2018-06-20 Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Praqada səfərdə olub

Xəbərlər

2018 Jun

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Avropa Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının sədrlərinin iclasında, habelə Çexiyanın və Slovakiyanın birgə Konstitusiya məhkəmələrinin 25 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün Çex Respublikası Konstitusiya Məhkəməsinin sədri Pavel Rixetskinin dəvəti ilə Praqada səfərdə olub.

Avropa Konstitusiya məhkəmələri sədrlərinin iclasında bu qurumun Nizamnaməsinə təklif olunan dəyişikliklərin layihəsi, icraata qəbul edilmiş işlər üzrə Konstitusiya məhkəmələri arasında məlumat mübadiləsi, beynəlxalq hüquq normalarının məhkəmə qərarlarındakı yeri və digər hüquqi yanaşmalar məsələləri müzakirə edilib.

Keçirilmiş geniş konfransda müasir konstitusiya nəzarəti institutunda nəzəri yanaşmaların tətbiqi, konstitusiya ədalət mühakiməsinin inkişafı, milli qanunvericiliyin təkmilləşdirilməsində Konstitusiya məhkəmələrinin rolu və digər məsələlərlə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqelər, tətbiq edilmiş müasir hüquqi yanaşmalar və prinsiplər barədə məlumat verilib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində bir sıra xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirilib, məhkəmə-hüquq əməkdaşlığı məsələləri barədə müzakirələr aparıb.

Tədbirlərdə, həmçinin Azərbaycan Respublikasının Çex Respublikasındakı səfiri Fərid Şəfiyev iştirak edib.