2008-10-09 Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir

Xəbərlər

2008 Oct

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir. 

Prezident İlham Əliyev ölkəmizdə bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsinin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan qədim diyardı, lakin müstəqil ölkə kimi 17 yaşı var. Bu illər ərzində siyasi sistemin dəyişdirilməsinə, qanunun aliliyinin bərqərar olunmasına və ölkənin qısa müddətdə inkişafını təmin edən hüquqi sistemin yaradılmasına xüsusi diqqət yetirilmişdir.

«Azərbaycanın 2001-ci ildən Avropa Şurasının üzvü olduğunu və bir çox beynəlxalq sazişlərə və konvensiyalara qoşulduğunu» - deyən Prezident İlham Əliyev iqtisadi, siyasi və hüquqi sistemin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması istiqamətində görülən işlərdən də danışdı. Dövlətimizin başçısı dedi ki, bizim gələcəkdə də görəcəyimiz işlər çoxdur. Məhz bu səbəbdən də başladığımız və davam etdirməyə planlaşdırdığımız islahatları həyata keçirmək üçün fikir və təcrübə mübadiləsinin aparılması vacibdir. Prezident İlham Əliyev Azərbaycanla yaxından tanışlıq üçün bu tədbirin əhəmiyyətini vurğuladı və Bakıda keçirilən konfransın praktik baxımdan səmərəli olacağına əminliyini söylədi, konfrans iştirakçılarına uğurlar arzuladı.

Qazaxstan Respublikası Konstitusiya Şurasının sədri İqor Roqov Bakıda doğulduğu bildirdi və Azərbaycanda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu islahatların uğurla həyata keçirildiyini dedi. O Azərbaycanla Qazaxstan arasında əlaqələrin getdikcə genişlənməsini müsbət hal kimi qiymətləndirdi. 

Macarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Piter Pakcolay Bakıya 1996-cı ildə səfər etdiyini xatırlatdı və ölkəsi ilə Azərbaycan arasında tarixi əlaqələrin mövcudluğuna toxundu. O, ölkəmizdə qanunun aliliyinin təmin edilməsi sahəsində nailiyyətlərin şahidi olduğunu söylədi, bu istiqamətdə Konstitusiya Məhkəməsinin rolunu vurğuladı. 

Avropa Şurası Venesiya Komissiyasının katibi Janni Bukikkio ölkəmizdə dəfələrlə səfərdə olduğunu, xalqımızın ümummilli lideri Heydər Əliyevlə və Prezident İlham Əliyevlə görüşlərini xatırladı. O dedi ki, 2001-ci ildə Avropa Şurasına üzv olduğu vaxtdan biz «Azərbaycanın müxtəlif qurumları ilə sıx əməkdaşlıq edirik». 

Prezident İlham Əliyev də Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Ölkəmizin Avropa Şurasına üzv olduğu 7 ildə mühüm nailiyyətlərin əldə edildiyini və bu əməkdaşlığın faydalı olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa ailəsinə inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atır. Prezident İlham Əliyev Avropa İttifaqı ilə uğurla həyata keçirilən yeni qonşuluq siyasətinin, enerci təhlükəsizliyi sahəsində görülən işlərin buna misal olduğunu qeyd etdi. Dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirdi ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib, nəticədə 1 milyon insan doğma torpaqlarından didərgin düşübdür. Prezident İlham Əliyev eyni zamanda vurğuladı ki, indi Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir və hökumət məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görür. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi ki, 39 il öncə iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələn xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil ölkəmizin Konstitusiya Məhkəməsinin yaradılması və formalaşmasında da böyük xidmətlər göstərmişdir. Konstitusiya Məhkəməsinin sədri konfrans iştirakçıları adından Prezident İlham Əliyevə xatirə medalını təqdim etdi.