Noyabrın 12-də Konstitusiya Məhkəməsinin mərkəzi aparatında Konstitusiya gününə və “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilmiş hüquq olimpiadasının qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mərasim iştirakçılarını Konstitusiya günü münasibətilə təbrik etmiş, bildirmişdir ki, bu gün həm də artıq ənənə halı almış hüquq olimpiadasının qalibləri mükafatlandırılacaqlar. Bildirilmişdir ki, hüquq olimpiadası gənclərin Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əsas müddəalar, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsinə aid maddələr barədə məlumatlandırılmasına, konstitusiya nəzarətinin mahiyyəti, prinsipləri, ölkəmizin qanunvericilik aktları haqqında biliklərinin artırılmasına, dövlət quruculuğu prosesində onların iştirakının fəallaşdırılmasına xidmət edir.
Müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayan Konstitusiya Məhkəməsinin sədri, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Konstitusiyanın qəbulunun növbəti ildönümünün respublikamızda böyük ruh yüksəkliyi və təntənə ilə qeyd olunduğunu bildirmişdir.
F.Abdullayev demişdir ki, 1995-ci ildə özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi istəyi ilə keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir. Xalqımızın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquqi sistemdə əsaslı təməlin qoyulması istiqamətində çox mühüm addım olmuşdur.
Bu il yaradılmasının 10 illiyini qeyd edən Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır. Konstitusiya Məhkəməsi ilk gündən beynəlxalq əlaqələrə, xarici ölkələrin Konstitusiya məhkəmələri və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirir.
Konstitusiya Məhkəməsinin konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Texniki Universitetin rektoru Havar Məmmədov, Slavyan Universitetinin rektoru Kamal Abdulla çıxış edərək iştirakçıları Konstitusiya günü münasibətilə təbrik etmiş, Əsas Qanunun hazırlanmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini yüksək dəyərləndirmiş və qeyd etmişlər ki, müasir dövlətimizin hüquqi və siyasi təməlini qoymuş Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə sadiqliyini təsdiq edir.
Müvəffəqiyyətlə başa çatmış olimpiadanın əhəmiyyətini vurğulayan natiqlər hüquqi biliklərin əldə edilməsində hər bir vətəndaş üçün mühüm əhəmiyyət daşıyan tədbirə qoşulan tələbələrə uğurlar arzulamışlar. Bu bilik yarışının tələbələrin həyatında mühüm rol oynadığı diqqətə çatdırılmış, olimpiada iştirakçıları arasından gələcəkdə ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyi qeyd edilmişdir. Vurğulanmışdır ki, Konstitusiya Məhkəməsi gənclərimizin hüquqi maarifləndirilməsi, onların qanunlarımızı dərindən öyrənməsi istiqamətində mühüm işlər görür.
Sonra “Hüquqi dövlətin əsasları” mövzusunda olimpiadanın qaliblərinə diplomlar verilmiş, hüquqa aid kitablar hədiyyə edilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mərasimə yekun vurmuş, qaliblərə uğurlar arzulamışdır.