2017-05-22 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini Sona Salmanovanın başçılıq etdiyi nümayəndə heyəti VII Peterburq Beynəlxalq Hüquqi Forumunda iştirak etmişdir

Xəbərlər

2017 May

May ayının 14-dən 18-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini Sona Salmanovanın başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Konstitusiya Mühakiməsi: doktrina və təcrübə” mövzusunda Beynəlxalq Konfransda, habelə Rusiya Federasiyası Prezidentinin dəstəyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən VII Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak etmək üçün Sankt-Peterburq şəhərində səfərdə olmuşdur.

May ayının 16-da bir çox xarici ölkələrin Konstitusiya Məhkəmələri və Ali Məhkəmələrinin nümayəndə heyətlərinin və Rusiya Federasiyası ali dövlət orqanlarının, məhkəmə və ədliyyə sisteminin nümayəndələrinin,  hüquq elminin tanınmış alimlərinin iştirakı ilə keçirilmiş Beynəlxalq Konfransın açılışında qonaqları Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin Sədri V.Zorkin və Ədliyyə Naziri A.Konovalov salamlamışlar.

Tədbirdə Sədr müavini Sona Salmanova “Azərbaycan Respublikasında hüquq tətbiqetmə təcrübəsinin formalaşmasında konstitusiya ədalət mühakiməsinin rolu” mövzusunda çıxış etmişdir. Konfransda həmçinin konstitusiya ədliyyəsi sahəsində bir sıra aktual məsələlərə dair çıxışlar dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

May ayının 17-də VII Peterburq Beynəlxalq Hüquq Forumu öz işinə başlamışdır. Forumda Rusiya Federasiyasının Baş Naziri Dmitriy Medvedev çıxış etmişdir.

Səfər zamanı Sona Salmanovanı Aparat rəhbərinin müavini Səbinə Əliyeva, Aparatın Cinayət və inzibati hüquq şöbəsinin müdiri Humay Əfəndiyeva və Aparatın Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Nigar Dünyamalıyeva müşayiət etmişlər.