İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 ili tamam olur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.
Yubiley münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları iyulun 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Yubiley tədbiri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin inzibati binasında davam etdirilib.
Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yubiley münasibətilə Məhkəmənin hakimlərini və Aparatın əməkdaşlarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 20 illik yubileyinin müstəqil Azərbaycanın həyatında və hüquq sistemində mühüm hadisə olduğunu qeyd edən sədr bu münasibətlə tədbirlərin keçirildiyini, o cümlədən bir neçə gün əvvəl Bakıda “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfransın təşkil edildiyini bildirib.
Fərhad Abdullayev deyib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci ildə qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu yolunda mühüm addım atıldı. Hüquqi dövlət quruculuğunda və onun inkişafında Konstitusiya nəzarəti orqanının yaradılmasının zəruriliyini uzaqgörənliklə nəzərə alan Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Ümummilli lider Heydər Əliyevin Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasında və cəmiyyətdə layiq olduğu yeri tapmasında mühüm xidmətləri Məhkəmənin kollektivi tərəfindən daim böyük minnətdarlıq hissi ilə anılır. Bu gün də Məhkəmənin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək Əbədiyaşar Liderin xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Konstitusiya Məhkəməsinin ötən 20 ildə zəngin təcrübə qazandığını, ölkəmizin və cəmiyyətin həyatında, eləcə də Azərbaycanın məhkəmə-hüquq sistemində olduqca səmərəli fəaliyyət göstərdiyini vurğulayan sədr bütün bu nailiyyətlərin əldə edilməsində kollektivin rolunu yüksək qiymətləndirib. Məhkəmənin hakimlərinin və kollektivinin konstitusion dəyərlərə və hüququn aliliyinə dərindən bağlılığının və sadiqliyinin Məhkəmənin işində özünü açıq-aydın əks etdirdiyi vurğulanıb.
Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daim Konstitusiya Məhkəməsinə diqqət və qayğı göstərdiklərini, Məhkəmənin fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi qeyd edib. Sədr bildirib ki, Prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin kollektivinə təbrik məktubları ünvanlaması böyük etimad və eyni zamanda, bizim üzərimizə qoyulan məsuliyyətdir. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi münasibətilə Məhkəmənin hakimlərinin və bir qrup əməkdaşının Prezident İlham Əliyevin sərəncamlarına əsasən yüksək fəxri adlar və medallarla təltif olunmasına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib. Sədr vurğulayıb ki, Konstitusiya Məhkəməsinin kollektivi Prezident İlham Əliyevin bu etimadını layiqincə doğrultmağa, öz işlərində daha böyük uğurlar əldə etməyə çalışacaq.
Konstitusiya Məhkəməsi Plenumunun indiyədək 374 qərar qəbul etdiyini diqqətə çatdıran Fərhad Abdullayev deyib ki, bu qərarlar hüququn bütün sahələrinə mühüm təsir göstərib. Bu qərarların təkcə məhkəmələrin fəaliyyətinə deyil, bütün hüquq münasibətlərinə və digər sahələrə də əhəmiyyətli təsiri hiss olunur. Bütün bu amillər Konstitusiya Məhkəməsinin dövlətin və cəmiyyətin həyatında, ölkəmizin məhkəmə-hüquq sistemində vacib rol oynadığını nümayiş etdirir.
Tədbirdə iştirak edən 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev Konstitusiya Məhkəməsinin sədrini və hakimlərini, aparat əməkdaşlarını təbrik edərək, hüquq və məhkəmə tarixinə aid nadir marka nümunələrindən ibarət xüsusi hazırlanmış hədiyyəni Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları çıxışlarında Məhkəmənin 20 illik fəaliyyətini təhlil edib, qarşıda duran vəzifələrdən danışıblar.
Yubiley tədbirinə yekun vuran Konstitusiya Məhkəməsinin sədri Məhkəmənin fəaliyyətinə və onun kollektivinə göstərdiyi yüksək diqqət və qayğıya görə kollektivin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bir daha dərin minnətdarlığını ifadə edib. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin kollektivinin dövlətimizin başçısının bu yüksək etimadını layiqincə doğrultmaq üçün bundan sonra da əzmlə çalışacağını bildirib.