Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Iclasda Salyan Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.