AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
38.1 və 430.4-cü
maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
19 dekabr 2019-cu il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze,
Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin,
maraqlı
subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini Mirbahəddin
Hüseynov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi
qanunvericilik şöbəsinin baş məsləhətçisi Elnur Nuriyevin,
ekspert
Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq
elmləri üzrə fəlsəfə doktoru Gülşən Cəbinin,
mütəxəssislər
Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov və Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və
lisenziyalaşdırma departamentinin İnzibati icraat idarəsinin aparıcı mütəxəssisi
Orxan Xaspoladovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı
qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin
38.1-ci maddəsinin inzibati tənbeh vermə müddətləri baxımından şərh edilməsinə
dair Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş
üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin
çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şəki
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra - Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İnzibati Xətalar Məcəlləsi)
430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə inzibati tənbeh
vermə müddətinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində yaranmış fikir
ayrılığının aradan qaldırılması və məhkəmə təcrübəsinin vahidliyinin təmin
olunması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin inzibati
tənbeh vermə müddətlərini müəyyənləşdirən meyarların məzmunu baxımından şərh
edilməsini xahiş etmişdir.
Müraciətdə
qeyd edilir ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan inzibati xətaya
dair materiallara əsasən, fərdi sahibkar V.Musayev Türkiyə Respublikasında fəaliyyət
göstərən şirkət ilə alqı-satğı müqaviləsi bağlamış vəbir neçə dəfə, o cümlədən
12 mart 2018-ci il tarixində pul vəsaitini göstərilən şirkətin hesabına
köçürmüşdür. V.Musayev tərəfindən həmin məbləğ müqabilində qanunvericiliklə müəyyən
edilmiş müddətdə (270 gün ərzində) müvafiq malların alınması (idxal edilməsi),
ya da avans yolu ilə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması
barədə hər hansı sənəd (gömrük bəyannaməsi, mədaxil orderi və s.) təqdim
olunmadığından o, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatasının (bundan sonra - Maliyyə Bazarlarına Nəzarət Palatası) inzibati tənbeh
vermə haqqında 21 yanvar 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməklə, inzibati qaydada cərimə
edilmişdir.
Maliyyə
Bazarlarına Nəzarət Palatasının həmin qərarından V.Musayev tərəfindən Balakən
Rayon Məhkəməsinə şikayət verilmişdir.
Balakən
Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 27 mart 2019-cu il tarixli qərarı
ilə V.Musayevin şikayəti təmin edilmiş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına həmin
Məcəllənin 53.0.1-ci maddəsində nəzərdə tutulmuş əsasla (inzibati xəta hadisəsinin
olmaması) xitam verilmişdir.
Şəki
Apellyasiya Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 may 2019-cu il
tarixli qərarı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının apellyasiya şikayəti
təmin edilmiş, V.Musayevin barəsində birinci instansiya məhkəməsinin qərarı ləğv
edilmiş və iş üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı qanuni hesab
edilmişdir.
Müraciətdən
göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsi ilə baxdığı inzibati xətalar haqqında işlər üzrə inzibati tənbeh
vermə müddəti ilə bağlı məsələyə fərqli mövqedən, yəni qeyd edilən maddənin İnzibati
Xətalar Məcəlləsinin hansı fəslində yerləşməsinə görə deyil, həmin qəbildən
olan inzibati xətaların mahiyyət etibarı ilə qəsd etdiyi ictimai münasibətlərin
xarakteri baxımından yanaşır.
Belə
ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş
valyuta vəsaiti müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal
edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş
valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən
edilmişdir.
İnzibati
Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə, inzibati tənbeh inzibati xətanın
törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti
qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi
qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə
də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan
inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların
verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların
verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri
haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda
talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir
il keçənədək verilə bilər.
Şəki
Apellyasiya Məhkəməsinin qənaətinə görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü
maddəsi həmin Məcəllənin “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar”
adlı 34-cü Fəslində yerləşsə də, qeyd edilən maddə mahiyyət etibarilə iqtisadi
fəaliyyət sahəsində maliyyə intizamının möhkəmləndirilməsinə yönəldiyindən,
maliyyə qaydaları əleyhinə olan inzibati xəta tərkibi kimi sayılmalıdır. Həmin
maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə Azərbaycan
Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə
(xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması,
işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş)
valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə
maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının
pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır.
İnzibati
Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsinə əsasən isə həm maliyyə
qaydalarının, həm də terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən
İnzibati Xətalar Məcəlləsinin normaları üzrə inzibati tənbeh vermə müddəti bir
il nəzərdə tutulmuşdur.
Bununla
əlaqədar, müraciətdə qeyd edilir ki, inzibati tənbeh vermə müddətinin müvafiq
inzibati xətanın xarakteri, məzmunu və mahiyyəti baxımından müəyyənləşdirilməsi
daha məqsədəmüvafiq olardı.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı aşağıdakıları qeyd
edir.
İnzibati
Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati
xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,
onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı,
mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,
ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən
və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Bu
Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi,
qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik
və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Bu Məcəllə
insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və
vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət
olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 4 və 5.2-ci maddələri).
İnzibati
xətalar qanunvericiliyinin göstərilən vəzifələrinin həyata keçirilməsi müvafiq
səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) üzərinə qoyulmuşdur.
İnzibati
xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsində göstərilmişdir. Bu normaya əsasən,
inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial
orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar.
