Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
I fəsil. İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın)
fəaliyyətinin və təyin edilməsinin əsasları
Maddə 1. İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin
əsasları
1.1.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsi (bundan
sonra «müvəkkil» adlandırılacaq) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının
dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan
insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu
ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması
üçün təsis edilir.
1.2. Müvəkkil «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»nın Fakültativ Protokolunda nəzərdə
tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və
digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın
qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə
bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
1.3. Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli
özünüidarə orqanlarının və vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun
tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata
keçirir.
1.4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və
beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
1.5. Müvəkkilin
fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və
azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini
məhdudlaşdırmır və əvəz etmir.
1.6. Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin
yoxlanılması müvəkkilin səlahiyyətlərinə aid deyil.
1.7. Müvəkkil
əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan
Respublikası Prezidentinə təkliflər verə bilər.
1.8. Müvəkkil
Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin
edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair təkliflər
verə bilər. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan
edilməsi barədə təklif verə bilər.
1.9. Müvəkkilin
məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi,
habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan
hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.
1.10. Müvəkkilin
fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında
qurulur.
Maddə 2. Müvəkkilin seçilməsi
2.1.
Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd
arasından Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir.
2.2.
Azərbaycan Respublikasının Milli Məclisi müvəkkilin seçilməsi ilə bağlı qərarı
qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər
üç şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
Maddə 3. Müvəkkilin namizədliyinə aid tələblər
3.1.
Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində
təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının
vətəndaşı müvəkkil vəzifəsinə seçilə bilər.
3.2.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan,
qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji
və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul
olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və
xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz.
3.3.
Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola
bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil
oluna bilməz.
3.4.
Müvəkkil vəzifəsinə seçildiyi gündən 5 gün müddətində onun statusuna uyğun
olmayan fəaliyyəti dayandırmalıdır.
3.5.
Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin
iclasında and içir: «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili
vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə
and içirəm».
Maddə 4. Müvəkkilin səlahiyyət müddəti
4.1.
Müvəkkil 7 il müddətinə seçilir.
4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
4.3. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə,
o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti
yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.
Maddə 5. Müvəkkilin müstəqilliyinin təminatları
5.1.
Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.
5.2.
Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir:
5.2.1.
dəyişilməzliyi;
5.2.2.
toxunulmazlığı;
5.2.3.
hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə
müdaxilə edilməsinin yolverilməzliyi;
5.2.4.
maddi və sosial təminatlar.
5.3.
Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi müvəkkilin fəaliyyətini
dayandırmır və ya məhdudlaşdırmır.
Maddə 6. Müvəkkilin toxunulmazlığı
6.1.
Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır.
6.2.
Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından
başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya saxlanıla bilməz,
onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz,
axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət
başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan
Respublikası baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər
verməlidir.
6.3.
Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına
əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş
qərarı ilə xitam verilə bilər.
6.4.
Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və
rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə
də şamil edilir.
6.5.
Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra müvəkkil səlahiyyətlərini həyata
keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu
dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə
tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu
qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 7. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi
7.1.
Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü
ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan
Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə
aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
7.1.1.
müvəkkilə aid tələblər pozulduqda;
7.1.2.
müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə.
7.2.
Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan
edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə müvəkkilin
səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:
7.2.1.
müvəkkil vəfat etdikdə;
7.2.2.
müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
7.2.3.
müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.
7.3.
Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan
Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə
yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan
Respublikasının Milli Məclisi 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı
müvafiq qərar qəbul edir.
II fəsil. İnsan hüquqlarının pozulmasına dair şikayətlərə
baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi
Maddə 8. İnsan hüquqlarının pozulmasına dair şikayətlərin
verilməsi qaydası
8.1.
Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra «ərizəçi» adlandırılacaq)
insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
8.2.
Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən
qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin
razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini
itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları
razılıq almadan da verə bilərlər.
8.3.
Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər.
8.4.
Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən
bir il müddətində verilə bilər.
8.5.
Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma
yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan
keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir.
Maddə 9. İnsan hüquqlarının pozulmasına dair şikayətin
məzmunu
9.1.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı,
soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya
hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin
imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən
çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.
9.2.
Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət
anonim hesab edilir və həmin şikayətlərə, bu qanunun 9.3-cü maddəsində göstərilən
hallar istisna olmaqla, baxılmır.
9.3.
Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq
edilirsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.
9.4.
Şikayət şifahi verildikdə müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi
blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.
9.5.
Ərizəçinin xahişi ilə müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.
Maddə 10. İnsan hüquqlarının pozulmasına dair şikayətlə
bağlı qərarın qəbul edilməsi
10.1.
Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda,
müvəkkil aşağıdakı qərarlardan birini qəbul edə bilər:
10.1.1.
şikayət baxılmaq üçün qəbul edilsin;
10.1.2.
şikayətə baxılmasından imtina edilsin.
10.2.
Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 gün müddətində
yazılı şəkildə əsaslandırılmış cavab verir.
Maddə 11. İnsan hüquqlarının pozulmasına dair şikayətə
baxılmasından imtina edilməsi üçün əsaslar
11.1.
Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
11.1.1.
bu qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda;
11.1.2.
şikayət müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;
11.1.3.
bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim
olduqda;
11.1.4.
şikayətlə bağlı məhkəmə icraatı getdikdə;
11.1.5.
təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.
Maddə 12. İnsan hüquqlarının pozulmasına dair şikayətə
baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi
qaydası
12.1.
Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların
araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin
şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 gün müddətində mülahizə müvəkkilə
təqdim edilməlidir.
12.2.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların
araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi
zamanı müvəkkilin aşağıdakı hüquqları vardır:
12.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət
hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, habelə polis bölmələrinə,
müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə,
qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların
saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi
digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə
biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin
və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin
saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və
onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini
almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini
protokollaşdırmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və
həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;
12.2.2.
dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri
məlumat, sənəd və materialları 10 gün müddətində almaq;
12.2.3.
cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin
cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;
12.2.4.
şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;
12.2.5.
şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq
vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət
edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz);
12.2.6.
müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını
tapşırmaq;
12.2.7. dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və
digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti
saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin,
qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin və saxlanılan şəxslərin
öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə
salınmadan qəbul edilmək.
12.3. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata
təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.
12.4. İnsan
hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən
hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti
olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü ilə
araşdırma apara bilər.
12.5.
Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə,
araşdırma müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır,
onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət
orqanlarına göndərilir.
12.6. Şikayətə
30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya
material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 gün də
uzadıla bilər. Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi
halda müraciətin baxılma müddəti yenidən uzadıla bilər.
Maddə 13. İnsan hüquqlarının pozulmasına dair şikayətə
baxılmanın nəticələri
13.1.
Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5
gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.
13.2.
Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını
aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirə bilər:
13.2.1.
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət
və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını
tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində müvəkkilə
görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi
və ya müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda müvəkkil həmin təşkilatın
yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər);
13.2.2.
cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması
barədə müraciət etmək;
13.2.3.
əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət
etmək;
13.2.4.
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli
şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər
vermək;
13.2.5.
insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə
kütləvi informasiya vasitələrini tanış etmək;
13.2.6.
insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda
onların bərpası üçün müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət
etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;
13.2.7.
dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti
(hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət
etmək;
13.2.8.
şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.
Maddə 13-1. İnformasiya əldə etmək hüququnun
pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri
13-1.1. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə
əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb
edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq
lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə
baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır.
13-1.2. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
13-1.2.1. şikayət konkret informasiya sahibi olan dövlət orqanının,
yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində
olmadıqda;
13-1.2.2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
13-1.2.3. ərizəçi informasiya sahibi olan dövlət orqanının, yerli
özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün
yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.
13-1.3. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə
əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət
orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən «İnformasiya əldə
etmək haqqında» Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət
edilib-edilmədiyini aydınlaşdırır:
13-1.3.1. informasiya əldə etmək üçün müraciətin (bundan sonra –
informasiya sorğusunun) qeydiyyata alınması;
13-1.3.2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə
və üsulla təmin edilməsi;
13-1.3.3. informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə
uyğun olması;
13-1.3.4. ictimai informasiyanın açıqlanması vəzifəsinin
dəqiq və tam həcmdə yerinə yetirilməsi;
13-1.3.5. İnternet informasiya ehtiyatının
yaradılmasının qanunun tələblərinə cavab verməsi;
13-1.3.6. informasiyanın əldə olunmasına
qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.
13-1.4. Müvəkkil informasiya əldə etmək
hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət
orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların
aradan qaldırılmasını tələb edir.
13-1.5. Müvəkkilin göstərişini aldıqdan sonra
informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs
Müvəkkilə 10 gün müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir.
Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda
Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.
Maddə
14. Müvəkkilin illik məruzəsi
14.1. Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir.
14.2. İllik məruzədə insan hüquqlarını pozan müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.
14.3. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz əksini tapmalıdır.
14.4. İllik məruzə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının baş prokuroruna göndərilir.
14.5. Məruzə «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikasının qanunvericilik toplusu»nda dərc olunur.
Maddə
15. Müvəkkilin bəzi məlumatları gizli saxlaması
15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum olmuş dövlət sirri təşkil edən məlumatların mühafizəsi «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq surətdə həyata keçirilir.
15.2. Şikayətdə əks etdirilmiş halların müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razılığı olmadan yol verilmir.
III fəsil.
Müvəkkilin fəaliyyətinin təşkili və təminatları
Maddə
16. Müvəkkilin sosial, maliyyə və digər təminatları
16.1. Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır.
16.2. Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad edilir.
16.3. Müvəkkilə səlahiyyət müddəti ərzində diplomatik pasport verilir.
16.4. Müvəkkilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məzuniyyət verilir.
16.5. Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.
16.6. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.
16.7. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Maddə 17.
Müvəkkilin aparatı və regional mərkəzləri
17.1. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır. Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.
17.2. Müvəkkilin aparatı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş möhür və blanklara malikdir.
17.3. Aparat və regional mərkəzlər müvəkkil tərəfindən təsdiq olunan «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin aparatı və regional mərkəzləri haqqında» Əsasnaməyə uyğun fəaliyyət göstərir.
17.4. Müvəkkilin aparatının və regional mərkəzlərinin strukturu, ştat cədvəli və smeta xərcləri müvəkkil tərəfindən müəyyən edilir.
Maddə
18. Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquq və vəzifələri
18.1. Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərini müvəkkil işə götürür və işdən azad edir.
18.2. Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə
18-1. Milli preventiv qrup
18-1.1. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində
nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi
məqsədi ilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən
aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və
yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs Milli preventiv qrupun üzvü təyin
olunur. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf
prosedurlar əsasında təyin olunurlar.
18-1.2. Milli preventiv qrupun aşağıdakı
hüquqları vardır:
18-1.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən
xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına,
cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə,
qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi
ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə
müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri
hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və
söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə
də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə
tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin
gedişini və nəticələrini protokollaşdırmaq;
18-1.2.2. polis bölmələrinin, müvəqqəti
saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin,
qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların
saxlanılması mərkəzlərinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi
digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.
18-1.3. Milli preventiv qrupun üzvü öz
funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində
ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə
bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan
sonra da qüvvədə qalır.
18-1.4. Milli preventiv qrupun üzvü saxlanılan
şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata
keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi
müayinə edilə bilməz. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər
göndərişlərinin üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə
yol verilmir.
Maddə
19. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi
19.1. Müvəkkilin və onun aparatının, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.
19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.
Maddə
20. Müvəkkilin fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət
Müvəkkilin fəaliyyətinə maneə törədilməsində təqsirli
olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti
daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 28 dekabr 2001-ci il
№ 246-IIKQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (6
mart 2002-ci il, № 53).
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 115).
1 sentyabr 2004-cü il
tarixli, 722-IIKQD nömrəli; 3 mart 2006-cı il tarixli,
71-IIIKQD nömrəli; 2 oktyabr 2006-cı il tarixli, 128-IIIKQD
nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 431-IIIKQD nömrəli;
19 iyun 2009-cu il tarixli, 832-IIIKQD nömrəli; 26 noyabr 2009-cu il tarixli, 912-IIIKQD nömrəli; 6 may 2011-ci il tarixli, 102-IVKQD nömrəli; 24
iyun 2011-ci il tarixli, 163-IVKQD nömrəli; 27 iyun 2014-cü il tarixli, 1011-IVKQD nömrəli; 15 aprel 2016-cı il tarixli, 201-VKQD nömrəli; 1 oktyabr 2018-ci il tarixli, 1233-VKQD
nömrəli; 27 noyabr 2018-ci il tarixli, 1335-VKQD nömrəli
Qanunlara əsasən dəyişikliklərlə.