AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
2020-ci il fevralın
9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi seçkilərinin nəticələrinin
yoxlanılması və təsdiqinə dair
5 mart 2020-ci
il
Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun
Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibləri Fəraid
Əliyev və Vüqar Zeynalovun,
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini
Rövzət Qasımov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, üzvləri Fuad
Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev,
İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov,
Almas Qəhramanlı, Etibar Quliyev və İlkin Şahbazovun,
ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib
Şükürov və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülşən
Cəbinin,
mütəxəssislər Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və
Gülnar Əhmədovanın iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə
müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan
Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərin
nəticələrinə dair konstitusiya işinə baxdı.
Hakimlər R.İsmayılov
və R.Qvaladzenin məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının sədri M.Pənahovun çıxışını, ekspertlər N.Şükürov və G.Cəbinin,
mütəxəssislər U.Həmidova və G.Əhmədovanın rəylərini dinləyib müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N
E T D İ:
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 981-ci
maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə beşinci
çağırış Azərbaycan Respublikasının Milli Məclisi (bundan sonra – Milli Məclis)
buraxılmış, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin
edilmiş və həmin gün seçkilər keçirilmişdir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 171.2-ci
maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan
sonra – Mərkəzi Seçki Komissiyası) səsvermə günündən ən geci 20 gün keçənədək
dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə
edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
təqdim edir.
Konstitusiyanın
86-cı maddəsinə görə, Milli Məclis deputatlarının seçkilərinin nəticələrinin
düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və
təsdiq edir.
“Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi
haqqında” Qanun) 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Milli Məclis
deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi
qaydaları Seçki Məcəlləsi ilə müəyyən edilir. Bu qaydalara uyğun olaraq
Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədləri
aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin
Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır (Seçki Məcəlləsinin 171.3-cü maddəsi).
Qanunvericiliyin
yuxarıda göstərilən tələblərinə müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin yekunlarının
yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi
yekunları haqqında protokolunu və dairə seçki komissiyalarının protokollarını
onlara əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim
etmişdir.
2020-ci il fevralın
9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki
Komissiyasının protokoluna əsasən:
1. Seçici
siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı – 5 359 015 (beş milyon üç
yüz əlli doqquz min on beş);
2. Səsvermədə
iştirak edən seçicilərin sayı – 2 510 135 (iki milyon beş yüz on min yüz otuz
beş);
3. Dairə
seçki komissiyalarının sayı – 125 (bir yüz iyirmi beş);
4. Dairə
seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı – 125 (bir yüz
iyirmi beş);
5. Mərkəzi
Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş dairə seçki
komissiyaları protokollarının sayı – 121 (bir yüz iyirmi bir);
6. Səsvermənin
nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı – 4 (dörd);
7. Səsvermənin
baş tutmadığı seçki dairələrinin sayı – 0 (sıfır);
8. Səsvermənin
nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı – 328 (üç yüz
iyirmi səkkiz) olmuşdur.
Mərkəzi Seçki
Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2020-ci il 25 fevral tarixli
protokoluna əsasən 125 seçki dairəsindən 121 seçki dairəsi üzrə səsvermənin nəticələri
etibarlı hesab edilmiş və həmin seçki dairələri üzrə deputat seçilmiş namizədlər
müəyyən olunmuşdur.
Mərkəzi Seçki
Komissiyasının 2020-ci il 13 fevral tarixli 23/132, 23/133, 23/134 və 23/135
saylı qərarları ilə 80 saylı İmişli–Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran
kənd və 33 saylı Xətai birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər
etibarsız hesab edilmişdir.
Bundan başqa,
Konstitusiya Məhkəməsinə təqdim edilmiş materiallardan göründüyü kimi, Mərkəzi
Seçki Komissiyası tərəfindən qanun pozuntuları ilə bağlı daxil olmuş şikayət və
müraciətlər üzrə araşdırmalar aparılmış, müxtəlif məlumat mənbələri, o cümlədən
veb-kamera görüntüləri və digər materiallar əsasında 328 seçki məntəqəsində
seçki qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmiş və həmin məntəqələr
üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
Materiallardan o da
görünür ki, 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilərin hazırlanması,
keçirilməsi və nəticələrinin müəyyən olunması zamanı fəaliyyətlərində yol
verdikləri nöqsanlar səbəbindən ümumilikdə 87 seçki məntəqəsinin məntəqə seçki
komissiyaları buraxılmışdır.
