2009-03-20 Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşliq Cəmiyyətinin nümayəndə heyəti ilə görüş olmuşdur

Xəbərlər

2009 Mar

Martın 19-da Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə və hüquq sahəsində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. O, GTZ tərəfindən 1998-ci ildən həyata keçirilməsinə başlanmış “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin xüsusi rolu olduğunu vurğulamışdır. Məhz həmin layihənin icrası Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsinə, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınmasına imkan yaratmışdır. GTZ-nin yerli nümayəndəliyi mülki prosessual aktların və müvafiq qanunların hazırlanmasında və qəbulunda yaxından kömək göstərmişdir. 

Layihənin sabiq baş hüquq eksperti Tomas Hermanın əməyini xüsusi vurğulayan F.Abdullayev, Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasında da GTZ-nin mühüm rolunu qeyd etmişdir. Konstitusiya Məhkəməsinin 2007-ci ilin sentyabrında tam heyətlə Almaniya Federativ Respublikasına işgüzar səfərini xatırladan sədr demişdir ki, GTZ-nin yaxından köməyi ilə səfər uğurla keçmişdir. 

Konstitusiya Məhkəməsinin sədri Azərbaycanın hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığa görə GTZ nümayəndə heyətinə təşəkkürünü bildirmiş, bu əlaqələrin gələcəkdə daha səmərəli olacağına əminliyini söyləmişdir. 
Nümayəndə heyətinin rəhbəri Lothar Jahn səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirərək demişdir ki, indiki səfərin məqsədi qarşıdakı illərdə əməkdaşlığın inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. Azərbaycana ilk səfərindən ötən 10 ildə respublikanın sürətlə inkişaf etməsinin şahidi olduğunu deyən qonaq, qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində də aşkar göründüyünü bildirmişdir. Azərbaycanda ədalət mühakiməsinin inkişafından danışan almaniyalı ekspert Avropa dövlətləri ilə müqayisədə ölkəmizin həmin mərhələni çox qısa dövrdə keçdiyini xüsusi vurğulamışdır. O bildirmişdir ki, GTZ-nin yeni layihə rəhbəri cari ilin iyununda Azərbaycanın müvafiq orqanlarına təqdim olunacaqdır. 

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri, birlikdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə fikir mübadiləsi aparılmış, almaniyalı ekspertləri maraqlandıran suallara ətraflı cavab verilmişdir. 

Sonra almaniyalı qonaqlar Konstitusiya Məhkəməsi hakimlərinin və aparatın iş şəraiti ilə tanış olmuşlar.