1965-ci il 20 iyun
tarixində Bakı şəhərində anadan olmuşdur.
1982-ci ildə Azərbaycan
Respublikası Bakı Şəhər Məhkəməsində iclas katibi vəzifəsindən əmək fəaliyyətini
başlamışdır.
1987-ci ildə
İ.İ.Meçnikov adına Odessa Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş,
1990-cı ildə Bakı Dövlət Universitetinə keçirilmiş, və 1993-cü ildə həmin
universitetin hüquq fakültəsini bitirmişdir. Odessa Milli Hüququ Akademiyasının
aspiranturasında elmi fəaliyyətini davam etdirmişdir.
1998-ci ildə “İnsan və
vətəndaş konstitusiya hüquq və azadlıqları və insan hüquqları üzrə beynəlxalq
standartlar (Azərbaycan, Ukrayna və Rusiya ölkələrinin təcrübəsi əsasında)”
mövzusunda Konstitusiya hüququ - 12.00.02 ixtisası üzrə namizədlik
dissertasiyasını müdafiə etmişdir.
Bakı Dövlət
Universitetinin Konstitusiya hüququ kafedrasında 0,5 ştat kafedranın professoru
vəzifəsində işləyir. 2006-cı ilin 28 mart tarixində dosent elmi adı almışdır.
2004-2007-ci illərdə
Odessa Milli Hüquq Akademiyasının Konstitusiya hüququ ixtisası üzrə doktoranturasında
təhsilini davam etdirmişdir.
2006-cı ildən Azərbaycan Respublikası Milli Məclisinin (Parlament) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində ekspert vəzifəsində, 2008-ci ildən isə Milli Məclis (Parlament) Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir.
2002-ci ildə milli
ekspert qismində Azərbaycan Respublikasının hüquq sisteminin “İnsan hüquq və əsas
azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğunluğu üzrə Milli
Hesabatın hazırlanmasında iştirak etmişdir.
Konstitusiya hüququ
ixtisası üzrə bir sıra elmi məqalə və tədris materialların müəllifidir.
22 iyun 2010-cu ildə Azərbaycan
Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin
Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
2016-cı ildə İşgəncə və
qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının
alınmasına dair Avropa Komitəsinin (İQAK) üzvü seçilib.
2017-ci ilin 15
sentyabr tarixində “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi: nəzəriyə
və təcrübə” mövzusunda doktorluq dissertasiya işini Ukraynanın “Odessa hüquq
akademiyası” Milli Universitetində müdafiə etmişdir.
2018-ci ilin 13 iyul
tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının qərarı əsasında ona hüquq elmləri üzrə doktoru elmi dərəcəsi
verilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 9 iyul 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi"
medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir. İki övladı var.