliyevin və G.Cəbrayılovanın   mülkiyyətçilər kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının pozulmasına  da şərait yaratmışdır.

Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra  və məhkəmə hakimiyyəti orqanlarının borcudur.  Konstitusiyanın 60-cı maddəsinin I hissəsində isə göstərilmişdir ki, hər kəsin huquq və azadlıqlarının  məhkəmədə müdafiəsinə təminat verilir.

Bu baxımdan məhkəmələr konstitusiya hüquq və azadlıqlarını müdafiə edərkən məhkəmə aktlarının sabitliyini, məhkəmə səhvlərinin aradan qaldırılmasının mümkünlüyünü, məhkəmə sisteminin bütün pillələrində prosessual qaydalara ciddi riayət edilməsini təmin etməlidirlər.

 MPM-in 416-cı  maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini  yoxlayır. Həmin  Məcəllənin 418.1-ci maddəsində isə müəyyənləşdirilmişdir ki, maddi və prosessual hüquq normalarının  pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadlarının ləğv edilməsi üçün əsasdır.

Ali Məhkəmənin İMDİÜMK-nın 2003-cü il 20 noyabr tarixli qərarı ilə İqtisad Məhkəməsinin 2003-cü il 09 iyul tarixli qətnaməsinin Z. Quliyev və G. Cəbrayılova aid hissəsi dəyişdirilmə adı altında faktiki olaraq qismən ləğv edilmişdir. Halbuki, MPM-in 417.0.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri əsas tutaraq belə qənaətə gəlir ki, Ali Məhkəmənin İMDİÜMK-nın 2003-cü il 20 noyabr tarixli qərarının Z. Quliyev və G. Cəbrayılovaya aid olan hissəsi   Konstitusiyanın 25, 29, 60, 71-ci maddələrinə və MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun deyildir və qüvvədən düşmüş hesab olunmalıdır. 

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu      

 

QƏRARA  ALDI:

 

1.       Z.Quliyev və G.Cəbrayılovanın şikayətləri ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 2003-cü il 20 noyabr tarixli  qərarının Z. Quliyev və G.Cəbrayılovaya aid hissəsi Azərbaycan Respublikası Konstitusiyasının  25, 29, 60, 71-ci maddələri  və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3, 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prossesual qanunvericiliyi ilə müəyyən  edilmiş  qaydada və müddətdə yenidən baxılsın.

2.       Qərar elan olunduğu gündən qüvvəyə minir.

3.       Qərar  «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və Azərbaycan Respublikası Konstitusiya   Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.

4.       Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,  dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 



Sədrlik edən                                                                  Fərhad Abdullayev

  

 

 

 



 

 



 


 

 

XÜSUSİ RƏY

  

Ərizəçilər Z.S.Quliyev və G.Q.Cəbrayılova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək göstərmişlər ki, 1 saylı Yerli iqtisad məhkəməsinin 31 mart 2003-cü il tarixli qətnaməsilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə qarşı Bakı Dövlət Cıdır Meydanı ərazisində yerləşən özəlləşdirilmiş bir mərtəbəli 98,1 kv.m. qeyri-yaşayış sahəsinə, tikintiləri yarımçıq qalmış 35 yerlik mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı tövləyə və onun yerləşdiyi 4800kv.m. torpaq sahəsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələri etibarsız hesab edilməklə iddiası təmin edilmişdir. Azərbaycan Respublikasının İqtisad Məhkəməsi Z.Quliyev, G.Cəbrayılova və V.İsayevin apellyasiya şikayətlərini təmin edərək Bakı Dövlət Cıdır Meydanının ərazisində yerləşən özəlləşdirilmiş 98,1 kv.m. qeyri-yaşayış sahəsinə, tikintiləri yarımçıq qalmış qalmış 35 yerlik mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı tövləyə və onun yerləşdiyi 4800kv.m. torpaq sahəsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələrinin etibarsız hesab edilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iddiasını rədd etməklə 09 iyul 2003-cü il tarixdə yeni qətnamə çıxarmışdır. Şikayətdə daha sonra qeyd olunur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kassasiya şikayəti verərkən əvvəlki iddiadan fərqli olaraq 3 saylı tövləyə və onun yerləşdiyi 4800 kv.m. torpaq sahəsinə dair V.İsayevin adına olan şəhadətnamənin verilməsinə əsas olmuş sərəncamın ona aid hissəsi istisna olmaqla Z.Quliyevin adına tikintisi yarımçıq qalmış kimi satılmış 35 yerlik mehmanxana barədə və G.Cəbrayılovanın adına tikintisi yarımçıq qalmış kimi satılmış sərgi pavilyonu barədə verilmiş şəhadətnamələrin verilməsinə əsas olmuş Dövlət Əmlak Komitəsinin sərəncamlarının onlara aid hissələrinin ləğv edilməsini xahiş etmişdir.

