AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar
Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
14 fevral 2020-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə
Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
ərizəçi “Biləcəri Təmir Quraşdırma” Qapalı
Səhmdar Cəmiyyətinin sədri Nazim Tahirov və vəkili Bəylər Məmişovun,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Mübariz Yolçiyev və
həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Ruslan
Mirzəyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında
açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və
vəkilinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
“Cənnət Park” Mənzil Tikinti Kooperativi (bundan sonra
– “Cənnət Park” MTK) “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə
(bundan sonra – “Biləcəri Təmir Quraşdırma” QSC) və 16 №-li İnşaat
İstehsalat Təsərrüfat Trestinə (bundan sonra – Trest), üçüncü şəxs Binəqədi
Rayon İcra və Probasiya Şöbəsinə qarşı boruların geri qaytarılması, dəymiş
maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin
dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1614 ədəd borunun
“Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunsuz sahibliyindən alınaraq “Cənnət
Park” MTK-ya qaytarılması və “Biləcəri Təmir Quraşdırma” QSC tərəfindən qanunsuz
olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğin
cavabdehlərdən tutularaq “Cənnət Park” MTK-ya ödənilməsini xahiş etmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul
2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1614 ədəd borunun
“Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunsuz sahibliyindən alınaraq
“Cənnət Park” MTK-ya qaytarılması, “Biləcəri Təmir Quraşdırma” QSC tərəfindən
qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğin və
ödənilmiş rüsumun əvəzinin “Biləcəri Təmir Quraşdırma” QSC-dən tutularaq
“Cənnət Park” MTK-ya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi
qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi
Kollegiyasının 2 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə “Biləcəri Təmir
Quraşdırma” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya
məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyası) 30 yanvar 2019-cu il tarixli qərarı ilə
“Biləcəri Təmir Quraşdırma” QSC-nin kassasiya şikayəti təmin edilməmiş,
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
“Biləcəri Təmir Quraşdırma” QSC Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) şikayətlə müraciət edərək Ali
Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan
sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş
etmişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya
instansiyası məhkəməsi işə baxarkən mübahisəli boruların “Biləcəri Təmir
Quraşdırma” QSC-nin qanuni və ya qanunsuz sahibliyində olmasına ümumiyyətlə
diqqət yetirməmiş, həmin boruların əvvəldən “Biləcəri Təmir Quraşdırma”
QSC-yə məxsus olmasını, müqavilə əsasında Trestə satılmasını, sonuncu
tərəfindən boruların dəyərinin ödənilməməsi nəticəsində borcun yaranmasını, “Biləcəri
Təmir Quraşdırma” QSC-nin borular üzərində mülkiyyət hüququnun Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qanuni qüvvəyə
minmiş qərarı ilə tanınmasını nəzərə almayaraq 1 il 7 ay sonra, yəni 30 yanvar
2019-cu il tarixində əvvəlki qərarında əks olunmuş mövqeyinə zidd qərar qəbul
etməklə mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin
preyudisiallığını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 82.3-cü maddəsinin
tələblərini pozmuşdur.
Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən işə
baxılarkən onun Konstitusiyanın 13-cü maddəsinin I hissəsində, 29-cu
maddəsinin I, II, III hissələrində və 60-cı maddəsinin I hissəsində
nəzərdə tutulmuş mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
hüquqları pozulmuşdur.
İş üzrə konstitusiya icraatının gedişində ərizəçi
tərəfindən irəli sürülmüş çoxsaylı dəlillər və müraciətlər nəzərə alınaraq
mübahisəli borulara dair bağlanmış müqavilələrin həqiqiliyinin yoxlanılması,
həmin müqavilələrin boruları qanunsuz olaraq özgəninkiləşdirmək məqsədi ilə
bağlanıb-bağlanılmamasına hüquqi qiymət verilməsi və bu əməllərdə cinayət
tərkibinin olub-olmamasının araşdırılması üçün Konstitusiya Məhkəməsi
Plenumunun 2019-cu il 27 may tarixli Qərardadı ilə konstitusiya işinə
baxılması təxirə salınmış və Azərbaycan Respublikasının Baş Prokuroruna
müraciət edilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorunun 22 avqust 2019-cu
il tarixli məktubu ilə müqavilələrin saxta olması, digər şəxsin əmlakının və
yaxud əmlaka olan hüquqlarının ələ keçirilməsi məqsədilə
bağlanıb-bağlanılmamasına dair istintaq orqanı tərəfindən qərarın qəbul
edilməsinin iş üzrə yekun məhkəmə qərarı olmadığından qeyri-mümkün hesab
edildiyi bildirilmişdir.
Bununla yanaşı, “Biləcəri Təmir Quraşdırma”
QSC-nin Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətləri əsasında
Abşeron Rayon Prokurorluğunda yenidən araşdırmalar aparılmış və 30 noyabr
2019-cu il tarixli qərar ilə toplanılmış materiallarda cinayət hadisəsi
olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu mübahisənin uzun
müddət ərzində davam etdiyini, mübahisə ilə bağlı çoxsaylı məhkəmə proseslərinin
keçirildiyini nəzərə alaraq işin bir sıra hallarına aydınlıq gətirilməsini
zəruri hesab edir.
“Biləcəri Təmir Quraşdırma” QSC Trestə qarşı pul
tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə
müraciət etmişdir. Məhkəmənin 10 fevral 2015-ci il tariхli qətnaməsi ilə
iddia qismən təmin edilərək iddiaçının хeyrinə cəmi 6.468.936 manat pul
vəsaitinin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin
edilməmişdir.
Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi birinci
instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə
bağlı təqdimatla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət
edərək icra sənədinin icrasını təmin etmək məqsədi ilə aşkar olunmuş 2100 ədəd
borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi,
onların хüsusi mühafizə sahəsində yerləşdirilməsi və realizə işlərinin həyata
keçirilməsi barədə qərar çıхarılmasını хahiş etmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul
2016-cı il tariхli qərardadı ilə icra məmurunun təqdimatı qismən təmin edilmiş,
Trestə məхsus aşkar olunmuş 2100 ədəd borunun üzərinə həbs qoyularaq borc
tələbinin həmin borulara yönəldilməsi və onların хüsusi mühafizə sahəsində
yerləşdirilməsi, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən
Trestə ünvanlanmış 19 sentyabr 2016-cı il tarixli təklifə əsasən üzərinə həbs
qoyulmuş 2041 ədəd borunun qiymətləndirilməsi “Sərraf-N” Məhdud Məsuliyyətli
Cəmiyyətinə həvalə edilmiş və borular 2.081.820 manat məbləğində
qiymətləndirilərək borc əvəzinə “Biləcəri Təmir Quraşdırma” QSC-yə təklif
edilmişdir.
Bundan sonra “Cənnət Park” MTK maraqlarına toxunan
şəхs qismində borcun əvəzləşdirilməsi müqaviləsinə əsasən boruların onun
mülkiyyətində olduğunu iddia edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
26 iyul 2016-cı il tariхli qərardadından apellyasiya şikayəti vermiş və
şikayətini onunla əsaslandırmışdır ki, 30 iyun 2014-cü
il tarixində Trestin direktoru Y.Nəsirov (borc alan) ilə “MKM” Mənzil Tikinti Kooperativinin
(“Cənnət Park” MTK-nın sələfi) təsisçisi Mahir Babaşov (borc verən) arasında
borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borc verən 2.099.200 manat
məbləğində pul vəsaitini borc alana 2 il müddətində qaytarmaq şərti ilə borc
vermişdir. Tərəflər iki il bitdikdə və borc ödənilmədiyi halda saxlanılmış
məhsulların (2200 ədəd borunun) borc verənə məxsus sayılması barədə
razılığa gəlmişlər. 13 iyul 2016-cı il tarixində isə “Cənnət Park” MTK ilə
Trest arasında borcun əvəzləşdirilməsinə dair müqavilə bağlanmışdır. Həmin
müqaviləyə əsasən tərəflər borc verilmiş məbləğ ödənilə bilmədiyi üçün həmin
məbləğin borc alana məxsus 2200 ədəd boru ilə əvəzləşdirilməsi barədə razılığa
gəlmişlər.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul
2016-cı il tariхli qərardadı tərəflərin şikayətləri əsasında bir neçə dəfə
məhkəmə baxışının predmeti olmuş, sonda Bakı Apellyasiya Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli qərardadı ilə
birinci instansiya məhkəməsinin 10 fevral 2015-ci il tarixli qətnaməsinin
icrası ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin təqdimatı təmin
edilməmişdir.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30
iyun 2017-ci il tariхli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin
kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qeyd
olunan qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin
təqdimatı qismən təmin edilərək borclu Trestə məхsus aşkar olunmuş 2100
ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi
və onların хüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır.
Eyni zamanda, “Biləcəri Təmir Quraşdırma” QSC Trestə
və “Cənnət Park” MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və
boruların geri qaytarılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 2 iyun 2017-ci il tarixli
qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə borular “Biləcəri Təmir
Quraşdırma” QSC və Trest arasında bağlanmış 1 oktyabr 2013-cü il tarixli müqavilə
üzrə sonuncunun mülkiyyətinə keçdiyindən, onların hüquqi müqəddəratını təyin
etmək səlahiyyətinin də Trestə məxsus olması qənaətinə gəlmişdir. Həmin qətnamə
iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qanuni qüvvəyə minmişdir.
Qeyd olunmalıdır ki, ərizəçi Konstitusiya Məhkəməsinə
ünvanladığı şikayətində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30
iyun 2017-ci il tarixli qərarı ilə onun mübahisəli borular üzərində mülkiyyət
hüququ artıq müəyyən edildiyindən 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsinin
mübahisələndirilməsinə zərurət olmadığı qənaətinə gəldiyini göstərmişdir.
Bundan sonra “Cənnət Park” MTK boruların geri
qaytarılması və s. tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və bu tələblə bağlı yuxarıda qeyd
olunan məhkəmə aktları qəbul edilərək iddia qismən təmin edilmişdir.
Ərizəçi şikayətində göstərmişdir ki, iddia tələbi üzrə
qəbul edilmiş məhkəmə aktlarında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2
iyun 2017-ci il tarixli qətnaməsinə istinad edilərək həmin qətnamədə müəyyən
edilmiş halların preyudisial əhəmiyyət kəsb etməsi qənaətinə gəlinmiş, Ali
Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qanuni
qüvvəyə minmiş qərarının preyudisiallığı isə nəzərə
alınmamışdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir
ki, qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
2 iyun 2017-ci il tarixli qətnaməsi və Ali
Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli
qərarı arasında kolliziya mövcud olduğundan, həmin məhkəmə aktlarından
hansının preyudisial əhəmiyyət daşıması sualı yaranır. Məhz bu məsələyə düzgün
hüquqi qiymət verilməsi mübahisə üzrə ədalətli və düzgün nəticə əldə edilməsi
üçün əsas şərtdir.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu
məhkəmə aktlarının preyudisiallığı ilə bağlı əvvəlki qərarlarında
formalaşdırdığı hüquqi mövqedən çıxış edərək aşağıdakıların qeyd edilməsini vacib
hesab edir.
Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən,
bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə
müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa
məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin,
həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən
sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq
varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə
bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq
münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin
təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini
özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən
baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin
və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim
edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin
qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının
vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh
edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).
Hüquqi müəyyənlik prinsipi baxımından eyni
predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə
məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.
Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx
Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd
olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil
etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş
faktların təkrarən mübahisələndirilməsini istisna edir.
Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə
minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin
işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə
üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin
mümkünsüzlüyünü ehtiva edir.
Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin
82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin
dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur:
- konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi
başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən
edilmiş olmalıdır;
- bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak
etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.
Göründüyü
kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və
yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki,
məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və
subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir.
Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki
şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.
Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə
müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki,
preyudisiya institutunun məntiqi
əsasını qanuni qüvvəyə minmiş məhkəmə
qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya
bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız
məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər
məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə,
məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə
qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir:
- qərardad
müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı;
- həmin
qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli;
- tərəflərin
məhkəmə baxışında iştirakı təmin edilməli;
- baxış
çəkişmə prinsipinə əməl edilməklə aparılmalı;
- belə
qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı
olmalıdır.
Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində
məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və
məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının
prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll
edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması
baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə
maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial
əhəmiyyət kəsb edir.
Qeyd edildiyi kimi, Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarı ilə borclu
Trestə məхsus aşkar olunmuş mübahisəli boruların üzərinə həbs qoyulması, borc
tələbinin həmin borulara yönəldilməsi və onların хüsusi mühafizə sahəsində
yerləşdirilməsi qərara alınmış və işə baxan məhkəmələr tərəfindən maraqlarına
toxunan şəхsin şikayəti əsasında təqdimatın rədd edilməsinə dair qərar qəbul
edilməklə “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunla qorunan mülkiyyət
hüquqlarının pozulması müəyyən edilmişdir.
Həmin qərarda göstərilmişdir ki, “İcra haqqında”
Azərbaycan Respublikası Qanununun və mülki qanunvericiliyin tələblərinə görə,
tələbin əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qərardadı icra edildiyindən və
üzərinə həbs qoyulmuş borular tələbkarın birbaşa sahibliyinə təhvil
verildiyindən, həmin əmlak üzərində tələbkar “Biləcəri Təmir Quraşdırma”
QSC-nin qanunla qorunan mülkiyyət hüququ yaranmışdır.
Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı müstəqil məhkəmə icraatı
çərçivəsində, tərəflərin, o cümlədən “Cənnət Park” MTK-nın məhkəmə
baxışında iştirakı ilə və çəkişmə prinsipinə əməl edilməklə çıxarılmış və bu
qərarla hüquqi fakt – boruların “Biləcəri Təmir Quraşdırma”
QSC-yə verilməsi və mahiyyət etibarı ilə onun mülkiyyət hüququnun
yaranması müəyyən edilmişdir.
Mübahisəli boruların “Biləcəri Təmir Quraşdırma”
QSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı ilə 1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli
qətnaməsi arasında yaranmış kolliziya “Cənnət Park” MTK-nın boruların geri
qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə
alınmamışdır.
Qeyd edilməlidir ki, məhkəmə qərarları arasındakı kolliziyalar zaman prinsipi əsasında həll
edilərək, daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir.
Mülki-Prosessual Məcəllənin 233.1-ci maddəsinə əsasən, Məcəllənin 355-7.4-cü,
355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində
qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət
verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə
minir. Həmin Məcəllənin 419-cu maddəsinə görə, kassasiya instansiyası
məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir.
Göründüyü kimi, Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı qəbul edildiyi andan, 1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi
isə daha gec tarixdən qüvvəyə minmişdir. Belə olan halda isə Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı preyudisial
əhəmiyyətə malik olur.
Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyası 30 yanvar 2019-cu il tarixli qərarı ilə həmin məhkəmənin 30 iyun
2017-ci il tarixli qərarına düzgün hüquqi qiymət vermədən, 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsinin
preyudisial əhəmiyyət daşıması nəticəsinə gəlmiş və bununla da ərizəçinin
Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati
qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiyanın 127-ci maddəsinin II və VII
hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi
işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və
qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata
keçirilməsi təsbit olunmuşdur.
Konstitusiyanın qeyd olunan normaları hər kəsin
hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə
instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət
olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının
ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə
məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər
iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə
icraatında prosessual qaydaları tənzimləmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra
qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi
müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun
alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi
isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi
nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll
olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli
məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan
məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər
yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna
təsir göstərən müddəalar olmamalıdır.
Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və
həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki
Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün
tətbiq edilməsini yoxlayır.
Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü
maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün
tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının
ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya
düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt
əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin
və ya nəticələnə bilsin.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası
apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının
pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 2 oktyabr 2018-ci il
tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416,
418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 30 yanvar 2019-cu
il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 60-cı
maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə
təminatı hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Cənnət Park” MTK-nın “Biləcəri
Təmir Quraşdırma” QSC-yə, Trestə və üçüncü şəxs Binəqədi Rayon İcra və
Probasiya Şöbəsinə qarşı boruların “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunsuz
sahibliyindən alınaraq “Cənnət Park” MTK-ya qaytarılması və s. tələbinə dair iş
üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il
tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki
Prosessual Məcəllənin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Cənnət Park” Mənzil Tikinti Kooperativinin
“Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə, 16 №-li İnşaat
İstehsalat Təsərrüfat Trestinə və üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya
Şöbəsinə qarşı boruların “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar
Cəmiyyətinin qanunsuz sahibliyindən alınaraq “Cənnət Park” Mənzil Tikinti
Kooperativinə qaytarılması və s. tələbinə dair iş üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar
2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı
maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından
qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad Abdullayev