2009-03-20 Konstitusiya Məhkəməsində Avropa uğrunda liberallar və demokratlar alyansinin nümayəndəsi Pol Uilin başçiliq etdiyi konstitusional referendumun müşahidə olunmasi üzrə xüsusi komitənin üzvləri ilə görüşmüşdür.

Xəbərlər

2009 Mar

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev martın 17-də Avropa uğrunda Liberallar və Demokratlar alyansının nümayəndəsi Pol Uilin başçılıq etdiyi Konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvləri ilə görüşmüşdür.

Konstitusiya Məhkəməsinin son illərdəki fəaliyyəti, məhkəmə-hüquq islahatları sahəsində görülən işlər barədə qonaqlara məlumat verən F.Abdullayev bildirmişdir ki, müasir dövrdə demokratik cəmiyyətin formalaşması açıq seçkilər və referendum yolu ilə həll olunur. Azərbaycanda 1995-ci ildə ilk milli Konstitusiyanın qəbulundan ötən müddətdə ölkənin sürətli iqtisadi inkişafı, həmçinin Avratlantik məkana inteqrasiyası, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi sahəsində aparılan islahatlarla əlaqədar 2002-ci ildə də Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı referendum keçirilmişdir. Martın 18-də keçiriləcək referendum da ölkə həyatının bütün sahələrində gedən inkişafın nəticəsində cəmiyyətin sosial sifarişi kimi qiymətləndirilməlidir. 

Sədr diqqətə çatdırmışdır ki, Milli Məclis insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, demokratiyanın genişləndirilməsi, yerli özünüidarənin inkişafı ilə bağlı müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətini əsas tutaraq Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsinin ümumxalq səsverməsinə çıxarılması barədə qərar qəbul etmişdir. Həmin qərar Konstitusiya Məhkəməsinin ötən il dekabrın 24-də keçirilmiş iclasında geniş müzakirə olunmuş və bu barədə müsbət rəy verilmişdir. Referendumda Konstitusiyanın 29 maddəsinə əlavələr və dəyişikliklər nəzərdə tutulmuşdur. 

Bildirilmişdir ki, referendum Azərbaycanda yeni institutdur, yəni ikinci dəfə keçirilir. Bu institut xalq hakimiyyətinin təzahürüdür. Sözsüz ki, səsvermə hüququ olan hər bir vətəndaş referenduma çıxarılan məsələlərlə bağlı öz rəyini istəyinə uyğun olaraq bildirəcəkdir. Bunun üçün seçki məntəqələrində hər cür şərait yaradılmışdır. 

Pol Uil demişdir ki, rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərindən məqsəd referendum günü səsvermənin gedişini müşahidə etməkdir. 

Görüşdə qonaqların sualları cavablandırılmış, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.