17.04.2020
Fərhad
Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası
keçirilib.
İclasda Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1134-cü, 1146-cı və 1252-ci maddələrinin bəzi
müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin
nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü, 1145-ci və
1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan
edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə
tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ
olmuş şəxslər vərəsə ola bilərlər.
Eyni
gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı
irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyənləşdirilərək
daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək
mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından
eyni anda ölmüş şəxslər hesab olunaraq hər biri üçün ayrılıqda miras açılır və
irsi transmissiyanın tətbiqi istisna edilir.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.