06.02.2020
Fevralın
6-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə
cəlb edilən bir qrup gəncə sertifikatlar verilib. “Könüllülük fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki
ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin
hər birinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi
sertifikatlar təqdim edilib. Bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid
fürsəti olacaq.
Məhkəmənin
fəaliyyətində iştirak edən könüllülər Bakı Dövlət Universitetinin hüquqşünas
ixtisası üzrə oxuyan tələbələridir.
Konstitusiya
Məhkəməsində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçmiş,
vətəndaşların qəbulunda bilavasitə iştirak etmiş, səlahiyyətli subyektlərin
sorğu və müraciətləri, həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi
prosesi ilə yaxından tanış olmuşlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramında könüllü kimi iştirak etmək arzusunda olan gənclərin sənədlərinin qəbulu davam etdirilir.