Decisions

11.10.19 “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” QƏRARDAD

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi PlenumununAzərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”  2019-cu il 25 iyul tarixli Qərarlarına dair

 

 

11 oktyabr 2019-cu il                                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

iş üzrə hakimlər S.Həsənova və K.Şəfiyevin məruzələrini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

         Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərar qəbul etmişdir.

Həmin Qərarda aşağıdakılar göstərilmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər hansı şərt qoymadan kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.

3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi baradə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.

Qeyd olunan Qərarın tətbiqi ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yarandığından vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə yenidən müraciət etmiş və həmin müraciət əsasında qəbul edilmiş 2019-cu il 25 iyul tarixli Qərarla “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələri əlaqəli şəkildə şərh edilmişdir.

Sözügedən Qərarda aşağıdakılar göstərilmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)  barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. 

2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq,  kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.

Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.

İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.

Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli, habelə bu Qərarda ifadə edilmiş hüquqi mövqeləri tamamlayan 2019-cu il 25 iyul tarixli Qərarların hansı dövrdən yaranmış hüquq münasibətlərinə şamil edilməli olduğu və bu qərarların artıq məhkəmələrin icraatında olan işlərə tətbiqinin mümkünlüyü məhkəmə təcrübəsində yenidən fikir ayrılığına səbəb olmuşdur.

Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarların əksər mülki dövriyyə iştirakçılarının və dövlətin iqtisadi maraqlarına toxunduğunu, eləcə də ölkə iqtisadiyyatının dayanıqlığını təmin edən bank sektorunda stabilliyin təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq, həmin Qərarların hüquqi qüvvəsi və tətbiqi məsələsində yaranan fikir ayrılığının aradan qaldırılması məqsədilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

          İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsip və prosedurlar üzrə məhkəmələr təmin edirlər. Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə dair hüquqi aydınlıq gətiriməsini  və onları qanuni üsulla həll edilməsini gözləyir.

Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsini qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini daşıyır. Məhz buna nail olmaq üçün məhkəmələr bəzi hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada icraatı dayandıraraq insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı tətbiq ediləcək hüquq normasına aydınlıq gətirilməsi məqsədi ilə onların rəsmi şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edirlər. Son nəticədə Konstitusiya Məhkəməsinin həmin müraciət əsasında qəbul etdiyi qərar və orada əksini tapan hüquqi mövqelər məhkəmənin icraatında olan mübahisənin qanuna uyğun və ədalətli həll edilməsinə köməklik edir.

Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında artıq formalaşmış hüquqi mövqeyə görə, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətləri əsasında qəbul edilmiş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarında mülki qanunvericiliyin müvafiq normalarına verilmiş şərh nəticəsində bu normaların geniş təfsir edildiyini və bu təfsirin təcrübi tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin və dövlətin iqtisadi-maliyyə vəziyyətinin sabitliyinin qorunması məqsədi ilə bu Qərarlarda əks olunmuş hüquqi mövqelər müvafiq olaraq onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunur.

          Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarların həmin müraciətlərə səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də müraciətlərə baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında ifadə olunmuş hüquqi mövqelər həmin qərarların qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, Konstitusiya Məhkəməsi Plenumun 2019-cu il 9 sentyabr tarixli Qərardadında qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında”  Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Eyni qayda Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarına da tətbiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 68.1, 69.2-ci və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 46-cı maddələrini rəhbər tutaraq  

 

 

Q Ə R A R A   A L D I:

 

 

    1. Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında”  Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.

2. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.

 

Sədr                                                                                          Fərhad Abdullayev