AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikası Milli Məclisi seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqinə
dair
5 mart 2020-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən
İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze
(məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət
tərkibdə,
məhkəmə katibləri Fəraid
Əliyev və Vüqar Zeynalovun,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
sədri Məzahir Pənahov, sədr müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova
və Mikayıl Rəhimov, üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov,
Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil
Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və
İlkin Şahbazovun,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov və həmin
kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülşən Cəbinin,
mütəxəssislər Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və Gülnar Əhmədovanın
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı
maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi
konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan
Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərin
nəticələrinə dair konstitusiya işinə baxdı.
Hakimlər R.İsmayılov və R.Qvaladzenin məruzələrini,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun
çıxışını, ekspertlər N.Şükürov və G.Cəbinin, mütəxəssislər U.Həmidova və
G.Əhmədovanın rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 981-ci maddəsinin I hissəsinə və 109-cu
maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə beşinci
çağırış Azərbaycan Respublikasının Milli Məclisi (bundan sonra – Milli Məclis)
buraxılmış, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin
edilmiş və həmin gün seçkilər keçirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan
sonra – Seçki Məcəlləsi) 171.2-ci maddəsinə əsasən, Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki
Komissiyası) səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki
komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən
sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) təqdim edir.
Konstitusiyanın 86-cı maddəsinə görə, Milli
Məclis deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən
olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun)
54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Milli
Məclis deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq
edilməsi qaydaları Seçki Məcəlləsi ilə müəyyən edilir. Bu
qaydalara uyğun olaraq Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası
tərəfindən təqdim olunmuş sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq
mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu
yoxlayır (Seçki Məcəlləsinin 171.3-cü maddəsi).
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə
müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-da keçirilmiş
Milli Məclisə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi
məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında protokolunu və
dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilmiş sənədlərlə
birlikdə Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna
əsasən:
1. Seçki siyahılarına daxil edilmiş seçicilərin ümumi
sayı – 5 359 015 (beş milyon üç yüz əlli doqquz min on beş);
2. Səsvermədə iştirak edən seçicilərin sayı – 2 510
135 (iki milyon beş yüz on min yüz otuz beş);
3. Dairə seçki komissiyalarının sayı – 125 (bir yüz
iyirmi beş);
4. Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş
protokolların sayı – 125 (bir yüz iyirmi beş);
5. Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi
üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı – 121 (bir
yüz iyirmi bir);
6. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki
dairələrinin sayı – 4 (dörd);
7. Səsvermənin baş tutmadığı seçki dairələrinin sayı – 0
(sıfır);
8. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki
məntəqələrinin sayı – 328 (üç yüz iyirmi səkkiz) olmuşdur.
Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi
yekunlarına dair 2020-ci il 25 fevral tarixli protokoluna əsasən 125 seçki
dairəsindən 121 seçki dairəsi üzrə səsvermənin nəticələri etibarlı hesab
edilmiş və həmin seçki dairələri üzrə deputat seçilmiş namizədlər müəyyən
olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının 2020-ci il 13
fevral tarixli 23/132, 23/133, 23/134 və 23/135 saylı qərarları ilə 80 saylı
İmişli–Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı
Xətai birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız hesab
edilmişdir.
Bundan başqa, Konstitusiya Məhkəməsinə təqdim edilmiş
materiallardan göründüyü kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən qanun
pozuntuları ilə bağlı daxil olmuş şikayət və müraciətlər üzrə araşdırmalar
aparılmış, müxtəlif məlumat mənbələri, o cümlədən veb-kamera görüntüləri və
digər materiallar əsasında 328 seçki məntəqəsində seçki qanunvericiliyinin
tələblərinin pozulması müəyyən edilmiş və həmin məntəqələr üzrə səsvermənin
nəticələri etibarsız hesab edilmişdir.
Materiallardan o da görünür ki, 2020-ci il fevralın
9-da Milli Məclisə seçkilərin hazırlanması, keçirilməsi və nəticələrinin
müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlar səbəbindən
ümumilikdə 87 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmışdır.
Seçki Məcəlləsinin 100.12-ci maddəsinə əsasən,
seçki komissiyasının protokolu seçki komissiyasının həlledici səs hüquqlu
üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu
üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin
28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə
yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və
ya 18-i iştirak edərsə — azı 12
üzvün səs çoxluğu ilə qəbul edilir.
Konstitusiya Məhkəməsinə təqdim edilmiş səsvermənin
ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral
tarixli protokolundan göründüyü kimi, bu sənədi Mərkəzi Seçki Komissiyasının 17
həlledici səs hüquqlu üzvlərindən 17-si imzalamışdır.
Konstitusiya Məhkəməsi Seçki Məcəlləsinin 171.3-cü və
“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinin tələblərinə
uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin
Seçki Məcəlləsinə uyğunluğunun yoxlanılması üçün ekspert və mütəxəssisləri cəlb
etmiş, Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Apellyasiya Məhkəmələrindən,
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali
Məhkəməsindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının
müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət
və ərizələr haqqında məlumatları tələb etmişdir.
Ekspert qismində cəlb edilmiş Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti
N.Şükürov və həmin kafedranın müəllimi G.Cəbinin rəylərindən göründüyü kimi,
Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əlavə edilmiş dairə seçki
komissiyalarının protokollarına Seçki Məcəlləsinin 100.2, 107.2 və 107.3-cü
maddələrində göstərilmiş bütün məlumatlar daxil edilmiş, Mərkəzi Seçki
Komissiyasının yekun protokolu isə Seçki Məcəlləsinin 108.2-ci maddəsinə uyğun
olaraq dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi
əsasında tərtib edilmişdir.
Protokolların karandaşla yazılması və həmin
protokollara hər hansı düzəlişlərin edilməsi müəyyən olunmamışdır.
Beləliklə ekspertlərin rəyindən göründüyü kimi,
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinə dair
Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona
əlavə olunmuş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və
108.2-ci maddələrinin tələblərinə uyğundur.
Mütəxəssislər Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın rəyinə əsasən,
Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əlavə edilmiş 121 dairə seçki
komissiyasının protokolları Seçki Məcəlləsinin 100.2 və 107.3-cü maddələrinin
tələblərinə tam cavab verir. Həmin protokollar Seçki Məcəlləsinin 107.2-ci
maddəsinə müvafiq olaraq məntəqə seçki komissiyalarının protokollarında olan
bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.
Mərkəzi Seçki Komissiyasının yekun protokolu Seçki
Məcəlləsinin 108.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilmişdir.
Dairə seçki komissiyaları protokolların, Mərkəzi Seçki
Komissiyası isə yekun protokolun hesablanmasını düzgün aparmışlar. Həmin
sənədlərdə nöqsanlar, səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar
edilməmişdir.
Mütəxəssislərin rəyinə əsasən 2020-ci il fevralın 9-da
keçirilmiş Milli Məclisə seçkilərə dair Mərkəzi Seçki Komissiyası tərəfindən
təqdim olunmuş 121 dairə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin
100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə tam uyğun
tərtib edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 3 mart
tarixli 5d-64/2020 və 2020-ci il 4 mart tarixli 5d-66/2020 saylı məktublarından
göründüyü kimi, seçki günündən sonra məhkəməyə 72 ərizə daxil olmuş, onlardan
13 iş aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilmiş, 16 iş üzrə iddia mümkün
sayılmamış, 2 iş üzrə iddia qismən təmin edilmiş, lakin bu dairə seçki
komissiyalarının ümumi nəticələrinə təsir göstərməmiş və 41 iş üzrə iddia
əsassız olduğu üçün təmin edilməmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin 2020-ci il 3 mart
tarixli 02110/2020 saylı məktubunda göstərilmişdir ki, həmin məhkəmədə Mərkəzi
Seçki Komissiyasının qərarı ilə bağlı 20 işə baxılmış, 12 iş üzrə iddia təmin
edilməmiş, 7 iş üzrə iddialar mümkün sayılmamış və 1 iş aidiyyəti üzrə
göndərilmişdir.
Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 3 və 4 mart
tarixli 31-15/2020 saylı məktublarına əsasən məhkəmənin icraatında Mərkəzi
Seçki Komissiyasının qərarları ilə bağlı 19 işə baxılmış, onlardan 15 iş üzrə
iddia təmin edilməmiş, 4 iddia isə mümkün sayılmamışdır.
Şirvan Apellyasiya Məhkəməsinin 2020-ci il 3 mart
tarixli 6dx-87/2020 saylı məktubundan məlum olduğu kimi, bu məhkəməyə Mərkəzi
Seçki Komissiyasının qərarlarından 21 ərizə daxil olmuş, 16 iddia təmin edilməmiş,
4 iddia mümkün sayılmamış və 1 iddia aidiyyəti üzrə göndərilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin 2020-ci il 3 mart
tarixli 26/255, 2020-ci il 4 mart tarixli 26/260 və 26/268 saylı məktublarından
göründüyü kimi, həmin məhkəməyə Milli Məclisə seçkilərlə bağlı 18 ərizə daxil
olmuş, 15 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia mümkün sayılmamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2020-ci
il 2 mart tarixli 20-03/22 saylı məktubuna əsasən, Milli Məclisə 2020-ci il
fevralın 9-da keçirilmiş seçkilərlə bağlı 1 işə baxılmış, iddia təmin
edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 4
mart tarixli 2-124/20 saylı məktubundan görünür ki, həmin məhkəmə tərəfindən 78
işə baxılmış, onlardan 64 iş üzrə apellyasiya instansiyası məhkəmələrinin qərar
və qərardadları dəyişdirilmədən saxlanılmış, 3 iş üzrə məhkəmə qərarları ləğv
edilmiş və yenidən işlərə baxılarkən iddialar təmin edilməmiş və ya mümkün
sayılmamış, 9 iş üzrə kassasiya şikayəti mümkün sayılmamış, 2 iş isə geri
qaytarılmışdır.
Azərbaycan Respublikası Prokurorluğunun 2020-ci il 27
fevral tarixli 04xid1490 saylı məktubundan göründüyü kimi, 2020-ci il fevralın
9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı seçki hüququnun və seçki
prosesinin pozulması ilə əlaqədar cəmi 67 müraciət daxil olmuş, həmin
müraciətlər aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına
göndərilmişdir.
Beləliklə, məhkəmələr tərəfindən təqdim olunmuş
məlumatlar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmələrdə müraciətlər
əsasında baxılmış işlər 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna heç
bir təsir göstərməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, 2020-ci il fevralın 9-da
keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki
Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş
sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci
maddələrinin tələblərinə uyğun hesab edilməli və seçkilərin nəticələri təsdiq
edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı
maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu
maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA
ALDI:
1. 2020-ci il
fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının
seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş
sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3
və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da
keçirilmiş
1 saylı Şərur-Sədərək,
2 saylı Şərur,
