12-11-2019 Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir

Xəbərlər

2019 Nov

“Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri

Bu günlərdə müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin - ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 24 illiyi qeyd olunur. İyirmi dörd il bundan öncə müasir dövlətçilik tariximizdə müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib.

Yeni Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Əsas Qanunun qəbul edilməsi, eyni zamanda, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi oldu. Bu mərhələ isə ilk növbədə, dövlət siyasətinin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi, həmçinin ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Dövlətimiz üçün olduqca çətin sınaq illərində məhz ulu öndər Heydər Əliyev ölkə vətəndaşlarını ümumi ideya ətrafında birləşdirməyə, ölkədə hökm sürən qeyri-sabitliyə son qoyulmasına nail oldu, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların reallaşdırılmasına başlanıldı.

Əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də ilk dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir. Bu mənada 2019-cu il əlamətdar hadisə - ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin 50 illik yubileyinə təsadüf edir. Belə ki, 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik etmiş Ulu Öndər istər Sovetlər Birliyi, istərsə də müstəqillik dövründə Vətəninə və xalqına sədaqətlə xidmət edib. Tarixi hadisələr də bunu sübut edir ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü olduqca ağır vəziyyətdən xilasının yeganə yolu Heydər Əliyevin quruculuq xətti idi.

Ümummilli lider Heydər Əliyev müstəqil və qüdrətli Azərbaycan dövlətinin əsasını qoyaraq, dövlətin gələcək inkişaf konsepsiyasını da müəyyənləşdirib. Bu gün ictimai sabitliyin davamlı prosesə çevrilməsi, neft strategiyasının hazırlanması Ulu Öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir.

Şübhəsiz ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Ulu Öndərin qarşısında duran əsas məsələlərdən biri məhz dövrün tələblərinə cavab verən yeni qanunvericilik bazasının yaradılması idi. Bunun üçün isə bu qanunvericilik bazasının əsası olan yeni Konstitusiyanın qəbul edilməsi bir zərurətə çevrilmişdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Əsas Qanunun layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edildi. Bu əlamətdar hadisə Azərbaycanın müstəqillik illərinin ən mühüm nailiyyətlərindən biri kimi, cəmiyyət həyatında köklü dəyişikliklərə yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaradaraq ölkədə müasir, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması işində mühüm addım oldu.

Ulu Öndər Konstitusiya Komissiyasının ilk iclaslarında Komissiyanın sədri olaraq müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin zəruriliyini əsaslandırıb, Əsas Qanunda əks olunmasını vacib hesab etdiyi məqamları xüsusi olaraq vurğulayıb: “Demokratiya prinsipləri geniş məfhumdur. Əgər bu, bir tərəfdən insanların, vətəndaşların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır.

Konstitusiya gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını, demokratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat, söz, din, dil azadlığını təmin etsin, ikinci tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların yaranmasını təmin etsin”.

Ölkə Konstitusiyasının ən yüksək hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durmaqla, ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir, ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik cəmiyyətin qurulmasına xidmət edir.

Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə əksini tapıb: insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair.

Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir.

Əsas Qanun konstitusiya quruluşunun vacib başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir.

Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması xüsusi əhəmiyyət kəsb edir. Bu, onun birbaşa göstəricisidir ki, insan amili ölkə Konstitusiyasının əsas diqqət mərkəzində durur.

Şübhəsiz ki, insan və vətəndaş hüquq və azadlıqlarının tanınması və onların təminatı mexanizmlərinin mövcudluğu müstəsna əhəmiyyət kəsb edir. Cəmiyyətin inkişafı yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür. Bu baxımdan Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmləri olduqca geniş şəkildə təsbit edilib. Xüsusi olaraq vurğulanmalıdır ki, Əsas Qanunda həmin hüquqlar və azadlıqlar dövlətin öz vətəndaşlarına verdiyi xüsusi imtiyaz kimi deyil, hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan olunur. Bununla bağlı, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi olması ilə bağlı konstitusiya müddəası olduqca önəmlidir.

Əsas Qanunun ən böyük fəsli də bütünlüklə əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilib. Həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq, qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.

Ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamət və prinsiplərini özündə ehtiva edən hüquqi sənəd olaraq, xalqın rifahına xidmət edən dövlət idarəetmə mexanizminin təməlinə çevrilib.

Konstitusiya dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu olmaqla, canlı orqanizm kimi daim inkişafdadır. Bu baxımdan bu ali sənədə də müəyyən vaxtlarda müvafiq əlavə və dəyişikliklər edilərək müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır. Belə ki, hüquq sisteminin əsasını təşkil edən Konstitusiya cəmiyyətin müasir dövrlə uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə mexanizmlərini ehtiva etməlidir.

Bu zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. İlk dəfə 2002-ci ildə konstitusiya dəyişikliklərinə yaranan ehtiyac bir çox sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən referendumun nəticəsi kimi Əsas Qanuna obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bir çox sahələrində əldə edilən nailiyyətlər, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı, beynəlxalq məkana inteqrasiyanın sürətlənməsi, bütövlükdə nəzərə çarpan dəyişikliklərin və pozitiv yeniliklərin baş verməsi Əsas Qanunda da bir sıra əlavə və dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirib. Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi nəticəsində edilən əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, xüsusilə insan hüquq və azadlıqları ilə bağlı əhəmiyyətli məsələlərin bu ali sənəddə daha dolğun şəkildə ehtiva edilməsinə xidmət edib.

Qeyd edilməlidir ki, cəmiyyət həyatındakı yeniliklərin mütərəqqi xarakteri dövlət idarəçiliyi mexanizminin səmərəli fəaliyyətinə yol açmaqla yanaşı, ictimai münasibətləri tənzimləyən qanunların müasirləşdirilməsinə olan tələbatı da qabarıq şəkildə üzə çıxarır. Bu baxımdan 2009-cu ildə keçirilmiş konstitusiya islahatlarından keçən 7 il ərzində Azərbaycanda baş verən mütərəqqi dəyişikliklər, həmçinin yeni qlobal çağırışların nəticəsi olaraq 2016-cı ildə sonuncu referendum keçirilmişdir.

Ümumilikdə, Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsinə, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin effektivliyinin artırılmasına, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması prosedurunun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılmasına xidmət etmişdir. Əsas Qanuna edilən 23 dəyişikliyin əsas hissəsinin sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması, sözsüz ki, 2016-cı il referendumunun mütərəqqi mahiyyətini qabarıq şəkildə üzə çıxarıb.

Əminliklə deyə bilərik ki, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına ən yüksək səviyyədə göstərilən diqqətin təzahürüdür. Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiə edilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, yüksək templə gedən inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.

Ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini və prinsiplərini özündə ehtiva edən hüquqi sənəd kimi dövlət idarəetmə mexanizminin təməlinə çevrilərək Azərbaycan xalqının rifahına xidmət göstərir. 1995-ci ildə Konstitusiyanın qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açıb.

Qeyd edilməlidir ki, məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı başlanğıc ideyalar Əsas Qanuna bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Konstitusiyada məhkəmə hakimiyyətinin anlayışı verilib, cəmiyyətdə yaranan hüquq münasibətlərinin həlli məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aid edilib. Məhkəmə hakimiyyətinə verilmiş yeni səlahiyyətlər nəzərə alınmaqla ilk dəfə olaraq Əsas Qanunda hakimlərin qərəzsizliyi və müstəqilliyinin vacib təminatları əksini tapıb.

Bu gün məhkəmə sistemi vətəndaş cəmiyyətinin və beləliklə də, hüquqi dövlətin inkişafında özünəməxsus və əvəzedilməz rol oynayır. Məhkəmələrin üzərinə düşən vəzifələrin qanunvericiliklə müəyyən edilmiş qaydada effektiv şəkildə həyata keçirilməsi son nəticədə dövlətin adından qəbul edilən məhkəmə aktlarına cəmiyyətin etimadının gücləndirilməsi üçün xüsusi zəmin yaradır. Həyata keçirilən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş islahatlar inzibati və iqtisadi sahələrdə ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasını labüd edir.

Dövlətimizin başçısının siyasi iradəsi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi prosesi uğurla davam etdirilir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərman ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafı üçün olduqca böyük önəm daşıyır.

Bu Fərmanı ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının məntiqi davamı, islahatların aparılmasının yeni keyfiyyət mərhələsi kimi səciyyələndirmək olar. Fərman ölkədə məhkəmə hakimiyyətinin müstəqilliyini gücləndirməklə yanaşı, xalqın hakimiyyətin bu qoluna ictimai etimadının artmasına, nüfuzunun yüksəldilməsinə, vətəndaşların hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiəsinin, ədalət mühakiməsinin səmərəliliyinin inkişafına xidmət edir.

Məlum olduğu kimi, Konstitusiyanın Azərbaycanın dövlət və hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri ali konstitusiya ədalət mühakiməsini həyata keçirən orqanın yaradılması oldu. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyada təsbit olunmuş norma və prinsiplərin qorunması, hakimiyyətin müxtəlif orqanları arasında müəyyən edilmiş səlahiyyət balansının təmin edilməsi, habelə konstitusiya hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıyır və bütövlükdə cəmiyyətə, onun inkişafı prosesinə keyfiyyət baxımından müsbət təsir göstərir, hüququn inkişafı və tətbiqi təcrübəsinin istiqamətləndirilməsinə xidmət edir.

Fəaliyyətə başladığı dövrdən bu günə qədər Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 405 qərar və 111 qərardad qəbul olunub. Bu qərarlar və onlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, Əsas Qanunda təsbit edilmiş insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.

Qeyd edilməlidir ki, 2019-cu il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci, 5-ci, 18-ci, 61-ci və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və Cinayət Məcəlləsinin müvafiq normalarının mənası baxımından belə qənaətə gəlib ki, şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız ölkəmizin Cinayət Məcəlləsinə daxil olunduqdan sonra tətbiq edilə bilər və məhkumluğun yaranması üçün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş ittiham hökmü olmalıdır.

Həmçinin qeyd edilib ki, məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, ibtidai araşdırmanı həyata keçirən orqanlar cinayət işi üzrə istintaq apararkən təqsirləndirilən şəxsin ölkə daxilində, həmçinin xarici dövlətlərdə əvvəllər cinayət törətməsi və məhkumluğunun olub-olmaması faktının müəyyən edilməsi məsələsinə xüsusi diqqətlə yanaşmalıdırlar.

Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlib.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll olunmasının məqsədəmüvafiqliyinin izah edilməsini tövsiyə edib.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı ilə mülki və ailə qanunvericiliyinin müvafiq normalarına verilmiş şərh nəticəsində həmin normaların təcrübi tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin, məhkəmə qərarlarının stabilliyinin və nüfuzunun qorunması məqsədilə Plenum hesab edib ki, Qərarda əks olunmuş hüquqi mövqelər onun qüvvəyə minməsindən sonra yaranan, habelə Qərarın qüvvəyə mindiyi tarixdə (gündə) məhkəmələrin icraatında olan mübahisələrə şamil olunmalıdır.

Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9-cu və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 2019-cu il 14 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, hər bir şəxs hüquqlarının müdafiəsində öz mülahizəsinə görə, istənilən üsul və vasitələrdən istifadə edə bilər, lakin bu zaman o, qanunla qadağan olunmuş hərəkətlərə yol verməməlidir. Belə qadağanın qanunvericilikdə birbaşa nəzərdə tutulması vacib deyil. Bu, müvafiq hüququn həyata keçirilməsinin qanunla müəyyən olunmuş qaydası ilə də şərtləndirilə bilər.

Bu Qərarda, həmçinin qeyd olunub ki, şübhəli və ya təqsirləndirilən şəxs müdafiə hüququnu həyata keçirərkən özünə bəraət qazandırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə ona qarşı irəli sürülmüş ittihamla əlaqədar sübutlar təqdim etməklə istintaqın və məhkəmə araşdırmasının gedişinə təsir etmək hüququna malikdir. Lakin bu zaman şübhəli və ya təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti olmayan hər hansı bir şəxsin adını bilərəkdən çəkdiyi təqdirdə bilə-bilə yalan xəbərçiliyə görə məsuliyyət daşımalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, qanunverici, Cinayət-Prosessual Məcəlləsinin 90.9-cu və 91.7-ci maddələrində şübhədən və ya irəli sürülmüş ittihamdan müdafiə olunmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan şəxs haqqında bilərəkdən yalan məlumatların verilməsində ifadə olunan əməlləri istisna etmişdir və bu hal yalan xəbərçilik barəsində cinayət təqibi həyata keçirilən şəxsin özünümüdafiə vasitəsi kimi qəbul oluna bilməz.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Cinayət-Prosessual Məcəlləsinin adıçəkilən maddələrinin “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəası şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin cinayətdə iştirakı barədə bilə-bilə yalan məlumatların verilməsini nəzərdə tutur. Belə hərəkət özünümüdafiənin qanuni üsulu kimi qəbul edilə bilməz və bu əməl Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayətinə görə məsuliyyət yaradır.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi gənclər arasında hüquq düşüncəsinin və eyni zamanda, hüquq mədəniyyətinin inkişafına və təbliğinə xüsusi diqqət yetirir. Gənclərin hüquqi inkişafı və Konstitusiyanın əsasları və mahiyyətinin daha dərindən öyrənilməsi məqsədilə ənənəvi olaraq, hər il ölkəmizin müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrində hüquq olimpiadası keçirilir. Dövlətin ən yüksək normativ hüquqi aktı olan Konstitusiya haqqında ətraflı bilikləri olan gənclər şübhəsiz ki, hüquqi cəmiyyətin inkişafına gələcəkdə öz töhfəsini verə biləcəklər.

Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, Konstitusiya Məhkəməsinin fəaliyyətində gənclərin iştirakı müasir dövrün tələblərinə uyğun aparılır. Belə ki, ali təhsil müəssisələrinin tələbələri mütəmadi olaraq Məhkəmədə təcrübə keçərək, konstitusiya nəzarəti orqanının iş fəaliyyəti ilə əyani surətdə tanış olmaq üçün geniş imkanlar əldə edirlər.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlətimizin başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında qoyulan vəzifələrdən irəli gələrək Konstitusiya Məhkəməsində Könüllü Proqramı həyata keçirilir.

Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramına gənclərin marağı kifayət qədər böyükdür. Belə ki, könüllülər Konstitusiya Məhkəməsi Aparatının müxtəlif şöbə və sektorlarında təcrübə keçir, Məhkəmənin Plenum iclaslarının təşkil edilməsi, habelə vətəndaşların qəbulu prosesində bilavasitə iştirak edir, səlahiyyətli subyektlərin sorğuları, məhkəmələrin müraciətləri, həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi vasitəsilə Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiə mexanizmi ilə yaxından tanış olurlar.

2020-ci ildə qəbul edilməsinin 25 illiyi tamam olan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ilkin başlanğıclarını özündə ehtiva edən əsas qanun kimi özünü tam olaraq doğruldub. Qanunvericilik sisteminin əsasını təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya hər zaman dövlətçilik ənənələrinin, hüquq qaydasının qorunmasına xidmət edir.

Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların əsasında güclü iqtisadiyyat dayanır. Məlum olduğu kimi, bu il dövlətimiz üçün əlamətdar hadisə - “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi tamam olub. “Əsrin müqavilə”sinin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. Ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində dövlətimiz regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, bir sıra nəhəng layihələrin həyata keçirilməsində regionda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrildi.

Azərbaycan dünyanın sabit və dayanıqlı inkişaf edən ölkələri sırasında olmaqla, sözün əsl mənasında, müstəqil siyasət yürüdən dövlətdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və demokratik dövlət quruculuğu kursu sürətlə yeniləşən dünyanın tələblərinə cavab verir. Dövlətin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilib, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikasına nail olunub.

İnkişaf özü davamlı proses olduğundan, bu davamlılığın təmin edilməsi üçün islahatların həyata keçirilməsi vacibdir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən kadr və struktur islahatları idarəetmə sistemində aparılan yeniliyin növbəti mərhələsidir. Aparılan struktur islahatları dövlət idarəçiliyinin modernləşməsinə və optimallaşmasına, şəffaflığın, müxtəlif sahələrdə çevikliyin artırılmasına xidmət edir, son nəticədə isə Əsas Qanunda əksini tapmış prinsiplərin təmin edilməsinə yönəlib.

Bu gün Azərbaycan dünya siyasətində xüsusi və mühüm yer tutur. Artıq bir neçə ildir ki, Azərbaycan regional və qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi məkana çevrilib. Ölkəmiz beynəlxalq miqyaslı tədbirlərə, forumlara, dövlət başçılarının Zirvə görüşlərinə, eyni zamanda, mötəbər humanitar və iqtisadi tədbirlərə, idman yarışlarına layiqincə ev sahibliyi edir.

2019-cu ildə də bir sıra olduqca mötəbər beynəlxalq tədbir məhz Bakıda keçirilib. Məlum olduğu kimi, oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Bakıda təşkil edilib və Türk Şurasına sədrlik Azərbaycana keçib.

Əsası 10 il əvvəl - 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşündə qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Türk Şurasının nüfuzlu quruma çevrildiyini bir daha təsdiqlədi. Bu Zirvə toplantısı bir daha göstərdi ki, Azərbaycan yalnız bölgədə əsas oyunçu olmaqla kifayətlənmir, eyni zamanda, türkdilli dövlətlər sırasında əsas ölkə statusunu qazanıb.

Həmçinin oktyabrın 25-26-da 120 ölkəni birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi dialoq platforması olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyini məhz ölkəmiz edib. Hərəkatın növbəti Zirvə Görüşünün ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını bir daha təsdiqləyir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ilə bağlı qeyd edib: “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı fəaliyyətini ərazi bütövlüyü, suverenlik, dövlətlərin və xalqların bir-biri ilə qarşılıqlı hörmət prinsipləri əsasında yaşaması, bir-birinin daxili işlərinə qarışmama kimi əsasların olduğu tarixi Bandunq prinsipləri üzərində quracaq.

Təqdirəlayiq haldır ki, bu əsaslar ölkəmizin xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşərək ölkə Konstitusiyasında birbaşa təsbit edilib.

Əminliklə demək olar ki, Azərbaycanın 2019-2022-ci illər ərzində Hərəkata sədrlik etməsi dövlətimizin beynəlxalq aləmdə rolunun və nüfuzunun daha da artmasına, həmçinin regionda mövqelərimizin möhkəmlənməsinə geniş imkanlar açacaq.

Ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvü olmaqla siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də qlobal mərkəz olaraq qəbul edilir. Dövlətimizin bu cür inkişafı və tərəqqisi şübhəsiz ki, dövlətimizin başçısının şəxsi nüfuzu, qətiyyəti, siyasi iradəsi, uğurlu daxili və xarici siyasəti nəticəsində mümkündür. Əminik ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı tarixi nailiyyətlərə imza atmaqda bundan sonra da davam edəcək.

Fürsətdən istifadə edərək Azərbaycan xalqını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi adından əlamətdar bayramlar 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxt həyat və firavanlıq arzulayırıq.

Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri