16.01.2020
Azərbaycan xalqının
tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar
hadisələrindən artıq 30 il ötür. Yanvarın 16-da 20 Yanvar şəhidlərinin əziz
xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla yad olunub.
Anım mərasimində
Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Anım tədbirində
Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev çıxış edərək Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ötən il dekabrın 13-də 20 Yanvar
faciəsinin otuzuncu ildönümü ilə bağlı Sərəncam imzaladığını, bununla bağlı
ölkəmizdə müxtəlif tədbirlərin keçirildiyini bildirib. Fərhad Abdullayev 20
Yanvar faciəsinin müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal
yolumuzun başlanğıcı olduğunu qeyd edib.
Bildirib ki, 1990-cı il
yanvarın 20-də Bakıda törədilən və Azərbaycan tarixində ondan əvvəl baş vermiş
faciəli hadisələr xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti
təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ
hadisələri, Azərbaycan xalqına qarşı törədilən soyqırımları və
azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması
bu siyasətin mərhələləridir.
Qeyd edilib ki, 20
Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir
göstərib, dövlət müstəqilliyinin bərpasında mühüm dönüş nöqtəsi olub. Məhz bu
faciədən sonra milli azadlıq hərəkatı daha da güclənərək dönməz xarakter alıb,
xalq öz gələcəyini yalnız Azərbaycanın müstəqilliyə qovuşmasında görüb.
Fərhad Abdullayev xüsusi
vurğulayıb ki, 1980-ci illərin sonunda Azərbaycanda alovlanan milli azadlıq
hərəkatını boğmaq, demokratik və suveren dövlət yaratmaq amalı ilə ayağa qalxan
xalqın inam və iradəsini qırmaq, sovet hərb maşınının gücünü nümayiş etdirmək
məqsədilə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakıya və
respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin
müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə
yetirilməsi Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi
qiymətləndirilib.
Keçmiş SSRİ prezidenti
Mixail Qorbaçovun göstərişi ilə Bakıda imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə
keçən gecə sovet hərbi birləşmələrini şəhərə yeridərək Azərbaycan xalqına qarşı
misli görünməmiş qırğın törətməklə SSRİ konstitusiyasının, eləcə də insan
hüquqları ilə bağlı beynəlxalq müqavilələrin bir sıra maddələrini kobudcasına
pozub. Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün
ölkəmizə qarşı hərbi təcavüz edildiyi, günahsız insanların qətlə yetirildiyi
həmin gecədə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və
qanunsuz olaraq həbs edilib. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda
ziyan dəyib.
Qeyd olunub ki, o zaman
ümummilli lider Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə
olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin
törətdiyi bu cinayəti qətiyyətlə ittiham edib. Bakıda törədilmiş cinayətlər
haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər
Heydər Əliyevin bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər böyük
cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, ovaxtkı SSRİ
və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin
hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edib.
Bildirilib ki, Ümummilli
Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil
dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaradıb. Bu qanlı hadisəni
törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb.
1994-cü ilin martında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli
Məclis ilk dəfə 20 Yanvar faciəsi barədə qərar qəbul edib. Həmin hüquqi sənədlə
20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi
qiymətləndirilib.
Ulu öndər Heydər
Əliyevin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini
vurğulayan Konstitusiya Məhkəməsinin Sədri deyib ki, Ümummilli Liderin siyasi
kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və
sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini
mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub, şəhidlərin xatirəsinin uca
tutulmasına xüsusi diqqət göstərib, bu istiqamətdə mühüm qərarlar qəbul edib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident
təqaüdü təyin edilib və dövlətimiz tərəfindən onlara daim yardımlar göstərilir.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə
kompleksləri yaradılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva da hər zaman şəhid ailələrinə xüsusi diqqət və
qayğı ilə yanaşır, onların sosial təminatı istiqamətində mühüm işlər görülür.
Konstitusiya
Məhkəməsində keçirilən tədbirdə, həmçinin Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, tarix üzrə elmlər
doktoru Xəqani Məmmədov müasir Azərbaycan tarixində Qanlı 20 yanvar hadisələri,
həmin faciənin tarixi və siyasi məqamlarının təhlilinə dair məruzə ilə çıxış
edib. Bildirib ki, Qanlı Yanvar faciəsi ermənilərin sovet imperiyası
rəhbərliyinin xeyir-duası və köməyi ilə azərbaycanlılara qarşı yönəldilmiş
kütləvi qırğın ssenarilərinin növbəti mərhələsi olub. Qanlı Yanvar
hadisələrinin mahiyyətindən danışan Xəqani Məmmədov bildirib ki, bu hadisə
Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, SSRİ rəhbərliyinin Dağlıq
Qarabağla bağlı qərəzli və ədalətsiz siyasətinə, yerli rəhbərliyin xalqımızın
mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz olaraq küçələrə çıxmış dinc
əhaliyə divan tutmaq məqsədilə törədilib.
Faciənin Azərbaycan
tarixində rolundan danışan professor qeyd edib ki, müasir tariximizdə baş verən
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının
iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Bu hadisələr
Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə,
müstəqilliyimizin bərpasına mühüm təsir göstərib. Həmin müdhiş gecədə həlak
olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli
azadlığı, müstəqilliyi üçün yol açdılar. Nəticədə çox keçmədən Azərbaycan
müstəqilliyini bərpa etdi. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı
20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Anım mərasiminə yekun
vuran Fərhad Abdullayev qeyd edib ki, 20 Yanvar faciəsi yaddaşımızdan heç vaxt
silinməyəcək, insanlığa qarşı törədilmiş ən dəhşətli və qanlı cinayətlərdən
biri kimi bəşər tarixində əbədi olaraq qalacaq. Diqqətə çatdırılıb ki, xalqımız
azadlıq uğrunda canlarını qurban verən cəsur Vətən övladlarının qəhrəmanlıq
mübarizəsini böyük ehtiramla yad edir, onların igidliyini yüksək
qiymətləndirir. Biz şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi
qorumalı, onu əbədi və dönməz etməliyik. Bunun üçün gənclərimiz xalqımızın
milli birliyinə mühüm təkan verən bu faciələri unutmamalı, onlardan nəticə
çıxarmalı, Azərbaycanın tarixi keçmişi haqqında məlumatlı olmalıdırlar.
Konstitusiya
Məhkəməsinin Sədri deyib: “Azərbaycanın dinamik inkişafı, hərbi və iqtisadi
qüdrətinin artması, müstəqil siyasət yürütməsi qonşu Ermənistan və onun
havadarları tərəfindən birmənalı qəbul edilmir. Bu gün Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasətin əsas məqsədi Konstitusiyamızda göstərildiyi kimi,
müasir, sivil Azərbaycan dövlətinin inkişaf etməsidir. Hazırda Azərbaycan
uğurla həyata keçirilən sosial-siyasət nəticəsində hər bir sahədə inkişaf edir,
bütün parametrlərdə Ermənistanı üstələyir. İnanırıq ki, Azərbaycan Ordusu
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni
işğalçılarından azad edəcək. Hazırda Azərbaycan bu istiqamətdə qətiyyətli
addımlarla irəliləyir”.
Sonda AZƏRTAC-ın hazırladığı “20 Yanvar: Tarixin qan yaddaşı” sənədli filmi nümayiş etdirilib.