Decisions

14.02.20 "Biləcəri Təmir Quraşdırma" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

14 fevral 2020-ci il                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin sədri Nazim Tahirov və vəkili Bəylər Məmişovun,

ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Mübariz Yolçiyev və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Ruslan Mirzəyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və vəkilinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Cənnət Park” Mənzil Tikinti Kooperativi (bundan sonra – “Cənnət Park” MTK) “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra –  “Biləcəri Təmir Quraşdırma” QSC) və 16 №-li İnşaat İstehsalat Təsərrüfat Trestinə (bundan sonra – Trest), üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı boruların geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair  iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1614 ədəd borunun “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunsuz sahibliyindən alınaraq “Cənnət Park” MTK-ya qaytarılması və “Biləcəri Təmir Quraşdırma” QSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğin cavabdehlərdən tutularaq “Cənnət Park” MTK-ya ödənilməsini xahiş etmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1614 ədəd borunun “Biləcəri Təmir Quraşdırma” QSC-nin  qanunsuz sahibliyindən alınaraq “Cənnət Park” MTK-ya qaytarılması, “Biləcəri Təmir Quraşdırma” QSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğin və ödənilmiş rüsumun əvəzinin “Biləcəri Təmir Quraşdırma” QSC-dən tutularaq “Cənnət Park” MTK-ya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 30 yanvar 2019-cu il tarixli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

“Biləcəri Təmir Quraşdırma” QSC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək  Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən mübahisəli boruların “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanuni və ya qanunsuz sahibliyində olmasına ümumiyyətlə diqqət yetirməmiş, həmin boruların  əvvəldən “Biləcəri Təmir Quraşdırma” QSC-yə məxsus olmasını, müqavilə əsasında Trestə satılmasını, sonuncu tərəfindən boruların dəyərinin ödənilməməsi nəticəsində borcun yaranmasını, “Biləcəri Təmir Quraşdırma” QSC-nin borular üzərində mülkiyyət hüququnun Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə tanınmasını nəzərə almayaraq 1 il 7 ay sonra, yəni 30 yanvar 2019-cu il tarixində əvvəlki qərarında əks olunmuş mövqeyinə zidd qərar qəbul etməklə mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin  preyudisiallığını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  (bundan sonra – Mülki Prosessual Məcəllə) 82.3-cü maddəsinin tələblərini pozmuşdur.

Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən işə baxılarkən onun Konstitusiyanın 13-cü maddəsinin I hissəsində, 29-cu maddəsinin I, II, III hissələrində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

İş üzrə konstitusiya icraatının gedişində ərizəçi tərəfindən irəli sürülmüş çoxsaylı dəlillər və müraciətlər nəzərə alınaraq mübahisəli borulara dair bağlanmış müqavilələrin həqiqiliyinin yoxlanılması, həmin müqavilələrin boruları qanunsuz olaraq özgəninkiləşdirmək məqsədi ilə bağlanıb-bağlanılmamasına hüquqi qiymət verilməsi və bu əməllərdə cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 27 may tarixli Qərardadı ilə konstitusiya işinə baxılması təxirə salınmış və Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorunun 22 avqust 2019-cu il tarixli məktubu ilə müqavilələrin saxta olması, digər şəxsin əmlakının və yaxud əmlaka olan hüquqlarının ələ keçirilməsi məqsədilə bağlanıb-bağlanılmamasına dair istintaq orqanı tərəfindən qərarın qəbul edilməsinin iş üzrə yekun məhkəmə qərarı olmadığından qeyri-mümkün hesab edildiyi bildirilmişdir.

Bununla yanaşı, “Biləcəri Təmir Quraşdırma” QSC-nin Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətləri əsasında Abşeron Rayon Prokurorluğunda yenidən araşdırmalar aparılmış və 30 noyabr 2019-cu il tarixli qərar ilə toplanılmış materiallarda cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu mübahisənin uzun müddət ərzində davam etdiyini, mübahisə ilə bağlı çoxsaylı məhkəmə proseslərinin keçirildiyini nəzərə alaraq işin bir sıra hallarına aydınlıq gətirilməsini zəruri hesab edir.  

“Biləcəri Təmir Quraşdırma” QSC Trestə qarşı pul tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 10 fevral 2015-ci il tariхli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçının хeyrinə cəmi 6.468.936 manat pul vəsaitinin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı təqdimatla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək icra sənədinin icrasını təmin etmək məqsədi ilə aşkar olunmuş 2100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi, onların хüsusi mühafizə sahəsində yerləşdirilməsi və realizə işlərinin həyata keçirilməsi barədə qərar çıхarılmasını хahiş etmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2016-cı il tariхli qərardadı ilə icra məmurunun təqdimatı qismən təmin edilmiş, Trestə məхsus aşkar olunmuş 2100 ədəd borunun üzərinə həbs qoyularaq borc tələbinin həmin borulara yönəldilməsi və onların хüsusi mühafizə sahəsində yerləşdirilməsi, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Trestə ünvanlanmış 19 sentyabr 2016-cı il tarixli təklifə əsasən üzərinə həbs qoyulmuş 2041 ədəd borunun qiymətləndirilməsi “Sərraf-N” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş və borular 2.081.820 manat məbləğində qiymətləndirilərək borc əvəzinə “Biləcəri Təmir Quraşdırma” QSC-yə təklif edilmişdir.

Bundan sonra “Cənnət Park” MTK maraqlarına toxunan şəхs qismində borcun əvəzləşdirilməsi müqaviləsinə əsasən boruların onun mülkiyyətində olduğunu iddia edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2016-cı il tariхli qərardadından apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, 30 iyun 2014-cü il tarixində Trestin direktoru Y.Nəsirov (borc alan) ilə “MKM” Mənzil Tikinti Kooperativinin (“Cənnət Park” MTK-nın sələfi) təsisçisi Mahir Babaşov (borc verən) arasında borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borc verən 2.099.200 manat məbləğində pul vəsaitini borc alana 2 il müddətində qaytarmaq şərti ilə borc vermişdir. Tərəflər iki il bitdikdə və borc ödənilmədiyi halda saxlanılmış məhsulların (2200 ədəd borunun) borc verənə məxsus sayılması barədə razılığa gəlmişlər. 13 iyul 2016-cı il tarixində isə “Cənnət Park” MTK ilə Trest arasında borcun əvəzləşdirilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər borc verilmiş məbləğ ödənilə bilmədiyi üçün həmin məbləğin borc alana məxsus 2200 ədəd boru ilə əvəzləşdirilməsi barədə razılığa gəlmişlər.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2016-cı il tariхli qərardadı tərəflərin şikayətləri əsasında bir neçə dəfə məhkəmə baxışının predmeti olmuş, sonda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 10 fevral 2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin təqdimatı təmin edilməmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin təqdimatı qismən təmin edilərək borclu Trestə məхsus aşkar olunmuş 2100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və onların хüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır.

Eyni zamanda, “Biləcəri Təmir Quraşdırma” QSC Trestə və “Cənnət Park” MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və boruların geri qaytarılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 2 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə borular “Biləcəri Təmir Quraşdırma” QSC və Trest arasında bağlanmış 1 oktyabr 2013-cü il tarixli müqavilə üzrə sonuncunun mülkiyyətinə keçdiyindən, onların hüquqi müqəddəratını təyin etmək səlahiyyətinin də Trestə məxsus olması qənaətinə gəlmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qanuni qüvvəyə minmişdir.

Qeyd olunmalıdır ki, ərizəçi Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarı ilə onun mübahisəli borular üzərində mülkiyyət hüququ artıq müəyyən edildiyindən 1 saylı     Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsinin mübahisələndirilməsinə zərurət olmadığı qənaətinə gəldiyini göstərmişdir.

Bundan sonra “Cənnət Park” MTK  boruların geri qaytarılması və s. tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və bu tələblə bağlı yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilərək iddia qismən təmin edilmişdir.

Ərizəçi şikayətində göstərmişdir ki, iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktlarında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsinə istinad edilərək həmin qətnamədə müəyyən edilmiş halların preyudisial əhəmiyyət kəsb etməsi qənaətinə gəlinmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının preyudisiallığı isə nəzərə alınmamışdır.   

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı arasında kolliziya mövcud olduğundan, həmin məhkəmə aktlarından hansının preyudisial əhəmiyyət daşıması sualı yaranır. Məhz bu məsələyə düzgün hüquqi qiymət verilməsi mübahisə üzrə ədalətli və düzgün nəticə əldə edilməsi üçün əsas şərtdir.

 Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının preyudisiallığı ilə bağlı əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən,  bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.

Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.

Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur:

- konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır;

- bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.

              Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya  institutunun  məntiqi əsasını  qanuni qüvvəyə  minmiş  məhkəmə  qərarının  həqiqiliyi  prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir:

-  qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı;

-  həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli;

-  tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli;

-  baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı;

-  belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır.

Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması  baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır.  “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.

Qeyd edildiyi kimi, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarı ilə borclu Trestə məхsus aşkar olunmuş mübahisəli boruların üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və onların хüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmış və işə baxan məhkəmələr tərəfindən maraqlarına toxunan şəхsin şikayəti əsasında təqdimatın rədd edilməsinə dair qərar qəbul edilməklə “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunla qorunan mülkiyyət hüquqlarının pozulması müəyyən edilmişdir.

Həmin qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və mülki qanunvericiliyin tələblərinə görə, tələbin əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qərardadı icra edildiyindən və üzərinə həbs qoyulmuş borular tələbkarın birbaşa sahibliyinə təhvil verildiyindən,  həmin əmlak üzərində tələbkar “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunla qorunan mülkiyyət hüququ yaranmışdır.

Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı müstəqil məhkəmə icraatı çərçivəsində, tərəflərin, o cümlədən “Cənnət Park” MTK-nın məhkəmə baxışında iştirakı ilə və çəkişmə prinsipinə əməl edilməklə çıxarılmış və bu qərarla hüquqi fakt – boruların “Biləcəri Təmir Quraşdırma” QSC-yə verilməsi və mahiyyət etibarı ilə onun mülkiyyət hüququnun yaranması müəyyən edilmişdir.

Mübahisəli boruların “Biləcəri Təmir Quraşdırma” QSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi arasında yaranmış kolliziya “Cənnət Park” MTK-nın boruların geri qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır.

Qeyd edilməlidir ki, məhkəmə qərarları arasındakı kolliziyalar zaman prinsipi əsasında həll edilərək, daha əvvəl  qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir.

Mülki-Prosessual Məcəllənin 233.1-ci maddəsinə əsasən, Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 419-cu maddəsinə görə, kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir.

Göründüyü kimi, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı  qəbul edildiyi andan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi isə daha gec tarixdən qüvvəyə minmişdir. Belə olan halda isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı preyudisial əhəmiyyətə malik olur.

Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 30 yanvar 2019-cu il tarixli qərarı ilə həmin məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarına düzgün hüquqi qiymət vermədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsinin preyudisial əhəmiyyət daşıması nəticəsinə gəlmiş və bununla da  ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

 Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 2 oktyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 30 yanvar 2019-cu il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Cənnət Park” MTK-nın “Biləcəri Təmir Quraşdırma” QSC-yə, Trestə və üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı boruların “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunsuz sahibliyindən alınaraq “Cənnət Park” MTK-ya qaytarılması və s. tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Cənnət Park” Mənzil Tikinti Kooperativinin “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə, 16 №-li İnşaat İstehsalat Təsərrüfat Trestinə və üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı boruların “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin qanunsuz sahibliyindən alınaraq “Cənnət Park” Mənzil Tikinti Kooperativinə qaytarılması və s. tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                             Fərhad Abdullayev