Ali Məhkəmənin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyasının 20 noyabr 2003-cü il tarixli qərarı ilə  Kənd Təsərrüfatı Nazirliyinin kassasiya şikayəti təmin olunaraq DƏK-in Bakı Dövlət Cıdır Meydanı ərazisində tikintisi yarımçıq qalmış 35 yerlik mehmanxananın Z.Quliyevə satılmasına dair tarixsiz 1040 saylı şəhadətnamənin verilməsinə əsas olmuş 06 fevral 1997-ci il tarixli 31 saylı sərəncamın və tikintisi yarımçıq qalmış sərgi pavilyonunun  G.Cəbrayılovaya satılmasına dair 07 may 1997-ci il tarixli 4530 saylı şəhadətnamənin verilməsinə əsas olmuş 28 aprel 1997-ci il tarixli 173 saylı sərəncamın onlara aid hissələri etibarsız hesab olunmuşdur.

Ərizəçilərin verdikləri əlavə kassasiya şikayətləri Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edilmiş və bu barədə Ali Məhkəmənin  sədri 24 may 2004-cü il tarixli məktubla məlumat vermişdir.

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ərizəçilərin şikayətlərinə konstitusiya məhkəmə icraatı üzrə məhkəmə iclasında baxmış və 28 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İMDİÜMK-nın 20 noyabr 2003-cü il tarixli qərarının Z.Quliyev və G.Cəbrayılova barəsindəki hissəsinin qüvvədən düşmüş hesab edilməsi və işə Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması barədə qərar qəbul etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun tərəflər arasında 1997-ci ildə  yaranmış hüquq münasibətlərinə 2000-ci il 01 sentyabr tarixinədək qüvvədə olan Mülki Məcəllənin müddəalarının tətbiq edilməli olması barədə gəldiyi nəticəni əsaslı hesab edirəm, bununla belə aşağıdakıların qeyd edilməsini zəruri hesab edirəm.

İş materiallarından görünür ki, mübahisə predmeti olan özəlləşdirilmiş bir mərtəbəli 98,1 kv.m. qeyri-yaşayış sahəsi, tikintiləri yarımçıq qalmış 35 yerlik mehmanxana, sərgi pavilyonu, 3 saylı tövlə və onun yerləşdiyi 4800 kv.m. torpaq sahəsi Bakı Cıdır Meydanının ərazisində yerləşir və həmin obyektlər bütövlükdə vahid kompleks olan Bakı Cıdır Meydanının tərkib hissəsini təşkil edir.

İş materiallarında olan Bakı Dövlət Cıdır meydanının Nizamnaməsinin onun təyinatını nəzərdə tutan 2-ci bəndində göstərilir ki, Bakı Dövlət Cıdır Meydanında cins və idman atları sınaqdan keçirilir, onların iş qabiliyyəti aşkar edilir, milli at idman oyunları təşkil edilir. Bu meydan əhalinin və əməkçilərin mədəni istirahət yeridir. Burada at-idman oyunları keçirilir, damazlıq və seleksiya işlərinə kömək göstərilməklə yeni cins atların yetişdirilməsinə imkan yaradılır. 

Göründüyü kimi, Bakı Dövlət Cıdır Meydanı xüsusi təyinatlı obyekt olmaqla, damazlıq təsərrüfatları sırasına daxildir.

Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli 1120 saylı Qanunu ilə təsdiq edilmiş və Bakı Dövlət Cıdır Meydanının tərkib hissəsi olan mübahisəli obyektlər özəlləşdirilərkən qüvvədə olmuş «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na özəlləşdirməyə münasibətdə dövlət mülkiyyət obyektlərinin təsnifatı adlanan 1 saylı Əlavənin 2-ci bölməsinin 18-ci bəndinə əsasən dövlət damazlıq və cins toxumçuluq təsərrüfatları, seleksiya-hibrid mərkəzləri, dövlət toxumçuluq müfəttişlikləri, kənd təsərrüfatı üzrə sort-sınaq laboratoriya və stansiyaları özəlləşdirilməsi qadağan olunan müəssisələr və obyektlər sırasına daxil edilmişdir.