Səlahiyyətli
orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq
edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar
Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq
edə bilərlər.
İnzibati
Xətalar Məcəlləsinin 43.1-ci maddəsi rayon (şəhər) məhkəmələri tərəfindən
baxılan inzibati xətalar haqqında işlərin dairəsini müəyyən edir.
Məcəllənin
43.2-ci maddəsinə görə, bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə
tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti
olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Qeyd
olunmalıdır ki, inzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh
tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri
nisbətən daha ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə
baxırlar.
İnzibati
məsuliyyətə cəlb edilməsi mümkün sayılan subyektlərin dairəsi isə İnzibati Xətalar
Məcəlləsinin 16, 17 və 18-ci maddələrində göstərilmişdir. Bu subyektlərə
fiziki, vəzifəli, habelə hüquqi şəxslər aid edilir.
Burada
nəzərə alınmalıdır ki, həmin Məcəllənin 18.5-ci maddəsində hüquqi şəxs barəsində
inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsinin mümkünlüyü nəzərdə
tutulmuşdur.
Göründüyü
kimi, inzibati xətalar qanunvericiliyi inzibati xətalara dair işlər üzrə
icraatın həyata keçirilməsinin prosessual qaydalarını tənzimləyərək inzibati xətalar
üzrə işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) və inzibati
tənbehin tətbiq edilməsi mümkün sayılan subyektlərin dairəsini dəqiq müəyyən
etmişdir.
Müraciətin
verilməsinə səbəb olmuş İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə, avans
yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə
müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə
ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən
iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş
valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə
edilir (həmin maddə üzrə inzibati xətalar haqqında işlərə “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi
barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795
saylı Fərmanının 5.43-cü bəndinə görə əvvəllər Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılırdı).
“Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun
(bundan sonra - “Mərkəzi Bank haqqında” Qanun) 5.0.4-cü maddəsinə əsasən Azərbaycan
Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) “Valyuta tənzimi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və
nəzarətini həyata keçirir.
Buna
müvafiq olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və
valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə “Mərkəzi Bank
haqqında” Qanunun 22.0.4 və 22.0.17-ci maddələrinə əsasən Mərkəzi Bankın İdarə
Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin
milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” (bundan sonra -
Qaydalar) qəbul edilmişdir.
Həmin
Qaydaların 4-cü bəndi bank hesabları üzrə aparılan valyuta əməliyyatlarını tənzimləyir.
Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini
əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki
yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi
və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim
olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə
və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin
edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına
dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə
tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində
Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir (Qaydaların 4.3.1.3-cü bəndi).
Beləliklə,
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati məsuliyyətin
yaranması üçün əsas, vəsaitin xaricdə fəaliyyət göstərən hüquqi şəxsə köçürülməsi
anı ilə deyil, bu ödənişin aparıldığı gündən Qaydaların 4.3.1.3-cü bəndində müəyyən
edilmiş müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin və
ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim
olunmaması ilə şərtləndirilmişdir.
Bu
halda avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində
mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda
növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.
Konstitusiya
Məhkəməsinin Plenumu inzibati tənbehin tətbiq edilməsi üçün müəyyən edilmiş
müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə ilə əlaqədar
aşağıdakıları qeyd edir.
İnzibati
Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati
xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti
qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi
qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə
də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan
inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların
verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların
verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri
haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda
talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir
il keçənədək verilə bilər (İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi).
İnzibati
Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin
ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin
Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla
bağlıdır. “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə
aid edilən İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi, yəni valyuta tənzimi
qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində
göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi
gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir.
Konstitusiya
Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici
inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın
aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən,
inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici
“prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının
qarşısını almış olur. Belə
yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə
ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz
növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin,
İnzibati Xətalar Məcələsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta
haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə
inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on
beş gün müddətində baxır.
Konstitusiya
Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən
baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati
xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş
şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati
tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların
tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr
daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən
olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar.
Buna
görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən
edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq
cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən,
məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli,
tam və obyektiv araşdırmalıdır.
İnzibati
Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini
tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin
təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati
xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)
qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
Həmin
Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq
edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi
hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun
olmalıdır.
İnzibati
Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını,
inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli
olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)
əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə
sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin
izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə,
ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən
edilmiş digər protokollarla müəyyən edilir.
Göründüyü
kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş
inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin
bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş
şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir.
Buna
görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli
orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən
etməlidir.
Belə
ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən
edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və
xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən
gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının
keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində
protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə
bilər.
Konstitusiya
Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati
protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq
qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar
Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata
keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında
inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə
uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən
edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar.
Konstitusiya
Məhkəməsinin Plenumu, həmçinin apellyasiya instansiyası məhkəmələrinin diqqətini
ona cəlb etməyi lazım bilir ki, onlar birinci instansiya məhkəməsinin faktlar
nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız
formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər.
Qeyd
edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
-
Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində
nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan
Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin
milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən
edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər
göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün
inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda İnzibati Xətalar Məcəlləsinin
38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən
geci üç ay keçənədək verilə bilər.
-
Məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş
məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini
İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin
Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə
baxmalıdırlar.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində
nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan
Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin
milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən
edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər
göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün
inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh,
inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.
2.
Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində
nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən
şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə
uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə
tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar.
3.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev