2019-01-19 20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb

Xəbərlər

2019 Jan

Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda, qürur doğuran səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür. Hər il olduğu kimi, bu il də 20 Yanvar şəhidlərinin əziz xatirəsi Konstitusiya Məhkəməsi tərəfindən ehtiramla yad edilib.

Anım mərasimində Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları iştirak ediblər.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirib. Bildirilib ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib.

Qanlı Yanvar hadisələrinin mahiyyətindən danışan Fərhad Abdullayev bildirib ki, bu terror aktı Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı yürütdüyü qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə törədilib. Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələrinin yeridilməsi imperiyanın yürütdüyü siyasətin iç üzünü göstərdi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnika vasitəsilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi idi.

Qeyd olunub ki, xalqını bu ağır günlərdə tək qoymayan Azərbaycan xalqının böyük oğlu ümummilli lideri Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən tarixi bəyanatla çıxış etdi. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərdi.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, Milli Məclis 1994-cü ilin martında bu barədə qərar qəbul etdi. Həmin hüquqi sənədlə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Ulu Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan sədr deyib ki, Ümummilli Liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və dövlətimiz tərəfindən onlara daim yardımlar göstərilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksləri yaradılıb.

Sonra Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları 20 Yanvar faciəsindən bəhs edən, rejissor Elxan Cəfərovun ekranlaşdırdığı, müəllifi Əməkdar jurnalist Aqil Abbas olan “Dolu” filminə baxıblar.

Anım mərasiminin davam olaraq, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan dövlət simfonik orkestrinin ifasında V.A.Motsartın “Rekviyem” əsərinin dinlənilməsi nəzərdə tutulub.