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1999-cu il tarixli 74 saylı qərarına əsasən Bakı Dövlət Cıdır Meydanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilərək özəlləşdirilməsi qadağan edilmişdir.

Beləliklə, həm yuxarıda adı çəkilən dövlət proqramı ilə, həm də Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı Dövlət Cıdır Meydanının özəlləşdirilməsi bilavasitə qadağan edilmişdir.

Lakin buna baxmayaraq, iş materiallarından göründüyü kimi, Dövlət Əmlak Komitəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanının tərkib hissəsini təşkil edən tikintisi yarımçıq qalmış 35 yerlik mehmanxana (06 fevral 1997-ci il tarixli 31 saylı sərəncam), habelə  tikintisi yarımçıq qalmış sərgi pavilyonu (28 aprel 1997-ci il tarixli 173 saylı sərəncam) özəlləşdirilmək üçün auksiona çıxarılmışdır.

35 yerlik mehmanxana auksion vasitəsilə 10 82 000 (on milyon yüz səksən iki min) manat ödənilməklə Z.Quliyevə, sərgi pavilyonu isə 76 122 000 (yetmiş altı milyon yüz iyirmi iki min) manat ödənilməklə G.Cəbrayılovaya satılaraq onlara müvafiq şəhadətnamələr verilmişdir.

Göründüyü kimi, Dövlət Əmlak Komitəsinin  Bakı Dövlət Cıdır Meydanının və ya onun hər hansı tərkib hissəsinin özəlləşdirilməsinə hüququ olmamış, buna baxmayaraq özəlləşdirmə haqqında qanunvericiliyin müddəaları kobud surətdə pozularaq, müəssisənin özəlləşdirilməsi üçün hüquqi əsas yaratmayan Bakı Dövlət Cıdır Meydanının rəhbərinin yuxarıda göstərilən obyektlərin özəlləşdirilməsinə etirazı olmaması barədə məktubu əsasında qanunsuz olaraq dövlət mülkiyyətindən çıxarılaraq özgəninkiləşdirilmişdir. 

Bu isə «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 31.1.1-ci maddəsinə əsasən özəlləşdirmənin nəticələrinin ləğv edilməsinə əsas verir.

«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 31.1.1-ci maddəsinə əsasən həmin qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır.

Yuxarıda qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsinin Plenumu əsaslı olaraq belə bir nəticəyə gəlmişdir ki, mübahisə tərəfləri arasında münasibətlər 1997-ci ildə yarandığından həmin münasibətlərə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Mülki Məcəllə tətbiq edilməlidir.

Özəlləşdirmə həyata keçirilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Mülki Məcəllənin 73-cü maddəsində göstərilir ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir.

Həmin Məcəllənin 85-ci maddəsində isə iddia müddəti aid edilməyən tələblər nəzərdə tutulmuşdur.

Həmin maddənin II hissəsinə əsasən kolxozların, kooperativ və sair ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələblərinə iddia müddəti aid edilmir.

Oxşar müddəa Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 384-cü maddəsində də nəzərdə tutulmuşdur.

Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə  iddia müddəti  şamil edilmir.

Həmin Məcəllənin 384.0.5-ci maddəsində isə iddia müddətinin şamil edilmədiyi tələb kimi dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız hesab edilməsi haqqında mülkiyyətçinin tələbi göstərilmişdir.

Göründüyü kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə qarşı Bakı Dövlət Cıdır Meydanı ərazisində yerləşən özəlləşdirilmiş bir mərtəbəli 98,1 kv.m. qeyri-yaşayış sahəsinə, tikintiləri yarımçıq qalmış 35 yerlik mehmanxanaya, sərgi pavilyonuna, 3 saylı tövləyə və onun yerləşdiyi 4800 kv.m. torpaq sahəsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sərəncamların onlara aid hissələrinin etibarsız hesab edilməsi barədə tələblərinə iddia müddətləri şamil edilmədiyindən iddia müddətinin buraxılması barədə nəticəyə gəlinə bilməz.

Beləliklə, həm əvvəlki, həm də hazırda qüvvədə olan mülki qanunvericilikdə mülkiyyətçinin özgənin qanunsuz sahibliyindən öz əmlakının tələb etməsinə dair iddialara iddia müddəti şamil edilmədiyindən Ali Məhkəmənin İMDİÜMK-nın şikayət verilmiş qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin tələbi pozulmamışdır.

Bundan başqa, mübahisəli obyektlərin özəlləşdirilməsi zamanı Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Mülki Məcəllə qüvvədə olduğundan əvvəl qeyd edildiyi kimi bu münasibətlərdən əmələ gələn mübahisələrə həmin Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir.

Həmin Məcəllənin 142-ci maddəsinə əsasən mülkiyyətçinin, başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır.

Mülki Məcəllənin 143-cü maddəsində göstərilir ki, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilməli olmadıqda (vicdanlı əldə edən) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o əmlakın onun özü tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş şəxs tərəfindən itirildikdə və ya əmlak onların hər hansı birindən oğurlandığı, yaxud onların iradəsindən asılı olmayaraq sair yolla onların sahibliyindən çıxdığı halda tələb etməyə haqlıdır.

Lakin həmin Məcəllənin 144-cü maddəsində qeyd edilir ki, hər hansı bir üsulla qanunsuz özgəninkiləşdirilmiş dövlət əmlakı, habelə kolxozların, sair kooperativ təşkilatlarının və digər ictimai təşkilatların əmlakı müvafiq təşkilatlar tərəfindən onları hər bir əldə edəndən tələb oluna bilər. 

144-cü maddə əmlakı əldə edənin vicdanlı olub-olmamasından asılı olmayaraq dövlət əmlakına dair qeyri məhdud vindikasiya müəyyən edir, həmin əmlak həm vicdanlı, həm də vicdansız əldə edəndən hər bir halda tələb edilə bilər. Dövlət əmlakına dair vindikasiya iddiasının qeyri məhdudluğu əvvəl qeyd edildiyi kimi, həm də bu iddiaya iddia müddətinin aid edilməməsində ifadə olunur.

Beləliklə, ərizəçilərin mübahisəli obyektləri satın alarkən vicdanlı alıcı olmaları və buna görə də əmlakın onlardan alına bilməməsi barədə  şikayətdə göstərdikləri dəlilləri əsassızdır.

Bundan əlavə hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin kassasiya şikayəti verərkən V.İsayevə 3 saylı tövləyə və onun yerləşdiyi 4800 kv.m. torpaq sahəsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sərəncamın ləğv edilməsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirməməklə yalnız Z.Quliyevin və G.Cəbrayılovanın mülkiyyətlərində olan əmlaka dair şəhadətnamələrin verilməsinə əsas olmuş DƏK-ın sərəncamlarının mübahisələndirməsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin tələblərinin pozulması kimi qiymətləndirilməsinə əsas yoxdur.     

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsipini təşkil edir .

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1.-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni  cür  yanaşır.

MPM-nin 50.1-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

Həmin məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.

Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsi ilə iddiaçıya verilmiş həmin hüquq hər kəsə, o cümlədən dövlət orqanlarına eyni dərəcədə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, həmçinin yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də görünür ki, qanun qarşısında bərabərlik irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq qanunla hər kəsə bərabər hüquq və vəzifələr müəyyən edilməsində, məhkəmə tərəfindən hər kəsə eyni cür yanaşılmasında ifadə olunur. Mülki mühakimə icraatında da qanun qarşısında bərabərlik məhkəmə tərəfindən mübahisə tərəflərinə və işdə iştirak edən digər şəxslərə eyni cür yanaşılmasında ifadə edilir. Bu zaman tərəflər arasındakı prosessual münasibətlər isə MPM-nin 9.1-ci maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipi əsasında qurulur.

Buna görə də Kənd Təsərrüfatı Nazirliyinin kassasiya şikayəti verərkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bir hissəsindən şikayət etməməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyinin pozulması kimi qiymətləndirilə bilməz. 

Konstitusiya Məhkəməsi Plenumunun Ali Məhkəmənin Müvafiq Kollegiyasının  işə mahiyyəti üzrə baxıb qərar qəbul etməyə səlahiyyəti olmaması haqda qəldiyi nəticə ilə isə razıyam.



Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin

hakimi                                                               İ.Nəcəfov