2018-01-17 20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb

Xəbərlər

2018 Jan

XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib.

Bu fikirlər 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar yanvarın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində keçirilən anım mərasimində səslənib. Anım mərasimində Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev, hakimlər və Aparatın əməkdaşları iştirak edib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirib. Bildirilib ki, keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Bakıda fövqəladə vəziyyət elan edildikdən sonra imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrini şəhərə yeridərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törətməklə insanların yaşamaq hüququnu və beynəlxalq hüquq normalarını, SSRİ konstitusiyasının, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq müqavilələrin bir sıra maddələrini kobudcasına pozub. Sovet rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanları qətlə yetirdiyi həmin gecədə çox sayda dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və itkin düşüb. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib.

Qeyd olunub ki, xalqını bu ağır günlərdə tək qoymayan Azərbaycan xalqının  böyük oğlu ümummilli lideri Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etdi. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərdi.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, Milli Məclis 1994-cü ilin martında bu barədə qərar qəbul etdi. Həmin hüquqi sənədlə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Ulu Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan Sədr deyib ki, Ümummilli Liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksləri yaradılmışdır.

2010-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı şəhəri, Yasamal Rayonunda yaradılmış möhtəşəm 20 yanvar Abidə Kompleksini ziyarət etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi orada olmuş və şəhidlərin xatirəsini ehtiramla anıblar. Konstitusiya Məhkəməsindən xatirə olaraq Kompleksin önünə gül əklilləri qoyulub.

Tədbirdə həmçinin Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişdirlər.