2019-05-04 Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən elmi-nəzəri konfrans keçirilib

Xəbərlər

2019 May

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 3-də “Pullman” otelində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələrinin Hüquqşünaslar Assosiasiyasının birgə təşkilatçılığı ilə “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə açılış nitqi ilə çıxış edərək ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Fərhad Abdullayev qeyd edib ki, hüquqi dövlət quruculuğunu öz inkişafının başlıca istiqaməti kimi seçən Azərbaycanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə irimiqyaslı məhkəmə-hüquq islahatları başlanılıb, sovet dövründən miras qalmış hüquq sistemi tamamilə yeni, demokratik prinsiplər əsasında qurulub, institusional səviyyədə bir sıra yeni təsisatlar yaradılıb, beynəlxalq birliyə sürətli inteqrasiya sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib.

Ulu Öndərin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən F.Abdullayev vurğulayıb ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş bu Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə yaradılması məhz Ulu Öndərin adı ilə bağlı olan Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı gündən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və fəaliyyətini təkmilləşdirməklə məsuliyyətli işini həyata keçirməyə daim çalışır.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət nəticəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan beynəlxalq miqyasda özünə layiqli yer tutur, dünyanın inkişaf etmiş ölkələri sırasında qərarlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyinə daha fəal inteqrasiyasına və demokratik imicinin yüksəldilməsinə xidmət edir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il aprelin 3-də imzaladığı Fərmanın ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün mühüm addım olduğu və ədalət mühakiməsi prosesində keyfiyyətcə yeni və cəmiyyət üçün çox vacib yanaşmaların tətbiqinə əhəmiyyətli təkan verəcəyi xüsusilə vurğulanıb.

Konfransda AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə çıxış edərək Ulu Öndərin mənalı ömür yolundan, fəaliyyətindən danışıb. O, xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Ulu Öndərin ən böyük amalı və məqsədi dövlətimizin müstəqilliyinin əbədi olması, insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin qurulması idi.

Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, Heydər Əliyev cəmiyyətin və dövlətin inkişafının məhz demokratiya və insan hüquqlarına ehtiram göstərilməsi ilə bağlı olduğuna diqqəti yönəldərək, insan hüquqlarının müasir dünyada cəmiyyəti birləşdirən əsas meyar olduğunu vurğulayırdı. Əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərə üstünlük verən Heydər Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının təmin olunması məqsədilə bir sıra hüquqi islahatların həyata keçirilməsinə başlanılıb. İnsan hüquqlarının müdafiəsi sahəsində məhz onun tərəfindən bünövrəsi qoyulmuş köklü islahatlar və mütərəqqi tədbirlər nəticəsində respublikamızda qısa müddətdə böyük nailiyyətlər qazanılıb.

Konstitusiya Məhkəməsinin, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələrinin Hüquqşünaslar Assosiasiyasının, Ombudsman Aparatının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Bakı Dövlət Universitetinin, digər qurum və təşkilatların nümayəndələri, nüfuzlu alimlər, ictimai xadimlər çıxışlarında bildiriblər ki, XX əsrin sonu - XXI əsrin əvvəllərində Azərbaycana rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin adı xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılan addımlar, Azərbaycanda əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə Azərbaycan xalqının müstəqilliyinin möhkəmləndirilməsi üçün zəmin yaradıb.

Konfransa yekun vuran Fərhad Abdullayev və ombudsman Elmira Süleymanova xüsusilə qeyd ediblər ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına daxil edən quruculuq işləri Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamıdır. Son illər ölkəmizin çoxsaylı beynəlxalq siyasi, mədəni, idman tədbirlərinə böyük uğurla ev sahibliyi etməsi isə Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimadın əyani təzahürü olduğu vurğulanıb, xalqımızın rifahına yönəlmiş genişmiqyaslı tədbirlərin daim davam etdiriləcəyi diqqətə çatdırılıb.