3 saylı Babək-Kəngərli-Naxçıvan,
4 saylı Naxçıvan şəhər,
5 saylı Şahbuz-Babək,
6 saylı Culfa-Babək,
7 saylı
Ordubad-Culfa,
8 saylı Binəqədi
birinci,
9 saylı Binəqədi
ikinci,
10 saylı Binəqədi
üçüncü,
11 saylı Qaradağ,
12 saylı
Qaradağ-Binəqədi-Yasamal,
13 saylı
Xəzər-Pirallahı,
14 saylı Xəzər,
15 saylı Yasamal
birinci,
16 saylı Yasamal
ikinci,
17 saylı Yasamal
üçüncü,
18 saylı
Nərimanov-Nizami,
19 saylı Nərimanov
birinci,
20 saylı Nərimanov
ikinci,
21 saylı Nəsimi
birinci,
22 saylı Nəsimi
ikinci,
23 saylı
Nəsimi-Səbail,
24 saylı Nizami
birinci,
25 saylı Nizami
ikinci,
26 saylı Sabunçu
birinci,
27 saylı Sabunçu
ikinci,
28 saylı Sabunçu
üçüncü,
29 saylı Səbail,
30 saylı Suraxanı
birinci,
31 saylı Suraxanı
ikinci,
32 saylı Suraxanı
üçüncü,
34 saylı Xətai
ikinci,
36 saylı Xətai
dördüncü,
37 saylı Nizami
birinci (Gəncə),
38 saylı Nizami
ikinci (Gəncə),
39 saylı Kəpəz
birinci (Gəncə),
40 saylı Kəpəz
ikinci (Gəncə),
41 saylı Sumqayıt
birinci,
42 saylı Sumqayıt
ikinci,
43 saylı Sumqayıt
üçüncü,
44 saylı
Sumqayıt-Xızı,
45 saylı Abşeron,
46 saylı Şirvan,
47 saylı
Mingəçevir,
48 saylı Yevlax,
49 saylı
Yevlax-Mingəçevir,
50 saylı Abşeron-Qobustan,
51 saylı Qusar,
52 saylı Quba,
53 saylı
Quba-Qusar,
54 saylı
Şabran-Siyəzən,
55 saylı Xaçmaz
şəhər,
56 saylı Xaçmaz
kənd,
57 saylı Kürdəmir,
58 saylı
Hacıqabul-Kürdəmir,
59 saylı Salyan,
60 saylı
Salyan-Neftçala,
61 saylı Neftçala,
62 saylı Saatlı,
63 saylı Sabirabad
birinci,
64 saylı Sabirabad
ikinci,
65 saylı
Saatlı-Sabirabad-Kürdəmir,
66 saylı Biləsuvar,
67 saylı Cəlilabad
şəhər,
68 saylı Cəlilabad
kənd,
69 saylı
Cəlilabad-Masallı-Biləsuvar,
70 saylı Masallı şəhər,
71 saylı Masallı
kənd,
72 saylı
Yardımlı-Masallı,
73 saylı Lənkəran
şəhər,
75 saylı
Lənkəran-Masallı,
76 saylı
Lənkəran-Astara,
77 saylı Astara,
78 saylı Lerik,
79 saylı İmişli,
81 saylı Beyləqan,
82 saylı Ağcabədi,
83 saylı
Ağcabədi-Füzuli,
84 saylı Füzuli,
85 saylı Şamaxı,
86 saylı İsmayıllı,
87 saylı
Ağsu-İsmayıllı,
88 saylı Göyçay,
89 saylı
Göyçay-Ağdaş,
90 saylı Ağdaş,
91 saylı Ucar,
92 saylı
Zərdab-Ucar,
93 saylı Bərdə
şəhər,
94 saylı Bərdə
kənd,
95 saylı Tərtər,
96 saylı
Goranboy-Naftalan,
97 saylı
Goranboy-Ağdam-Tərtər,
98 saylı Şəmkir
şəhər,
99 saylı Şəmkir
kənd,
100 saylı
Şəmkir-Daşkəsən,
101 saylı
Göygöl-Daşkəsən,
102 saylı
Samux-Şəmkir,
103 saylı Gədəbəy,
104 saylı
Gədəbəy-Tovuz,
105 saylı Tovuz,
106 saylı
Tovuz-Qazax-Ağstafa,
107 saylı Qazax,
108 saylı Ağstafa,
109 saylı Balakən,
110 saylı Zaqatala,
111 saylı
Zaqatala-Balakən,
112 saylı Qax,
113 saylı Şəki
şəhər,
114 saylı Şəki kənd
birinci,
115 saylı Şəki kənd
ikinci,
116 saylı Qəbələ,
117 saylı
Oğuz-Qəbələ,
118 saylı Ağdam
şəhər,
119 saylı Ağdam
kənd,
120 saylı
Cəbrayıl-Qubadlı,
121 saylı Laçın,
122 saylı Xankəndi,
123 saylı Kəlbəcər,
124 saylı
Şuşa-Ağdam-Xocalı-Xocavənd,
125 saylı
Zəngilan-Qubadlı
seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq
edilsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev