Mən bu mühüm tədbirdə iştirak etməyimdən hədsiz sevinc hissi keçirirəm. Bu gün həm Azərbaycan, həm də Qazaxıstan üçün bayramdır. Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasının və Astananın Qazaxıstanın paytaxtı olmasının 20 ili tamam olur. Bizim xalqlarımızı sıx dostluq telləri birləşdirir. Qazaxıstan və Azərbaycan hüquqşünasları arasında əlaqələr genişdir, biz sizin ölkənizdə hüquq sahəsində baş verən dəyişiklikləri izləyirik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun icraçı direktorunun müavini, hüquq elmləri doktoru, professor İqor Roqov səsləndirib. O vurğulayıb ki, “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans böyük əhəmiyyətə malikdir. Bu tədbir konstitusiya hüququ orqanları arasında fikir, qabaqcıl texnologiya və təcrübə mübadiləsi aparmağa imkan verir, milli strukturların işinə kömək edir.
“Mən bilavasitə dövlət sektorunda işləmirəm, lakin hüquq islahatları məsələləri, hüquq sistemi quruculuğu Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun fəaliyyətinin də prioritet istiqamətidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin, Azərbaycandakı nailiyyətləri yüksək qiymətləndirən Avropa Şurasının Venesiya Komissiyasının sədri Canni Bukikkionun konfransdakı çıxışları çox müsbət təəssüratlar yaratdı. Fürsətdən istifadə edərək, azərbaycanlı həmkarlarımı yubiley münasibətilə təbrik etmək, onlara xoş arzularımı çatdırmaq istəyirəm. Qoy bizim əlaqələrimiz genişlənməkdə davam etsin”, - deyə İqor Roqov söyləyib.
Bakıda doğulduğu üçün bu şəhərə xüsusi münasibəti olduğunu qeyd edən İqor Roqov deyib: “Doğma Bakının necə dəyişdiyini, tərəqqi etdiyini görürəm və bu, mənim üçün çox xoşdur. Mənim iki vətənim var - Azərbaycan və Qazaxıstan”.