Qərarlar

19.12.19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

  

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü

maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

  

 

19 dekabr 2019-cu il                                                                                 Bakı şəhəri

  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini Mirbahəddin Hüseynov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Elnur Nuriyevin,

ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Gülşən Cəbinin,

mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və lisenziyalaşdırma departamentinin İnzibati icraat idarəsinin aparıcı mütəxəssisi Orxan Xaspoladovun iştirakı ilə,

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati tənbeh vermə müddətləri baxımından şərh edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İnzibati Xətalar Məcəlləsi) 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə inzibati tənbeh vermə müddətinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində yaranmış fikir ayrılığının aradan qaldırılması və məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin inzibati tənbeh vermə müddətlərini müəyyənləşdirən meyarların məzmunu baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd edilir ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan inzibati xətaya dair materiallara əsasən, fərdi sahibkar V.Musayev Türkiyə Respublikasında fəaliyyət göstərən şirkət ilə alqı-satğı müqaviləsi bağlamış vəbir neçə dəfə, o cümlədən 12 mart 2018-ci il tarixində pul vəsaitini göstərilən şirkətin hesabına köçürmüşdür. V.Musayev tərəfindən həmin məbləğ müqabilində qanunvericiliklə müəyyən edilmiş müddətdə (270 gün ərzində) müvafiq malların alınması (idxal edilməsi), ya da avans yolu ilə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması barədə hər hansı sənəd (gömrük bəyannaməsi, mədaxil orderi və s.) təqdim olunmadığından o, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra - Maliyyə Bazarlarına Nəzarət Palatası) inzibati tənbeh vermə haqqında 21 yanvar 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməklə, inzibati qaydada cərimə edilmişdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının həmin qərarından V.Musayev tərəfindən Balakən Rayon Məhkəməsinə şikayət verilmişdir.

Balakən Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 27 mart 2019-cu il tarixli qərarı ilə V.Musayevin şikayəti təmin edilmiş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.0.1-ci maddəsində nəzərdə tutulmuş əsasla (inzibati xəta hadisəsinin olmaması) xitam verilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 may 2019-cu il tarixli qərarı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının apellyasiya şikayəti təmin edilmiş, V.Musayevin barəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı qanuni hesab edilmişdir.

Müraciətdən göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə baxdığı inzibati xətalar haqqında işlər üzrə inzibati tənbeh vermə müddəti ilə bağlı məsələyə fərqli mövqedən, yəni qeyd edilən maddənin İnzibati Xətalar Məcəlləsinin hansı fəslində yerləşməsinə görə deyil, həmin qəbildən olan inzibati xətaların mahiyyət etibarı ilə qəsd etdiyi ictimai münasibətlərin xarakteri baxımından yanaşır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaiti müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir.

İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Şəki Apellyasiya Məhkəməsinin qənaətinə görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi həmin Məcəllənin “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” adlı 34-cü Fəslində yerləşsə də, qeyd edilən maddə mahiyyət etibarilə iqtisadi fəaliyyət sahəsində maliyyə intizamının möhkəmləndirilməsinə yönəldiyindən, maliyyə qaydaları əleyhinə olan inzibati xəta tərkibi kimi sayılmalıdır. Həmin maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə Azərbaycan Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə (xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş) valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır.

İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsinə əsasən isə həm maliyyə qaydalarının, həm də terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən İnzibati Xətalar Məcəlləsinin normaları üzrə inzibati tənbeh vermə müddəti bir il nəzərdə tutulmuşdur.

Bununla əlaqədar, müraciətdə qeyd edilir ki, inzibati tənbeh vermə müddətinin müvafiq inzibati xətanın xarakteri, məzmunu və mahiyyəti baxımından müəyyənləşdirilməsi daha məqsədəmüvafiq olardı.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı aşağıdakıları qeyd edir.

İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 4 və 5.2-ci maddələri).

İnzibati xətalar qanunvericiliyinin göstərilən vəzifələrinin həyata keçirilməsi müvafiq səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) üzərinə qoyulmuşdur.

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsində göstərilmişdir. Bu normaya əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar.

Səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər.

İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsi rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətalar haqqında işlərin dairəsini müəyyən edir.

Məcəllənin 43.2-ci maddəsinə görə, bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri nisbətən daha ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar.

İnzibati məsuliyyətə cəlb edilməsi mümkün sayılan subyektlərin dairəsi isə İnzibati Xətalar Məcəlləsinin 16, 17 və 18-ci maddələrində göstərilmişdir. Bu subyektlərə fiziki, vəzifəli, habelə hüquqi şəxslər aid edilir.

Burada nəzərə alınmalıdır ki, həmin Məcəllənin 18.5-ci maddəsində hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi inzibati xətalara dair işlər üzrə icraatın həyata keçirilməsinin prosessual qaydalarını tənzimləyərək inzibati xətalar üzrə işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) və inzibati tənbehin tətbiq edilməsi mümkün sayılan subyektlərin dairəsini dəqiq müəyyən etmişdir.

Müraciətin verilməsinə səbəb olmuş İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir (həmin maddə üzrə inzibati xətalar haqqında işlərə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 saylı Fərmanının 5.43-cü bəndinə görə əvvəllər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılırdı).

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Mərkəzi Bank haqqında” Qanun) 5.0.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir.

Buna müvafiq olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə “Mərkəzi Bank haqqında” Qanunun 22.0.4 və 22.0.17-ci maddələrinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” (bundan sonra - Qaydalar) qəbul edilmişdir.

Həmin Qaydaların 4-cü bəndi bank hesabları üzrə aparılan valyuta əməliyyatlarını tənzimləyir. Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir (Qaydaların 4.3.1.3-cü bəndi).

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas, vəsaitin xaricdə fəaliyyət göstərən hüquqi şəxsə köçürülməsi anı ilə deyil, bu ödənişin aparıldığı gündən Qaydaların 4.3.1.3-cü bəndində müəyyən edilmiş müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması ilə şərtləndirilmişdir.

Bu halda avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu inzibati tənbehin tətbiq edilməsi üçün müəyyən edilmiş müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə ilə əlaqədar aşağıdakıları qeyd edir.

İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər (İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi, yəni valyuta tənzimi qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, İnzibati Xətalar Məcələsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.

Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar.

Buna görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş  əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır.

İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir.

Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir.

Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar.

Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər.

Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.

- Məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.

2. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr                                                                                    Fərhad Abdullayev