AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R D A D I
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin
477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci
maddələri, eləcə də Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci
maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında”
Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair
11 oktyabr 2019-cu il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim),
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov
və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
iş üzrə hakimlər S.Həsənova
və K.Şəfiyevin məruzələrini dinləyib, iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin
müraciəti əsasında “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci
maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci
maddələri, eləcə də Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci
maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci
il 31 may tarixli Qərar qəbul etmişdir.
Həmin
Qərarda aşağıdakılar göstərilmişdir:
1.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4,
385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini
əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti
müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor,
müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər hansı şərt qoymadan kredit alana
pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit
vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.
3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi,
valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir.
Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit
müqavilələrində faiz dərəcəsi baradə zaminin və ya ipoteka qoyanın razılığı
alınmalıdır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin
artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası
kredit xətti müqaviləsində nəzərdə
tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit
müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini
və digər halları nəzərdə tutur.
5. Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği
gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin
qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində
məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini
ehtiva edir.
Qeyd olunan Qərarın tətbiqi
ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yarandığından vahid məhkəmə təcrübəsinin
formalaşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya
Məhkəməsinə yenidən müraciət etmiş və həmin müraciət əsasında qəbul edilmiş
2019-cu il 25 iyul tarixli Qərarla “Banklar haqqında” Azərbaycan Respublikası
Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5,
14 və 48-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1
və 477.0.1-ci maddələri əlaqəli şəkildə şərh edilmişdir.
Sözügedən Qərarda aşağıdakılar göstərilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1
və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə
tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər
(məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa,
zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu
baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa
uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz
nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam
verilir.
2. “İpoteka haqqında” Azərbaycan Respublikası
Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci
maddələrinin tələblərinə müvafiq olaraq,
kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində
zəruri şərtlər (məbləğ, müddət, faiz
dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit
müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda,
ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab
edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik
hesab edilə bilməz.
Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış
kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın
razılığının alındığı hallara şamil edilmir.
İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə
uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan
bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına
dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş
şərtlər çərçivəsində məsuliyyət daşıyır.
Konstitusiya
Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli, habelə bu Qərarda ifadə edilmiş
hüquqi mövqeləri tamamlayan 2019-cu il 25 iyul tarixli Qərarların hansı
dövrdən yaranmış hüquq münasibətlərinə şamil edilməli olduğu və bu qərarların
artıq məhkəmələrin icraatında olan işlərə tətbiqinin mümkünlüyü məhkəmə
təcrübəsində yenidən fikir ayrılığına səbəb olmuşdur.
Bununla
əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarların əksər mülki
dövriyyə iştirakçılarının və dövlətin iqtisadi maraqlarına toxunduğunu, eləcə
də ölkə iqtisadiyyatının dayanıqlığını təmin edən bank sektorunda stabilliyin
təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq, həmin Qərarların hüquqi qüvvəsi və tətbiqi məsələsində
yaranan fikir ayrılığının aradan qaldırılması məqsədilə aşağıdakıları qeyd etməyi
zəruri hesab edir.
İnsan
hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi
hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsip və prosedurlar üzrə məhkəmələr
təmin edirlər. Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə
dair hüquqi aydınlıq gətiriməsini və onları
qanuni üsulla həll edilməsini gözləyir.
Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsini
qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini
qanuni çərçivəyə salmaq məqsədini daşıyır. Məhz buna nail olmaq üçün məhkəmələr
bəzi hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada icraatı dayandıraraq
insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı tətbiq
ediləcək hüquq normasına aydınlıq gətirilməsi məqsədi ilə onların rəsmi şərh
edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edirlər. Son nəticədə
Konstitusiya Məhkəməsinin həmin müraciət əsasında qəbul etdiyi qərar və orada əksini
tapan hüquqi mövqelər məhkəmənin icraatında olan mübahisənin qanuna uyğun və ədalətli
həll edilməsinə köməklik edir.
Konstitusiya Məhkəməsinin
Plenumunun qərarlarında artıq formalaşmış hüquqi mövqeyə görə, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak
və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin
icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn
öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni
maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit
müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə
yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir,
bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə,
ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış
səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin
bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).
Bu baxımdan Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətləri əsasında qəbul
edilmiş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul
tarixli Qərarlarında mülki qanunvericiliyin müvafiq normalarına verilmiş şərh nəticəsində bu normaların
geniş təfsir edildiyini və bu təfsirin təcrübi tətbiqində müəyyən dəyişikliklərə
səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin və dövlətin iqtisadi-maliyyə vəziyyətinin
sabitliyinin qorunması məqsədi ilə bu Qərarlarda əks olunmuş hüquqi mövqelər müvafiq
olaraq onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunur.
Digər tərəfdən Konstitusiya Məhkəməsinin
Plenumu göstərilən Qərarların həmin müraciətlərə səbəb olmuş mülki işlər üzrə
mübahisələrin yekunlaşmadığını, eləcə də müraciətlərə baxılan zaman digər məhkəmələrin
icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə
alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında
ifadə olunmuş hüquqi mövqelər həmin qərarların qüvvəyə minməsinədək məhkəmələrin
icraatında olan mübahisələrə tətbiq olunmalıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi vacib bilir ki, Konstitusiya Məhkəməsi Plenumun 2019-cu il 9 sentyabr tarixli Qərardadında
qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun
1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair” Plenumun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən
əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll
olunmuş mübahisələrə şamil olunmur. Eyni qayda Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarına da tətbiq
edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 68.1, 69.2-ci və Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinin 46-cı maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D
I:
1. Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci
maddələri, eləcə də Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci
maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci
il 31 may tarixli və “Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və
48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və
477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli
Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların
qüvvəyə minməsindən
sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci
il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin
icraatında olan mübahisələrə şamil olunur.
2. Qərardad “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.
Sədr
Fərhad Abdullayev