15.01.2020
Yanvarın
15-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Müstəqil Dövlətlər
Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə
demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına
riayət olunmasının monitorinqi beynəlxalq institutunun direktoru Yekaterina
Qoloulinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat
verən Sədr Fərhad Abdullayev bildirib ki, ulu öndərin təşəbbüsü və müəllifliyi
ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul
edilib. Qeyd edilib ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi formalaşdırılıb və bu sahədə mütərəqqi
beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətə başlayıb.
Sədr
bildirdi ki, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən beynəlxalq
əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət vermiş, Rusiya Federasiyası
Konstitusiya Məhkəməsi ilə yanaşı digər xarici ölkələrin konstitusiya nəzarəti
orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşdur.
Həmçinin,
vurğulanıb ki, Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda şəffaf şəkildə fəaliyyət
göstərən müstəqil və mütərəqqi texnologiyaları tətbiq edən məhkəmə sistemi
yaradılıb. Bu prosesdə beynəlxalq təcrübəyə xüsusi diqqət yetirilib.
Söhbət
zamanı Azərbaycanda qarşıdakı parlament seçkiləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, bu sahədə qanunvericilikdə Konstitusiya Məhkəməsinin
səlahiyyətlərinə toxunulmuşdur.
Qeyd
edilib ki, cəmiyyət və hüquqi dövlət inkişaf etdikcə seçki prosesi də inkişaf
edərək təkmilləşir. Azərbaycanda da bu prosesin inkişafı müşahidə edilir və
seçki təcrübəsi ildən-ilə müasirləşir.
Qonaqlar
ətraflı məlumata və qəbula görə Fərhad Abdullayevə minnətdarlığını bildiriblər.
Nümayəndə
heyətinin sədri Yekaterina Qoloulina Rusiya Federasiyası və Azərbaycan
Respublikası arasında müxtəlif sahələrdə təcrübə mübadiləsinin vacibliyini qeyd
edərək, ölkələrimizin Konstitusiya sistemlərində oxşarlığın olduğunu bildirib.
Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.