Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYA
QANUNU
Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının
həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir.
Maddə 1. İnsan hüquq və
azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri
1.1.
Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun heç bir
müddəası dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan
və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya Azərbaycan
Respublikası Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə
tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya
hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə
bilməz.
1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.
Maddə 2. Məhdudlaşdırılması
qadağan olunan insan hüquqları
Azərbaycan
Respublikası Konstitusiyasının 27-ci maddəsində (müharibənin hüquqa uyğun
aparılması nəticəsində baş verən ölüm halları istisna olmaqla), 28-ci
maddəsinin I hissəsində, 46-cı maddəsinin III hissəsində, 63-cü, 64-cü
maddələrində və 71-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan hüquqlar
məhdudlaşdırıla bilməz və onlara dair qeyd-şərtlər müəyyən edilə bilməz.
Maddə 3. Qanun əsasında
insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər
3.1.
Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və
azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər.
3.2. İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan
hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq
maddəsi göstərilməlidir.
3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların
və azadlıqların mahiyyətini dəyişməməlidir.
3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan
Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan
qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
3.5. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin III hissəsində
göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların
hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və
onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla
yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu,
50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci
maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün,
sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması
üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü,
49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci
maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması
üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci
maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz
azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad
etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ
həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci
maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və
azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad
etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ
həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü
maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı
mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci
maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyün
mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya
hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın
açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və
qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin II
hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı
əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər
şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.
Maddə 4. Şəxsin tutulmasına,
həbsə alınmasına və ya azadlıqdan məhrum edilməsinə qoyulan məhdudiyyətlər
4.1.
Aşağıdakı hallardan başqa və aşağıdakılardan fərqli qaydada heç kəs tutula,
həbsə alına və ya başqa formada azadlıqdan məhrum edilə bilməz:
4.1.1. şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra
azadlıqdan məhrum edilməsi;
4.1.2. şəxsin məhkəmənin qanuni qərarına əməl etməməyə görə və ya qanunla
nəzərdə tutulan hər hansı öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədi
ilə qanuni tutulması və ya həbs edilməsi;
4.1.3. şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqda və ya onun
hüquq pozuntusu törətməsinin və yaxud bu əməli törətdikdən sonra qaçıb gizlənməsinin
qarşısını almağa əsaslı zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına
gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsi;
4.1.4. yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədi ilə qanuni
qərar əsasında azadlıqdan məhrum edilməsi və ya səlahiyyətli məhkəmə orqanına
gətirilməsi üçün qanuni tutulması;
4.1.5. yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə şəxslərin,
habelə ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa düçar olmuş şəxslərin və ya
avaralıqla məşğul olanların qanuni tutulması;
4.1.6. şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə qanuni
tutulması və ya həbs edilməsi, yaxud barəsində məcburi çıxarılma və ya
ekstradisiya tədbirləri görülən şəxsin qanuni tutulması və ya həbs edilməsi.
4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun tutulmuş və ya həbs olunmuş hər bir şəxs
dərhal, işə baxmaq və ya məhkəməyə qədər azad etmək səlahiyyətinə malik olan
hakimin yanına gətirilir. Həmin şəxs qanunla müəyyən edilmiş müddətdə məhkəmə
araşdırmasının aparılması və ya məhkəməyə qədər azad edilməsi hüququna malikdir.
4.3. Tutulma və ya həbsəalma nəticəsində azadlıqdan məhrum olunan hər bir şəxs
məhkəmə araşdırmasının aparılması hüququna malikdir və bu zaman məhkəmə, təxirə
salmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və əgər o, qanunsuz
tutulubsa, onun azad olunması haqqında qərar çıxarır.
4.4. Tutulmuş və ya həbs edilmiş şəxs onun məhkəməyə gələcəyinə təminat
verilməsi şərti ilə məhkəməyə qədər azad edilə bilər.
4.5. Bu Qanunun 4.1-ci maddəsinin göstərişlərinə zidd olaraq tutulan və ya həbs
olunan hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır.
4.6. Heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir
olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz.
Maddə 5. Şəxsin insan
hüquqlarını və azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının qərarlarından, bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə
şikayət vermək hüququ
Hər
kəs onun hüquqlarını və azadlıqlarını pozan və Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində
nəzərdə tutulan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
normativ qərarlarından və bələdiyyələrin normativ aktlarından qanunla müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş
hüquq və azadlıqlarına dair şikayət verə bilər.
Maddə 6. Məhkəmələrin
Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ
Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan
hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı
Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi
haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə
bilərlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 24 dekabr
2002-ci il
№ 404-IIKQ