Decisions

21.01.20 S.Eyyubovanın şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

S.Eyyubovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

21 yanvar 2020-ci il                                                                      Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Solmaz Eyyubovanın nümayəndəsi Tovuz Eyyubovanın,

mütəxəssis Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Aparatının Hüquqi təminat və insan resursları ilə iş şöbəsinin müdiri Nilüfər Nəsiblinin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında S.Eyyubovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin nümayəndəsinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN    ETDİ:

 

S.Eyyubova Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə (bundan sonra –  Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi) qarşı qərarın ləğv edilməsi, pensiyanın təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

S.Eyyubova iddia tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin nəzdində pensiya təyin edən komissiyanın 11 dekabr 1979-cu il tarixli 4/229 saylı protokolu ilə ona Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin 26 sentyabr 1976-cı il tarixli qərarına əsasən, uşaqlıqdan II qrup əlil kimi 11 dekabr 1979-cu il tarixindən 1 yanvar 1981-ci il tarixinədək 16 manat miqdarında aylıq pensiya təyin edilmişdir.

Azərbaycan SSR Sosial Təminat Nazirliyi Tovuz rayonlararası Həkim-Əmək Ekspert Komissiyasının (bundan sonra – Tovuz rayonlararası HƏEK) qərarına əsasən 16 dekabr 1979-cu il tarixində, 21 yaşında uşaqlıqdan əlil hesab edilərək S.Eyyubovaya II qrup əlillik dərəcəsi verilmiş və hər ay üçün nağd olaraq ödənilməklə ömürlük pensiya təyin edilmişdir. Yəni onun əlillik dərəcəsi 1979-cu ildə təyin edilsə də, həmin qərarla əlilliyin uşaqlıqdan yaranması müəyyən edilmişdir. Lakin valideynlərinin hüquqi savadsızlığı səbəbindən hüququ yarandığı vaxtdan bu günə qədər heç bir pensiya almamışdır.

Həmçinin, S.Eyyubova II qrup əlil kimi valideynlərinin himayəsində olmuş, atası 27 dekabr 2007-ci il, anası isə 4 dekabr 2011-ci il tarixində vəfat etmişdir. 2012-ci ilin mayında anasının pensiyasının ona təyin edilməsi barədə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə müraciət etmiş və həmin vaxt məlum olmuşdur ki, S.Eyyubovaya heç bir məlumat verilmədən onun pensiyası dayandırılmışdır.

Qeyd edilməlidir ki, S.Eyyubova göstərilən iddia ilə ilk olaraq 2013-cü ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 9 sentyabr 2013-cü il tarixli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir. Qərardaddan iddiaçının verdiyi apellyasiya və kassasiya şikayətləri bir neçə dəfə apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılmış və son nəticədə S.Eyyubovanın iddiası mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qərarı ilə iddia ərizəsi təmin edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 dekabr 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 11 aprel 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Kassasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırımışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi faktını, habelə iddiaçının hansı dövrlərdə sosial müavinət alması, sosial müavinətin hansı növünün təyin edilməsi məsələlərini, ona 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil kimi ailə başçısını itirməsinə görə əmək pensiyasının təyin edilməsi və sonradan həmin pensiyanın dayandırılması barədə cavabdehin dəlillərini kifayət qədər ətraflı araşdırmamışdır.  

İşə təkrar baxılması üçün məhkəmə tərkibi yaranmadığından Gəncə Apellyasiya Məhkəməsi işi Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir.

Şəki Apellyasiya Məhkəməsinin  İnzibati-İqtisadi Kollegiyasının  23 yanvar 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, S.Eyyubovanın iddiası təmin olunmamışdır.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarı ilə S.Eyyubovanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirirlmədən saxlanılmışdır.

S.Eyyubova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 91, 92.0.6 və 96.5-ci maddələri düzgün tətbiq edilmədiyindən onun Konstitusiyanın 38 və 60-cı maddələrində nəzərdə tutulmuş sosial təminat və məhkəmə müdafiəsi təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Göstərilən maddənin III hissəsinə müvafiq olaraq, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır

Bilavasitə Konstitusiyanın 38-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərdən başqa, qanunverici özünün konstitusiya səlahiyyətləri çərçivəsində sosial təminatın konkret növünün məzmununu qanunlarda konkretləşdirmişdirsə, onun müdafiəsi də konstitusiya əhəmiyyəti qazanır. Şəxs tərəfindən sosial təminatın bu və ya digər növünün alınmasının qanunla müəyyən edilmiş şərtlərinə riayət edildikdə, dövlət onların realizəsinə təminat verməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 2014-cü il 14 noyabr tarixli Qərarı). 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir.

“Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə müvafiq olaraq, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) şəxslərin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Qazax rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin nəzdində pensiya təyin edən komissiyanın 11 dekabr 1979-cu il tarixli protokolu ilə S.Eyyubovaya Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin 26 sentyabr 1976-cı il tarixli 093674 saylı qərarına əsasən, uşaqlıqdan II qrup əlil kimi 11 dekabr 1979-cu il tarixindən 1 yanvar 1981-ci il tarixinədək 16 manat miqdarında aylıq pensiya təyin edilmişdir. Tovuz rayonlararası HƏEK-in 6 dekabr 1979-cu il tarixli qərarına əsasən, S.Eyyubova 21 yaşında uşaqlıqdan əlil hesab edilərək ona II qrup əlillik dərəcəsi verilmiş və hər ay üçün nağd olaraq ödənilməklə ömürlük pensiya təyin edilmişdir.

İşə əlavə olunmuş Tovuz rayonlararası HƏEK-in 29 dekabr 1986-cı il tarixli 014529 saylı rəyindən görünür ki, 1958-ci il təvəllüdlü S.Eyyubovaya müddətsiz II qrup əlillik dərəcəsi müəyyən edilmiş və əlilliyin səbəbi “uşaqlıqdan” qeyd edilərək o, əmək qabiliyyəti olmayan hesab edilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 18 mart 2013-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. 20 sentyabr 2012-ci il tarixində həmin şöbədə aparılan inventarizasiya zamanı isə aşkar olunmuşdur ki, S.Eyyubova 23 may 1958-ci il tarixində anadan olmaqla Tovuz rayonlararası HƏEK-in rəyinə əsasən 6 dekabr 1979-cu il tarixində, 21 yaşında uşaqlıqdan əlil hesab edilmişdir. Ona görə də 1 may 2012-ci il tarixində pensiya təyinatından imtina edilərək təyin olunmuş 85 manat əmək pensiyasının ödənişi dayandırılmış, artıq ödənilmiş 340 manat vəsait tutularaq şöbənin bank hesabına köçürülmüş və sosial müavinətin davam etdirilməsi üçün müavinət işi Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qaytarılmışdır.

Birinci instansiya məhkəməsi S.Eyyubovanın iddiasının təmin edilməsinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 4.1.2 və 14.1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, S.Eyyubovanın sağlamlıq imkanlarının məhdudluğu 21 yaşında müəyyən edilməsinə baxmayaraq, həmin əlillik sonradan qazanılmış deyil, anadan olduğu tarixdən mövcud olduğundan, həmçinin o, tək-tənha yaşadığından, valideyinləri vəfat edən günə kimi onların təqaüdü ilə dolandığından, hal-hazırda onların təqaüdlərinə maddi ehtiyacı olduğundan cavabdehin üzərinə öhdəliklərin qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 oktyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti nəzdindəki Ali Nəzarət Komissiyasına (bundan sonra – Komissiya) həvalə olunmuşdur.

Ekspertin qarşısında S.Eyyubovanın xəstəliyinin hansı yaş dövründən, uşaqlıqdan və ya yetkinlik yaşına çatdıqdan sonra yaranması, xəstəlik uşaqlıqdan yaranmışdırsa həmin vaxtdan onun əlilliyinə səbəb ola bilməsi və ya xəstəliyin sonradan inkişaf edərək 1979-cu ildə ona II qrup əlillik dərəcəsinin verildiyi vaxt əlillik səviyyəsinə çatması, S.Eyyubovanın uşaqlıqdan keçirilmiş polimelit xəstəliyindən sonra soltərəfli atrofik hemiparezin nəticəsində 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud əlil hesab oluna bilməsinə dair suallar qoyulmuşdur.

Lakin Komissiya tərəfindən qaldırılan məsələlərin tibbi ekspertizanın səlahiyyətlərinə aid olmadığı bildirilərək göstərilmişdir ki, əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlillik təyin edilən vaxt şəxsin sağlamlıq imkanlarının məhdudlaşmış hesab edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aiddir.

Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Tovuz rayonlararası HƏEK-in 26 dekabr 1986-cı il tarixli rəyinə istinad edərək belə nəticəyə gəlmişdir ki, əlilliyin səbəbi uşaqlıqdan qeyd edilsə də, işdə iddiaçının 18 yaşı tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair mötəbər sübut olmamışdır. Məhkəmənin fikrincə, rəydə əlilliyin səbəbinin uşaqlıqdan qeyd edilməsi o anlama gəlmir ki, S.Eyyubova uşaqlıqdan II qrup əlil olmuşdur.

Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya şikayəti üzrə işə yenidən baxılmasının hədlərini nəzərdə tutan İnzibati Prosessual Məcəllənin 82-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İnzibati-Prossesual Məcəllənin 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur.

 İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarı).

İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası ekspertin qarşısına qoyduğu sualların cavablandırılmamasına baxmayaraq sadəcə S.Eyyubovanın anadangəlmə əlil olmaqla əmək qabiliyyətinə malik olmasını təsdiqləyən yetərli tibbi sənədlərin mövcud olmamasına əsaslanmaqla iddianı rədd etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən S.Eyyubovanın sağlamlıq imkanlarının məhdudluğu barədə sənədlərə (Qazax rayon İkinci Şıxlı kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş həmin kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş akta, Qazax rayon V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbi tərəfindən iddiaçı S.Eyyubovanın xəstəliyi ilə əlaqədar məktəbdən xaric edilməsi haqqında arayışa, Sumqayıt şəhər Bərpa Müalicəsi Xəstəxanasının stasionar xəstənin xəstəlik tarixçəsindən çıxarışa və digər sənədlərə (fotoşəkil və s.) isə heç bir hüquqi qiymət verilməmişdir.

Beləliklə, apellyasiya instansiyası məhkəməsi məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş rəy və arayışları, təqdim edilmiş yeni sübutları İnzibati Prosessual Məcəllənin 12, 58.7 və 82-ci maddələrinə uyğun olaraq lazımi qaydada araşdırmamış və qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2017-ci il tarixli qərarı ilə məhz S.Eyyubovanın 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi kifayət qədər ətraflı araşdırılmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 5 dekabr tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında dəfələrlə qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququnun məzmunu, o cümlədən ədalətli məhkəmə qərarının qəbul edilməsini nəzərdə tutur (Viktor Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli və s. Qərarlar). Qərarın ədalətliliyi isə onun əsaslandırılma dərəcəsindən asılı ola bilər.

 İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar. (Ruiz Torija İspaniyaya qarşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).

Konstitusiyanın 125-ci maddəsinin I və VII hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Konstitusiyanın bu müddəalarına uyğun olaraq ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi, işin hallarının araşdırılması prinsipi, məhkəmənin yardım etmək vəzifəsi, çəkişmə prinsipi və faktiki hallar əsasında həyata keçirilir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir (İnzibati Prosessual Məcəllənin 12.1, 13, 15.1, 48.1-ci maddələri).

Digər tərəfdən, qanunvericiliklə kassasiya instansiyası məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Kassasiya instansiyası məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya instansiyası məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya instansiyası məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsini qoyur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya instansiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 420-ci maddəsinə oxşar norma İnzibati Prosessual Məcəllədə də nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinin tətbiqi zamanı da nəzərə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Qara-Qaya” Assosasiyasının şikayəti üzrə 2016-cı il 11 oktyabr tarixli Qərarı).

Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2017-ci il tarixli qərarında əks olunmuş göstərişlərini icra etməmiş, inzibati prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək mübahisənin qanuni və ədalətli həll edilməsi üçün lazımi tədbirləri görməmişdir.

Belə ki, işə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ekspert rəyini əldə etmədən aparılan araşdırmaların heç bir nəticə vermədiyi qənaətinə gələrək hesab etmişdir ki, S.Eyyubovanın anadangəlmə əlil olmaqla əmək qabiliyyətinə malik olmamasını müəyyən etmək mümkün olmamışdır.

İnzibati prosessual qanunvericiliyə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv edir və işi təkrar baxılması üçün müvafiq apellyasiya məhkəməsinə göndərməyə haqlıdır (İnzibati Prosessual Məcəllənin 96.5-ci maddəsi).

Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 10 iyul 2018-ci il tarixli qərarı ilə həmin işə yenidən baxaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin məcburi xarakter daşıyan göstərişlərinin yerinə yetirilmədiyini, işə prosessual hüquq normalarına əməl edilmədən baxıldığını nəzərə almayaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

Bununla da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası İnzibati Prosessual Məcəllənin 12, 58.7, 82 və 96.5-ci maddələrinin tələblərinə əməl etməmiş, nəticədə S.Eyyubovanın Konstitusiyanın 38-ci maddəsinin I və III hissələrində, eləcə də 60-cı maddəsinin I hissəsində təsbit olunmuş sosial təminat  və hüquq və azadlıqların məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, S.Eyyubovanın Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə qarşı qərarın ləğv edilməsi, pensiyanın təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarı Konstitusiyanın 38-ci maddəsinin I və III hissələrinə və 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 12, 58.7, 82 və 96.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA   ALDI:

 

1. Solmaz Eyyubovanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə qarşı qərarın ləğv edilməsi, pensiyanın təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələrinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 82 və 96.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

Sədr                                                                                Fərhad Abdullayev