2017-09-16 Konstitusiya Məhkəməsinin sədri Litvada beynəlxalq tədbirdə iştirak edib

Xəbərlər

2017 Sep

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tamhüquqlu üzvü olduğu Konstitusiya Ədalət Mühakiməsi üzrə Ümumdünya Konfransının (Təşkilatının) katibliyi funksiyalarını həyata keçirən Avropa Şurası Venesiya Komissiyasının və Litva Respublikası Konstitusiya Məhkəməsinin sədri Dainus Jalimasın dəvəti ilə qurumun IV Konqresində iştirak etmək üçün Litvada səfərdə olub.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Ümumdünya Konfransının (Təşkilatının) 2009-cu ildən tamhüquqlu üzvüdür. Hazırda 111 ölkənin Konstitusiya Məhkəməsinin üzv olduğu Təşkilatın konqresləri hər üç ildən bir keçirilir. Katibliyin funksiyaları isə Avropa Şurası Venesiya Komissiyası tərəfindən icra olunur.

Konqresin açılışında Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte, parlamentin və Nazirlər Kabinetinin rəhbərliyi, Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio və Təşkilata üzv olan 111 ölkənin Konstitusiya məhkəmələrinin rəhbərliyi və hakimləri iştirak ediblər.

Litva Respublikasının Prezidenti tədbir iştirakçılarını salamlayaraq, Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq əməkdaşlığının vacibliyini qeyd edib, müasir dünyada müşahidə edilən hüquqi və siyasi aspektləri xüsusi vurğulayıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrlik etdiyi “Hüququn aliliyinə dair yeni çağırışlar” mövzusunda sessiyada ölkəmizdə qanunun aliliyi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Sessiyada çıxış və məruzələrə dair mülahizələrdə müasir dünyada dövlətdaxili sistemdə hüquqi sabitliyin qorunmasında Konstitusiya məhkəmələrinin fəaliyyətinin vacibliyi qeyd edilib.

Konqresin sonunda Konstitusiya Ədalət Mühakiməsi üzrə Ümumdünya Konfransının (Təşkilatının) IV Konqresinin Kommunikesi qəbul edilib. Sənəddə konstitusiya ədalət mühakiməsinin hüququn aliliyinin təmin edilməsində rolu, konstitusiya prinsiplərinin müdafiəsinin vacibliyi, insan hüquq və azadlıqlarının qorunmasında Konstitusiya məhkəmələrinin rolu və digər hüquqi məsələlər əksini tapıb.

Tədbirdə qəbul edilmiş qərara əsasən, Təşkilatın növbəti - V Konqresi Əlcəzair Xalq Demokratik Respublikasında keçiriləcək.

Səfər çərçivəsində Fərhad Abdullayev Konqresdə iştirak edən bir çox ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirib, məhkəmə praktikası ilə bağlı fikir mübadiləsi aparıb.

Rəsmi tədbirlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə iştirak edib.