Seçki Məcəlləsinin
100.12-ci maddəsinə əsasən, seçki komissiyasının protokolu seçki komissiyasının
həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının
həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən
imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki
Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının
iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə — azı
12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Konstitusiya Məhkəməsinə
təqdim edilmiş səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının
2020-ci il 25 fevral tarixli protokolundan göründüyü kimi, bu sənədi Mərkəzi
Seçki Komissiyasının 17 həlledici səs hüquqlu üzvlərindən 17-si
imzalamışdır.
Konstitusiya Məhkəməsi
Seçki Məcəlləsinin 171.3-cü və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun
54.4-cü maddələrinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən
təqdim edilmiş sənədlərin Seçki Məcəlləsinə uyğunluğunun yoxlanılması üçün
ekspert və mütəxəssisləri cəlb etmiş, Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki
Apellyasiya Məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən,
Azərbaycan Respublikası Ali Məhkəməsindən və Azərbaycan Respublikası
Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin
pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb
etmişdir.
Ekspert qismində cəlb
edilmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ
kafedrasının dosenti N.Şükürov və həmin kafedranın müəllimi G.Cəbinin rəylərindən
göründüyü kimi, Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əlavə edilmiş
dairə seçki komissiyalarının protokollarına Seçki Məcəlləsinin 100.2, 107.2 və
107.3-cü maddələrində göstərilmiş bütün məlumatlar daxil edilmiş, Mərkəzi Seçki
Komissiyasının yekun protokolu isə Seçki Məcəlləsinin 108.2-ci maddəsinə uyğun
olaraq dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların
ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.
Protokolların
karandaşla yazılması və həmin protokollara hər hansı düzəlişlərin edilməsi müəyyən
olunmamışdır.
Beləliklə ekspertlərin
rəyindən göründüyü kimi, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral
tarixli protokolu və ona əlavə olunmuş sənədlər Seçki Məcəlləsinin 100.2,
100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğundur.
Mütəxəssislər Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın
rəyinə əsasən, Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əlavə edilmiş 121
dairə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin 100.2 və 107.3-cü
maddələrinin tələblərinə tam cavab verir. Həmin protokollar Seçki Məcəlləsinin
107.2-ci maddəsinə müvafiq olaraq məntəqə seçki komissiyalarının
protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib
edilmişdir.
Mərkəzi Seçki
Komissiyasının yekun protokolu Seçki Məcəlləsinin 108.2-ci maddəsinin tələblərinə
uyğun tərtib edilmişdir.
Dairə seçki
komissiyaları protokolların, Mərkəzi Seçki Komissiyası isə yekun protokolun
hesablanmasını düzgün aparmışlar. Həmin sənədlərdə nöqsanlar, səhvlər,
yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar edilməmişdir.
Mütəxəssislərin rəyinə
əsasən 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə dair Mərkəzi
Seçki Komissiyası tərəfindən təqdim olunmuş 121 dairə seçki komissiyasının
protokolları Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin
tələblərinə tam uyğun tərtib edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
2020-ci il 3 mart tarixli 5d-64/2020 və 2020-ci il 4 mart tarixli 5d-66/2020
saylı məktublarından göründüyü kimi, seçki günündən sonra məhkəməyə 72 ərizə
daxil olmuş, onlardan 13 iş aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilmiş, 16 iş
üzrə iddia mümkün sayılmamış, 2 iş üzrə iddia qismən təmin edilmiş, lakin bu
dairə seçki komissiyalarının ümumi nəticələrinə təsir göstərməmiş və 41 iş üzrə
iddia əsassız olduğu üçün təmin edilməmişdir.
Sumqayıt Apellyasiya
Məhkəməsinin 2020-ci il 3 mart tarixli 02110/2020 saylı məktubunda göstərilmişdir
ki, həmin məhkəmədə Mərkəzi Seçki Komissiyasının qərarı ilə bağlı 20 işə
baxılmış, 12 iş üzrə iddia təmin edilməmiş, 7 iş üzrə iddialar mümkün
sayılmamış və 1 iş aidiyyəti üzrə göndərilmişdir.
Gəncə Apellyasiya Məhkəməsinin
2020-ci il 3 və 4 mart tarixli 31-15/2020 saylı məktublarına əsasən məhkəmənin
icraatında Mərkəzi Seçki Komissiyasının qərarları ilə bağlı 19 işə baxılmış,
onlardan 15 iş üzrə iddia təmin edilməmiş, 4 iddia isə mümkün sayılmamışdır.
Şirvan Apellyasiya Məhkəməsinin
2020-ci il 3 mart tarixli 6dx-87/2020 saylı məktubundan məlum olduğu kimi, bu məhkəməyə
Mərkəzi Seçki Komissiyasının qərarlarından 21 ərizə daxil olmuş, 16 iddia təmin
edilməmiş, 4 iddia mümkün sayılmamış və 1 iddia aidiyyəti üzrə göndərilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin
2020-ci il 3 mart tarixli 26/255, 2020-ci il 4 mart tarixli 26/260 və 26/268
saylı məktublarından göründüyü kimi, həmin məhkəməyə Milli Məclisə seçkilərlə
bağlı 18 ərizə daxil olmuş, 15 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia
mümkün sayılmamışdır.
Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin 2020-ci il 2 mart tarixli 20-03/22 saylı məktubuna
əsasən, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərlə bağlı 1 işə
baxılmış, iddia təmin edilməmişdir.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin 2020-ci il 4 mart tarixli 2-124/20 saylı məktubundan
görünür ki, həmin məhkəmə tərəfindən 78 işə baxılmış, onlardan 64 iş üzrə
apellyasiya instansiyası məhkəmələrinin qərar və qərardadları dəyişdirilmədən
saxlanılmış, 3 iş üzrə məhkəmə qərarları ləğv edilmiş və yenidən işlərə
baxılarkən iddialar təmin edilməmiş və ya mümkün sayılmamış, 9 iş üzrə
kassasiya şikayəti mümkün sayılmamış, 2 iş isə geri qaytarılmışdır.
Azərbaycan
Respublikası Prokurorluğunun 2020-ci il 27 fevral tarixli 04xid1490 saylı məktubundan
göründüyü kimi, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə
bağlı seçki hüququnun və seçki prosesinin pozulması ilə əlaqədar cəmi 67 müraciət
daxil olmuş, həmin müraciətlər aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki
Komissiyasına göndərilmişdir.
Beləliklə, məhkəmələr
tərəfindən təqdim olunmuş məlumatlar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmələrdə
müraciətlər əsasında baxılmış işlər 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna heç
bir təsir göstərməmişdir.
Yuxarıda göstərilənləri
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına
dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu
və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və
108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilməli və seçkilərin nəticələri
təsdiq edilməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX
hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli
protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin
100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab
edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci
il fevralın 9-da keçirilmiş
1 saylı Şərur-Sədərək,
2 saylı Şərur,
3 saylı Babək-Kəngərli-Naxçıvan,
4 saylı Naxçıvan şəhər,
5 saylı Şahbuz-Babək,
6 saylı Culfa-Babək,
7 saylı
Ordubad-Culfa,
8 saylı Binəqədi
birinci,
9 saylı Binəqədi
ikinci,
10 saylı Binəqədi
üçüncü,
11 saylı Qaradağ,
12 saylı Qaradağ-Binəqədi-Yasamal,
13 saylı Xəzər-Pirallahı,
14 saylı Xəzər,
15 saylı Yasamal birinci,
16 saylı Yasamal ikinci,
17 saylı Yasamal üçüncü,
18 saylı Nərimanov-Nizami,
19 saylı Nərimanov birinci,
20 saylı Nərimanov ikinci,
21 saylı Nəsimi birinci,
22 saylı Nəsimi ikinci,
23 saylı Nəsimi-Səbail,
24 saylı Nizami birinci,
25 saylı Nizami ikinci,
26 saylı Sabunçu birinci,
27 saylı Sabunçu ikinci,
28 saylı Sabunçu üçüncü,
29 saylı Səbail,
30 saylı Suraxanı birinci,
31 saylı Suraxanı ikinci,
32 saylı Suraxanı üçüncü,
34 saylı Xətai ikinci,
36 saylı Xətai dördüncü,
37 saylı Nizami birinci (Gəncə),
38 saylı Nizami ikinci (Gəncə),
39 saylı Kəpəz birinci (Gəncə),
40 saylı Kəpəz ikinci (Gəncə),
41 saylı Sumqayıt birinci,
42 saylı Sumqayıt ikinci,
43 saylı Sumqayıt üçüncü,
44 saylı Sumqayıt-Xızı,
45 saylı Abşeron,
46 saylı Şirvan,
47 saylı Mingəçevir,
48 saylı Yevlax,
49 saylı Yevlax-Mingəçevir,
50 saylı
Abşeron-Qobustan,
51 saylı Qusar,
52 saylı Quba,
53 saylı Quba-Qusar,
54 saylı Şabran-Siyəzən,
55 saylı Xaçmaz şəhər,
56 saylı Xaçmaz kənd,
57 saylı Kürdəmir,
58 saylı Hacıqabul-Kürdəmir,
59 saylı Salyan,
60 saylı Salyan-Neftçala,
61 saylı Neftçala,
62 saylı Saatlı,
63 saylı Sabirabad birinci,
64 saylı Sabirabad ikinci,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir,
66 saylı Biləsuvar,
67 saylı Cəlilabad şəhər,
68 saylı Cəlilabad kənd,
69 saylı Cəlilabad-Masallı-Biləsuvar,
70 saylı Masallı şəhər,
71 saylı Masallı kənd,
72 saylı Yardımlı-Masallı,
73 saylı Lənkəran şəhər,
75 saylı Lənkəran-Masallı,
76 saylı Lənkəran-Astara,
77 saylı Astara,
78 saylı Lerik,
79 saylı İmişli,
81 saylı Beyləqan,
82 saylı Ağcabədi,
83 saylı Ağcabədi-Füzuli,
84 saylı Füzuli,
85 saylı Şamaxı,
86 saylı İsmayıllı,
87 saylı Ağsu-İsmayıllı,
88 saylı Göyçay,
89 saylı Göyçay-Ağdaş,
90 saylı Ağdaş,
91 saylı Ucar,
92 saylı Zərdab-Ucar,
93 saylı Bərdə şəhər,
94 saylı Bərdə kənd,
95 saylı Tərtər,
96 saylı Goranboy-Naftalan,
97 saylı Goranboy-Ağdam-Tərtər,
98 saylı Şəmkir şəhər,
99 saylı Şəmkir kənd,
100 saylı Şəmkir-Daşkəsən,
101 saylı Göygöl-Daşkəsən,
102 saylı Samux-Şəmkir,
103 saylı Gədəbəy,
104 saylı Gədəbəy-Tovuz,
105 saylı Tovuz,
106 saylı Tovuz-Qazax-Ağstafa,
107 saylı Qazax,
108 saylı Ağstafa,
109 saylı Balakən,
110 saylı Zaqatala,
111 saylı Zaqatala-Balakən,
112 saylı Qax,
113 saylı Şəki şəhər,
114 saylı Şəki kənd birinci,
115 saylı Şəki kənd ikinci,
116 saylı Qəbələ,
117 saylı Oğuz-Qəbələ,
118 saylı Ağdam şəhər,
119 saylı Ağdam kənd,
120 saylı Cəbrayıl-Qubadlı,
121 saylı Laçın,
122 saylı Xankəndi,
123 saylı Kəlbəcər,
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd,
125 saylı Zəngilan-Qubadlı
seçki dairələri üzrə
seçkilərin nəticələri təsdiq edilsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad
Abdullayev