AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
S.Eyyubovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
21 yanvar 2020-ci il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
ərizəçi Solmaz
Eyyubovanın nümayəndəsi Tovuz Eyyubovanın,
mütəxəssis Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondu Aparatının Hüquqi təminat və insan resursları ilə iş şöbəsinin
müdiri Nilüfər Nəsiblinin iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya
məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında S.Eyyubovanın şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10
iyul 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
R.İsmayılovun məruzəsini, ərizəçinin nümayəndəsinin və mütəxəssisin çıxışlarını
dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
S.Eyyubova Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun Qazax rayon şöbəsinə (bundan sonra – Dövlət Sosial Müdafiə
Fondunun Qazax rayon şöbəsi) qarşı qərarın ləğv edilməsi, pensiyanın təyin
edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliklərinin
cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə
İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
S.Eyyubova iddia
tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon Zəhmətkeş Deputatları Soveti
İcraiyyə Komitəsinin nəzdində pensiya təyin edən komissiyanın 11 dekabr 1979-cu
il tarixli 4/229 saylı protokolu ilə ona Sovet İttifaqı Kommunist Partiyasının
Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin 26 sentyabr 1976-cı il tarixli
qərarına əsasən, uşaqlıqdan II qrup əlil kimi 11 dekabr 1979-cu il tarixindən 1
yanvar 1981-ci il tarixinədək 16 manat miqdarında aylıq pensiya təyin
edilmişdir.
Azərbaycan SSR Sosial
Təminat Nazirliyi Tovuz rayonlararası Həkim-Əmək Ekspert Komissiyasının (bundan
sonra – Tovuz rayonlararası HƏEK) qərarına əsasən 16 dekabr 1979-cu il
tarixində, 21 yaşında uşaqlıqdan əlil hesab edilərək S.Eyyubovaya II qrup
əlillik dərəcəsi verilmiş və hər ay üçün nağd olaraq ödənilməklə ömürlük
pensiya təyin edilmişdir. Yəni onun əlillik dərəcəsi 1979-cu ildə təyin edilsə
də, həmin qərarla əlilliyin uşaqlıqdan yaranması müəyyən edilmişdir. Lakin
valideynlərinin hüquqi savadsızlığı səbəbindən hüququ yarandığı vaxtdan bu günə
qədər heç bir pensiya almamışdır.
Həmçinin, S.Eyyubova II
qrup əlil kimi valideynlərinin himayəsində olmuş, atası 27 dekabr 2007-ci il,
anası isə 4 dekabr 2011-ci il tarixində vəfat etmişdir. 2012-ci ilin mayında
anasının pensiyasının ona təyin edilməsi barədə ərizə ilə Dövlət Sosial Müdafiə
Fondunun Qazax rayon şöbəsinə müraciət etmiş və həmin vaxt məlum olmuşdur ki,
S.Eyyubovaya heç bir məlumat verilmədən onun pensiyası dayandırılmışdır.
Qeyd edilməlidir ki,
S.Eyyubova göstərilən iddia ilə ilk olaraq 2013-cü ildə Gəncə İnzibati-İqtisadi
Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 9 sentyabr 2013-cü il tarixli
qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir. Qərardaddan iddiaçının verdiyi
apellyasiya və kassasiya şikayətləri bir neçə dəfə apellyasiya və kassasiya
instansiyası məhkəmələrində baxılmış və son nəticədə S.Eyyubovanın iddiası
mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə
göndərilmişdir.
Gəncə İnzibati-İqtisadi
Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qərarı ilə iddia ərizəsi təmin
edilmişdir.
Gəncə Apellyasiya
Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 dekabr 2016-cı il tarixli
qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya
məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali
Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 11 aprel 2017-ci il tarixli qərarı
ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya
instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün
apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Kassasiya instansiyası
məhkəməsi qərarını onunla əsaslandırımışdır ki, apellyasiya instansiyası
məhkəməsi iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun
müəyyən edilməsi faktını, habelə iddiaçının hansı dövrlərdə sosial müavinət
alması, sosial müavinətin hansı növünün təyin edilməsi məsələlərini, ona 18
yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından
yuxarı əlil kimi ailə başçısını itirməsinə görə əmək pensiyasının təyin
edilməsi və sonradan həmin pensiyanın dayandırılması barədə cavabdehin
dəlillərini kifayət qədər ətraflı araşdırmamışdır.
İşə təkrar baxılması
üçün məhkəmə tərkibi yaranmadığından Gəncə Apellyasiya Məhkəməsi işi Şəki
Apellyasiya Məhkəməsinə göndərmişdir.
Şəki Apellyasiya
Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2018-ci il
tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci
instansiya məhkəməsinin qərarı ləğv edilərək, S.Eyyubovanın iddiası təmin
olunmamışdır.
Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarı ilə
S.Eyyubovanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin
qərarı dəyişdirirlmədən saxlanılmışdır.
S.Eyyubova Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına
uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayət onunla
əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati
Prosessual Məcəllə) 91, 92.0.6 və 96.5-ci maddələri düzgün tətbiq
edilmədiyindən onun Konstitusiyanın 38 və 60-cı maddələrində nəzərdə tutulmuş
sosial təminat və məhkəmə müdafiəsi təminatı hüquqları pozulmuşdur.
Konstitusiya
Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab
edir.
Əsas sosial-iqtisadi
hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci
maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə əsasən, hər kəsin
sosial təminat hüququ vardır. Göstərilən maddənin III hissəsinə müvafiq olaraq,
sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya
almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi
və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır
Bilavasitə
Konstitusiyanın 38-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərdən başqa,
qanunverici özünün konstitusiya səlahiyyətləri çərçivəsində sosial təminatın
konkret növünün məzmununu qanunlarda konkretləşdirmişdirsə, onun müdafiəsi də
konstitusiya əhəmiyyəti qazanır. Şəxs tərəfindən sosial təminatın bu və ya
digər növünün alınmasının qanunla müəyyən edilmiş şərtlərinə riayət edildikdə,
dövlət onların realizəsinə təminat verməlidir (Konstitusiya Məhkəməsi Plenumunun
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü
maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun
yoxlanılmasına dair 2014-cü il 14 noyabr tarixli Qərarı).
“Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları
haqqında” Qanun) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının
vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna
malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək
pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə
başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir.
“Əmək pensiyaları
haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə müvafiq olaraq, vəfat etmiş və ya həlak
olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya
ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)
şəxslərin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş
18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ
vardır.
İşin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Qazax rayon Zəhmətkeş
Deputatları Soveti İcraiyyə Komitəsinin nəzdində pensiya təyin edən
komissiyanın 11 dekabr 1979-cu il tarixli protokolu ilə S.Eyyubovaya Sovet
İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin
26 sentyabr 1976-cı il tarixli 093674 saylı qərarına əsasən, uşaqlıqdan II qrup
əlil kimi 11 dekabr 1979-cu il tarixindən 1 yanvar 1981-ci il tarixinədək 16
manat miqdarında aylıq pensiya təyin edilmişdir. Tovuz rayonlararası HƏEK-in 6
dekabr 1979-cu il tarixli qərarına əsasən, S.Eyyubova 21 yaşında uşaqlıqdan
əlil hesab edilərək ona II qrup əlillik dərəcəsi verilmiş və hər ay üçün nağd
olaraq ödənilməklə ömürlük pensiya təyin edilmişdir.
İşə əlavə olunmuş Tovuz
rayonlararası HƏEK-in 29 dekabr 1986-cı il tarixli 014529 saylı rəyindən
görünür ki, 1958-ci il təvəllüdlü S.Eyyubovaya müddətsiz II qrup əlillik
dərəcəsi müəyyən edilmiş və əlilliyin səbəbi “uşaqlıqdan” qeyd edilərək o, əmək
qabiliyyəti olmayan hesab edilmişdir.
Dövlət Sosial Müdafiə
Fondunun Qazax rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 18 mart 2013-cü il
tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun
14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək sağlamlıq imkanlarının
məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqların ailə başçısını
itirməyə görə əmək pensiyası almaq hüququ vardır. 20 sentyabr 2012-ci il
tarixində həmin şöbədə aparılan inventarizasiya zamanı isə aşkar olunmuşdur ki,
S.Eyyubova 23 may 1958-ci il tarixində anadan olmaqla Tovuz rayonlararası
HƏEK-in rəyinə əsasən 6 dekabr 1979-cu il tarixində, 21 yaşında uşaqlıqdan əlil
hesab edilmişdir. Ona görə də 1 may 2012-ci il tarixində pensiya təyinatından
imtina edilərək təyin olunmuş 85 manat əmək pensiyasının ödənişi dayandırılmış,
artıq ödənilmiş 340 manat vəsait tutularaq şöbənin bank hesabına köçürülmüş və
sosial müavinətin davam etdirilməsi üçün müavinət işi Qazax rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzinə qaytarılmışdır.
Birinci instansiya
məhkəməsi S.Eyyubovanın iddiasının təmin edilməsinin əsası kimi “Əmək
pensiyaları haqqında” Qanunun 3.1, 4.1.2 və 14.1-ci maddələrinə istinad
etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, S.Eyyubovanın sağlamlıq imkanlarının
məhdudluğu 21 yaşında müəyyən edilməsinə baxmayaraq, həmin əlillik sonradan
qazanılmış deyil, anadan olduğu tarixdən mövcud olduğundan, həmçinin o,
tək-tənha yaşadığından, valideyinləri vəfat edən günə kimi onların təqaüdü ilə
dolandığından, hal-hazırda onların təqaüdlərinə maddi ehtiyacı olduğundan
cavabdehin üzərinə öhdəliklərin qoyulmasını tələb etməkdə haqlı olmuşdur.
Şəki Apellyasiya
Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 oktyabr 2017-ci il tarixli
qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın
aparılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti nəzdindəki Ali Nəzarət
Komissiyasına (bundan sonra – Komissiya) həvalə olunmuşdur.
Ekspertin qarşısında
S.Eyyubovanın xəstəliyinin hansı yaş dövründən, uşaqlıqdan və ya yetkinlik
yaşına çatdıqdan sonra yaranması, xəstəlik uşaqlıqdan yaranmışdırsa həmin
vaxtdan onun əlilliyinə səbəb ola bilməsi və ya xəstəliyin sonradan inkişaf
edərək 1979-cu ildə ona II qrup əlillik dərəcəsinin verildiyi vaxt əlillik
səviyyəsinə çatması, S.Eyyubovanın uşaqlıqdan keçirilmiş polimelit
xəstəliyindən sonra soltərəfli atrofik hemiparezin nəticəsində 18 yaşına
çatanadək sağlamlıq imkanları məhdud əlil hesab oluna bilməsinə dair suallar
qoyulmuşdur.
Lakin Komissiya
tərəfindən qaldırılan məsələlərin tibbi ekspertizanın səlahiyyətlərinə aid
olmadığı bildirilərək göstərilmişdir ki, əlillik dərəcəsi, onun müddəti, səbəbi
və əlillik təyin edilən vaxt şəxsin sağlamlıq imkanlarının məhdudlaşmış hesab
edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aiddir.
Şəki Apellyasiya
Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Tovuz rayonlararası HƏEK-in 26
dekabr 1986-cı il tarixli rəyinə istinad edərək belə nəticəyə gəlmişdir ki,
əlilliyin səbəbi uşaqlıqdan qeyd edilsə də, işdə iddiaçının 18 yaşı tamam olana
qədər sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair mötəbər
sübut olmamışdır. Məhkəmənin fikrincə, rəydə əlilliyin səbəbinin uşaqlıqdan
qeyd edilməsi o anlama gəlmir ki, S.Eyyubova uşaqlıqdan II qrup əlil olmuşdur.
Bununla bağlı qeyd
edilməlidir ki, apellyasiya şikayəti üzrə işə yenidən baxılmasının hədlərini
nəzərdə tutan İnzibati Prosessual Məcəllənin 82-ci maddəsində göstərilir ki,
apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və
hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında
mahiyyəti üzrə tam həcmdə baxır. İnzibati-Prossesual Məcəllənin 12-ci maddəsi
apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses
iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları
araşdırıb qiymətləndirmək, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları
toplamaq vəzifəsini qoymuşdur.
İnzibati
Prosessual Məcəllənin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə
işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki
hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda
Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci
maddəsinə istinad edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə
dair” 2014-cü il 17 sentyabr tarixli Qərarı).
İnzibati Prosessual
Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və
hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Lakin Şəki Apellyasiya
Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası ekspertin qarşısına qoyduğu
sualların cavablandırılmamasına baxmayaraq sadəcə S.Eyyubovanın anadangəlmə
əlil olmaqla əmək qabiliyyətinə malik olmasını təsdiqləyən yetərli tibbi
sənədlərin mövcud olmamasına əsaslanmaqla iddianı rədd etmişdir. Şəki
Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən S.Eyyubovanın
sağlamlıq imkanlarının məhdudluğu barədə sənədlərə (Qazax rayon İkinci Şıxlı
kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş həmin kənd sakinlərinin
iştirakı ilə tərtib edilmiş akta, Qazax rayon V.Musayev adına İkinci Şıxlı kənd
tam orta məktəbi tərəfindən iddiaçı S.Eyyubovanın xəstəliyi ilə əlaqədar
məktəbdən xaric edilməsi haqqında arayışa, Sumqayıt şəhər Bərpa Müalicəsi
Xəstəxanasının stasionar xəstənin xəstəlik tarixçəsindən çıxarışa və digər
sənədlərə (fotoşəkil və s.) isə heç bir hüquqi qiymət verilməmişdir.
Beləliklə, apellyasiya
instansiyası məhkəməsi məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş rəy
və arayışları, təqdim edilmiş yeni sübutları İnzibati Prosessual Məcəllənin 12,
58.7 və 82-ci maddələrinə uyğun olaraq lazımi qaydada araşdırmamış və
qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyasının 11 aprel 2017-ci il tarixli qərarı ilə məhz S.Eyyubovanın 18
yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi kifayət
qədər ətraflı araşdırılmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı
ləğv edilərək təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Konstitusiyanın 60-cı
maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə
müdafiəsinə təminat verilir.
Məhkəmə müdafiəsi hüququ
əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı,
Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də
çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə
pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət
mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya
baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci
maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 5 dekabr
tarixli Qərarı).
Konstitusiya
Məhkəməsinin Plenumunun Qərarlarında dəfələrlə qeyd olunmuşdur ki, məhkəmə
müdafiəsi hüququnun məzmunu, o cümlədən ədalətli məhkəmə qərarının qəbul
edilməsini nəzərdə tutur (Viktor Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel
tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci
maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli
və s. Qərarlar). Qərarın ədalətliliyi isə onun əsaslandırılma dərəcəsindən
asılı ola bilər.
İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı
maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını
yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar,
tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin
təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə
sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz
hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə 1987-ci il 30
noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul
tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin
nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə
edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas
arqumentlərini diqqətlə araşdırmalıdırlar. (Ruiz Torija İspaniyaya qarşı iş
üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə
2005-ci il 24 may tarixli Qərar, § 67).
Konstitusiyanın 125-ci
maddəsinin I və VII hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında
məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata
keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Konstitusiyanın 127-ci
maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin
əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq
bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının
çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
Konstitusiyanın bu
müddəalarına uyğun olaraq ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında
bərabərliyi, işin hallarının araşdırılması prinsipi, məhkəmənin yardım etmək
vəzifəsi, çəkişmə prinsipi və faktiki hallar əsasında həyata keçirilir. Məhkəmə
proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim
etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək,
mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti
vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qaldırılan iddialarda yol
verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia
tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz
olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin
hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb
edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə
borcludur. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi
əsasında həyata keçirilir. Sədrlik edən hakim bütün formal xətaların aradan
qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti
üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına,
prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və
obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların
təqdim olunmasına yardım etməlidir (İnzibati Prosessual Məcəllənin 12.1, 13,
15.1, 48.1-ci maddələri).
Digər tərəfdən,
qanunvericiliklə kassasiya instansiyası məhkəməsinin məcburi olan göstərişlər
vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya
məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya
qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından
ibarətdir. Kassasiya instansiyası məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü
yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir,
həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq
olunmasına istiqamətləndirir. Kassasiya instansiyası məhkəməsinin məhz bu cür
hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya instansiyası
məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək
vəzifəsini qoyur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya
instansiyası məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin
yanlış həllinə və apellyasiya instansiya məhkəməsinin qərarına yenidən baxılmasına
səbəb ola bilər. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin
qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və
aradan qaldırılmayan qanun pozuntuları təşkil edir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci
maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 420-ci
maddəsinə oxşar norma İnzibati Prosessual Məcəllədə də nəzərdə tutulmuşdur.
Belə ki, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə, mübahisə
edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası
məhkəmələri üçün məcburidir.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci
maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri İnzibati Prosessual
Məcəllənin 96-cı maddəsinin tətbiqi zamanı da nəzərə alınmalıdır (Konstitusiya
Məhkəməsi Plenumunun “Qara-Qaya” Assosasiyasının şikayəti üzrə 2016-cı il 11
oktyabr tarixli Qərarı).
Şəki Apellyasiya
Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası isə Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyasının 11 aprel 2017-ci il tarixli qərarında əks olunmuş göstərişlərini
icra etməmiş, inzibati prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək
mübahisənin qanuni və ədalətli həll edilməsi üçün lazımi tədbirləri
görməmişdir.
Belə ki, işə təkrar
baxan Şəki Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ekspert
rəyini əldə etmədən aparılan araşdırmaların heç bir nəticə vermədiyi qənaətinə
gələrək hesab etmişdir ki, S.Eyyubovanın anadangəlmə əlil olmaqla əmək
qabiliyyətinə malik olmamasını müəyyən etmək mümkün olmamışdır.
İnzibati prosessual
qanunvericiliyə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsində icraat
zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və
ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə
edilən qərarı ləğv edir və işi təkrar baxılması üçün müvafiq apellyasiya
məhkəməsinə göndərməyə haqlıdır (İnzibati Prosessual Məcəllənin 96.5-ci
maddəsi).
Lakin Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyası 10 iyul 2018-ci il tarixli qərarı ilə həmin işə
yenidən baxaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya
instansiyası məhkəməsinin məcburi xarakter daşıyan göstərişlərinin yerinə
yetirilmədiyini, işə prosessual hüquq normalarına əməl edilmədən baxıldığını
nəzərə almayaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının
23 yanvar 2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
Bununla da Ali
Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası İnzibati Prosessual Məcəllənin 12,
58.7, 82 və 96.5-ci maddələrinin tələblərinə əməl etməmiş, nəticədə
S.Eyyubovanın Konstitusiyanın 38-ci maddəsinin I və III hissələrində, eləcə də
60-cı maddəsinin I hissəsində təsbit olunmuş sosial təminat və hüquq və
azadlıqların məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, S.Eyyubovanın
Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə qarşı qərarın ləğv
edilməsi, pensiyanın təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik
ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli
qərarı Konstitusiyanın 38-ci maddəsinin I və III hissələrinə və 60-cı
maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 12, 58.7, 82 və 96.5-ci
maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu
Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının
inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və
müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Solmaz Eyyubovanın
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə qarşı qərarın ləğv
edilməsi, pensiyanın təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik
ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10
iyul 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci
maddəsinin I və III hissələrinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 82 və 96.5-ci
maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda
əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati
və mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə
yenidən baxılsın.
2. Qərar dərc olunduğu
gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr
Fərhad Abdullayev